Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-467/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial X1rşı “cavabdehin xx.xx.2020-ci il tarixli protokolunun (qərarının) ləğv olunması və onun əsasında iddiaçıya 2018-ci ildən təyin edilmiş müddətsiz əlilliyin ləğvinə dair hərəkətləri qanunsuz hesab etməklə, iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin 2020-ci ilin oktyabr ayından “əlillik” altsistemində bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(118)-648/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya 19 aprel 2018-ci il tarixindən müddətsiz üçüncü qrup əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçı xx.xx.2020-ci il tarixdə yenidən əyani müayinə edilmiş, onun əlillik vəziyyəti yenidən qiymətləndirilərək, “tam reabilitasiya olması” əsası ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial X1rşı “iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz olara təyin edilmiş üçüncü dərəcəli əlillik qrupunun ləğv olunması haqqında qərarın qanunsuz hesab edilməsi və ləğv olunmuş əlillik qrupunun ləğv olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, “cavabdehin xx.xx.2020-ci il tarixli protokolunun (qərarının) ləğv olunması və onun əsasında iddiaçıya 2018-ci ildən təyin edilmiş müddətsiz əlilliyin ləğvinə dair hərəkətləri qanunsuz hesab etməklə, iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin 2020-ci ilin oktyabr ayından “əlillik” altsistemində bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(118)-648/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Tibbi göndəriş əsasında 2018-ci ildə əlilliyi qiymətləndirilmiş və iddiaçıya müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. Bu təyinatdan sonra 2021-ci ilin oktyabr ayına kimi pensiya almış, lakin həmin pensiya dayandıqdan sonra dəfələrlə AR ƏƏSMN-nə şikayət ərizələri göndərmiş, lakin xəbəri və iştirakı olmadan 2020-ci ildən qanunsuz olaraq əlilliyin ləğv edilməsi barədə belə bir protokolun tərtib edilməsi barədə məlumat verilməmişdir. Müddətsiz əlillik təyin edildikdən sonra əyani müayinədə olmamış və pensiyanın hansı orqan tərəfindən və hansı səbəblər üzündən dayandırılması barədə ona bildirilməmişdir. Hətta sonuncu dəfə cavabdeh orqanın da pensiyanın hansı səbəbdən dayandırılması barədə cavab verməməsinə baxmayaraq poçt bildirişi əsasında məhkəməyə müraciət etmişdir. Müddətsiz əlillik dərəcəsi təyin edildikdən sonra cavabdeh hərbi əlil kimi hüquqlarını pozmaqla barəsində inzibati icraat işi qüvvədə olduğu halda artıq qiymətləndirilmiş və müddətsiz əlillik təyinatına əsas vermiş 2018-ci il tarixli tibbi göndəriş əsasında müddətsiz əlil olduğui halda pensiyanı 2020-ci ilin oktyabr ayından dayandırmışdır. Halbuki bu yalnız yeni tibbi göndəriş göndərildiyi halda mümkündür, lakin belə bir tibbi göndəriş olmadığı halda cavabdehin özbaşına müddətsiz əlilliklə bağlı protokolu 2 il 6 aydan sonra ləğv etməsinin hüquqi əsası olmamışdır. Cavabdeh məhkəməyə bir protokol təqdim etmişdir, lakin həmin protokolun hansı səbəbdən tərtib olunması aydın deyildir, qəbul edilmiş bu protokolla məhkəməyə qədər tanış edilməmiş və protokolun surəti belə ona göndərilməmişdir. Məhkəməyə müraciət edənə qədər pensiyanın hansı səbəbdən dayandırılması bəlli olmamışdır, çünki barəsində inzibati icraat üzrə verilmiş son qərarla müddətsiz əlil hesab edilmiş, lakin cavabdeh onu məlumatlandırmadan inzibati icraat aparmış, müddətsiz əlilliyi ləğv etmişdir, lakin bu yalnız protokol üzrə olmuş, təqdim olunmuş sənədlər arasında bu barədə qərar yoxdur. Cavabdeh inzibati icraata başlaması, inzibati icraatın aparılması və inzibati icraat üzrə qəbul etdiyi protokolun surətinin təqdim olunması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir, belə bir sübutun təqdim edilməsi də mümkünsüzdür. Cavabdeh orqan tərəfindən tam reablitasiya olunmağı barədə protokolu ilə «İnzibati icraat» haqqında AR Qanununun tələbləri kobud surətdə pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, cavabdeh orqan tərəfindən ona rəsmi məlumat verilməmişdir. Əlillik müddətsiz təyin edildiyinə görə dayandırılacağını düşünməmişdir, 3 il ərzində DSMF-yə, banka müraciətləri olmuşdur. Daha sonra pandemiya olduğuna görə müraciət edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, iddiaçı 2020-ci ilin fevral ayında cavabdehin protokolundan məlumatlı olmuşdur. Belə ki, əyani müayinəyə dəvət olunmuş, əyani müayinə edildikdən sonra məlum olmuşdur ki, gözlə bağlı xəstəliyi yoxdur. Bununla bağlı protokol tərtib edilmişdir. Protokol inzibati akt hesab edilə bilər. İddiaçıya SMS göndərilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkünlüyü ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə iddiaçı məhkəmədən cavabdehin xx.xx.2020-ci il tarixli protokolunun (qərarının) ləğv olunması və onun əsasında iddiaçıya 2018-ci ildən təyin edilmiş müddətsiz əlilliyin ləğvinə dair hərəkətləri qanunsuz hesab etməklə, iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin 2020-ci ilin oktyabr ayından “əlillik” altsistemində bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi ona əlilliyin təyin edilməsi hissəsində məcburetmə haqqında iddia növünə aid olsa da, inzibati aktın ləğvi ilə bağlı olan hissədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İPM-də iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. əlverişsiz inzibati akt olmalı;
3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;
4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;
5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bununla belə iddia müddətinin tətbiqi üçün ilk növbədə məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anı müəyyən etməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfindən 19 aprel 2018-ci il tarixindən müddətsiz olaraq üçüncü qrup əlillik təyin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçı yenidən əyani müayinə edilmiş, xx.xx.2020-ci il tarixdə onun əlillik vəziyyəti yenidən qiymətləndirilərək, “tam reabilitasiya olması” əsası ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Yəni, iddiaçı cavabdeh orqanın ona əlillik dərəcəsinin təyin edilməsindən imtinasından ən azından 2020-ci ilin fevral ayından məlumatlı olmuşdur. İddiaçı inzibati orqanın protokolunu məhkəmədə xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Apellyasiya şikayətində iddiaçı inzbati icraatın onun iştirakı olmadan aparıldığını, protokoldan məlumatlı olmadığını bildirsə də, kollegiya həmin dəlilləri əsassız hesab edir. xx.xx.2020-ci il tarixli protokoldan və cavabdehin nümayəndəsinin izahatından görünür ki, iddiaçı əyani müayinə edilmiş, xx.xx.2020-ci il tarixdə onun əlillik vəziyyəti yenidən qiymətləndirilərək, “tam reabilitasiya olması” əsası ilə ona yenidən əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı özü də məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, əlillik müddətsiz təyin edildiyinə görə dayandırılacağını düşünməmiş, 3 il ərzində DSMF-yə, banka müraciətləri olmuş, daha sonra pandemiya olduğuna görə müraciət edə bilməmişdir. Həm də o da qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixdən sonra əlilliyə görə ödənişlərin edilməsi də dayandırılmışdır ki, bu da iddiaçının inzibati orqanın qərarından həmin vaxtdan məlumatsız olduğunu istisna edir. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, hazırkı iddia, qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verildiyindən birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(118)-648/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.