Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-467/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququna dair mərhum şəxsin adına arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(118)-1864/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan: JN 757F KOD 30307018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci tarixli, 04 saylı qərarı ilə İddiaçı, X9, Süleymanova Aytən Vəkil qızı, Nümayəndə Vəkil oğlunun 0,16 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. JN 706F KOD 30307018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997ci tarixli, 04 saylı qərarı ilə X7 və X1 0,16 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. 14 may 2005-ci il taixli, AZ-İ seriyalı, 145763 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X3 13 may 2005-ci il tarixdə ölmüşdür. 13 noyabr 2008-ci il taixli, AZ-İ seriyalı, 329502 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X7 11 noyabr 2008-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14 sentyabr 2023-cü il tarixli, 3214 nömrəli məktubundan görünür ki, İddiaçı 11 noyabr 2008-ci il tarixdə vəfat etmiş X7, 13 may 2005-ci il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsələri sırasına daxildir. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququna dair mərhum şəxsin adına arayışın verilməsini xahiş etmişdir. Cavabdeh 06 iyun 2024-cü il tarixli, 3-21-3-34/2-2-6229/2024 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən, 0,16 ha torpaq sahəsi üçün tərəfindən JN-757F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim edilmişdir. Bildirilir ki, JN-757F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” vahid məlumat bazasında həyətyanı torpaq sahəsi almış subyektlərin adlı siyasində (DBF faylında) 0,16 ha ölçüdə öz əksini tapmışdır, lakin elektron məlumat bazasında isə aşkar edilməmişdir. Bundan əlavə, JN-757F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş DTXK-n Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan şəhadətnamələrin qeydiyyatı kitablarında torpaq sahəsi qeyd olunmamışdır. Bu səbəbdən də, 0,16 ha torpaq sahəsinə aid JN-757F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməmin elektron kadastr (DVJ) məlumatının və işlənilməsinə əsas olan ilkin hüquq müəyyənedici sənədlərin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, aid JN-757F nömrəli (KOD ********) seriyalı Şəhadətnaməyə dair DWG məlumatları və Quba rayon Aqrar islahat Komissiyasının 3 may 1997-ci il tarixli, 04 nömrəli qərarı aşkar edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “JN-757F KOD 30307018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Quba rayonu, Amsar kəndi ərazisində vərəsəsi olduğu mərhum X3 və X6 ayrılmış 0,16 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun 13 may 2005-ci il tarixdə vəfat etmiş X2 və 11 noyabr 2008-ci il tarixdə vəfat etmiş X6 məxsus olması barədə arayışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN- 757F KOD 30307018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Quba rayonu, Amsar kəndində yerləşən faktiki mövcud olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 və X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 3 fevral 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qurumun mərhumlar X3 və X5 mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməsi qanunsuzdur. Çünki, mərhumlara torpaq sahəsi verilərkən “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmamış və həmin vaxt torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd Şəhadətnamə olmuşdur ki, mərhumlar X3 və X7 da həmin sənədi müvafiq dövlət orqanından almışdır. Elektron məlumat bazasında aşkar edilməməsi, Qeydiyyat kitabında torpaq sahəsinin ölçüsününü qeydə alınıb-alınmaması, qərarın Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nə təqdim edilməsi onların vəzifəsi olmamışdır. Cavabeh qurumun imtina məktubunda qeyd etdiyi əsaslar həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, eləcə də mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün maneə deyildir. Bununla bağlı Azərbaycan Respublikası qanunvericiliyində hər hansı qadağa yoxdur. Eyni zamanda cavabdeh təşkilatın əsas funksiyası hüquqların qeydə alınmasından ibarətdir, nəzarətedici hər hansı funksiyası qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı hesab edir ki, cavabdeh təşkilat əsassız olaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən əlavə sənədlər, yəni qeyd edilən Şəhadətnamənin şəhadətnamələrin qeydiyyatı kitabında qeydiyyatı ilə bağlı məlumat tələb etməklə mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olur. Eyni zamanda hal-hazırda iddiaçıya cavabdeh təşkilat tərəfindən verilən imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamaqla, əsassızdır. Cavabdeh təşkilatla yaranan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(118)-1864/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-757F KOD 30307018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında verilmiş Quba rayonu, Amsar kəndində yerləşən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun X3 və X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir. (hakim Könül Həbibova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin arxiv sənədlərinə əsasən X3 və X6 30307018 KOD üzrə sənəd ilə 0,16 ha torpaq sahəsinin məxsus olması öz təsdiqini tapmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq da onu qeyd etmişdir ki, faktiki istifadədə olan 0,295 ha torpaq sahəsinin bir hissəsi digər şəxslərin mülkiyyətindədir. İddiaçının 0.16 ha faktiki istifadəsini həmin torpaq sahəsinin tərkibindən dəqiq müəyyən etmək olmur. İddiaçıya məxsus JN-757F KOD 30307018 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən cizgi digər şəhadətnamə əsasında mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşür. b) Apellyasiya şikayətinə dair etiraz iddia ərizəsi ilə eyni məzmundadır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-).
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarı
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin “JN-757F KOD 30307018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Quba rayonu, Amsar kəndində yerləşən faktiki mövcud olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 və X6 məxsus olması barədə arayışın verilməsindən imtinası təşkil edir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir:
1. JN-757F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır.
2. Faktiki istifadədə 0,295 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin bir hissəsi digər şəxslərin mülkiyyətindədir. İddiaçın 0.16 ha faktiki istifadəsini həmin torpaq sahəsinin tərkibindən dəqiq müəyyən etmək olmur. Məhkəmə tərəfindən bununla bağlı münasibət bildirilməmişdir. Qeyd edilir ki, iddiaçıya məxsus JN-757F KOD 30307018 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən cizgi digər şəhadətnamə əsasında mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisəli torpaq sahəsi naturada mövcuddur, koordinatları və döngə nöqtələri bəllidir. Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli iclasının 4 nömrəli protokolundan görünür ki, Aqrar İslahatın həyata keçirilməsi ilə əlaqədar A.Bakıxanov adına sovxozun özəlləşdiriləcək torpaq paylarının müəyyən edilməsi haqqında sovxoz aqrar islahat komissiyasının 2 may 1997-ci il tarixli, 13 saylı qərarının təsdiq olunması, A.Bakıxanov adına sovxoz aqrar islahat komissiyasına vətəndaşlara torpaq və əmlak paylarının müəyyən edilib verilməsini “Aqrar islahatının əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq təmin edilməsinin tapşırılması qərara alınmışdır. Həmçinin JN 757F KOD 30307018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci tarixli, 04 saylı qərarı ilə İddiaçı, X9, Süleymanova Aytən Vəkil qızı, Nümayəndə Vəkil oğlunun 0,16 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Göründüyü kimi iddiaçının mərhum valdeynlərinə torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Apellyasiya şikayətində sadalanan hallar mülkiyyət hüququnun məhdudlaşdırılması və iddiaçıya imtina cavabı verilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətində sadalanan hallar mülkiyyət hüququnun məhdudlaşdırılması və iddiaçıya imtina cavabı verilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 oktyabr 2024-cü il tarixli, 3-21-3-34/2-11724/2024 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin faktiki istifadə vəziyyətini əks etdirən koordinatlara əsasən kateqoriyası X4na aiddir. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzin arxivində Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli. 04 nömrəli və ona əlavə edilmiş “A.Bakıxanov” adına sovxozun yerli Aqrar İslahat Komissiyasının Qərarları aşkar edilməmişdir. Arxivdə saxlanılan Quba rayonu, Amsar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X7 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışın və şəhadətnamənin təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir: - Quba rayonunun Amsar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid sentyabr 2000-ci il tarixli cədvəldən görünür ki, X7 və X1 qanuni istifadəsində olan həyətyanı sahə 0,16 ha olaraq göstərilmişdir. - "xxxx" MMC-nin arxivində saxlanılmış 20 dekabr 2000-ci il tarixli sənəddən görünür ki, 30307018 KOD üzrə X7 və X1 həyətyanı torpaq sahəsi 0,16 ha təşkil edir. Həmçinin apellyasiya şikayətində qeyd edilən dəlillərin araşdırılması ilə əlaqədar kollegiya tərəfindən müvafiq müayinə aktının alınması ilə bağlı cavabdehə sorğu ünvanlanmış və müayinə aktı əldə edilmişdir. Həmin müayinə aktında qeyd edilmişdir ki, “mübahisəli torpaq sahəsinə naturada (yerdə) baxış keçirdik, iddiaçının faktiki istifadəsində olan və iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Qeyd edək ki, iddiaçı tərəfindən istifadə olunan və iddia olunan torpaq sahəsinin daxilində yaşayış evi mövcuddur. Həmin ərazi mişar daşı və dəmir tor ilə hasarlanmışdır. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi 0.2915 ha təşkil edir. Bildiririk ki, DT və XK-nin quba rayon şöbəsi tərəfindən verilmiş JN- 757F KOD 30307018 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə baza məlumatlarında olan xəritə materialları (TEKUİS və DWJ xəritələri) üzərində öz əksini tapmamışdır. Bu səbəbdən həmin torpaq sahəsi ilə şəhadətnamədə göstərilən torpaq sahəsinin uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Qeyd edək ki, DBF siyahısında 757-ci nömrə X3 və X5 adında göstərilmişdir və torpaq sahəsinin ölçüsü 0.16 ha olaraq qeyd olunmuşdur. İddiaçının faktiki istifadəsində olan 0.2915 ha torpaq sahəsinin daxilində JN-706F nömrəli şəhadətnamə mövcuddur. DBF siyahısında həmin 706-cı nömrə iddiaçı və ailə üzvlərinin adında göstərilmişdir və torpaq sahəsinin ölçüsü isə 0.14 ha olaraq qeyd olunmuşdur. Topaq sahələrinin naturadakı istifadə vəziyyətində heç bir üst-üstə düşmə mövcud deyildir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X4 kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.” Göründüyü kimi mübahisələndirilən torpaq sahəsinə dair müayinə aktında digər qonşu torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmamışdır, torpaq sahəsinin koordinatları ilə əlaqədar heç bir nöqsan qeyd edilməmişdir. Həmçinin kollegiya tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə müvafiq sorğular verilmiş və JN-706F nömrəli, həmçinin JN 757F KOD 30307018 şəhadətnamələri və onların verilməsinə əsas olmuş sənədlər istənilmiş, həmin sorğu nəticəsində Arxivdə saxlanılan Quba rayonu, Amsar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əlyazma və elektron siyahılarından İddiaçı (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti təqdim edilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı müqaviləsinin və s. təqdim edilməməsi halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınamasında (arayışın verilməsində) imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan halların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Bir sözlə cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi hallar mərhum X7 və X3 və onların vərəsələrinin təqsiri ilə əhatə olunmamaqla, onların hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazımi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, X7 və X2 məxsus olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi (buna dair arayışın verilməsindən imtina edilməsi) inzibati icraat haqqında qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, mərhum X7 və X1 və onların vərəsələrinin konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Nəzərə almaq lazımdır ki, iddiaçının mərhum valdeynlərinin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə –JN 757F KOD 30307018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan JN 757F KOD 30307018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” iddiaçının mərhum valdeynlərinin torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(118)-1864/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.