Məhkəmə qərarları › İş №2-1(105)-468/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-468/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-468/2021 05.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə (açar sözlər: müvafiq müddətin xidmət stajına aid edilməsi) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xidmət illərinə görə pensiya təyin edilməsi üçün məlumat vərəqinin hazırlanaraq ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-cı il tarıxlı 2-1(118)-272/2021saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1992-ci ilin iyun ayının 27-dən 1995-ci ilin may ayının 16-na qədər 2 il 11 ay 11 gün əmək stajının bərpa edilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 27 iyul 1992-ci ildən 16 may 1995-ci ilədək 2 il 11 ay 11 gün stajı nəzərə alınmaqla Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci ildən DİN orqanlarında işə başlamış, lakin 1992-ci ilin iyun ayında keçmiş X8 əmrinə əsasən tutduğu vəzifədən və DİO-dan əsassız olaraq xaric edilmişdir. 1994-cü ilin may ayında onun DİO-na xidmətə bərpa olunmağı barədə Daxili Təhqiqatlar İdarəsi rəy vermiş və həmin rəydə onun DİOdan xaric olunması əsassız və qanunsuz olduğundan xidmətə bərpa edilməsi haqqında qərar verilmişdir. DİN-in 14.05.1995-ci il tarixli 1162 nömrəli əmr ilə 16.05.1995-ci il tarixdən yenidən xidməti işə qəbul olunaraq Xızı rayon Polis Şöbəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş, X5 sıravi və rəis heyətinin xidmət keçmə barədə Əsasnaməsinə müvafiq olaraq “polis mayoru” xüsusi rütbəsi bərpa olunmaqla, Azərbaycan Respublikası DİN-nin kadrları tərkibinə daxil edilmişdir. Hesab edir ki, onun DİO-da xidmətə bərpa olunması barədə 1162 ş/h saylı 14 may 1995-ci il tarixli əmri düzgün verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Bu Əsasnamənin 148-ci maddəsinə əsasən, əsas olmadan DİO-da xidmətdən azad edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və DİO-da xidmətə bərpa edilməlidirlər. 149-cu maddədə bərpa olunma üçün əsaslar göstərilir. 152-ci maddə bu Əsasnamənin 148-ci maddəsinə əsasən DİO-da xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, DİO-dan xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir. “Əsasnamə”nin 154-cü maddəsinə görə əsassız olaraq DİO-dan xaric olunan əməkdaşlara bu orqana bərpa edildikdən sonra işləmədikləri müddətə görə pul müavinəti verilir. Məhz bu 154-cü maddənin tələblərinin icra edilməməsi üçün 1162 ş/h saylı 14 may 1995-ci il tarixli əmrdə, 20 ilə yaxın bir müddətdə DİO-da xidmət etmiş şəxsi “yenidən xidməti işə qəbul olunan” kimi və “Polis mayoru” xüsusi rütbəsini isə bərpa kimi əmr verilir. 1162 ş/h saylı əmr veriləndə onun 43 yaşı olmuş ki, bu yaşda onu yenidən xidmətə qəbul edə bilməzdilər. Göründüyü kimi DİN tərəfindən Prezidentin fərmanı ilə təsdiq edilmiş “DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin bir neçə maddəsinin tələbləri kobud surətdə pozulmuşdur, bunun da nəticəsində onun konstitusion hüquqları pozulmuşdur. Əmrin bu formada verilməsinə görə, o, 3 ilə yaxın bir müddətə əmək stajından məhrum olmuşdur. Belə ki, o, faktiki olaraq 1992-ci ilin iyun ayının 27-dən qanunsuz olaraq işdən çıxarılmış və 16.05.1995-ci ildə isə işə bərpa olunmuşdur.

Cavabdehin etirazları:

3. İddiaya qarşı cavabdehin etirazı məhkəməyə təqdim edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(118)-272/2021 saylı qərarı (hakim V. E.Əzizova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(118)-272/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1992-ci ildə DİO-dan əsassız xaric edildiyindən DİN-nin 14.05.1995-ci il tarixli 1162 nömrəli əmri ilə 16.05.1995-ci il tarixdən yenidən xidməti işinə qəbul olunaraq Xızı rayon Polis Şöbəsinin mütəşəkil cinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin olunsa da, DİO-da xidmətə bərpa olunmağı barədə 1162 ş/h saylı 14 may 1995-ci il tarixli əmr verilən zaman kadrlar idarəsi onu bu əmr ilə tanış etməmiş, bu səbəbdən də barəsindəki əmrin yeni işə qəbul olunan kimi verilməsindən onun xəbəri olmamışdır. Bunu təqaüdə çıxdıqdan sonra bilmiş və bununla əlaqədar uzun müddət ərzində şikayətlər etmiş, lakin şikayətləri nəticəsiz qalmışdır. Göründüyü kimi işə götürən orqan qanunsuz olaraq həmin əmrdə onu yenidən xidmətə qəbul edilmə kimi qeyd edərək gələcəkdə pensiya təminatı hüququnun pozulmasına şərait yaratmışdır.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(118)-272/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

9. Cavabdehin nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında vurğuladı ki, iddiaçı 01.10.1975-29.06.1992 və 16.05.1995-08.11.2003cü il tarixlərdə daxili işlər orqanlarında xidmət etmiş, 29.06.1992-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında sıravi və rəis heyətinin xidməti işdən xaric edilməsi qaydası barədə” Müvəqqəti Təlimatın 6-cı maddəsinə əsasən Quba RPŞ-nin rəis müavini vəzifəsində xidmət edərkən daxili işlər orqanlarından xaric olunmuşdur. İddiaçının müraciətləri nəzərə alınaraq Daxili Təhqiqatlar İdarəsinin rəyinə əsasən (həmin rəydə faktiki fasilə nəzərə alınmamaqla başqa rayonda işlə təmin olunmağı mümkün hesab edilmişdir) iddiaçı X8 14.05.1995-ci il tarixli Ə1162 ş/h nömrəli əmri ilə daxili işlər orqanlarında yenidən xidmətə qəbul olunaraq Xızı RPŞ-nin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Həmin əmrin verilməsi üçün əsas götürülmüş rəydə onun himayəsində üç uşağının olması, 18 ildən artıq DİO-da xidmət etməsi, təhsili və təcrübəsi nəzərə alınmışdır. 08.11.2003-cü ildə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 3-cü bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilmədən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası ƏƏSMN DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq 3-cü şəxs Azərbaycan Respublikası ƏƏSMN DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

27. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2001-ci il tarixli 168-llQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Maddə 148. Bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarında xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və daxili işlər orqanlarında xidmətə bərpa edilməlidirlər. Maddə 150. Xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan X5 əməkdaşı yazılı bildiriş aldığı gündən X5 yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. Maddə 152. Bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir.

28. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarına əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlar üçün daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

30. Məhkəmə kollegiyası hazırki qərarın 12-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, işdə olan sənədlərlə müəyyən olunur ki: - Azərbaycan Respublikası DİN-nin 27 iyun 1992-ci il tarixli 1264 saylı əmrinə əsasən milis mayoru İddiaçı Quba rayon rəis müavini vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14 may 1995-ci il tarixli əmrinə əsasən X3 16 may 1995-ci il tarixdən yenidən xidməti işə qəbul olunaraq Xızı rayon Polis Şöbəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin və X5 sıravi və rəis heyətinin xidməti keçmə barədə Əsasnaməsinə müvafiq olaraq “Polis mayoru” xüsusi rütbəsi bərpa olunmaqla AR DİN-nin kadrları tərkibinə daxil edilmişdir. Əmrin verilməsinə əsas kimi AR DİN-nin Kadrlar İdarəsinin 3 may 1995-ci il tarixli rəyi göstərilmişdir. - İddiaçı ünvanlanmış Azərbaycan Respublikası DİN-nin Baş Kadrlar İdarəsinin 12.06.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 14.05.1995-ci il tarixində yenidən xidmətə qəbul edildiyindən işdən xaric edildiyi tarixdən həmin dövrədək olan müddətin stajına daxil edilməsindən imtina edilmişdir. - İddiaçı ünvanlanmış DSMF Xüsusi Şərtlərlə Təyint İdarəsinin 05.06.2020-ci il tarixli məktubundan görünür ki, o, 1 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 29 il 5 ay 28 gün (təqvimi xidmət illəri 27 il 3 ay 15 gün, güzəştli xidmət illəri 2 il 2 ay 3 gün) xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqan tərəfindən İdarəyə daxil olduqdan sonra baxıla bilər.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edərkən hazırki qərarın 27 və 28-ci bəndində istinad edilən direktiv sənədlərdə göstərilən müddəaya əsasən, yəni iddiaçı 14.05.1995-ci il tarixli əmrə əsasən işə bərpa deyil, yenidən xidməti işə qəbul olunduğundan İddiaçı xidmətdən xaric edildiyi gündən yenidən xidməti işə qəbul olunduğu günədək olan dövr sonuncunun fasiləsiz xidmət stajına daxil edilməməlidir.

33. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı nə işdən xaric edilməsi barədə 26.06.1992-ci il tarixli əmri, nə də ki, yenidən xidməti işə qəbul olunması barədə 14.05.1995-ci il tarixli əmri mübahisələndirməmiş və adı çəkilən əmrlər hazırda da qüvvədədir. Halbuki həmin əmrlərlə razı olmadığı təqdirdə İddiaçı hazırki qərarın 27-ci bəndində istinad edilən Əsasnamənin 150-ci maddəsinə əsasən X5 yuxarı vəzifəli şəxslərinə, eləcə də məhkəməyə müraciət etmək hüququ olmuşdur.

34. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(118)- 272/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(118)-272/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar