Məhkəmə qərarları › İş №2-1(105)-468/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-468/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-468/2023 16.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2-1(118)-514/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1989cu il tarixədək Kəlbəcər rayon təmir tikinti sahəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1996cı il tarixədək X4, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 2714 nömrəli avtodəstə avtomobil təmiri emalatxanasında işləmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 09 fevral 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci tarixədək işlədiyi dövrlərin yoxlanılması zərurəti yaranmışdır. İddiaçının əmək fəaliyətinin yoxlanılması üçün 1-6-118/923-22 saylı məktubda may 1996-cı il tarixdən 2714 nömrəli avtodəstəyə çilingər vəzifəsinə qəbul olunması və yanvar 1999-cu il tarixədək həmin vəzifədə işləməsi qeyd olunmuşdur. Lakin, 1999-2000-ci illər üzrə 2714 nömrəli avtodəstənin əmr kitabları, həmçinin 1998-2000-ci illər üzrə əməkhaqqı cədvəlləri Nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilməmişdir. Bu səbəbdən qeyd olunan dövrləri iddiaçının sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin DSMF-nin X2 üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.2000-ci il tarixədək işləmiş, əmək fəaliyyəti dövrü ******* nömrəli əmək kitabçası ilə rəsmiləşdirilmişdir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun X5 ərizə ilə müraciət etmiş, lakin müraciətinin icrasından imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciətinə cavab olaraq, ona əmək haqqı və iş stajı barədə arxiv arayışları təqdim olunmuşdur. Həmin arxiv arayışında isə onun 1996-1998-ci illəri əhatə edən dövr üçün əmək haqqı barədə məlumat öz əksini tapmışdır. Əsas qismində isə 2714 nömrəli avtodəstənin əmək haqqı cədvəlləri göstərilmişdir. Göründüyü kimi, cavabdeh 1999-2000-ci illər üzrə 2714 nömrəli avtodəstənin əmr kitabçaları, həmçinin, 1998-2000-ci illər üzrə əməkhaqqı cədvəllərinin nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi üçün əmək pensiyasının təyin edilməsindən imtina etsə də, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ona təqdim edilən arxiv arayışında həmin müəssisədəki 1996-1998-ci illəri əhatə edən dövr üçün əmək haqqı cədvəllərinə istinad edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2-1(118)-514/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 2714 nömrəli avtodəstədə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzərinə qoyulmuşdur. (hakim: V.Əzizova). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Onun təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, 2006-cı il tarixədək, ümumilikdə, 7 il 5 gün mübahisələndirilməyən dövr sığorta stajı müəyyən edilmişdir. İddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrlərin yoxlanılması zərurəti yaranmışdır. İddiaçının əmək fəaliyyətinin yoxlanılması üçün iddiaçı tərəfindən təqdim edilmiş 1-6- 118/2714-22 saylı məktubda xx.xx.1996-cı il tarixdən 2714 nömrəli avtodəstəyə çilingər vəzifəsinə qəbul olunması və xx.xx.1999-cu il tarixədək həmin müəssisədə işləməsi, həmçinin, 1999-2000-ci illər üzrə 2714 nömrəli avtodəstənin əmr kitabları, həmçinin, 1998- 2000-ci illər üzrə əməkhaqqı cədvəlləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinə tam təhvil verilmədiyi qeyd olunmuşdur. Həmçinin, Kəlbəcər Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 32 nömrəli arayışına əsasən xx.xx.1974-xx.xx.1993-cü illər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında (xx.xx.1993-cü il tarixdə) qaldığından, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarında işləməsi barədə Kəlbəcər rayon arxiv idarəsində heç bir əsaslı sənədə rast gəlinməmişdir. Eləcə də əmək kitabçasının sonradan açıldığı və müvafiq qeydin hansı sənədlər əsasında açıldığı müəyyən edilməmişdir. Eyni zamanda xx.xx.1974-xx.xx.1993-cü illərdə olan qeydlər latın qrafikalı möhürlə təsdiqlənmişdir. Bu da əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almışdır. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi əmək kitabçasının surətindən məlum olur ki, sözügedən əmək kitabçası sonradan doldurulmuşdur. Sözügedən əmək kitabçasının hansı sənədlər əsasında doldurulmasının məlum olmaması, həmçinin, müəssisənin mövcudluğu, iddiaçının həmin müəssisədə işləməsi faktını sübut etməməsi səbəbindən onun məhkəməyə təqdim etdiyi yeganə sübut olan əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək siyasinin təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İddiaçı həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67.1-2. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 4.1-ci bənd. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; (-).

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olduğu üçün 65 yaşında, yəni xx.xx.2021–ci il tarixdən yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilir. İkinci şərtlə bağlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Kəlbəcər rayon təmir tikinti sahəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək X4, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 2714 nömrəli avtodəstə avtomobil təmiri emalatxanasında işləmişdir. (24 il 01 ay) İddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən o, 1975-1977-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (02 il) Cavabdeh imtina məktubu və iddia ərizəsinə etirazının dəlillərində 2714 nömrəli avtodəstənin əmr kitablarının və iddiaçının əməkhaqqı cədvəllərinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinə tam təhvil verilməməsi əsası ilə yalnız 1998-2000-ci illəri mübahisələndirmişdir. Hazırda isə cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin dövrlərlə yanaşı, xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək iddiaçının Kəlbəcər rayon təmir tikinti sahəsindəki əmək faəliyyəti dövrünü də mübahisələndirərək əmək kitabçası qeydlərinin latın qrafikalı möhürlə təsdiqlənməsi əsası ilə həmin dövləri sığorta stajına daxil etməmiş, bununla da onun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə müvafiq olaraq 25 il sosial sığorta stajına malik olmaması qənaətinə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən iddiaçıya tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı bundan sonra məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Kollegiya cavabdehin 1998-2000-ci illər üzrə 2714 nömrəli avtodəstənin əmr kitablarının və iddiaçının əməkhaqqı cədvəllərinin Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməməsi dəlili ilə bağlı bildirir ki, bununla bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 18 noyabr 2022-ci il tarixli məktubla məhkəməyə mübahisələndirilən 1998- 2000-ci illər üzrə arxiv arayışı, habelə müəssisənin əmrlər kitabından və əmək haqqı cədvəllərindən çıxarışlar təqdim edilmişdir. Belə ki, arxiv arayışından və əmrlər kitabından çıxarışdan görünür ki, iddiaçı may 1996-cı il tarixdən 2714 nömrəli avtodəstəyə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 18 nömrəli əmrə əsasən xx.xx.1999-cu il tarixdən 3-cü dəstəyə “VS” kateqoriyalı sürücü vəzifəsinə keçirilmiş, 1999-cu ilin yanvar ayınadək həmin vəzifədə işləmişdir. Eləcə də, iddiaçıya məxsus əmək haqqı cədvəllərinə əsasən 2714 nömrəli avtodəstə tərəfindən iddiaçıya 1996-cı ilin may-dekabr ayları, 1997-ci ilin yanvaravqust və oktyabr-dekabr ayları, 1998-ci ilin yanvar-aprel, iyun, sentyabr ayları əmək haqqı ödənilmişdir. Göründüyü kimi əmək kitabçasındakı məlumatların uyğunluğu 2714 nömrəli avtodəstə tərəfindən təqdim edilmiş əmrlərdən çıxarışlar və əmək haqqı cədvəlləri ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək iddiaçının Kəlbəcər rayon təmir tikinti sahəsində işləməsi ilə bağlı arxiv sənədlərinin aşkar edilməməsi və həmin dövr üzrə əmək kitabçası qeydlərinin latın qrafikalı möhürlə təsdiqlənməsi dəlili ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyasının mübahisələndirilən dövr üzrə Kəlbəcər rayon təmir tikinti sahəsində əmək fəaliyyətinə dair arxiv əsaslarının məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Kəlbəcər rayon Kommunal Təsərrüfat Çoxsahəli İstehsalat Müəsissəsi xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçının əmək kitabçasındakı iş stajı ilə bağlı arxiv sənədləri Kəlbəcər rayonunun işğal olunduğu dövrdə orada qalmışdır, bu səbəbdən həmin sənədlər haqqında məlumat verilməsi mümkün deyildir. Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Beləliklə, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında erməni işğalçıları tərəfindən işğal edildiyi üçün sözügedən dövr üzrə arxiv sənədləri işğal zonasında qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, iddiaçı 1974-1993-cü illərdə Kəlbəcər rayon təmir tikinti sahəsində işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının mübahisəli 1974-1993-cü illərdə dövrlərdəki əmək fəaliyyəti ilə bağlı qeydlərin 1993-cü ildə latın qrafikalı möhürlə təsdiq edilməsi də iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbər olmadığını deməyə əsas vermir. Belə ki, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” 25 dekabr 1991-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-nin Qanunu həmin gündən qüvvədən düşmüş hesab edilmiş və 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunmuşdur. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə, mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. İddiaçının da yuxarıda qeyd edilən əmək kitabçasından göründüyü kimi o, mübahisələndirilən xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 2714 nömrəli avtodəstədə, xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək olan dövr ərzində isə Kəlbəcər rayon təmir tikinti sahəsi və X4 işləmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 1998-2000-ci və 1974-1993-cü illərdə işlədiyi dövrlərin mötəbərliyi şübhə altına alınmadığından cavabdehin dəlilləri əsassızdır. Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 65 yaşının tamam olduğu 13 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, onun xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2-1(118)-514/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar