Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-468/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-335/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 335/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının verilməsi (hesablanması) xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər olmaqla hesablanması barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası - “cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın xx.xx.2019-cu ildən 2022-ci ilədək ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 335/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının verilməsi (hesablanması) xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər olmaqla hesablanması barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ünvanlı dövlət sosial yardımın 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməsi öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə şikayət verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-335/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)- 468/2025 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-335/2025 nömrəli qərardadından verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli 2-1(118)-335/2025 nömrəli qərarının - iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması (hesablanması, verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının verilməsi (hesablanması) xx.xx.2019-cu il tarixdən hazırkı məhkəmənin qəbul edəcəyi qərarın qanuni qüvvəyə minəcəyi tarix olmaqla hesablanması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi işin hallarına (§1-8) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-cu ildə anadan olmuşdur. Ailəlidir. Üç övladı var. Hal-hazırda Xızı rayonunun Giləzi qəsəbəsində ailəsilə birlikdə yaşayır. Uşaqlarının hər üçü məktəblidir. Ailə vəziyyəti çox ağırdır. Maddi cəhətdən sarsıntı içərisində yaşayırlar. Bu da gündəlik həyatında öz mənfi təsirini göstərir. Belə ki, məktəb yaşında olan uşaqlarını artıq məktəbə yollaya bilmir. Əyinlərinə paltar almağa, ayaqqabı almağa yeməklərini çatdırmağa heç bir imkanı yoxdur. Bütün bunları nəzərə alaraq Ünvanlı Dövlət Sosial Yardımı almaq məqsədi ilə dəfələrlə “VEMTAS” vasitəsilə iddiaçı cavabdehə müraciət etmişdir. Lakin 2017-ci ildən sonra Ünvanlı Dövlət Sosial Yardım (ÜSY) üçün bütün müraciətləri bir qayda olaraq həmişə nəticəsiz qalıb. Hər dəfə qarşı tərəf müxtəlif bəhanələrlə ona və ailəsinə ÜSY ayrılmasına mane olub. Ümumilikdə bütün bunlar süni maneələrdir. İddiaçı və həyat yoldaşı X4 yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən "xxxx" MMC də fəhlə işləyirlər. Hər ikisi ümumilikdə 550-600 manat aylıq maaş alırlar. Adambaşına düşən minimum ehtiyac meyarı 2022-ci il üçün 200 manat olduğu halda, beş nəfərlik ailəsnin minimum ehtiyac meyarı ümumilikdə 200x5=1000 manat edir. Həmin bu məbləğdən gələn gəlirləri çıxdıqda orta hesabla 400 manat fərq yaranır. Əgər bu qaydada hesablansa, (200x5=1000; 1000-600=400) qanunla nəzərdə tutulmuş formada ailəsinə gələn gəlirlərin ümumi məbləği minimum ehtiyac meyarından 400 manat aşağı olduğu üçün yaranmış fərqi qanuna əsasın cavabdeh tərəf ÜSY-la ödəməlidir. Bütün bunlara baxmayaraq cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməyərək, ailəsinə ayrılmalı olan ünvanlı sosial yardımdan imtina etmişdir. Qeyd edilən bütün imtina qərarları əsassız və heç bir qanunda öz əksini tapmayan imtina qərarlarıdır. Bununla belə qeyd edilir ki, ÜSY təyin edilməsi üçün 2017-ci il tarixdə aidiyyatı üzrə cavabdehə müraciət edilmişdir, imtina cavabları verilmişdir. Həmin imtinalardan aidiyyatı üzrə məhkəməyə müraciət edilmişdir. Cavabdeh tərəf isə öz hüququndan sui-istifadə edərək Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-2671/2020 saylı qərardan, əvvəlcə Bakı Apellyasiya Məhkəməsinə, daha sonra Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 2-1(103)-682/2021 saylı qərardan Azərbaycan Respublikasının Ali Məhkəmənin inzibati kollegiyasına müraciət etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-2315/2021 saylı qərar isə 2022ci ilin may ayında (yalnız iki il üçün 2017-2019) icra edilib. Hüquqi baxımından, cavabdeh tərəf açıq aşkar vaxt qazanmaq məqsədi ilə bütün vasitələrdən sui-istifadə edib. Bununla da, 2017-ci ldən 2022-ci ilin may ayı da daxil olmaqla mümkün beş il olduğu halda cavabdeh tərəf yalnız iki ilin (2017-2019) ÜSY-nı ailəsinə təqdim etmişdir. Burada kobud hüquq pozuntusunun olduğu görsənir. Əgər məhkəmə qərar qəbul edərək, inzibati orqan olan cavabdehin üzərinə ÜSY nin təyin edilməsi, hesablanması və verilməsi kimi bir öhdəlik qoyursa, dolayısı ilə Məhkəmə vətəndaşın, yəni iddiaçının bu məsələdə hüquqlarının pozulduğunu tanıyırsa, məgər bu bütöv beş ilin (2017-2022) içində yalnız iki ili (2017-2019) əhatə edirmi? İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 38, 71, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7.1, 7.2, 7.3, 8.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1, 2.3, 3.1, 3.2-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2, 32.1, 32.2, 33.2-ci maddələrinə istinad olunmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının verilməsi (hesablanması) 1 yanvar 2019-cu il tarixdən 1 oktyabr 2023-cü il tarixə qədər olmaqla hesablanması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazla apellyasiya şikayəti eynilik təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı aşağıdakı əsaslara görə qanunazidd və əsassız hesab olunmaqla ləğv edilməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə xx.xx.2006-cı il tarixdən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuşdur. Həmin qaydaların 3.3-cü maddəsinə əsasən müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Qaydaların 3.4.2-ci maddəsinə əsasən məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. İddiaçı 10 iyun 2022-ci il tarixli **********27001 nömrəli müraciətinə verilmiş 10 iyun 2022-ci il tarixli imtina cavabının əsasını “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvü olan X2 orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması və bu səbəbdən də ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmaması təşkil edir. İddiaçı 22 iyun 2022 tarixli **********27002 nömrəli müraciətinə ünvanlanmış 18 iyul 2022-ci il tarixli imtinanın əsasını abonent kodu barədə məlumatın gizlədilməsi və ümumi istifadəli sayğacın aşkar edilməsi təşkil edir. İddiaçı 20 iyul 2022-ci il tarixli **********27002 nömrəli müraciətinə ünvanlanmış 22 avqust 2022-ci il tarixli imtina cavabının əsasını maddi-məişət şəraitinin müayinəsi üçün baxışın keçirilməsinə şəraitin yaradılmaması təşkil edir. Belə ki, ilk müayinə zamanı ailə üzvlərinin göstərilən ünvanda yaşadığı, lakin həmin vaxt evdə olmadığı aşkar edildiyi halda, bu barədə təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin biri ilə məlumat verilir və təkrar müayinə keçiriləcəyi barədə xəbərdarlıq edilir. Maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib edilmiş müayinə aktında İddiaçı 10 avqust 2022-ci il tarixdə və 17 avqust 2022-ci il tarixdə “Ərizəbəyannamə”də qeyd olunan ünvanda olmadığı və bu səbəblə də maddi-məişət şəraitinin yoxlanılmasının mümkün olmadığı qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(118)-335/2025 nömrəli qərarında qeyd olunmuşdur ki, iddiaçının qeyd olunan ünvanda ardıcıl olaraq iki dəfə olmamasını əsas götürməklə sosial yardımın təyin olunmasından imtina edilməsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələbi ilə də ziddiyyət təşkil edir. Belə ki, qeyd olunan normaya görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Lakin bildiririk ki, İddiaçı “Ərizə-bəyannamə”də qeyd olunan ünvanda ardıcıl olaraq 2 dəfə olmaması təmsilçi tərəfindən maddi məişət şəraitinin müayinəsi üçün baxışın həyata keçirilməsinə şəraitin yaradılmaması kimi qiymətləndirilməlidir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı cavabdehə sonuncu dəfə 25 avqust 2022-ci il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə (2017, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, iyul 2022) cavabdehə müraciət etmiş, hər dəfə müraciətə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının nəticə hissəsi qeyri-müəyyəndir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-1383/2024 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. Həmçinin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Lakin məhkəmə bunu nəzərə almamışdır. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-335/2025 nömrəli qərarının - iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq: “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2 və 6.3. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Maddə 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). 5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ dərəcə əlilliyi olan şəxs ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: .... 5.1. sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2. ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3. ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4. ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5. muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əmək haqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). 5.6. ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.8. qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. 5.11. natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmış olsa da, iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edildiyi müddətin dəqiq göstərilməməsi ilə razılaşmır. Belə ki, Xızı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 180289 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 və X3 xx.xx.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Günel, xx.xx.2008-ci il təvəllüdlü Əsmər və xx.xx.2010-cu il təvəllüdlü Elcan adlı üç uşağı doğulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2671/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehin xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli müraciətlərə imtinaları qanunsuz hesab edilmiş, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-682/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2671/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(102)-2315/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-682/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş 113c33453ed94baaa44ae10203f655ca bildirşdən görünür ki, xx.xx.2022-ci il tarixli **********27001 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir” səbəbi ilə imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş d4f0314a15564ce5b5b90dd6f2a7fb5c nömrəli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli **********7002 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “abonent kodu barədə məlumatın gizlədilməsi, ümumi istifadəli sayğacın aşkar edilməsi” səbəbi ilə imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş 9c1f55fd4fbe44499df3c09594b4d8e5 nömrəli bildirşdən görünür ki, xx.xx.2022-ci il tarixli **********7003 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadı” səbəbi ilə imtina edilmişdir. İddiaçı aid xx.xx.2022-ci il tarixli iş yeri haqqında arayış, yaşayış yeri, ailə tərkibi haqqında elektron çıxarışlar iş materiallarına əlavə edilmişdir. İddiaçı göndərilmiş birdəfəlik ödəniş barədə məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-2315/2021 nömrəli qərarına əsasən xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üçün 4.885,20 manat ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Məhkəmə qərarına əsasən təyin olunmuş 4.885,20 manatdan 814,20 manatı ödənilmiş, qalıq fərq 4.071 manatın 2022-ci ilin may ayında birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q116569/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, X1 Sistemində (www.e-gov.az) və ya Nazirliyin “e-sosial” (www.e-sosial.az) internet portalında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidməti vasitəsi ilə sosial yardımın alınması ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə edilmiş müraciətlər VEMTAS tərəfindən araşdırılır və qəbul edilmiş müvafiq qərarlar barədə məlumat “Ərizə-bəyannamə”də qeyd olunmuş əks-əlaqə vasitəsinə göndərilir. İddiaçı nəzərinə çatdırılmışdır ki, ailəsinin ünvanlı dövlət sosial yardımını almaq hüququnun müəyyən olunması ilə bağlı xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək VEMTAS-a müraciəti olmamışdır. Qeyd edilir ki, VEMTAS-a daxil edilən **********86902 nömrəli müraciəti əsasında, VEMTAS tərəfindən ailəsinə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək aylıq 635,56 manat sosial yardım təyin edilmiş və müraciətində qeyd edilən əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə İddiaçı dair elektron çıxarışlar. 21 iyul 2022-ci il tarixli ********** nömrəli İddiaçı dair “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş 19 noyabr 2018-ci il, 10 iyun 2022-ci il, 20 iyul 2022-ci il tarixli bildirişlər. İddiaçı ÜDSY işinə yenidən baxılması haqqında 5 oktyabr 2023-cü il tarixli 3-17-1/3-1- 87893/2023 nömrəli xidməti məruzədən görünür ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı 4 avqust 2023-cü il tarixli, **********86902 nömrəli son müraciətinə əsasən, 22 sentyabr 2023-cü il tarixdə Mərkəzi Filial tərəfindən maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmiş və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə ailəyə 1 oktyabr 2023-cü il tarixdən 1 oktyabr 2024-cü il tarixədək 635,56 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 iyul 2024-cü il tarixli 283 nömrəli arayışından görünür ki, İddiaçı Xızır, Giləzi qəsəbəsində qeydiyyatsız yaşayır, X4 (əri), X5 (qızı), X6 (qızı), X7 (oğlu) onun ailə üzvləridir. Ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur, ehtiyac meyarı dedikdə isə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. İddiaçı tərəf bildirir ki, onun ailə vəziyyəti maddi cəhətdən çox ağırdır, maddi cəhətdən sarsıntı içərisində yaşayırlar. Bu da gündəlik həyatında öz mənfi təsirini göstərir. Belə ki, məktəb yaşında olan uşaqlarını artıq məktəbə yollaya bilmir. Əyinlərinə paltar almağa, ayaqqabı almağa yeməklərini çatdırmağa heç bir imkanı yoxdur. İddiaçı və həyat yoldaşı ümumilikdə 550-600 manat aylıq əmək haqqı alırlar. Cavabdeh inzibati orqan etirazında və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının “Ərizə-bəyannamə”də qeyd olunan ünvanda ardıcıl olaraq iki dəfə olmaması təmsilçi tərəfindən maddi-məişət şəraitinin müayinəsi üçün baxışın həyata keçirilməsinə şəraitin yaradılmaması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, qanunvericiliyə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi iddia ərizəsinə etirazda və apellyasiya şikayətində qeyd etdiyi hallar öz təsdiqini tapmır. Məhkəmə kollegiyası sadalanan hallara əsasən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edir və apellyasiya şikayətinin dəlilləri iddiaçının tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz. Çünki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7-ci bəndi hansı hallarda sosial yardımın təyin olunmasından imtina edildiyini dəqiq göstərmişdir. Normada imtina əsasları konkret şəkildə göstərilmişdir. Normanın məzmunundan görünür ki, sadalanan hallardan əlavə halın da mümkün ola biləcəyinə dair heç bir dispozitiv meyar müəyyən olunmamışdır (§41). Etirazda qeyd edilən cavabdeh orqan etirazında iddiaçının “Ərizə-bəyannamə”də qeyd olunan ünvanda ardıcıl olaraq iki dəfə olmaması halı normada qeyd edilən halların heç birinə uyğun gəlmir, normada qeyd olunan “ünvanın düzgün olmaması” halı isə hazırki işdə mövcud deyil və mübahisə predmetini təşkil etmir. İddiaçının qeyd olunan ünvanda ardıcıl olaraq iki dəfə olmamasını əsas götürməklə sosial yardımın təyin olunmasından imtina edilməsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələbi ilə də ziddiyyət təşkil edir. Belə ki, qeyd olunan normaya görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməsindən imtinası qanunvericiliklə müəyyən edilmiş əsaslara müvafiq olmamışdır. İddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsinin müddətinin dəqiq göstərilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd olunmalıdır ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında ona ünvanlı dövlət sosial yardım təyin edildikdə iddianın hansı tarixdən və hansı müddət ərzində hesablanması məhkəmənin qərarında öz əksini dəqiq tapmamışdır. Həmçinin iddianı qismən təmin edərkən məhkəmə səhvə yol vermişdir. Çünki, məhkəmə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın qalan hissəsini mümkünsüz hesab etmişdir. Belə olan halda məhkəmə iddia tələbinin qalan hissəsinə tam baxmış və həmin hissəyə dair qərar qəbul etmişdir. Bu hal birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etdiyinə görə ünvanlı dövlət sosial yardım ona həmin ayın 1-dən etibarən bir il müddətində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi təyin edilməlidir. Cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-335/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-468/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-468/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver