Məhkəmə qərarları › İş №2-1(105)-469/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-469/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-469/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1165/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan müddət üzrə əmək pensiyasının fərq məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh 01 fevral 2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 06 yanvar 2021-ci il tarixli MN-13752 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən ona Mərkəzi Filial tərəfindən 1 fevral 2021-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci qrup əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi-472,80 manat məbləğində əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 12124,48 manat fərq məbləğinin 761,08 manat hissəsi 2021-ci ilin aprel və may aylarında, qalan 11363,40 manat hissəsi isə Mərkəzi Filiala müraciətlərini nəzərə alaraq 2021-ci ilin iyun ayında müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin olunmuş əlilliyin müddəti 13 mart 2021-ci il tarixindən bitdiyi üçün ona pensiya ödənişi 31 mart 2021-ci il tarixindən dayandırılmışdır. Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, xx.xx.2015-ci ildən 2ci dərəcə müharibə əlilidir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək əmək pensiyası almışdır. xx.xx.2021-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, DSMF-nin müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Cavabdeh orqan tərəfindən 2021-ci ilin yanvar ayından etibarən ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Cavabdeh orqana xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddət üzrə pensiyanın yenidən hesablanması barədə müraciət etmiş, lakin cavabdeh ona xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan müddət üçün 3 illik ödəniş etmiş, qalan xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək müddət üzrə ödəniş etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsasız və qanunsuzdur. Ona xx.xx.2015-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi qanunamüvafiqdir. Ali Məhkəmənin 13 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1539/2021 nömrəli analoji qərarına əsasən hesab edir ki, iddia tələbi haqlıdır və təmin edilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1165/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti və şikayətə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmə qeyd etmişdir ki, o, müharibə əlili kimi sosial müavinət aldığı üçün iddia tələbi təmin edilməməlidir. Bununla razılaşmayaraq qeyd edir ki, həmin dövrdə ona əsassız olaraq hərbi qulluqçu kimi pensiya təyin edilməmiş, kifayət qədər iş stajı olmadığından müharibə əlilliyinə görə əmək pensiyası deyil, sosial müavinət təyin edilmişdir. Hesab edir ki, belə yanaşma müharibə əlillərinə münasibətdə ayrı-seçkilik deməkdir. Qeyd edir ki, o, 1993-cü ildə 1-ci Qarabağ Müharibəsində döyüş tapşırığını icra edərkən xəsarət almışdır. Belə ki, pensiya almaq hüququ 1993-cü ildə yaranmışdır. Lakin, xx.xx.2015-ci ildə ona aldığı xəsarətlə bağlı əlillik və pensiya təyin edilmişdir. Bu zaman inzibati orqanın səhlənkarlığı üzündən ona hərbi qulluqçu kimi pensiya deyil, sosial müavinət təyin edilmişdir. Sonradan cavabdehə bu barədə müraciət etdikdən sonra ona hərbi qulluqçu kimi pensiya təyin edilmiş və son 3 ilin ödənilməyən hissəsi ödənilmişdir. Ancaq ona digər illərin, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üzrə pensiyanın yenidən hesablanması və ödənilməsindən imtina edilmişdir. Hesab edir ki, Ali Məhkəmənin analoji qərarları nəzərə alınmaqla iddia tələbinin təmin olunması qanunamüvafiqdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının pensiya işindən də görünür ki, ona 2015-ci ildən 2021-ci ilədək sosial müavinət təyin edilib. Yəni iddiaçı həmin illər ərzində əlil kimi əmək pensiyası almış olsaydı, ona mövcud mübahisə üçün qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin norması tətbiq oluna bilərdi. Ancaq iddiaçıya münasibətdə 2015-ci ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sosial müavinətlər haqqında” Qanunun normaları tətbiq edildiyindən və həmçinin, iddiaçının 2021-ci ilin fevral ayından etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan, ona sosial müavinət aldığı müddətin (2015-ci ildən 2021-ci ilədək) əmək pensiyaçılarına təyin edilməsi əsasları kimi tətbiq edilməsi yol verilməzdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti və ona əlavə ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, ona hərbi qulluqçu kimi əmək pensiyası təyin edilməsi üçün ilk dəfə 2021-ci ildə cavabdeh orqana müraciət etmiş, 2015-ci ildən 2021-ci ilədək olan dövrdə isə sosial müavinət almışdır. İddiaçı şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.3.2. Əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının pensiya işindən də görünür ki, ona 2015-ci ildən 2021-ci ilədək sosial müavinət təyin edilib. Yəni iddiaçı həmin illər ərzində əlilliyə görə əmək pensiyası almış olsaydı, ona mövcud mübahisə üçün qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin norması tətbiq oluna bilərdi. Lakin iddiaçıya münasibətdə 2015-ci ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edildiyindən və həmçinin iddiaçıya 2021-ci ilin fevral ayından etibarən ikinci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan, ona sosial müavinət aldığı müddətin (2015-ci ildən 2021-ci ilədək) əmək pensiyası təyin edilməsi kimi tətbiq edilməsi yol verilməzdir. Cavabdeh tərəfindən üzərinə düşən vəzifə kimi iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən 01 fevral 2021-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan TSEK-in müayinə aktlarından çıxarışlardan görünür ki, iddiaçı ilk dəfə xx.xx.2015-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə “Dirsək sümüyünün yuxarı ucunun sınığı” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2015-ci il tarixdən ona əmək pensiyası təyin edildiyini bildirsə də, işdən görünür ki, Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2015-ci il tarixli, 158 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixindən ikinci qrup Qarabağ əlilliyinə görə sosial müavinət təyin edilmiş və xx.xx.2021-ci il tarixədək hər ay 130 manat məbləğində müavinət ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 444 nömrəli qərarına əsasən, Şamaxı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma-diaqnoz: “Sağ bazu sümüyünün dəlib keçən odlu güllə yaralanması (xx.xx.1992) nəticəsində bitişmiş sınığı ətraf funksiyasının cüzi məhdudiyyəti ilə” (AR SHXÇDK-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 987 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 987 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1993-cü il tarixli 2793 nömrəli arayış, MN MHHK-ın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə idarəsinin Sosial təminat və pensiya şöbəsinin rəisi tərəfindən iddiaçının müraciətinə əsasən, xx.xx.2021-ci il tarixdə MN-13752 nömrəli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu haqqında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat vərəqi” tərtib edilmiş, məlumat vərəqinə əsasən, iddiaçı MAHHX əsgəri olaraq xx.xx.1993cü il tarixdə “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “v” bəndi (xəstəliyə görə) hərbi xidmətdən tərxis olunmuş və onun təqvim illəri 02 il 03 ay 21 gün olmaqla, pul təminatı (təminat xərcliyi) 591,00 manat müəyyən edilmişdir. Həmin məlumat vərəqi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Həmçinin, məlumat vərəqi tərtib edildikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona hərbi qulluqçu kimi pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə baxılmış və Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixindən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” təminat xərcliyinin 80 faizi miqdarında İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə iddiaçının xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət üzrə əmək pensiyası yenidən hesablanmışdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi barədə Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqi tərtib edildikdən sonra cavabdeh orqana xx.xx.2021-ci il tarixdə müraciət etmiş və ona müraciəti əsasında xx.xx.2021-ci il tarixindən hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, həmçinin, keçmiş üç illik müddət üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əmək pensiyası yenidən hesablanaraq ödənilmişdir. Hazırda isə iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb edir. İddiaçı tələbində 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin ödənilməsini xahiş etsə də, işdən görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən əmək pensiyası deyil, sosial müavinət ödənilmişdir. İşin qeyd edilən xüsusatı iddiaçının apellyasiya şikayətində də əksini tapmış, eləcə də, məhkəmə iclasında özü verdiyi izahatında təsdiq etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, kollegiya iddiaçının tələbini 2015-2018-ci illərdə 2-ci dərəcə əlilliyə görə aldığı sosial müavinət ilə xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin ödənilməsi kimi qəbul edir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə almaq lazımdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə, müvafiq işlərə baxan məhkəmələr pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməlidirlər. Bu mənada, məhkəmələr pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müvafiq tarixlərdə müraciət etməmənin səbəblərini nəzərə almadan qərar qəbul etməyə haqlı deyildirlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının əmək pensiyası hüququnun reallaşdırılması məqsədi ilə inzibati orqana 01 iyul 2017-ci ildən əvvəl və ya sonra müraciət etməsinin, habelə, iddiaçının əmək pensiyası hüququnun 01 iyul 2017-ci il tarixədək reallaşdırılmasının məhz inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş veribvermədiyinin müəyyən edilməsindən ibarətdir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət təkcə bilavasitə pensiya təyin edən orqana deyil, həm də əmək pensiyası hüququnun reallaşdırılması (pensiyanın təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması) prosesində buna səlahiyyətli olan digər inzibati orqana – hazırkı halda, təminat xərcliyinə dair məlumatın verilməsi üçün qulluq etdiyi orqanın müvafiq qurumuna müraciətdən gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Normanın məzmunundan göründüyü kimi, təminat xərcliyinə dair məlumatlar əmək pensiyası hüququ yaranmış şəxslərin, həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında təqdim edilir. Hazırkı işdən isə görünür ki, iddiaçı 1 iyul 2017-ci il tarixədək hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə pensiyanın təyin edilməsi ilə bağlı nə cavabdeh inzibati orqana, nə də məlumat vərəqənin tərtib edilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməmiş, əlillik təyin edildikdən sonra xx.xx.2015-ci il tarixdə yalnız sosial müavinətin təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etmişdir. Belə ki, işdən göründüyü kimi, iddiaçının 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətinə əsasən, xx.xx.2021-ci il tarixdə MN-13752 nömrəli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu haqqında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat vərəqi” tərtib edilmiş, həmin məlumat vərəqi və iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşin qeyd edilən halını iddiaçı da izahatında təsdiq edərək bildirmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana ilk dəfə 2021-ci il tarixdə müraciət etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, 2017-ci il 1 iyul tarixinədək iddiaçının cavabdehə müraciət etməməsinin səbəbi iddiaçının səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmamışdır. Odur ki, kollegiyanın qənaətinə görə, cavabdeh orqan tərəfindən iddiaçıya haqlı olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən, xx.xx.2021-ci il tarixindən əvvəlki üç illik dövr üzrə ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1165/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar