Məhkəmə qərarları › İş №2-1(105)-47/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-47/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-47/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı onun 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-2578/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona pensiya hesablanarkən Bakı Komvol Kombinatının nəqliyyat şöbəsində sürücü vəzifəsində işlədiyi 15 il 4 ayın nəzərə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 07.03.1997-ci il tarixdən 01.01.2006-ci il tarixədək Bakı Komvol Kombinatının Nəqliyyat şöbəsində sürücü vəzifəsində işləmişdir. Bu barədə əmək kitabçasında da qeydlər vardır. O, 3-cü qrup gözdən əlildir. Pensiya təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciət edərkən sözügedən orqandan ona 1997-2006-ci illərdə Bakı Komvol Kombinatının Nəqliyyat şöbəsində sürücü vəzifəsində işlədiyinə dair arxivə hesabat verilmədiyi üçün həmin illərin pensiya verilərkən nəzərə alınmayacağı barədə imtina məktubu verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim V.Əzizova) Qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 mart 2019-cu il tarixli 2-1(105)173/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim Zaur Məmmədov, hakimlər Nazim Nəsibov və Hökümə Babayeva) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 iyul 2019-cu il tarixli 2-1(102)-1980/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Xəqani Məmmədov, hakimlər Rahib Nəbizadə və Azər Hüseynov) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 mart 2019-cu il tarixli 2-1(105)173/2019 saylı qərarı ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə təkrar apelyasiya qaydasında baxıldıqda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-593/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Səadət Bəktaşi, hakimlər Telman Quliyev və Gülnarə Tağızadə) apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2578/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı onun 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-751/2020 saylı, 17 iyun 2020-ci il tarixli qərarı ilə (sədrlik edən məruzəçi hakim İspəndiyar Şəfiyev, hakimlər Zakir Quliyev və Kəmaləddin Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-593/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının 2-1(105)-391/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 24.07.2018-ci il tarixli 2068 saylı arxiv arayışında qeyd olunan dövrlər sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyə zidd olduğundan nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, hüquqi əhəmiyyətli fakt müəyyən etməklə qanunvericiliyi pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçı 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 30.03.1997-ci ildən 01.07.2012-ci ilədək Bakı Komvol Kombinatında işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 24.07.2018-ci il tarixli 2068 saylı arxiv arayışından görünür ki, İddiaçı 07.03.1997-ci il tarixli, 12/kş saylı əmrlə 01.12.1996-cı il tarixdən Nəqliyyat şöbəsinə sürücü vəzifəsinə qəbul olunması barədə məlumatlar mövcuddur, Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin 2012-ci ilə qədər əmr kitabları və 1997-2012-ci illərə aid əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan “Komvol” ATSC-nin nizamnaməsindən görünür ki, cəmiyyət dövlət müəssisəsi olan Bakı Komvol kombinatının bazasında yaradılmış, onun hüquqi varisidir, Cəmiyyət Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən təsis edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surətindən görünür ki, iddiaçıya 05.04.2018-ci il tarixdə üçüncü dərəcəli əlillik verilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin 06 avqust 2018-ci il tarixli 20/4566 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçıya əlilliyə görə əmək pensiyasi təyin edilməsi üçün 14 il sosial sığorta stajı və 14650.02 manat pensiya kapitali tələb olunduğu, iddiaçının təqdim etdiyi sənədlərə əsasən isə 14 il sosial sığorta stajı və 8305.40 manat pensiya kapitalı toplandığı, həmçinin 30.03.1997- 01.07.2012-ci illərdə işlədiyi Bakı Kamvol Kombinatının Azərbaycan Respublikasi Dövlət Arxivinin Bakı Filialına təhvil verdiyi sənədlərdə vətəndaşın 01.12.1996-ci il tarixdə işə daxil olması barədə əmrə rast gəlinsə də, 2012-ci ilin əmrlər kitabı, 1997-2012-ci illərin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən işdən azad olunması barədə əmrlər və əmək haqları barədə məlumatlar arxiv arayışında qeyd olunmadığı və 01.01.2006-ci il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsinə heç bir pensiya kapitalı toplanmadığı səbəbindən də həmin dövrlərin sosial sığorta stajına daxil olunması qanunvericiliklə mümkün olmadığı göstərilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, İddiaçı Bakı Komvol Kombinatında işləmişdir. İddiaçının 07.03.1997-ci il tarixli, 12/kş saylı əmrlə 01.12.1996-cı il tarixdən nəqliyyat şöbəsinə sürücü vəzifəsinə qəbul olunması barədə arxiv məlumatı da mövcuddur. Belə olan halda, cavabdeh inzibati orqanın əmrlər kitabının arxivə təhvil verilməməsi əsası ilə İddiaçı 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassızdır. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, üçüncü qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsində isə on beş yaşına çatmış hər bir şəxsin işçi kimi əmək müqaviləsinin tərəfi ola biləcəyi nəzərdə tutulmuşdur. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyada “Əmək pensiyaları haqqında” Qanununun: 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 6-1-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; 13.3-cü maddəsinə görə, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 13.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qanunun 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qeyd olunan normalara əsasən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 14 il (əlillik təyin olunan 57 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=42 yaş x 4 ay =168 ay : 12 ay = 14 il) sığorta stajı olmalıdır. İş materiallarına əsasən qanunun bu şərti yerinə yetirilir. Belə ki, iddiaçının 19 il 8 ay əmək stajı vardır. Həmçinin cavabdeh iddiaçının bu stajının mövcud olduğunu qəbul edir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14.650,02 manat təşkil etməlidir. Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin 16 iyun 2020-ci il tarixli məktubunda (səh. 172) göstərilmişdir ki, əgər vətəndaşın iddiasında göstərdiyi dövr və Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən vətəndaşa verilmiş arayışda qeyd olunan (14.03.1984-23.12.1988) müddətlər məhkəmə tərəfindən təmin edilərsə, vətəndaşın tələb olunan sığorta kapitalının məbləği aşağıdakı kimi olacaqdır. Belə ki, həmin dövrlər təsdiqini taparsa iddiaçının 01.01.2006-cı ilədək ümumi sığorta stajı 24 il 5 ay olmaqla kapitalı bu cür hesablanacaq: 1) 24,42x701,48=17127,80 manat; 2) 01.01.2006-cı ildən sonrakı kapitalı - 647,58 manat; cəmi: 17127,80+647,58=17775,38 - bu isə əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verəcəkdir. Ali Məhkəmənin hazırkı iş üzrə 16 iyun 2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin 15.01.2020-ci il tarixli 17/13-417 saylı arayışında göstərilir ki, iddiaçı 14.03.1984-cü ildən 23.12.1988-ci il tarixədək cəza çəkdiyi dövrdə islah-əmək müəssisələrində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin azadlıqdan məhrumedilmə müddətində məhkumların əmək fəaliyyəti ilə məşğul olduğu dövrün iş stajına daxil edilən əmək fəaliyyəti növlərinə aid olub-olmaması, həmin illərin iddiaçının sosial sığorta stajı kimi qəbul edilməsinin mümkünlüyü aşağı məhkəmələrin araşdırma predmeti olmamışdır. Bu dövr iddiaçının sosial sığorta stajına daxil edilərsə, pensiya kapitalının məbləğinə təsir edəcəkdir. Ona görə də, iddiaçının təqdim etdiyi arayışda əksini tapmış məlumatların həqiqiliyi, həmin dövrün sosial sığorta stajına daxil edilməsinin mümkünlüyünün yoxlanılması, staja daxil edildiyi halda pensiya kapitalının yenidən hesablanması və onun əsasında iddianın həlli zəruridir. Məhkəmə kollegiyasının araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə sorğu verilmiş və İddiaçı 14.03.1984-cü ildən 03.03.1985-ci ilədək 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində, 03.03.1985-ci ildən 14.02.1986-cı ilədək Rusiya Federasiyasının Kursk vilayətinin İslah-əmək müəssisəsində, 14.02.1986-cı ildən 23.12.1988-ci ilədək Sverdlov vilayətinin Nijni-Taqil 48 saylı İslah-əmək müəssisəsində cəza çəkmiş İddiaçı cəza çəkdiyi dövrdə əmək stajı barədə (gün, ay, il göstərilməklə) məlumatın təqdim edilməsi xahiş edilmişdir. Sorğuya 17/13-15082 nömrəli, 27.11.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı 14.03.1984-cü il tarixdən 03.03.1985-ci il tarixədək 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövr ərzində əmək fəaliyyəti ilə məşğul olmasına dair məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17/13-417 nömrəli, 15.01.2020-ci il tarixli məktubunda isə göstərilmişdir ki, İddiaçı cəza çəkdiyi dövr ərzində islah-əmək müəssisələrində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Göstərilən ziddiyətin aydınlaşdırılması üçün yenidən sorğu verilmiş, 14.03.1984-cü ildən 03.03.1985-ci ilədək 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində, 03.03.1985-ci ildən 14.02.1986-cı ilədək Rusiya Federasiyasının Kursk vilayətinin İslah-əmək müəssisəsində, 14.02.1986-cı ildən 23.12.1988-ci ilədək Sverdlov vilayətinin Nijni-Taqil 48 saylı İslah-əmək müəssisəsində cəza çəkmiş İddiaçı cəza çəkdiyi dövrdə əmək stajı barədə (gün, ay, il göstərilməklə) ətraflı məlumat vermələri xahiş olunmuşdur. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 fevral 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 14.03.1984-cü ildən 03.03.1985-ci ilədək 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Həmin dövrdə məntəqə tipli cəzaçəkmə müəssisəsinin məhkumları mütləq şəkildə ictimai-faydalı əməyə cəlb olunurdular. İddiaçı 14.03.1984-03.03.1985-ci ilədək cəza çəkdiyi 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi Ağdam rayonunda yerləşirdi. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində həmin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi Şabran rayonuna köçürülmüşdür. Hazırda Şabran rayonunda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə sorğu göndərilmiş və İddiaçı əməyə cəlb olunmasına dair məlumat müəssisənin arxiv sənədlərində aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının islah-əmək müəssisələrində əmək fəaliyyəti ilə bağlı arxiv sənədləri aşkar olunmasa da, həmin müəssiələrdə əmək fəaliyyəti ilə məşğul olduğu istisna olunmur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin müddət də iddiaçının sosial sığorta stajına daxil edildikdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 2578/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilməli, İddiaçı 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2578/2018 saylı, 16 oktyabr 2018ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar