Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-47/2024 26.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndələri X7, X3 və X8 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-348/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Ö.Ş.Məmmmədov ilk dəfə xx.xx.2011-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyasında müayinədən keçmiş və ona bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2014-cü il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixində ona “Sol daban sümüyünün qəlpəli qeyri-düzgün bitişmiş sınığı. Sol aşıq-baldır oynağının artrozu” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra Ö.Ş.Məmmmədova TSEK-ə göndərilməsi üçün Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0244003AAPAZ nömrəli göndəriş verilmişdir. Həmin göndəriş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra Ö.Ş.Məmmmədov barəsində Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, 0244003AAQTH nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 S92.0 “Daban sümüyünün sınığı, sol daban sümüyünün qəlpəli sınığı aparılmış konservativ müalicədən sonrakı vəziyyət (2010)”, ağırlaşmaları: R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları“, M19.2 “Digər ikincili artroz, sol aşıq baldır oynağının artrozu İİİ dər.”, M84.0 “Sümük sınığının pis bitişməsi, sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı”, İ80.0 “Aşağı ətrafların səthi damarlarının flebit və tromboflebiti, sağ aşağı ətrafın xroniki trombofileti kəskin ağrı sindromu trofiki hissi pozğunluqlar”, M24.5 “Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının aşıcı bükükcü kantrakturası açma 110 dər. bükmə 90 dər.”, R52.2 “Digər daimi ağrı”, yanaşı xəstəliklər: F48.0 “Nevrasteniya, kəskin asteno nevrotik sindrom”, İ20.8 “Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ fs” qeyd edilmişdir. Həmin göndəriş Agentlik tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - səbəb: Sümük/s rentgenoqrafiyası ətraflı qeyd edilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən TTSEK-ə göndərilmiş göndərilmiş 0244003AAPAZ və 0244003AAQTH nömrəli göndərişlərdən göründüyü kimi iddiaçıda ”Düzgün bitişmiş sol daban sümüyümün qəlpəli sınığı, aşıq-daban oynağının artrozu” müəyyən olunmuş, stasionar müalicədə olmuşdur. Vəziyyəti ağırdır, köməyə ehtiyacı var, əl ağacından istifadə edir. Hərəkət zamanı axsayır, aşıq baldır oynağında hərəkət məhduddur, oynaq daima ağrılıdır. Aşağı ətraf əzələ hipetrofiyası xroniki tromboflebit, trofiki hissi pozğunluqlar aşkar edilmiş, düyünləri böyümüş, ayaqqabı geyməklə hərəkət istinad funksiyası kəskin pozulmuşdur. Bununla yanaşı, iddiaçı şəkərli diabetdir, onda şəkərin miqdarı 10,222 mmo1/1-dir. Həmin xəstəliklər səbəbindən sağlamlığında digər pozuntular da yaranmışdır. Hər iki xəstəlik xronikidir, yəni ömürlükdür, müalicə olunmur. Şəkərli diabet xəstəliyi isə daban sümüyünün qəlpəli sınığı xəstəliyinin daha da ağırlaşmasına səbəb olan haldır. Həmin səbəbdən də sol daban sümüyümün qəlpəli sınığını aldığı 20 ildən sonrakı dövr ərzində sağlamlığı pozulmağa doğru getmişdir. Aprel 2022-ci ilə qədərki dövr ərzində aparılmış tibbi müayinələrdən göründüyü kimi nəinki, onun sol daban sümüyünün qəlpəli sınığından sonra həmin xəsarət aradan qaldırılmamış, əksinə, əlilliyi dövründə bu xəsarətə şəkərli diabet, aşağı ətraf əzələlərinin hipetrofiyası, xroniki tromboflebiti, trofiki hissi pozğunluqları, limfa düyünlərinin böyüməsi kimi xəstəliklər əlavə olmuşdur. Göründüyü kimi ötən əlilliyi dövründə səhhəti yaxşılığa doğru yox, ağırlaşmağa doğru getmişdir. Bundan başqa, davamlı müayinə və müalicələrdən göründüyü kimi xəstəliklərinin müalicəsi yoxdur. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişinə əsasən iddiaçıya “sol daban sümüyünün qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sol aşıq-baldır oynağının artrozu” diaqnozu əsasında üçüncü dərəcə əlillik bir il müddətinə verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında əlilliyin müddəti daha bir il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə uzadılmışdır. Sonuncu dəfə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişlərinə baxılmış və göndərişin natamam doldurulması səbəbi ilə iddiaçıya imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Eskpert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-348/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə də iddiaçıya təyin olunmuş diaqnozun əlillik dərəcəsinin təyin edilməsi üçün əsas vermədiyi öz təsdiqini tapmışdır. Bundan başqa, əlilliyin müddətsiz təyin olunmasına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilikdə əlilliyin müddətsiz təyin olunması ilə bağlı meyarlar nəzərdə tutulmuşdur. Belə ki, ikinci dərəcəli əlilliyin 10 il müddətində və ya üçüncü dərəcəli əlilliyin 15 il müddətinə fasiləsiz təyin olunduğu halda, şəxsə əlillik müddətsiz təyin olunmalıdır. İddiaçıya 2011-ci ildən 2014-cü ilədək ikinci dərəcəli, 2014-2021-ci illərdə isə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun sağlamlıq vəziyyətinin son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, ümumilikdə 6 aydan ambulator və ya stasionar müalicə ilə bərpa edilməsi mümkün olmadığı halda, hər hansı müalicəyə istinad edilməsi düzgün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən xəsarətdən yaranan fiziki qüsurlar nəticəsində, yəni daban sümüyünün sınması və düzgün bitişməsi nəticəsində həyat fəaliyyətinin məhdudlaşması əlilliyin təyin edilməsi üçün əsasdır. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlillik sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyinin xarakteri daban sümüyünün funksiyasının pozulması, onun müalicəsinin və reabilitasiya tədbirlərinin səmərəsizliyi, əmək qabiliyyətinin məhdudlaşması, 66 yaş həddi nəzərə alınmalı olduğu halda alınmamışdır. İşə baxan məhkəmə Əsasnamənin 2.1-2.5-ci bəndlərini düzgün tətbiq etməmiş, həmin Əsasnamənin 2.3.3, 2.5.5 və 2.2.8-ci bəndlərini tətbiq etməli olduğu halda tətbiq etməmişdir( pəncənin iflici, sol ayağımın nəzərəçarpan parezini, sol ayaq-topuq oynağının ankilozu). Məhkəmənin iddianın təmin edilməməsinə əsaslandığı hallardan biri də iş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizanın rəyi olmuşdur. Halbuki, həmin ekspertizanın faktiki olaraq keçirilmədiyi əsası ilə vəsatətlə məhkəməyə müraciət edərək “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin T/589/2022 saylı ekspert rəyinin sübutlar məcmusundan çıxarılmasını, mütəxəssisin və həmin ekspert rəyini vermiş ekspertin, həmçinin, Bakı Elmi-Tədqiqat (ET) Travmotologiya və Ortopediya İnstitutunun və Azərbaycan Respublikasının “Quba Rayon Mərkəzi Xəstəxana” publik hüquqi şəxsin travmatoloqlarının mütəxəssis qismində məhkəməyə dəvət olunmasını xahiş etmişdir. Lakin, vəsatəti təmin olunmamışdır. Bundan başqa, məhkəmə, ona əlilliyin ömürlük təyin edilməsinə münasibətdə bunun qanunla yolverilməzliyini göstərmişdir. Halbuki, məhkəmə iddianı qismən təmin edərək ona əlilliyin ömürlük yox, qanunla müəyyən edilmiş müddətə təyin edilməsi qərarına gələ bilərdi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdilər. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (göndərişin tərtib olunduğu tarixdə qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0244003AAQTH nömrəli göndərişə əsasən onda əsas diaqnozu – XBT 10 S92.0, ağırlaşmaları R26.8, M19.2, M84.0, İ80.0, M24.5, R52.2, yanaşı xəstəliklər olaraq isə F48.0 və İ20.8 kodlu xəstəliklər mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxs tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, T 589/2022 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş göndərişdə (Forma 88) qeyd olunan “Daban sümüyünün sınığı, sol daban sümüyünün qəlpəli sınığı, aparılmış konservativ müalicədən sonrakı vəziyyət (2010)” diaqnozu onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əsas diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar meyarlarının hər hansı bəndinin birini aid etmək mümkün olmamışdır”. Birinci instansiya məhkəməsi ekspertiza tədqiqatı nəticəsində iddiaçıda əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin aşkar edilmədiyinin müəyyən edildiyini, habelə onun müalicə müddətinin yetərli olmadığı əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Əvvəla ekspertin rəyində iddiaçıda göndərişdə qeyd edilən diaqnozların öz təsdiqini tapdığı qeyd edilsə də, şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklərin əlilliyin təyininə əsas vermədiyi bildirilmişdir. Halbuki, işdən görünür ki, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2011-ci il tarixdən etibarən əlillik təyin etmişdir. Eyni zamanda işdən görünür ki, cavabdeh tərəfindən 0244003AAQTH nömrəli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilərkən onun əyani müayinəsi aparılmamış - göndərişin natamam doldurulması əsası ilə imtina cavabı verilmişdir. Odur ki, apellyasiya icraatı zamanı iddiaçının əyani müayinəsinin aparılaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə bir aylıq müddət təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi aparılaraq əlillik vəziyyəti qiymətləndirilmiş, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 05 dekabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdeh diaqnozun əlilliyin təyin edilməsinə əsas vermədiyini bildirsə də, qərarda istinad edilmiş, ixtisaslaşdırılmış tibb müəssisəsi olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli, AB10952/2023 nömrəli arayışına əsasən, əyani müayinə nəticəsində iddiaçıya “Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, ayaq tağının hündürlüyünün azalması, tarzal sinusun deformasiyası, sol baldır oynağının vaigus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası, sol ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, sol baldır və pəncə əzələlərinin atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. Eyni zamanda, apellyasiya icraatı zamanı təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsi tərəfindən 01 may 2024-cü il tarixli, T 274/2024 nömrəli rəydən görünür ki, 0244003AAQTH nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz S92.0 “Daban sümüyünün sınığı, sol daban sümüyünün qəlpəli sınığı aparılmış konservativ müalicədən sonrakı vəziyyət (2010)”, ağırlaşmaları: R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları“, M19.2 “Digər ikincili artroz, sol aşıq baldır oynağının artrozu İİİ dər.”, M84.0 “Sümük sınığının pis bitişməsi, sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı”, İ80.0 “Aşağı ətrafların səthi damarlarının flebit və tromboflebiti, sağ aşağı ətrafın xroniki trombofileti kəskin ağrı sindromu trofiki hissi pozğunluqlar”, M24.5 “Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının aşıcı bükükcü kantrakturası açma 110 dər. bükmə 90 dər.”, R52.2 “Digər daimi ağrı”, yanaşı xəstəliklər: F48.0 “Nevrasteniya, kəskin asteno nevrotik sindrom”, İ20.8 “Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ fs” diaqnozlu xəstəlikləri o stasionarda müalicədə olarkən anamnestik, kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. Müayinə zamanı iddiaçıda S92.0 kodlu “Daban sümüyünün sınığı, sol daban sümüyünün qəlpəli sınığı aparılmış konservativ müalicədən sonrakı vəziyyət (2010)” diaqnozu aşkar edilsə də, xəstəliyin R26.8 və İ80.0 kodlu ağırlaşmaları mövcud deyildir. Digər suallarda göstərilən xəstəliklər (İ20.8 kodlu) isə natamam formada aşkar edilmişdir. Əsas diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik səviyyəsində olmadığından ona NK-nın istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nin təyini ilə əlaqədar meyarlarının hər hansı bəndinin birini aid etmək mümkün olmamışdır”. Beləliklə, iş üzrə təyin edilmiş ilkin və əlavə məhkəmə-tibbi ekspertizanın rəyləri, həmçinin, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışı ilə müəyyən edilir ki, iddiaçı 0244003AAQTH nömrəli göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşmalarından əziyyət çəkir. Həmçinin, işdən görünür ki, iddiaçıya 2011-ci il tarixdən 2021-ci ilin sentyabr ayınadək eyni diaqnozlar əsasında ilkin olaraq ikinci, daha sonra isə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilsə də, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişdir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2011-ci il tarixdən etibarən əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2011-2021-ci illər aralığında qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)-4372024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, 0244003AAQTH nömrəli göndərişin (Forma 88) tərtib edildiyi qeyd edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əsas diaqnoz birbaşa öz əksini tapmasa da, onun ağırlaşmaları kimi M84.0 və M24.5 kodlu və yanaşı xəstəlik olan F48.0 kodlu xəstəliklər Əsasnamənin 2.3, 2.3.1, 2.3.2 və 2.3.9-cu bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6, M25.6, M67.1,M99.0); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). (-). Kollegiya bir məqamı da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə alınmış həm ilkin, həm də əlavə məhkəmə-tibbi ekspertizaları nəticəsində verilmiş ekspert rəylərində iddiaçının əsas diaqnozu nəzərə alınmaqla, onun əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklərin əlillik səviyyəsində olmadığını və bu baxımdan, iddiaçının xəstəliklərinin həm göndərişin tərtib edildiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından əlilliyin təyin edilməsinə əsas vermədiyi qeyd edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı iş üzrə tətbiq edilməli olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi həmin normalarda müvafiq xəstəliklərin patomorfoloji dəyişikləri fərqləndirilməmiş, əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin XBT kodları göstərilmişdir, hansı ki, həmin kodlu xəstəliklər hazırda iddiaçıda müşahidə edilir. Habelə, göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşması olan M19.0 kodlu xəstəlik hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından da əlilliyin təyininə əsas verən xəstəlikdir. Belə ki, M19.0 kodlu xəstəlik (Artrоzlаr) “Əlilliyin müəyyən olunması meyarları” nın 13-cü "Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.8-ci bəndində əlilliyin təyininə əsas verən xəstəlik kimi təsbit edilmişdir və meyarların 13.3.8 və 13.3.9-cü bəndlərinə əsasən həmin xəstəlik orqanizmin funksiyalarının müvafiq olaraq 40 və 30 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 0244003AAQTH nömrəli Forma 88 göndərişdəki əsas xəstəliyin ağırlaşmaları olan M19.0, M24.5 və M84.0 kodlu, eləcə də yanaşı xəstəlik olan F48.0 kodlu xəstəliklər həm göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə əsasən iddiaçıya üçüncü dərəcə əlilliyin, həm də hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, müvafiq olaraq orqanizmin funksiyalarının 30, 40 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının müalicə müddətinin yetərli olmamasına dair hüquqi mövqeyini də əsassız sayaraq bildirir ki, yuxarıda qeyd edildiyi kimi kimi iddiaçıya 2011-ci ildən 2014-cü ilədək ikinci dərəcəli, 2014-cü ildən 2021ci ilədək isə “Sol daban sümüyünün qəlpəli qeyri-düzgün bitişmiş sınığı. Sol aşıq-baldır oynağının artrozu” diaqnozu ilə ümumi xəstəlik səbəbindən davamlı olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. Qeyd olunan diaqnoz hazırda da iddiaçıda aşkar edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (2-1(102)-2821/2023 nömrəli, 2-1(102)144/2023 nömrəli, 2-1(102)-1038/2023 nömrəli və 2-1(102)-2239/2023 nömrəli qərarları və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin, iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətin də fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur. Beləliklə, işin qeyd edilən hallarına əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə təyin edilmiş əlillik müddəti 2021-ci ilin sentyabr ayının 21-də bitsə də, yuxarıda qeyd edilən səbəblərdən sonuncu, yəni 06 aprel 2022-ci il tarixdə rəsmiləşdirilmiş 0244003AAQTH nömrəli göndəriş nəticəsində verilmiş imtina hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edir və bu imtinanın əsassız olması öz təsdiqini tapdığından, iddiaçıya məhz həmin göndəriş nəzərə alınmaqla əlillik təyin edilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-348/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş 0244003AAQTH nömrəli göndəriş nəzərə alınmaqla, iddiaçı X4 üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.