Məhkəmə qərarları › İş №2-1(105)-47/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-47/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-47/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Abşeron Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsinə üzərində istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı direktoru Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-373/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon X4 20 sentyabr 1991-ci il tarixli, 194 nömrəli qərarından çıxarışdan görünür ki, kiçik müəssisə Xırdalan südçülük-tərəvəzçilik sovxozu sovxozu ərazisində fəaliyyət göstərmək üçün hazırda kənd təsərrüfat dövriyyəsində olmayan torpaq sahəsi icarəyə verilməsinə razılıq verilmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 218 nömrəli qərarı ilə X5 ilə "xxxx" Kiçik Müəssisəsi arasında 25 il müddətinə 5 ha torpaq sahəsinə dair icarə müqaviləsi qeydə alınmış, icarə müqaviləsinə əsasən 15 il müddətinə 3 ha torpaq sahəsi icarəyə verilmişdir. Cavabdehin imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan südçülük- tərəvəzçilik sovxozunda yerləşən torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon XDS İK-nin 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarının arxiv arayışıda və icarə müqaviləsində torpaq sahəsinin ölçüsü və icarə müddətinə münasibətdə uyğunsuzluq olduğu, həmçinin icarə müddətinin bitdiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 0,12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunsa da, Abşeron rayon XDS İK-nin 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarının arxiv arayışında torpaq sahəsinin 5.0 ha, icarə müqaviləsində isə 3.0 ha qeyd edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi aşkar edilmişdir. Sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olmasını göstərmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi Dövlət mülkiyyətinə verilən torpaqlara aidir. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan icarə müqaviləsinə dair Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Sorğuda qeyd olunan müqavilənin müddəti 2006-cı ildə bitmişdir və iddiaçı tərəfindən həmin müddətin artırılması ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, torpaqların elektron kadastr uçot informasiya sisteminə əsasən sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,14 avqust 2024-cü il tarixli, 2-1(105)-792/2024 saylı sorğunuza cavab verilərkən texniki səhvə yol verilərək iddiaçı tərəfindən müqavilə müddətinin artırılması ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət olunduğu bildirilmişdir. Halbu ki, həmin cümlədə “müraciət olunmadığı” qeyd olunmalı idi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron Rayon Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 20 sentyabr 1991- ci il tarixli, 194 nömrəli qərarı ilə İddiaçı MMC-yə ayrılmış 3 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 218 nömrəli “İcarə müqaviləsinin qeydə alınması” haqqında qərarı ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 2.4 ha hissəsi üzərində istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 194 nömrəli qərarı ilə İddiaçı MMC-yə icarə hüququ ilə 15 il müddətində 3 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, əgər tərəflər arasında torpaqla bağlı hər hansı mübahisə mövcud deyildirsə, icarə hüququ yenidən 15 il müddətinə uzadılmış hesab edilməlidir. Göründüyü kimi həmin torpaq sahəsi artıq 30 ildən çox müddətdir ki, “Nadir-91’’ MMCnin istifadəsindədir. Bu səbəbdən də tərəfindən Abşeron rayonu, Xırdalan südçülük-tərəvəzçilik sovxozunda yerləşən İddiaçı MMC-ə icarə hüququ ilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdehin 06 yanvar 2023-cü il tarixli, 3-21-3-32/2-Q-01778/23 saylı məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası tamamilə əsassız olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan südçülüktərəvəzçilik sovxozunda yerləşən, İddiaçı MMC-nə icarə hüququ ilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil 4 saylı Abşeron Ərazi İdarəsinə 29 noyabr 2022-ci il, 25 iyul 2022-ci il və 19 iyun 2023-cü il tarixli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı: **********90, **********86 və 3-21-3-32/2-İ-0105-8/2023 saylı imtina bildirişlərinin Abşeron rayonu, Xırdalan südçülük-tərəvəzçilik sovxozunda yerləşən, İddiaçı MMC-nə icarə hüququ ilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair verildiyi, lakin İddia ərizəsində sözügedən ərazidə yerləşən 3.0 ha torpaq sahəsi üzərində hüquqların iddiaçının adına özəlləşdirilməsi tələbi qoyulduğu; Müraciətlər üzrə əlavə edilmiş Abşeron rayon XDS İK-nin 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarı ilə iddia ərizəsində qeyd olunan müvafiq qərarın tarixi və nömrəsi arasında fərq olduğu; İddiaçı etibarnamə üzrə nümayəndəsinin sözügedən müraciətlərinin icrasından Abşeron rayonu, Xırdalan südçülüktərəvəzçilik sovxozunda yerləşən torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon XDS İKnin 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarının arxiv arayışı və icarə müqaviləsində torpaq sahəsinin ölçüsü və icarə müddətinə münasibətdə uyğunsuzluq olduğu; icarə müddətinin bitdiyi; İddiaçı MMC tərəfindən 0,12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunsa da, Abşeron rayon XDS İK-nin 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarının arxiv arayışında torpaq sahəsinin 5.0 ha, icarə müqaviləsində isə 3.0 ha qeyd edildiyi; Sözügedən torpaq sahəsinin verini müəyyən edən texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) və torpaq sahəsinin bir hissəsinin magistral su kəmərinin mühafizə zolağında yerləşdiyi; sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması əsasları ilə imtina edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-373/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 218 nömrəli “İcarə müqaviləsinin qeydə alınması” haqqında qərarı ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 2.4 ha hissəsi üzərində İddiaçı istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının icarəsində olan torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırki mübahisədə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmiş və qeyd edilən hal da cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab edir. Cavabdeh orqanın torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsi dəlilini araşdırmaq üçün aidiyyatı üzrə sorğu ünvanlamışdır. "xxxx" ASC-nin 18 sentyabr 2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşmir. Cavabdeh orqan imtinasının digər bir əsası kimi isə torpaq sahəsinin hüquqi rejiminə və təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasını qeyd etmişdir. Cavabdehin qeyd edilən dəlilinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə cavabdeh orqana sorğu ünvalayaraq mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın 07 aprel 2024-cü il tarixli məktubu ilə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri “kənd təsərrüfatı təyinatlı” kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarında olan icarə müqaviləsi və xx.xx.1991-ci il tarixli aktdan müəyyən edilir ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Cavabdeh orqan imtinasının sonuncu dəlili kimi isə torpaq sahəsinin faktiki ölçülərinin 2.4 ha olmasını göstərmişdir. Cavabdehin qeyd edilən dəlili də əsassızdır. Hazırki iddia tələbində iddiaçı faktiki istifadəsində olan 2.4 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınmasını istəyir. Belə olan halda qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü (müayinə aktına əsasən) sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı direktoru Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri

1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.

2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda;.....torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə;.....istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə;torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə;[ kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə;...... “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 3. İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Maddə 9. Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir: ...... torpaqların təyinatı üzrə istifadə edilməsi;..... Maddə 10. Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Maddə 11. Torpaq icarə müqaviləsi İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri;torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar;icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları;torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri;müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası;fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri;müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər. Maddə 12. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Maddə 13. İcarənin müddətləri Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Maddə 14. İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı AzərbaycanRespublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş halla rda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi sözügedən torpaq sahəsi üzərində istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, müvafiq sənədlərdə icarəyə verilən torpaq sahəsinin ölçüsü və icarə müddətində uyunsuzluq olduğu müəyyən edilmiş, icarə müddətinin bitmişdir, 0,12 ha torpaq sahəsi ilə bağlı müraciət edilsə də, arxiv arayışında torpaq sahəsinin ölçüsü 5 ha, icarə müqaviləsində 3 ha kimi qeyd edilmiş, torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlər təqdim edilməmiş, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki,Abşeron XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 194№li qərarı ilə iddiaçının qeydə alınması və fəaliyyət göstərmək üçün ayrılmış torpaq sahəsinin sənədləşdirilib, təhkim edilməsi qərara alınmış, 18 oktyabr 1991-ci il tarixli 218 №li qərarı ilə sovxoz ilə "xxxx" kiçik müəssisəsi arasında 25 il müddətinə 5 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış icarə müqaviləsinin qeydə alınması, sərhədlərinin müəyyən edilərək, sənədləşdiirlməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı ilə sovxoz arasında icarə müqaviləsi bağlanılmış, müqavilənin predmeti qismində 3 ha əkin torpaq sahəsi çıxış etmiş, icarə haqqının məbləği hər hektarına görə 700 manat müəyyən edilmiş, həmin icarə müqaviləsi qeydə alınmışdır. İcarə müqaviləsinin 3.1-ci bəndinin məzmununda qeyd edilmişdir ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra onu dayandırmaq və dəyişdirmək haqqında tərəflərin birinin təşəbbüsü olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir, müqavilənin yeni müddəti üçün uzadılması zamanı onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İş materiallarından görünür ki, müayinə aktının məzmununda arxiv arayışında torpaq sahəsinin ölçüsünün 5 ha, icarə müqaviləsində 3 ha, faktiki 2,42 ha olduğu, su xəttinin mühafizə zolağı ilə sərhədd olduğu, torpaq sahəsinin daxilində ayrı-ayrı şəxslərin istifdaəsində olan fərdi yaşayış evlərinin olduğu, naturada yeri iddiaçı tərəfindən şərti olaraq göstərildiyi, içərisində 6 kvt elektrik xətti keçdiyi, sərhədboyu su kəməri kediyi qeyd edilmiş, ortofoto görüntüsü əlavə edilmiş, elektron məlumat bazasına əsasən təyinatı kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olmaqla, bonitet balı 57-dir. İş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sorğuya dair cavab məktubunda qeyd olunan icarə müqaviləsi barədə məlumatın olmadığı, icarə müqaviləsinin müddətinin 2006-cı ildə bitdiyi, iddiaçı tərəfindən həmin müddətin uzadılması barədə icra hakimiyyəti orqanına müraciət etmədiyi bildirilmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, dövlət mülkiyyətindədir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı icarə müqaviləsinin 3.1-ci maddəsinə istinad edərək, müqavilə müddətinin uzadılmış hesab edildiyindən, bu halın əsas götürülməklə, sözügedən torpaq sahəsi üzərində icarə hüququnun mövcudluğunu bildirir və bu hüququn qeydə alınmasını istəyir. Cavabdeh inzibati orqan isə icarə müqaviləsinin müddətinin bitməsi, habelə müvafiq qərara aid arxiv arayışı ilə icarə müqaviləsində olan məlumatlarda uyğunsuzluq olması, su xətti və elektrik xəttinin mühafizəsi zonasında yerləşməsi, torpaq sahəsinin yerini əks etdirən texniki sənədin olmaması ilə bağlı hallara istinad edərək, etiraz etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi icarə müqaviləsinin məzmununda müqavilənin müddəti 15 il qeyd edilmiş, müqavilənin müddəti 2006-cı il tarixdə bitmiş, icarəçi qismində çıxış edən iddiaçı tərəfindən müqavilə müddətinin uzadılması barədə icarəyə verənə indiyədək heç bir müraciəti olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının özünün verdiyi izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2002-ci ilədək həmin torpaq sahəsindən istifadə etmiş, həmin ildən sonra hazırki vaxtadək torpaq sahəsindən istifadə etməmiş, torpaq sahəsinə görə hər hansı məbləğdə icarə haqqı ödəməmişdir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda torpaq sahəsinin icarəyə verilməsinin əsasını təşkil edən icarə müqaviləsinin müddəti bitdiyindən (15 illik müddət), habelə hətta müvafiq qərar əsasında müəyyən edilmiş 25 illik icarə müddəti də əsas götürülsə belə, hər iki halda icarə müddətləri bitmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən icarə müddətinin bitməsi halı özlüyündə icarə münasibətlərinin xitamı üçün əsas qismində çıxış edir. Kollegiya iddiaçının istinad etdiyi hal ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən torpaq sahəsinin icarəyə götürülməsi zamanı icarəçinin daşıdığı vəzifələrdən biri də məhz icarə haqqının vaxtl-vaxtında ödənilməsi və torpaq sahəsindən təyinatına uyğun istifadə edilməsindən ibarət olmuşdur. İndiki halda məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, iddiaçı hətta icarə müqaviləsinin qüvvədə olduğu müddətdə belə torpaq sahəsindən ümumiyyətlə istifadə etməmiş, habelə heç bir icarə haqqı ödəməmiş, habelə 2002-ci il tarixədək istifadə etdiyini bildirsə də, həmin dövrdə də aid icarə haqqının ödənilməsinə dair heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı torpaq sahəsindən ümumiyyətlə istifadə etmədiyi halda 20 ildən artıq müddət keçdikdən sonra icarə müqaviləsinin həmin bəndinə istinad etməsi halı müqavilənin mahiyyətinə və məqsədinə, habelə qanunvericilik normasının mahiyyətinə və məqsədinə zidd olmaqla, əsassız olmuşdur. Belə ki, torpaq icarəsi haqqında qanunvericiliyin dispozitiv şərtinə əsasən torpaq icarəsi anlayışı icarə müqaviləsi əsasında əvəzi ödənilməklə torpaq sahəsindən müddətli istifadə etməkdir. Torpaq icarə münsisbətlərinin mahiyyəti isə icarəyəverən ilə icarəçi arasında torpaq sahəsi ilə bağlı yaranan hüquqi və iqtisadi əlaəqlər üzərində yaranmış münasibətlərdir. Göründüyü kimi icarəçi və icarəyəverən arasında torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləsinin tərəfləri qismində icarəçinin əsas məqsədi icarə haqqı ödənilməsi müqabilində torpaq sahəsindən təyinatına uyğun istifadə etməklə öz maraqlarına uyğun ehtiyaclarının öədnilməsinin təmin edilməsi, icarəyəverənin isə mülkiyyətində olan torpaq sahəsinin başqasının müvəqqəti istifadəsinə verməklə, icarə haqqı almaqla, iqtisadi maraqlarının təmin edilməsindən ibarətdir. Bu baxımından kollegiya hesab edir ki, müqavilənin 3.1-ci bəndi mahiyyət etibarilə formal olaraq təfsir edilməməli, məhz həqiqi-real olaraq davam edən icarə münasibətlərinin mövcud olduğu halda, həmin icarə münasibətlərinin davamlılığının həm icarəçinin, həm də icarərəyəverənin hüquq və maraqlarının təmin edilməsi baxımından uzadılmış hesab edilməni ehtiva etmişdir. Göründüyü kimi iddiaçı özünün belə davam etdirilməsində marağı olmadığı, 20 ildən artıq bu münasibətlərin real olaraq mövcud olmadığı halda, müqavilənin həmin bəndinə istinad etməklə, müqavilə müddətinin uzadılmış olduğundan, qüvvədə olması kimi hallara istinad etməkdə haqlı olmamış, formal olaraq həmin hala istinad etmişdir. Həmçinin, qeyd edilməlidir ki, hətta icarə müaviləsinin özünün qüvvədə olduğu müddətdə belə icarə münasibətlərinin davamlılığı təmin edilmədiyi və real icarə münasibətləri mövcud olmadığı halda, iddiaçı hazırki halda icarə münasibətlərinin davamlılığının təmin edilməsini ehtiva edən müqavilə şərtinə istinad etmişdir. Bu hal isə özlüyündə həm müqavilənin mahiyyətinə və məqsədinə, habelə həmin müqavilə şərtinin özünün mahiyyətinə və məqsədinə birbaşaş zidd olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, icarə müqaviləsinin müddəti bitdiyindən, tərəflər arasında həmin müqavilə üzrə yaranmış icarə münasibətlərinə xitam verilmişdir. Həmçinin, kollegiya hesab ki, iddiaçı müqavilənin müvafiq şərtinə əsasən müqavilənin qüvvədə olması ilə bağlı hallara əsaslandığından, iddia tələbinə mahiyyəti üzrə baxılaraq, həmin hallara hüquqi qiymət verilməsi zəruri olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, müqavilənin müvafiq bəndi məhz həqqiətən mövcud olan icarə münasibətlərinin real olaraq davamlılığını özündə ehtiva etdiyindən, iddiaçının müqavilənin həmin bəndinə istinad etməklə, müqavilə münasibətlərinin qüvvədə olması barədə arqumenti əsassız olmuş və həmin əsasa istinad etməklə, qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, hətta icarə münasibətlərinin davamlılığını müəyyən edilsə idi belə, müvafiq qərar və icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin yerini müəyyən edən hər hansı sxem və ya digər sənəd həmin qərar və müqaviləyə əlavə edilməmişdir. Nəticə etibarilə məhz həmin qərar və müqaviə əsasında iddiaçının icarəsində hansı torpaq sahəsinin verilməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktının məzmunundan görünür ki, iddiaçının göstərdiyi torpaq sahəsi müayinə edilmiş, həmin torpaq sahəsində başqa şəxslərin istifadəsində olan fərdi yaşayış evləri mövcud olmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, qeyd edilən hallar da iddianının əsaslılığının müəyyən edilməsinə imkan vermir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda tərəflər arasında uzadılmış icarə münasibətlərinin mövcud olmaması halı müəyyən edildiyindən, hətta həmin hal müəyyən edilmiş olsa idi belə, torpaq sahəsinin yeri bəlli olmadığından və bu hallar özlüyündə iddianın əsaslılığını istisna etdiyindən, iddia tələbinin digər imtina əsasları üzrə yoxlanılması zərurəti mövcud olamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları araşdırılmamış, tərəflər arasında mövcud olan icarə münasibətlərinin real olaraq davamlılığına hüquqi qiymət verilməmiş, icarə münasibətlərinin mövcud olub-olmaması aydınlaşırılmamış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-373/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar