Məhkəmə qərarları › İş №2-1(105)-470/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-470/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-470/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2-1(118)- 1126/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 01 yanvar 2006-cı ilədək 20 ildən artıq ümumi iş stajına və 10 ildən çox xüsusi-zərərli iş stajına malik olduğunu nəzərə almaqla ona 52 yaşının tamam olduğu 10 fevral 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair tələblə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahı” sının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) rəhbərlər və mütəxəssislər yarımbölməsində 1100000a-15876 kodu üzrə quyuların yeraltı təmiri üzrə operatorlar, 1100000a-15824 kodu üzrə neft və qaz hasilatı üzrə operatorlar və 1100000a-19861 kodu üzrə neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. iddiaçıya məxsus HT-İ ******* nömrəli əmək kitabçasında və “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin ona dair 06 sentyabr 2021-ci il tarixli 36 nömrəli arayışında adıçəkilən şəxsin xx.xx.1988xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sözügedən idarədə quyuların yeraltı təmiri üzrə operator, neft və qaz hasilatı üzrə operator, neft və qazçıxarma sahəsində elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi müəssisə dənizdə neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı üzrə fəaliyyət göstərmir, bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən cavab ilə razılaşmayan iddiaçı məhkəməyə müaciət edərək, 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 27 dekabr 2018-ci il tarixindən ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-xx.xx.2021-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1988-xx.xx.1994-cü illərdə “Siyəzənneft” NQÇ idarəsinin 3 saylı neft və qazçıxarma sahəsində quyuların yeraltı təmiri üzrə operator peşəsində 06 il, 10 gün; xx.xx.1994-xx.xx.1996-cı illərdə “Siyəzənneft” NQÇ idarəsinin 3 saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində 1 il, 6 ay, 24 gün; xx.xx.1996-xx.xx.2021-ci illərdə “Siyəzənneft” NQÇ idarəsinin 3 saylı neft və qazçıxarma sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində 24 il, 09 ay, 19 gün işləmişdir. İşlədiyi peşələr güzəştli şərtlərlə dövlət təqüdü almaq hüququ verir. Təqdim edilmiş əmək kitabçasından də görünür ki, onun xx.xx.2006-cı il tarixinədək 22 il ümumi, 18 il əmək şəraiti zərərli və ağır olan işlərdə stajı vardır. İddiaçı tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2-1(118)-1126/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 10 fevral 2017-ci ildən (lakin pensiya ödənişləri 27 dekabr 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilir ki, iddiaçıya verilmiş arayışda göstərilən kodlar yalnız dəniz neftçiləri üçün nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 01 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 1-ci siyahısında “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin göstəriciləri” göstərilmişdir. Siyahıdan da göründüyü kimi, siyahı yalnız dəniz neftçiləri üçün nəzərdə tutulmamışdır. Bundan başqa həmin siyahının X bölməsindən də görünür ki, “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” isə yalnız dəniz neftçiləri üçün müəyyən olunmamışdır. Yalnız neftin qazılması və hasilatı dəniz neftçiləri üçün nəzərdə tutulub, neft, qaz, qaz kondensatı hissəsi isə neftçilərə aid edilir. İddiaçının əmək kitabçasından da görünür ki, o, xx.xx.1988xx.xx.1994-cü illərdə quyuların yeraltı təmiri üzrə operator (1100000a-15876 quyuların yeraltı təmiri üzrə operatorlar), xx.xx.1994-xx.xx.1996-cı illərdə neft və qaz hasilatı üzrə operator vəzifəsində (1100000a-15824 neft və qaz hasilatı üzrə operatorlar), xx.xx.1996xx.xx.2021-ci illərdə elektrik avadanlığının xidməti və təmiri üzrə elektrik montyoru peşəsində çalışmışdır (1100000a-19861 elektrik avadanlığınıın təmiri və xidməti üzrə elektrik montyorları). İş yerindən verilmiş xx.xx.2021-ci il tarixli 36 saylı arayışdan da görünür ki, iddiaçının 1-ci siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranır. Hesab edir ki, cavabdehin 1-ci siyahının yalnız dəniz neftçiləri üçün nəzərdə tutulduğu dəlili əsassızdır. Pensiya təyin olunması üçün şəxsin pensiya yaşına çatması, tələb olunan stajı toplaması və iş yerindən arayışının olmasıdır. İddiaçının xx.xx.2017-ci il tarixində 52 yaşı tamam olmuşdur, xx.xx.2006-cı il tarixinədək 22 il ümumi,18 il güzəştli iş stajı var və bunları təsdiq edən iş yerindən arayışı var. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçı dəniz neftçisi olmadığından və işlədiyi müəssisə dənizdə neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı üzrə fəaliyyət göstərmədiyindan, iddiaçı güzəştli iş stajına malik deyildir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Şikayətin təmin edilməsini xahiş edir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahının X Bölməsinin 110000A-15876, 15824, 19861 şifrlərinə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər 10 ildən çox güzəştli və 20 ildən çox ümumi iş stajına malikdir. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi müəssisə dənizdə neftin qazılması və hasilatı üzrə fəaliyyət göstərmədiyindən, iddiaçı isə dəniz neftçisi olmadığından, onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahı’’ sının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və sistin emalı bölməsinin (X) rəhbərlər və mütəxəssislər yarımbölməsində 1100000a-15876 kodu üzrə quyuların yeraltı təmiri üzrə operatorlar, 1100000a-15824 kodu üzrə neft və qaz hasilatı üzrə operatorlar və 1100000a-19861 kodu üzrə neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifələri ilə uyğunluq təşkil etmir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 52 yaşının tamam olduğu 10 fevral 2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının əmək kitabçasında olan məlumatlara görə, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Siyəzənneft” Neft qaz çıxarma idarəsinin 3 saylı neft və qazçıxarma sahəsində quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Siyəzənneft” NQÇ idarəsinin 3 saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator, xx.xx.1996-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Siyəzənneft” NQÇ idarəsinin 3 saylı neft və qazçıxarma sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işləmişdir. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası onu da vurğulayır ki, cavabdeh iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi stajının 20 ildən az olması barədə mübahisə açmamışdır. “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli, 36 nömrəli arayışa əsasən, iddiaçı 945 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Siyəzənneft” NQÇİ-nin QƏYT sahəsində (3№-li neft və qazçıxarma sahəsinin ərazisində) quyuların yeraltı təmiri üzrə operator peşəsində (kod: 1100000a-15876) işləməklə iş stajı 06 il, 10 gün, 355 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Siyəzənneft” NQÇİ-nin 3№-li neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator (kod: 1100000a-15824) peşəsində işləməklə iş stajı 01 il, 06 ay, 24 gün, 504 saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.2021-cı il tarixədək “Siyəzənneft” NQÇİ-nin 3№-li neft qazçıxarma sahəsində elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru (kod:1100000a-19861) peşəsində işləməklə iş stajı 24 il, 09 ay, 19 gün (iyirmi il, doqquz ay, on doqquz gün) təşkil edir. Ümumilikdə isə iddiaçının güzəştli şərtlərlə əmək stajı 32 il 04 ay 23 gün təşkil edir. Məhkəmə kollegiyası iddiaçının dəniz neftçisi olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının 11000000 kodlu X bölməsi iki hissədən ibarətdir. 1) neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) və 2) neft-qaz və qaz kondensatı, kömür və şistin emalı. Bölmənin adından da göründüyü kimi, yalnız birinci hissədə göstərilən neftin qazılması və hasilatı işlərinin dəniz neftçiləri tərəfindən icra edilməsi tələb olunur. Neft-qaz və qaz kondensatı üzrə işlərin görülməsində isə dəniz neftçisi olması ilə bağlı tələb müəyyən edilməmişdir. İddiaçının işlədiyi müəssisənin adından da göründüyü kimi “Siyəzənneft” Neft və qazçıxarma idarəsidir. Güzəştli arayışdan və 1 nömrəli Siyahıdan görünür ki, iddiaçının neft və qazçıxarma idarəsində işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Siyahının 11000000 kodlu X bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” hissəsində 11000000a- 15876 şifrinə, neft və qaz hasilatı üzrə operator peşəsi həmin bölmə və hissənin 11000000a -15824 şifrinə, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi isə 11000000a-19861 şifrinə uyğun gəlir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 1 nömrəli siyahı üzrə 10 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu 10 fevral 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2-1(118)-1126/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar