Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-470/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LYTİ-nin mühəndisi Azər Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin, İdarənin 193 saylı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli **********43 saylı məktublarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-906/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LYTİ-nin mühəndisi Azər Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin, İdarənin 193 saylı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli **********43 saylı məktublarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019cu il tarixli, 2(105)-3227/2019 saylı qətnaməsinə əsasən iddiaçı X3 apellyasiya şikayətin təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən onun adına verilmiş 21 oktyabr 2005-ci il tarixli JN-146 A kod 30800086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə mübahisəni həll edərkən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş bir sıra yanlış, təhrif edilmiş məlumatlara istinad etmiş, həmin məlumatlar da baxılan mülki işin taleyini həll etmişdir. Belə ki, qətnamənin 8-ci səhifəsinin 3-cü abzasında məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********43 saylı 16 may 2017-ci il tarixli məktubunun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, mərhum X6 miras qatmış 0,990 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan ölçünün verilməsi ilə əlaqədar sənədlərə baxılmış, təqdim edilmiş sənədlər ekspertiza edilmiş, Abşeron rayonu, Saray qəsəbə X17 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 saylı qərarına əsasən ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumata əsasən X12 məxsus **********53 saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsinin üzərində düşdüyü müəyyən edilmişdir. İddiaçı Abşeron rayon Saray qəsəbə XDS İK-nin 25 dekabr 1989-cu il tarixli, 59.8 saylı qərarına əsasən ayrılmış torpaq sahəsinə dair idarənin elektron bazasında hər hansı məlumatın olubolmaması barədə məlumat verilməsi barədə idarəyə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, İdarənin elektron bazasında, daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumatlarında X8 adına Abşeron rayonu, Saray qəsəbə X17 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli, 59.8 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0990 ha torpaq sahəsinə dair beç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi, məhkəmənin istinad etdiyi idarə tərəfindən verilmiş məktubda olan məlumatlar tamamilə yanlış, həqiqətə uyğun olmayan məlumatlardır. Bundan başqa iddiaçı X3 vəkili Sumqayıt Şəhər Hüquq Məsləhətxanasının vəkili X11 rayonu, Saray qəsəbəsində yerləşən Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin plan və ölçüsünün (Mövqe planı, qonşuların adları göstərilməklə) verilməsi barədə sorğusuna cavab olaraq idarə tərəfindən bildirilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və elektron baza məlumatlarına əsasən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi İdarə tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X12 məxsusdur. İddiaçı torpaq sahəsi iddia olunan torpaq sahəsi ilə şərqdən qonşudur, iddia olunan torpaq sahəsi şimaldan X14 ilə, cənubdan isə yol ilə sərhəddir. Həmin məlumatla bağlı onun müraciətinə cavab olaraq 13 iyun 2022-ci il tarixli **********72 saylı məktub ilə bildirmişdir ki, müraciətdə aydınlaşdırılması xahiş olunan məqama aydınlıq gətirməmişdir. Müraciət məktubunda iddia olunan torpaq sahəsi barədə bir qeyd olunmasa da, cavab məktubunda bu məsələyə münasibət bildirilmiş, müraciətin məqsədi olan İddiaçı qonşuluqlarının göstərilməsi olmasına baxmayaraq cavab məktubunda iddia oluna torpaq sahəsinin X12 məxsus olması və X12 məxsus torpaq sahəsinin qonşuluqları barədə məlumat verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, **********38 saylı xx.xx.2017-ci il tarixli cavab məktubunda Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və Elektron baza məlumatlarına əsasən araşdırılmış” cümləsində qeyd edilmiş elektorn baza məlumatları qeydi X8 adına ayrılmış 0,99 ha torpaq sahəsi barədə idarənin elektron baza məlumatlarında hər hansı bir məlumatın olması anlamına gəlmir. Faktiki olaraq **********653 saylı çıxarışa əsasən X12 mülkiyyətində olan torpaq idarənin mütəxəssisi tərəfindən müayinə edilmiş, idarənin baza məlumatlarında müayinə oluna torpaq sahəsinin yalnız X12 məxsus olması barədə məlumat aşkar edilmişdir. Göründüyü kimi İdarənin 19 nömrəli xx.xx.2017-ci il tarixli məktubundan yanlış təhrif edilmiş məlumatlar verilmiş, sorğuda tələb edilən suala cavab verilməmiş, sorğuda İddiaçı qonşuluqlarının müəyyən edilməsi istənilsə də X9 qonşuluğu müəyyən edilmiş, X9 digər tərəflərdən qonşuları qeyd edilsə də, qərb tərəfdən qonşuluğu qeyd edilməmişdir. Halbuki, iddiaçıya torpaq sahəsinin yerinin müəyyən edilməsinə dair yeganə sənəd olan təhkim aktında göstərilən yer elə X12 məxsus olan torpaq sahəsinin qərbində yerləşən torpaq sahəsinə uyğun gəlir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşıənmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, keçmiş DTXK tərəfindən verilmiş kodu 30800086 olan JN-146A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı X10, Nümayəndə və X5 mülkiyyətinə verilmiş Abşeron rayonu, Saray qəsəbəsində 0,10 ha torpaq sahəsinin və kodu 30800086 olan JN-1706A saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə döngə nöqtələrinin korrdinatları göstərilmədiyindən elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatında aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların olması səbəbindən naturada torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Halbuki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş formasında, ümumiyyətlə, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları nəzərdə tutulmamışdır. Yəni Azərbaycan Respublikasında torpağın mülkiyyətə verilməsinə dair heç şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilməmişdir. Şəhadətnamə ilə verilən torpaq sahəsinin döngə nöqtəsinin korrdinatları idarənin elektron kadastr məlumat bazasında yerləşdirilir. X18 rəydə yanlış məlumatlar daxil etməklə məhkəməni yanlış nəticəyə gəlməyə sövq etmişdir. İdarənin 13 iyun 2022-ci il tarixli, **********72 saylı məktubunda qeyd edildiyi kimi X9 **********53 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan və İddiaçı **********28 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş torpaq sahələrinin ilkin sənəd üzrə koordinatları faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları ilə tam olaraq uyğunluq təşkil edir və üst-üstə düşmə halı yoxdur, onun istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazidə ümumi DWG uyğunsuzluğu aşkar edilməmişdir. Cavabdeh orqana Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin, idarənin 193 saylı xx.xx.3017-ci il tarixli məktubunun və 16 may 2017-ci il tarixli, **********43 saylı məktubunun ləğv edilməsi barədə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-906/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Vəfa Əzizova) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisələndirilən sənədləri inzibati akt hesab etməmişdir. İnzibati akt olmadıqlarına görə onların ləğv edilməsi barədə iddianı mümkün hesab etməmişdir. Lakin iddia ərizəsində mübahisələndirmə barədə iddia qaldırmamış, üzərinə öhdəlik qoyulması barədə iddia qaldırmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə yazılı ərizə göndərərərk, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini müvafiq mütəxəssis rəyinin və məktubun ləğv edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin predmeti olan mütəxəssis rəyi və məktublar məhz müvafiq məhkəmə araşdırması zamanı məhkəmənin müraciətinə əsasən aparılmış tədqiqatın nəticəsi olaraq ortaya çıxmış və məhkəmə tərəfindən həmin məhkəmə mübahisəsi zamanı digər sübutlarla yanaşı qiymətləndirilərək, iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində həmin hallara istinad edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Göründüyü kimi indiki halda iddiaçının mübahisələndirdiyi sənədlər məhz sübut növü kimi başqa məhkəmə prosesində əldə edilmiş və həmin məhkəmə prosesinin yekunu olaraq qəbul edilmiş məhkəmə aktında həmin sübutlara hüquqi qiymət verilmişdir. Belə olan halda isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və sübut kimi qiymətləndirilmiş, istinad edilmiş halların yenidən mübahisələndirilməsi halı ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrinə, habelə sabitlik və davamlılıq kimi xüsusiyyətlərinə xələl gətirməklə, hüquqi müəyyənlik prinsipinin və qanunvericiliyin müddəalarının mahiyyətinə zidd olmuş olur. Başqa sözlə, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə sübut kimi dəyəndərilimiş və istinad edilmiş halın yenidən mübahisələndirilməsi özlüyündə həmin məhkəmə aktının qanuniliyi və əsaslılığını şübhə altına alınmasına səbəb olmuş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallara əsasən hazırki mübahisənin predmeti olan sənədlərin ayrıca mübahisələndirilməsi qanunvericiliyin tələbinə və mahiyyətinə zidd olduğundan, habelə iddiaçının iddia tələbi isə məhz həmin sənədlərlə bağlı olduğundan, həmin sənədlərlə bağlı qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası isə hamı üçün məcburi xarakter daşıdığından, qeyd edilən hallar isə özlüyündə iddiaçının həmin sənədləri mübahisələdnirmək hüququnu istisna etdiyindən, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticədə haqlı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-906/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-470/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-470/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver