Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-471/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Şamaxı rayon filialına qarşı xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)-1042/2020 saylı qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim vəzifəsində işləməsi faktının müəyyən edilməsi və əmək stajına daxil edilməsi və ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon Şöbəsi üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu, Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialı cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif yerlərdə və peşələrdə, o cümlədən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-cı il tarixə kimi Şamaxı rayon Kələxana kənd orta məktəbində hərbi hazırlıq üzrə müəllim vəzifəsində işləmişdir. Əmək pensiyası almaq üçüm DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin onun məktəbdə müəllim vəzifəsinə işlədiyi müddət əmək stajına daxil edilməmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)-1042/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçının Kələxana kənd orta məktəbində işlədiyini iddia elədiyi müddət əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin, məhkəmə iclasında iddiaçı əmək kitabçasında 1996-cı ildən 1998-ci ilədək Şamaxı Aqrosənayeenerji müəssisəsində işləməsi barədə qeydi onunla izah etdi ki, həmin iş yeri onun əlavə iş yeri olmuşdur. Yəni, əsas işindən sonra həmin müəssisədə montyor kimi işləmişdir. Müəssisəyə əmək kitabçasını işə düzəlmək üçün 1991-ci ildə təqdim etmişdir və orada qalmışdır. (Baxmayaraq ki, həmin müəssisədə 1996-cı ildən işləməyə başlamışdır.) Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas is yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas is verində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa is yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan is yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas is yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Lakin iddiaçının qeyd etdiyinə görə, əsas iş yeri Kələxana kənd orta məktəbi olmasına baxmayaq əmək kitabçası həmin müəssisədə saxlanılmayıb. Beləliklə, qeyd olunanlar iddiaçının Kələxana kənd orta məktəbində işlədiyini şübhə altına alır. İddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddətin əmək stajının müəyyən edilməsi zamanı nəzərə alınması yuxarıda qeyd edilən səbəblərdən qanunvericiliyə görə mümkün hesab edilmir. Tərəflərin izahatları: apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan : AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1998-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 132 saylı arayışdan görünür ki, o, 1975-1977-ci illərdə SSSRİ SQ-də müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 435 saylı əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı mart 1991-ci ildən noyabr 2001-ci ilədək Şamaxı rayon Kələxana kənd orta məktəbində işləmiş və əmək haqqı almışdır. Şamaxı rayon Təhsil Şöbəsinin məhkəmə sorğusuna cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli 156 nömrəli məktubdan görünür ki, İddiaçı məktəb direktorunun xx xxxx 1991-ci il tarixli 31 nömrəli əmrinə əsasən Kələxana kənd (tam orta) məktəbinə hərbi hazırlıq müəllimi təyin olunmuş, xx xxxxxxxx 2001-ci il tarixli 50 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən verilmiş əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı 1991-ci ilin mart ayından 2001-ci ilin dekabr ayınadək əmək haqqı almışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının 1991- 2001-ci illərdə Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddət əmək kitabçasında öz əksini tapmadığına görə həmin dövrün onun sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Qeyd olunan qərar ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman iddiaçının Şamaxı rayon Kələxana kənd orta məktəbində müəllim işləməsinin Şamaxı rayon Təhsil şöbəsindən alınmış əmrlərin surətləri, həmçinin həmin illərə aid əmək haqqı cədvəlləri ilə təsdiq olunmasına, lakin işdən azad edilməsi barədə əmr xx.xx.2001-ci ilə təsadüf etdiyinə görə iddianın qismən təmin edilərək xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” na 2 nömrəli Əlavənin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Bundan başqa, kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 435 saylı əmək haqqı barədə arayışda iddiaçının 1991- 2001-ci illərdə Şamaxı rayonu Kələxana kənd orta məktəbindən əmək haqqı alması və Şamaxı rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli 156 nömrəli məktubunda İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin məktəbdə işləməsi öz təsdiqini tapır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən maddənin “Qeyd” hissəsinə göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Cavabdehin istinad etdiyi 1996-cı ildən 1998-ci ilədək Şamaxı Aqrosənayeenerji müəssisəsində iddiaçının işləməsinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dövr nəzərə alınmadan iddiaçı 25 ildən artıq sosial sığorta stajına malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Şamaxı rayon filialının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)-1042/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Şamaxı rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)-1042/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-471/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-471/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver