Məhkəmə qərarları › İş №2-1(105)-471/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-471/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-471/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nurəddin oğlunun cavabdeh Qusar rayon Hil bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı Nurəddin oğlunun cavabdeh Qusar rayon Hil bələdiyyəsinə qarşı X16 iştirakçısı və əlili olmuş atası X6 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2=1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2-1(118)-1162/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı Nurəddin oğlu cavabdeh Qusar rayon Hil bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X16 iştirakçısı və əlili olmuş atası X6 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2=1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası mərhum X3 Vətən Müharibəsi iştirakçısı, müharibə əlili olmuşdur. Qusar rayonun Hil kəndində torpaq islahatları keçirilən zaman naməlum səbəblərdən atası X6 pay torpaq sahəsi verilməmişdir. Torpaq islahatları zamanı Qusar rayonun Hil kəndində adambaşına düşən pay torpaq sahəsinin norması 0,59 ha olmuşdur. Torpaq islahatları keçirilən zaman atası X1 qeydiyyatda olmuşdur və o, 03 iyun 1998-ci il tarixdə vəfat etmişdir. İddiaçının ailə üzvlərinə pay torpaq sahəsinin verilməsinə dair kodu 30111018 olan JN:525 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və X2 pay torpaq sahəsinin verilməsinə dair kodu 30111018 olan JN:524 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 14 dekabr 1999cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində qeydiyyata alınmış, onlara isə daha gec qaytarılmışdır. X17 alandan sonra onlara məlum olmuşdur ki, atası X6 pay torpaq sahəsi verilməmişdir. Sonradan anası X10 da 28 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. O, atası N.Muradəliyevin vərəsəsi kimi qanunla ona verilməli olan pay torpaq sahəsini tələb edir. “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququna malikdirlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq huququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətə venlir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Buna uyğun olaraq X16 iştirakçısı, müharibə əlili olmuş atası X6 da 2 normada pay torpaq sahəsi verilməli idi. Torpaq islahatları qurtardıqdan sonra yerli aqrar islahat komissiyaların balansında qalan torpaq sahələri yeni yaradılmış bələdiyyələrin balansına keçmişdir. O cümlədən, Hil kənd yerli aqrar islahat komissiyasının balansında qalmış torpaq sahələri hal-hazırda Hil bələdiyyəsinin balansına keçmişdir. Ona görə də cavabdeh Qusar rayonu Hii bələdiyyəsinin hesabından atasının pay torpağı kimi Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0.59 x 2 = 1,18 ha torpaq sahəsi əvəzsiz olaraq ona verilməlidir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-1162/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim Vəfa Əzizova)

4. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi 11 aprel 2022-ci il tarixli, 2-1(118)-1162/2022 saylı qərarı qəbul edərkən işin hallarını tam araşdırmamış, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 12, 13 və 14-cü maddələrinin tələblərini pozmuşdur. Sumqayıt İnzibati Məhkəməsi 11 aprel 2022-ci il tarixli, 2-1(118)-1162/2022 saylı qərarında “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, “fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər.” Lakin iddia ərizəsində qeyd etmişdir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli qərarına əsasən atası X5 ailə üzvlərinə pay torpaq sahəsi verilərkən artıq atası X9 03 iyun 1998-ci il tarixdə vəfat etmişdi. X2 pay torpaq sahəsinin verilməsinə dair JN 524 saylı Dövlət Aktı 14 dekabr 1999-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində qeydiyyata alınmış, onlara isə daha gec qaytarılmışdı. X18 alandan sonra atası X6 pay torpaq sahəsi verilmədiyini biliblər. Həmin vaxt atası X9 artıq sağ deyildi və ona görə də Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli qərarından şikayət verə bilməzdi. Lakin Sumqayıt İnzibati Məhkəməsi 11 aprel 2022ci il tarixli, 2-1(118)-1162/2022 saylı qərarında atasının 03 iyun 1998-ci il tarixdə vəfat etməsini təsdiq edən ölüm şəhadətnaməsi sübutlar sırasında qeyd edilməmiş, bununla da işin halları tam araşdırılmamış, atası tərəfindən Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli qərarından şikayət verilməməsinin səbəbi araşdırılmamışdır. Bundan əlavə, cavabdeh Qusar rayonu Hil bələdiyyəsi prinsipal olaraq mərhum atası X6 verilməli olan həmin 1,18 ha pay torpaq sahəsini ona verməkdən imtina etmir, yalnız bu barədə məhkəmə qərarının qəbul edilməsini zəruri hesab edir. Lakin Sumqayıt İnzibati Məhkəməsi 11 aprel 2022-ci il tarixli 2-1(118)-1162/2022 saylı qərarını qəbul edərkən cavabdeh Qusar rayonu Hil bələdiyyəsinin işdə iştirakını təmin etməmiş və ya iddiaya qarşı münasibətini öyrənməmişdir. Ona görə də, Sumqayıt İnzibati Məhkəməsi 11 aprel 2022-ci il tarixli 2-1(118)-1162/2022 saylı qərarı ləğv edilməli və iddiası təmin edilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Nurəddin oğlu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

7. Cavabdeh Qusar rayon Hil bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)..

Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

11. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir.

12. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

13. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

14. Hazırki işin hallarından görünür ki, iddiaçı atası X6 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2=1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi xahiş etmişdir.

15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır.

16. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərmanı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 Fərmanı ilə qüvvədən düşmüşdür və həmin qurumun hüquqi varisi müəyyən edilməmişdir. Qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyələr verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Hazırki işdə iddiaçı atasına aqrar islahat zamanı ayrılmalı olan torpaq sahəsinin Qusar rayon Hil bələdiyyəsi tərəfindən ona ayrılmasını tələb edir ki, bələdiyyənin bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz.

17. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyünə hüquqi qiymət vermədən tələbə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-1162/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı Nurəddin oğlunun cavabdeh Qusar rayon Hil bələdiyyəsinə qarşı X16 iştirakçısı və əlili olmuş atası X6 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2=1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar