Məhkəmə qərarları › İş №2-1(105)-472/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-472/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-472/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəxsi heyət sıralarından çıxarılaraq ezam olunması barədə əmrin ləğv edilməsi və Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarılması öhdəliyinin Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə ərazi aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “şəxsi heyət sıralarından çıxarılaraq ezam olunması barədə əmrin ləğv edilməsi və Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarılması öhdəliyinin Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli 2-1(112)-5299/2021 saylı qərardadı ilə “İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə istinad olunaraq inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Günel Sevdimalıyeva). Sumqayıt İnzibati Məhkəməsi isə 25 iyun 2021-ci il tarixli, 2-1(118)-1430/2021 saylı qərardadı ilə hazırki mübahisəyə baxılması üçün özünü səlahiyyətli saymayaraq iş üzrə ərazi aiddiyyətinin müəyyənləşdirilməsi üçün işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır (hakim Ceyhun Məmmədov). ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materialarından göründüyü kimi iddiaçının iddiası “mübahisələndirmə haqqında” iddiaya aiddir və mübahisə hərbi qulluqçu ilə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti hüquq münasibətlərindən yarandığından, işin aidiyyəti qeyd olunan İPM-nin 8.1.2-ci və 8.1.3-cü maddələrinə uyğun həll edilməlidir. Mübahisələndirilən əmr səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan, yəni Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarinda olan Azərbaycan Respublikasının Müdafiə Nazirinin 05.01.2021-ci il tarixli şəxsi heyət üzrə 020№-li əmrindən çıxarışdan görünür ki, 284-cü motoatıcı briqadanın hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı, 2841-ci motoatıcı taborun qərargan rəisi – tabor komandirinin müavini hərbi hissədə tutduğu vəzifədən azad edilmiş və 07 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun şəxsi heyət sırasından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Rəisinin sərəncamına ezam olunmuş hesab edilmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 16.05.2021-ci il tarixli məktuba əsasən, polkovnik-leytenant İddiaçı hazırda Sərhəd Qoşunlarının “Qubadlı” X1 fiziki hazırlıq üzrə baş zabiti vəzifəsində xidmət edir. İş materiallarina əsasən müəyyən edilir ki, iddiaçının xidmət yeri işğaldan azad edilmiş Qubadlı rayonudur. Buna görə Baki İnzibati Məhkəməsi 21.05.2021-ci il tarixdə çıxarılmış qərardadla düzgün olaraq bu nəticəyə ğəlmişdir ki, hazırkl iddia tələbi üzrə işə İPM-nin 8.1.2-ci və 8.1.3-cü maddəsinə əsasən Sumqayit İnzibati Məhkəməsində baxilmalidir. Belə ki, Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Qubadlı rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağli işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyatı üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyasi tərəfindən müəyyən edilir. İPM-nin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə baglı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 9.1.3 və 9.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəxsi heyət sıralarından çıxarılaraq ezam olunması barədə əmrin ləğv edilməsi və Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarılması öhdəliyinin Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar