Məhkəmə qərarları › İş №2-1(105)-472/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-472/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-472/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qanuni istifadəsində olan Quba şəhəri, 29-cu məhəllədə yerləşən 66 kv.m torpaq sahəsinin özəlləşdirilərək 63,36 manata ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-319/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldıraraq qanuni istifadəsində olan Quba şəhəri, 29-cu məhəllədə yerləşən 66 kv.m torpaq sahəsinin özəlləşdirilərək 63,36 manata ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət notariat kontorunda 25 fevral 1998-ci ildə З-m-66 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən o, X2 ona məxsus Quba şəhəri, 29-cu məhəllədə, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini almışdır. Sonradan o, Quba rayon birinci Dövlət notariat kontorunda 29 dekabr 1999-cu ildə 3-m-152 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən X2 Quba şəhəri, 29-cu məhəllədə, 42 kv.metr torpaq sahəsində yerləşən, əvvəlki yarımçıq mağaza tikintisi ilə yanaşı olan yarımçıq mağaza tikintisini də almışdır. Quba şəhər bələdiyyəsi sədrinin xx.xx.2000-ci il tarixli, 25 saylı sərəncamı ilə ona aldığı yarımçıq mağaza tikintisinin yerində mağaza tikintisinə icazə verilmiş və Quba bələdiyyəsi tərəfindən tikintinin layihəsi təsdiq olunmuşdur. Həmçinin bələdiyyə tərəfindən tikinti aparılmalı ərazi göstərilməklə, Quba şəhərinin baş planından çıxarış təsdiq olunmuşdur. Sonradan o tikintini tam başa çatdırmaqla mağaza binası tikmişdir. Göstərilən mağazaya 1999-cu ildən hal-hazıra kimi sahiblik edir və faktiki olaraq mülkiyyətçi kimi hüquqlarını həyata keçirir. Mağazanın yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsi qanun əsasında onun tərəfindən alınmaqla, o mağazanın tikintisini başa çatdırmışdır. Göstərilən torpaq sahəsinin yerləşməsi, həmçinin orada tikilmiş mağazanın yerləşməsi və quruluşu digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və bunlar ərizəyə əlavə etdiyi sənədlərlə təsdiq olunur. Torpaq islahatı aparılarkən mağaza binasının yerləşdiyi torpaq sahəsi müvafiq bölgü nəticəsində dövlət mülkiyyəti fonduna daxil olmuşdur. Hal-hazırda qeyri-yaşayış binasının yerləşdiyi 66 kv.metr torpaq sahəsi onun qanuni istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Ərizəsinə yuxarıda göstərilən sənədlərin surətlərini əlavə edərək, xx.xx.2021-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və istifadəsində olan 66 kv.metr torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəsində bildirmişdir ki, ƏMDX tərəfindən müvafiq sənədlər və torpağın dəyərinin ödənilməsi barədə hesab təqdim olunan kimi torpağın dəyərinin dərhal Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsinə təminat verir. Lakin ƏMDX xx.xx.2021-ci il tarixli, **********84 saylı məktubla torpaq sahəsinin ona satılmasından imtina etmiş, imtinanın səbəbi kimi göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport, torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və ayrıc aktı təqdim olunduqdan sonra müraciətdə qeyd edilən məsələyə baxıla bilər.

3. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba şəhəri, 29-cu məhəllədə yerləşən 66 kv.metr torpaq sahəsinin 63,36 manata iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edirlər ki, iddia rədd edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir, lakin qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlər müraciətə əlavə edilmədiyindən, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********84 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab verilərək zəruri sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi aşağıdakı sənədləri təqdim edir: ərizə; hüquqi şəxsin nizamnamə kapitalında 80 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Buna baxmayaraq, iddiaçı qanunvericiliklə tələb edilən yuxarıda qeyd edilən sənədləri müraciətinə əlavə etməmişdir. Həmçinin iddiaçının yuxanda qeyd olunan torpaq sahəsinin dəyərinin iddia tələbində göstərilən qiymətlərə uyğun hesablanmasına dair tələbi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin normaya əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alğı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilən yeni norma qanunvericiliyə əsasən xx.xx.2016-cı il tarixdən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olunmalıdır. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin özəlləşdirilməsindən imtina edilməmiş, yalnız qanunvericiliklə müəyyən olunmuş zəruri sənədlər təqdim edildikdən sonra iddiaçının müraciətinə baxılacağı bildirilmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-319/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva)

5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, guya alğı-satqı müqavilələri arxivdən aşkar olunmamışdır. Əgər həmin dövrlərdə Quba rayon Dövlət notariat kontorunda rəsmiləşdirilmiş, mötəbərlikləri şübhə altına alınmamış müqavilələr arxivə təhvil verilməyibsə, arxivdə saxlanılan nüsxədə başqa şəxslərin adı göstərilibsə, dövlət notariusunun səhvlərinə görə iddiaçı məsuliyyət daşımamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarına istinad edərək göstərir ki, daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsi daha sonra qeyd etmişdir ki, daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun qeydiyyata alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Konstitusiya prinsiplərinin, mülki qanunvericliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Əmlak Məsələləri Dövlət Xidməti əslində vətəndaşın istifadəsində və sahibliyində olan torpaq sahəsinin vətəndaşa satılaraq, dövlət büdcəsinə də müvafiq vergiləri ödəməsində maraqlı olmalıdır. Vətəndaşın istifadəsində və sahibliyində olan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarış alınmadan isə həmin əmlaklardan vergilərin ödənilməsi qeyrimümkündür. Belə çıxır ki, Əmlak Məsələləri Dövlət Xidməti özü dövlətin maraqlarının əleyhinə çalışır. Bu hal isə ümumilikdə respublikamızda aparılan kiçik və orta sahibkarlığa kömək siyasətinə ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə:

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.

3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər.

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.

11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir.

13. Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alğı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

14. İşdə olan X4 ilə İddiaçı arasında bağlanmış 25 fevral 1998-ci il tarixli 3-m-66 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədən görünür ki, X4 tərəfindən XDS İK-nın xx.xx.1992-ci il tarixli qərarı ilə ona ayrılmış Quba şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 24 kv.m torpaq sahəsində yerləşən yararsız tikili İddiaçı satılması barədə müqavilə bağlanılmışdır.

15. X4 ilə İddiaçı arasında bağlanmış 25 dekabr 1999-cu il tarixli 3-m-152 reyestr nömrəsi ilə təsdiq edilmiş alğı-satqı müqaviləsindən görünür ki, X4 tərəfindən XDS İK-nın xx.xx.1992-ci il tarixli qərarı ilə ona ayrılmış Quba şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 42 kv.m torpaq sahəsində yerləşən yararsız tikili İddiaçı satılması barədə müqavilə bağlanılmışdır.

16. Quba şəhər bələdiyyəsinin 25 saylı, 25 may 2000-ci il tarixli sərəncamı ilə İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmaqdan ötrü şəhərin 22-ci məhəlləsi ərazisindəki boş istifadəsiz ərazidən binanın fasadı Ə.Qarayev küçəsinə olmaq şərti ilə 56 kvadrat metr sahədə mağaza tikintisinə icazə verilmişdir.

17. İddiaçı sözügedən torpaq sahələrinin ona satılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 sentyabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport, torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və ayrıc aktı təqdim edildikdən sonra müraciətdə qeyd etdiyiniz məsələyə baxıla bilər.

19. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 fevral 2022-ci il tarixli, **********03 nömrəli məktubunda göstərilmişdir ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən 24 kv.m torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydiyyata alınmamışdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçisinin həmin torpaq sahəsini almaqda üstünlük hüquqları vardır. Bu zaman qeyd olunan obyektlərin altında yerləşən torpaq sahələrinin mülkiyyətçiləri müraciət əsasında və ya həmin torpaq sahəsini almağa niyyətləri olduğu halda qanunvericilikdə müəyyən edilmiş sənədləri təqdim etməklə həmin torpaq sahəsini birbaşa satın ala bilərlər. Digər hallarda, yəni torpaq sahəsi üzərində yerləşən müəssisə və obyektin mülkiyyətçisi olmayan hər hansı bir şəxs tərəfindən torpaq sahəsi qeyd olunan əsasnamənin tələblərinə uyğun olaraq açıq hərrac vasitəsilə alına bilər.

22. Birinci instansiya məhkəməsinin də qərarında göstərdiyi kimi iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin ona satılmasını tələb etsə də, həmin torpaq sahəsi üzərində yerləşən tikilinin onun mülkiyyətində olmasını təsdiq edən sənədləri nə inzibati icraat zamanı cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sənədlər isə torpaq sahəsinin ona satılması ilə bağlı müqavilələr və Quba şəhər bələdiyyəsinin ona şəhərin 22-ci məhəlləsi ərazisindəki boş istifadəsiz ərazidən binanın fasadı Ə.Qarayev küçəsinə olmaq şərti ilə 56 kvadrat metr sahədə mağaza tikintisinə icazə verilməsinə dair sərəncamından ibarətdir.

23. Qanunvericilikdə bələdiyyələrə onlara məxsus torpaq sahələrinə dair sərəncam vermək, həmin torpaq sahələrindən istifadə etmək, onlara sahiblik etmək hüquqlar verilsə də, dövlət mülkiyyətində, eyni zamanda ümumiyyətlə hər hansı bir mülkiyyət növündə olan torpaq sahələri üzərində yerləşən tikililərin tikintisinə icazə verilməsinə dair səlahiyyət verilməmişdir. Belə olan halda həmin sərəncam iddiaçıya sözügedən tikilinin altında yerləşən torpaq sahəsinin birbaşa ona satılmasına üstünlük hüququ vermir.

24. Bundan başqa, qeyd olunan sərəncamdan görünür ki, iddiaçıya mağaza tikintisi üçün ayrılmış yer “Fərid” kiçik müəssisəsinin ərazisində yerləşir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 04 mart 2022-ci il tarixli, xx/xx-1351/11 nömrəli məktubunda göstərilmişdir ki, mübahisəli torpaq sahəsinə dair bağlanmış, dövlət notariat ofisində 25 fevral 1998-ci il tarixdə 3M-66 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmiş, arxivdə saxlanılan 3M-152 reyestr nömrəli müqavilənin 12 noyabr 1999-cu il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. (səh. 66)

26. Göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair müqavilələrin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda, cavabdehin imtinası əsaslı olmuşdur.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Odur ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-319/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar