Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-472/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər:torpaq sahəsinə dair birgə mülkiyyət hüququnun qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxs X7, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu X5 sovxozunun xx.xx.1989-cu il tarixli 07 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-746/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayonu Məmmədli südçülük tərəvəzçilik sovxozu üzrə xx.xx.1989-cu il tarixli əmrdən çıxarışdan görünür ki, sovxozun fəhlə və qulluqçularının hər birinə, o cümlədən İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarından görünür ki, Məmmədli meyvəçilik südçülük sovxozunun yerli aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 06-07 saylı protokolu təsdiq edilmişdir. Torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə 1201.68 kv m torpaq sahəsinə dair İddiaçı adına plan və ölçü sənədi tərtib edilmişdir. Abşeron rayonu Məmmədli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin qanuni istifadəsinə 0.12 ha torpaq sahəsi vardır. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Məmmədli südçülük tərəvəzçilik sovxozu üzrə xx.xx.1989-cu il tarixli əmrinə əsasən sovxozun fəhlə və qullquçülarının hər birinə, o cümlədən İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində sözügedən JN-137 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu X5 sovxozunun xx.xx.1989-cu il tarixli 07 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi Sovxozun fəhlə və qulluqçularına fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 361 nömrəli qərarına və sovxoz fəhlə və qulluqçularının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmış komissiyasının 02 sentyabr 1989-cu il tarixli iclasının 3 saylı protokoluna əsasən ona ayrılmışdır. Torpaq sahəsi ayrılan gündən faktiki olaraq 30 ildən artıqdır ki, onun istifadəsindədir. Həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün cavabdeh idarəyə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti xx.xx.2021-ci il tarixli **********68 saylı imtina məktubu ilə təmin edilməmişdir. İddiaçının nümayəndəsi X13 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, İddiaçı, özünün, X10, X14 və X11 adına Abşeron rayonu, Məmmədli kəndində yerləşən Aqrar İslahat Komissiyasının qərarına əsasən ayrılmış 0,12 ha torpaq sahəsinə dair paylı çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 02 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin bir hissəsinə dair ləğv edilmiş DT və XK tərəfindən Aqrar İslahat Komissiyasının qərarı əsasında **********00337 nömrəli plan ölçü sənədinin tərtib olunduğu müəyyən edilmişdir. Bundan başqa arxiv əsaslarında saxlanılan adlı siyahıda göstərilən hüquq sahiblərinin şəxsiyyətini təsdiq edən sənədlərin (eyniləşdirmə əməliyyatının aparılması üçün) müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-746/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu X5 sovxozunun xx.xx.1989-cu il tarixli 07 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtina cavabı üçün dəlillərindən biri X1 dəyişdirilməsi ilə bağlı sənədin əlavə edilmədiyi, digəri torpaq sahəsinə sair plan və ölçü sənədinin tərtib edildiyi, üçüncü əlili isə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarında 1998-ci il təvəllüdlü X11 adının qeyd olunması göstərilmişdir. 998-ci il təvəllüdlü X11 1997-ci ilin dekabr ayına aid aqrar islahat komissiyasının qərarında göstərilməsi iddiaçının təqsiri üzündən baş vermişdir. Görünür ki, həmin qərar sonradan, yəni növbəti 1998-ci ildə tərtib edilmişdir ki, hazırki vəziyyətdə buna görə İddiaçı hüquqları məhdudlaşdırılmamalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 02.11,2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur.Aparılan araşdırma zamanı: 1. Abşeron rayon Məmmədli Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1989-cu il tarixli, 07 nömrəli əmri ilə ayrılmış 0.12 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə olunmadığı; 2. Torpaq sahəsinin bir hissəsi barəsində İddiaçı, X13, X15, X14 və X11 adına Aqrar İslahat Komissiyasının qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən **********00337 nömrəli plan və ölçü sənədinin verildiyi aşkar edilmişdir. İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxs X13 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək İddiaçı, özünün, X10, X14 və X11 adına Abşeron rayonu, Məmmədli kəndində yerləşən Aqrar İslahat Komissiyasının qərarına əsasən ayrılmış 0,12 ha torpaq sahəsinin dair paylı çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ....... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: .... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar ...... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Qeyd olunmalıdır ki, hazırki iş üzrə iddia tələbi sözügedən torpaq sahəsinə dair birgə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən bu hüququn qeydiyyata alınmasından imtina edilməsinin əsası kimi torpaq sahəsinin bir hissəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi, habelə X1 dəyişdirilməsi və müvafiq Aqrar İslahat Komissiyasının Qərarının 21 dekabr 1997-ci il tarixli olsa da, həmin qərarda adı qeyd edilmiş X11 03 avqust 1998-ci il tarixdə doğulması halının aşkar edilməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hazırki işin materiallarından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı Abşeron rayonu, Məmmədli kəndində 1201,68 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu Məmmədli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı, X13, X10, X14 və X11 qanuni istifadəsinə 0.12 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsinə və sahibliyinə verilməsinə dair arxiv sənədləri mövcud olmaqla, həmin sənədlər yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən həmin torpaq sahəsinə dair iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsinin bir hissəsinə dair plan və ölçü sənədinin tərtib edilməməsi halı iddiaçının məsuliyyəti ilə əhatə olunan hal olmamaqla, bu sənədin tərtib edilməsi öhdəliyi məhz müvafiq inzibati orqanın səlahiyyəti ilə bağlı olmuşdur. Müvafiq inzibati orqan tərəfindən həmin sənədin tam tərtib edilməməsi halına görə isə iddiaçının məsuliyyət daşıması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinə ziddir. Həmçinin qeyd edilməlidir ki, indiki halda isə sözügedən torpaq sahəsi faktiki iddiaçı və onun ailə üzvlərinin istifadəsində olmaqla, həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi məhz cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmaqla, bu əsasla mövcud mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə ziddir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müvafiq adlı siyahıda adı qeyd edilmiş X2 Məmmədova olması halına da imtina əsası kimi istinad etmişdir. Bununla bağlı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15 ilə X16 arasında xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Göründüyü kimi, cavabdehin qeyd edilən halla bağlı gətirdiyi arqument iş materialları əsasında təkzib olunur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin gətirdiyi digər arqumentlə (1998-ci ildə doğulmuş X17 ilə bağlı) bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi bununla bağlı haqlı olaraq, həmin halın iddiaçının hüquqlarının məhdudlaşdırılmasının əsası kimi qiymətləndirilməsinin yolverilməz olduğuna istinad etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsi yalnız iddiaçıya deyil, hazırki iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş şəxslərə (iddiaçının ailə üzvlərinə) də ayrılmış, həmin şəxslərin adları müvafiq torpaq sahəsinin ayrılmasına dair cədvəldə də qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsi iddiaçı və iş üzrə üçüncü şəxs qismində çıxış edən şəxslərin qanuni sahibliyinə və istifadəsinə verildiyindən, onların payları müəyyən edilmədiyindən, 0,12 ha torpaq sahəsinin İddiaçı, X13, X15, X14 və X12 ayrılması qeyd edildiyindən, həmin şəxslər birgə mülkiyyətçi qismində çıxış etməklə, torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında onlara məxsus olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin halları diqqətdən qaçırmış, həmin torpaq sahəsinə dair yalnız iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı nəticəyə gəlmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, həmin torpaq sahəsinə dair iddiaçı və üçüncü şəxslərin birgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-746/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində İddiaçı, X13, X10, X14 və X11 birgə mülkiyyət hüququnun qeydə alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.