Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-472/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Cavabdeh AR ƏƏSMN tabeliyində Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən qəbul edilmiş iddiaçıya 2014-cü ildən təyin olunmuş müddətsiz əlilliyin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 3-17-4/3-3-1890/2023 saylı qərarın və iddiaçının tam reablitasiya olunması barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli xxxxxxx0003 saylı Qərar ləğv edilməsi və ona təyin edilmiş 2-ci dərəcəli müddətsiz əlilliyinin «Əlillik» altsistemində ləğv olunduğu vaxtdan bərpası vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(118)-740/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçıya xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Daha sonra 26 dekabr 2022-ci il tarixli 3-17-4/3-3-1890/2023 nömrəli Qərar ilə əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli Qərar ilə iddiaçının tam reabilitasiya olunması səbəbilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh AR ƏƏSMN tabeliyində Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin hərəkətlərini qanunsuz hesab etməklə onun müddətsiz əlilliyinin əlillik altsistemində xx.xx.2020-ci il tarixdən bərpası vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçının tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpası öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı qəlpə yaralanmaları nəticəsində sağlamlığını itirmiş və onun aldığı xəsarətlər TSEK-sı tərəfindən qiymətləndirilməklə 2014cü ildən müddətsiz 2-ci qrup Müharibə əlili təyin olunmuşdur. İddiaçı 2020-ci ilin may ayına kimi əlillik müavinətini və Prezident təqaüdünü almış, lakin həmin il bu ödəmələr dayandırılmışdır. Bundan sonra TSEK-na müraciət etmiş, nəhayət əlilliyi bərpa olunaraq xx.xx.2022-ci ildə ona Prezident təqaüdünün verilməsi başlanılmış, 2023-cü ilin mart ayına kimi Prezident təqaüdünü almış,lakin həmin aydan bu təqaüdün də verilməsi də dayandırılmışdır. xx.xx.2023-cü ildə ona altsistem arayışı verilmiş və həmin arayışdan məlum olmuşdur ki, ona tam reablitasiya olunması ilə bağlı əlillik təyinatından imtina edilmişdir. Halbuki bu əlillik 2014-cü ildən müddətsiz təyin edilmiş və onun razılığı olmadan yenidən əlilliyinin qiymətləndirilməsi aparılmış və müddətsiz əlilliyi ləğv edilmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, guya o xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş və əlillik təyinatına əsas verən məhdudiyyətlər olmadığı üçün xx.xx.2023-cü ildən onun reablitasiya olunması barədə qərar qəbul edilmişdir. İddiaçı əlilliyinin dayandırılması barədə xx.xx.2023-cü ildən qərar qəbul edildiyi qeyd edilsə də o xx.xx.2020-ci ildən əlillik pensiyasını almır, Prezident təqaüdü xx.xx.2022-ci ildən bərpa edilsə də 2023-cü ilin mart ayında dayandırılmışdır. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində tamamilə ziddiyyətli fikirlər səsləndirmiş,iddiaçının guya xx.xx.2022-ci ildə əyani müayinəyə dəvət olunduğunu,lakin gəlmədiyini,bu səbəbdən də onun xx.xx.2022-ci il tarixli 3-17-4/3-3-1890/2023 saylı qərarı ilə əlilliyi ləğv edilmiş və xx.xx.2023-cü ildə isə iddiaçının tam reablitasiya olunması barədə xxxxxxx0003 saylı Qərar qəbul edildiyini bildirmişdir. Bundan başqa həmin etiraza əlavə etdiyi sistem arayışlarının birindi və etiraz ərizəsində iddiaçıya 2014-cü ildən müddətsiz əlilliyin təyin edilməsi göstərilsə də digər arayışda 2014-cü ildə ona 1 il müddətinə əlilliyin təyin edildiyi qeyd olunur,iddiaçıya cavabdeh orqanın müraciəti əsasında ünvanladığı cavab məktubu ilə etiraz ərizəsində qeyd olunanlar bir-biri ilə ziddiyyət təşkil edir. İddiaçı əlillik pensiyasını 2020-ci ilin may ayından almır,lakin cavabdeh orqan tərəfindən məhkəməyə 2 qərar təqdim edilmiş və həmin qərarların birində iddiaçının əlilliyinin xx.xx.2022-ci ildən ləğv edildiyi,digər xx.xx.2023-cü ildən isə tam reablitasiya olunması barədə qərardır. Hər iki qərar qanunsuz olaraq iddiaçının hüquqlarını pozur. Əvvəla iddiaçının pensiya və Prezident təqaüdünün verilməsi 2020-ci ilin may ayından dayandırılmışdır,digər tərəfdən onun barəsində cavabdeh orqana əlilliyinin yenidən qiymətləndirilməsmi barədə tibbi göndəriş daxil olmamış və o özü əlilliyinin yenidən qiymətləndirilməsini arzu etməmiş və bununla bağlı cavabdeh orqana müraciət etməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 2 nəfərə dair 26.12,2022ci il tarixinə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası 2 nəfər vətəndaşın tibbiekspert sənədlərini araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: Kəlbəcər rayon sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti 2 saylı Tibbi Sosial Ekspert Komissiyasında xx.xx.2014-cü il tarixdə əyani müayinə edilmiş və ona “Qə/pə yaralanmaları nəticəsində saq əlin 2 barmağının dırnaq və İV barmağının orta falanqası proyeksiyasında, saq qulaq seyvanının ön səthində və sol baldırın orta 1/3-nin ön səthində çapıq toxumaları" diaqnozu ilə 2.2. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2022-ci il tarixində **********6 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi- sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(118)-740/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh AR ƏƏSMN tabeliyində Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən qəbul edilmiş iddiaçıya 2014-cü ildən təyin olunmuş müddətsiz əlilliyin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 3-17-4/3-3- 1890/2023 saylı Qərar və iddiaçının tam reablitasiya olunması barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli xxxxxxx0003 saylı Qərar ləğv edilsin, İddiaçı təyin edilmiş 2-ci dərəcəli müddətsiz əlillik «Əlillik» altsistemində ləğv olunduğu vaxtdan bərpa edilmişdir. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən əvvəlki qərarın qanuniliyini şübhə altına alan hallar mövcud olmasa belə iddiaçı barədə hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Halbuki həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. İnzibati orqan isə istər 26 dekabr 2022-ci il tarixli 3-17-4/3-3- 1890/2023 saylı, istərsə də xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 №li Qərarlar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etmədən qəbul edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq onu da qeyd etmişdir ki, iddiaçıya əlillik təyinatı barədə qərar xx.xx.2023-cü il tarixində ləğv olunmuşdur. İddiaçı hazırda xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin, əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsini istəyir. İddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İPM-in-70.1-ci bəndinə əsasən İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.Belə ki, Bu maddə, inzibati aktların qanuna zidd olduğu və bu ziddiyyət nəticəsində iddiaçının hüquqlarının pozulması hallarında məhkəmənin və ya şikayət instansiyasının hansı hərəkətləri etməli olduğunu tənzimləyir. Əgər bir inzibati akt qanuna zidd olarsa, və bu ziddiyyət nəticəsində iddiaçının (yəni, hüquqları pozulmuş şəxsin) hüquqları zədələnirsə, məhkəmə həmin inzibati aktı ləğv etməli olacaqdır. Bu, iddiaçının hüquqlarını bərpa etmək və hüququn əliliyini təmin etmək məqsədini güdür. Bundan əlavə, əgər inzibati şikayət verildiyi halda, şikayət instansiyası tərəfindən verilən qərar da qanuna zidddirsə və bu qərar iddiaçının hüquqlarını pozursa, məhkəmə həmin qərarı da ləğv etməlidir. Bir başqa aspekt isə, inzibati icraatın həyata keçirilməsi zamanı inzibati orqanın qərarına təsir edən hüquqi pozuntular varsa (yəni, procedural səhvlər və ya qanun pozuntuları), həmin inzibati aktın ləğvi üçün bu qayda tətbiq edilir. Bu, inzibati qərarın hüquqi etibarsızlığını nəzərə alaraq, iddiaçının hüquqlarının qorunmasını təmin edir. Ümumiyyətlə, bu şərh məhkəmənin hüquq pozuntularını aradan qaldırmaq və hüquqların bərpasını təmin etmək məqsədilə inzibati aktların və qərarların qanuna uyğunluğunu təmin etməyə yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Maddə 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil. İddiaçıya əlillik təyinatı barədə qərar ləğv olunmuş və bununla bağlı müvafiq qərar qəbul edilmişdir. İddiaçı mahiyyəti etibarı ilə onun barəsində qəbul edilmiş inzibati aktı mübahisələndirir. İddiaçının hüquqlarının pozulduğunu bildiyi müddətdən sözügedən qərarı mübahisələndirmək hüququ olmuşdur. xx.xx.2023-cı ildə pensiya və təqaüdü dayandırılmışdır. Lakin iddiaçı xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Lakin iddiaçı sözügedən qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının əlilliyi 29 mart 2023-cü il tarixli qərarla dayandırılmışdır. Dayandırılma səbəbi iddiaçının əlilliklə bağlı sənədlərində uyğunsuzluğun olmasıdır. Bununla bağlı iddiaçı əyani müayinəyə çağırılmış və iştirak etmədiyi təqdirdə barəsində inzibati akt qəbul olunacağını ona bildirilmişdir. İddiaçı əyani müayinədə iştirak etmədiyindən mövcud sənədlər əsasında araşdırılma aparılmış və iddiaçının əlillik altsistemində olan əlillik təyinatı barədə qərar ləğv edilmişdir. Onu da bildirmişdir ki, inzibati icraatın başlanılması üçün iddiaçıya münasibətdə fərdi olaraq hər hansı əsaslı şübhələrə dair sübutları olmamış, iddiaçıya ələiiyin təyin edilməsinə əsas olmuş diaqnos ümumilikdə risk qrupuna daxil olduğundan barəsində araşdırma aparılmışdır. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mübahisə iddiaçının tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3-17-4/3-3-1890/2023 saylı qərarın ləğv edilməsi və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 15 may 2024-cü il tarixli, 1-8-10/2-824/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, “İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünülüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmçinin bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verərək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır. Belə ki, məhkəmə təcrübəsində 5 il müddətində əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddətinin bitməsinə 1 il qalmış onun əyani müayinəyə cəlb edilməklə TSEKin əvvəlki qərarının düzgünlüyünün yoxlanılması ilə bağlı mübahisəyə də rast gəlinmişdir. Əlilliyin ləğvi ilə bağlı inzibati işlərin həlli zamanı inzibati orqanın əlilliyin ləğvinə yönələn davranışlarının inzibati icraat haqqında qanunvericiliyin əsas prinsiplərinə və tələblərinə uyğun olmadığı mübahisəsiz aşkar olduğu hallarda məhkəmələr tərəfindən əlilliyin ləğvi üçün əsas olub-olmaması, yəni şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırma aparılmalıdır.” Hazırki işin hallarından görünür ki, ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Daha sonra isə əvvəlki qərarın qanuniliyini şübhə altına alan hallar mövcud olmasa belə, iddiaçı barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Halbuki həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Birinci instansiya məhkəməsində cavabdeh inzibati orqana İddiaçı barəsində əlilliyin ləğv edilməsinə dair 26 dekabr 2022-ci il tarixli qərarın qəbul edilməsinə üçün əsasın nədən ibarət olması, yəni daxili nəzarətin təhlilinin nədən ibarət olması ilə bağlı cavabdeh orqana sorğu verilmiş, lakin cavabdeh tərəfindən əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materialları apellyasiya məhkəməsinin icraatında olarkən cavabdeh orqana sorğu məktubu ünvanlanmış və sorğu məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Daha sonra 26 dekabr 2022-ci il tarixli 3-17-4/3-3-1890/2023 nömrəli Qərar ilə əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli Qərar ilə iddiaçının tam reabilitasiya olunması səbəbilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Lakin iş materialları ilə iddiaçının təkrar müayinəyə cəlb edilməsinə səbəb olan hallar müəyyən edilmir. Buna görə də iddiaçının təkrar müayinəyə cəlb edilməsinə (iştirak etməsə də) səbəb olan halların, yəni əsaslı şübhələrin nədən ibarət olmasına dair məlumatın və bununla əlaqədar sübutların məhkəməyə təqdim edilməsi tələb olunmuş, lakin hər-hansı sübut və ya məlumat məhkəməyə təqdim edilməmiş, cavadehin məhkəmə iclasında iştirak edən nümayəndəsi də qeyd edilən hallar ilə əlaqədar məhkəmə iclasındakı izahatı ilə həmin sübutların (məlumatların) mövcud olmadığını göstərmişdir. Bundan əlavə iş materialları ilə müəyyən olunur ki, iddiaçı ümumiyyətlə əyani müayinədə iştirak etməmiş, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi- sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya prezident təqaüdünün verilməsi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın öhdəlik daşıdığı vəzifəni düzgün icra etməməsi iddiaçının hüquqlarını pozmaqla, onun sosial təminat hüququnun da əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsi barədə sənədin verilməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2014-cü il tarixdə təyin edilmiş (müddətsiz) əlilliyi ilə bağlı məlumatlar elektron sistemə yerləşdirilməli, onun etimad hüququ qorunmalıdır. Həmin məlumatların mötəbərliyi ilə bağlı inzibati orqanda əsaslı şübhələr olduğu təqdirdə isə, sözügedən inzibati orqan inzibati icraat aparmaqla qanunauyğun olaraq əlilliyin dayandırılması barədə qərar qəbul edə bilər. Lakin hazırki iş materiallarında belə bir inzibati icraatın həyata keçirilməsi müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(118)-740/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.