Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-473/2021 19.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (açar sözlər: aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə qarşı aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli 2-1(118)-914/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01.11.2019cu il tarixdən pensiya yaşına çatdığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 01 noyabr 2019-cu il tarixdən öz arzusu ilə işdən çıxması ilə əlaqadar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli 2-1(112)-2856/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Resoublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik haqqın ödənilməsi tələbinə dair 2-1(112)-2856/2021 saylı inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli 2-1(118)-914/2021 saylı qərardadı ilə ərizə təmin edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ona birdəfəlik ödənilməsi tələbinə dair iddiası üzrə iddia müddətinin bərpa edilməsi qərara alınmışdır.
İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 41 il müddətində dövlət qulluğunda çalışmış, 01 noyabr 2019-cu il tarixdə pensiya yaşına çatdığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət məşğulluq xidmətinin Yasamal rayon Məşğulluq Mərkəzinin iş axtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi vəzifəsindən öz arzusu ilə işdən azad edilmişdir. Ona 07 noyabr 2019-cu il tarixdən dövlət qulluğuna görə pensiya təyin edilmişdir. “Dövlət qulluğu haqqında” Qanununun tələblərinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir, lakin cavabdeh həmin vəsaiti ona ödəməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Mərkəzinə dəfələrlə müraciət edərək göstərilən məbləğin ona ödənilməsini xahiş etmiş olsa da, ona bildirilmişdir ki, işdən azad olunmaq barədə ərizəsində pensiya yaşına çatmasına görə ifadəsi və aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi haqqında qeydlər olunmadığından xahişi təmin edilməmişdir. Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ olduğundan və o, pensiya yaşına çatması ilə əlaqədar ərizə verərək öz arzusu ilə işdən çıxdığından ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqla təmin edilməlidir.
Cavabdehin etirazları:
5. Cavabdehin nümayəndəsi X6 iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı 31 oktyabr 2019-cu il tarixli əmrlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə (dövlət qulluqçusunun öz arzusu ilə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas onun 30 oktyabr 2019-cu il tarixli 11D445376 qeydiyyat nömrəli ərizəsi olmuşdur. Qeyd edilən ərizədə iddiaçı öz arzusu ilə 1 ay xəbərdarlıq müddətini gözləmədən işdən azad edilməsini xahiş etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. İddiaçı 01 yanvar 2017-ci il tarixdən 000869 nömrəli iş üzrə yaşa görə əmək pensiyasına çıxmışdır. İddiaçı işdən azad edilmə barədə ərizəsində pensiya yaşının çatması ilə əlaqədar işdən çıxması, 6 misli birdəfəlik haqqın verilməsinə dair heç bir qeyd aparmamış və öz iradəsini ifadə etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsininin şərh edilməsinə dair 8 dekabr 2014-cü il tarixli Qərarının məzmunundan da görünür ki, aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi dövlət qulluqçusunun pensiyaya çıxmağa həvəsləndirmək tədbiri kimi nəzərdə tutulur, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilir.
Birinci instansiya məhkəməsində icraat:
6. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-914/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
7. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-914/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
8. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin dispozisiya şərtlərinin yerinə yetirilməməsi nəticəsinə gəlməsi əsassızdır. Belə ki, həmin maddənin dispozisiyasında qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq şərtinə məhkəmə tərəfindən qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Bununla da məhkəmə hüquq normasını düzgün tətbiq etməmişdir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Əmək pensiyaları haqqında qanunla müəyyən olunmuş vaxtdan yaşa görə pensiya alır. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq inzibati yardımçı vəzifələr tutan və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi gün daxil olmaqla azı 5 il dövlət qulluğu stajına malik olan şəxslər öz xahişi ilə işdən çıxdıqları vaxt pensiya yaşına çatmışlarsa, müvafiq qanunvericiliyə uyğun olaraq aldıqları pensiyaları onların öz arzuları ilə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən yenidən hesablanır. O, 30.10.2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırılaraq bildirilmişdir ki, bütün yaşlılar işdən çıxarılır və ona ərizə forması verilərək işdən çıxmağına dair ərizəsi alınmış, işdən çıxdıqdan sonra ərizə ilə Xüsusi şərtlərlə təyinat idarəsinə müraciət etmiş və öz arzusuna əsasən ona 07.11.2019cu ildən “Dövlət qulluğu” pensiyası təyin edilmiş olsa da, qanunla müəyyən edilən aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsindən imtina edilmişdir. Hesab edir ki, məhkəmənin qərarı ilə onun pozulmuş hüquqları bərpa olunmadığından məlum məhkəmə qərarı ləğv edilməklə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
11. İddiaçının vəkili və nümayəndəsi X2 da apelyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, İddiaçı 01.01.2017ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmış olsa da, tutduğu vəzifədən pensiya yaşına çatması ilə bağlı çıxmamışdır. Yəni iddiaçı 30.10.2019-cu il tarixli ərizəsində tutduğu vəzifədən öz arzusuna əsasən azad olunmaq istədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinin dispozisiya şərtlərinin yerinə yetirilməməsi nəticəsinə gəlməsi əsassızdır. Yəni Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Bu halda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinin dispozisiyasında qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmamaq şərtilə qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Halbuki iddiaçıdan sonra təqaüdə çıxmış yüzlərlə şəxsə qanunla müəyyən edilmiş qaydada 6 misli pensiya məbləği birdəfəlik ödənmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-914/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.
12. Cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında vurğuladı ki, İddiaçı 01 yanvar 2017-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmış olsa da, dövlət qulluqçusu kimi işləməkdə davam etmiş və 30 oktyabr 2019-cu il tarixli ərizəsində iddiaçı öz arzusu ilə 1 ay xəbərdarlıq müddətini gözləmədən işdən azad edilməsini xahiş etdiyindən 01 noyabr 2019-cu il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə (dövlət qulluqçusunun öz arzusu ilə) əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsininin şərh edilməsinə dair 8 dekabr 2014-cü il tarixli Qərarının məzmunundan da görünür ki, aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi dövlət qulluqçusunun pensiyaya çıxmağa həvəsləndirmək tədbiri kimi nəzərdə tutularaq yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. İddiaçı isə 01.01.2017-ci il tarixdən pensiyaya çıxdığına görə onun həvəsləndirilməsinə ehtiyac olmamışdır. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilmədən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.
Tədbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
25. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; Maddə 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsininin şərh edilməsinə dair 8 dekabr 2014-cü il tarixli Qərarında vurğulanmışdır ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə hazırda 59,5 (bu yaş həddi 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) yaş təşkil edir. “Dövlət qulluğu haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
30. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Maddə 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
32. Məhkəmə kollegiyası hazırki qərarın 13-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. İş materiallarından müəyyən olunduğu kimi, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Yasamal rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi vəzifəsində qulluq keçən İddiaçı 2019-cu ilin oktyabr ayında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ərizə ilə müraciət edərək öz arzusuna əsasən 01 noyabr 2019-cu il tarixindən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 31.10.2019-cu il tarixli əmrinə əsasən iddiaçı tutduğu vəzifədən 01.11.2019-cu il tarixdən azad edilməklə onunla son haqq-hesab aparılmasının təmin edilməsi qərara alınmışdır. Hazırda iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin tələblərinə uyğun olaraq aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı 01.01.2017-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmış olsa da, iddiaçı əmək fəaliyyətini davam etdirərək 30.10.2019-cu il tarixli ərizəsilə tutduğu vəzifədən pensiya yaşına çatması ilə bağlı çıxmamış, yəni tutduğu vəzifədən öz arzusuna əsasən azad olunmaq istədiyini bildirmişdir.
34. Kollegiya hazırki qərarın 8-ci bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı hazırki qərarın 28 bəndində istinad edilən qanunun 33.2-ci maddəsinin, eləcə də 30-cu bəndində istinad edilən qanunun 7, 30.1., 30.2 və 31.1-ci maddələrinin tələblərinə uyğun olaraq 01 yanvar 2017-ci ildə, yəni 60 yaşı tamam olandan sonra yaşa görə pensiya hüququndan istifadə edərək təqaüdə çıxmış olsa da, dövlət qulluğunda olmanın yaş həddinin imkan verdiyi 65 yaş həddinə çatmaması səbəbindən işləməyə davam etmiş və 63 yaşı tamam olduqdan sonra öz arzusu ilə dövlət qulluğundan azad olunması ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulan imtiyazdan istifadə etmək imkanını saxlaya bilməzdi. Başqa sözlə desək Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır.
35. Hazırki qərarın 29-cu bəndində istinad edilən Konstitusiya Məhkəməsinin məlum qərarında da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə şərh verilərkən o hüquqi mövqe nümayiş etdirilmişdir ki, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxması üçün həvəsləndirilir ki, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şərait yaradılsın. Eyni zamanda göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur.
36. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hazırda qüvvədə olan Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə müvafiq olaraq 01.01.2017-ci ildən yaşa görə pensiya hüququndan yararlanmaqla təqaüdə çıxsa da, işləməyə davam etməklə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsilə nəzərdə tutulan imtiyaz hüququnu itirmişdir.
37. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)- 914/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-914/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.