Məhkəmə qərarları › İş №2-1(105)-473/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-473/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-473/2024 16.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən bağçının üzvlük kitabçasına əsasən ona məxsus 269 saylı, 0.05 ha bağ torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşən (18 kv.m) hissəsi istisna olmaqla, qalan torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2-1(118)-199/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Dövlət Notariat Arxivindən daxil olmuş 13 fevral 2023-cü il tarixli məktubla X1 tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizənin notariat hərəkəti ilə bağlı 7EK/5 indeksli, 10 aprel 2001-ci il tarixli reyestrdən çıxarışın kserosurəti məhkəməyə təqdim edilmişdir. Həmin ərizənin surətindən görünür ki, Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən ona məxsus olan 269 saylı 500 kv.m-lik bağ sahəsini istifadə edə bilmədiklərindən ümumi ailələrinin razılığı ilə İddiaçı adına keçirilməsini xahiş etmişdir.

2. Bağçılıq Cəmiyyəti Üzvlərinin 10 aprel 2001-ci il tarixli protokoluna əsasən Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən 269 saylı, sahəsi 500 kv.metr bağçılıq sahəsi 1990-cı ildən İddiaçı istifadəsində olmaqla, onun mülkiyyətinə verilmişdir.

3. Bağ sahəsinə baxış keçirilməsinə dair cavabdehin 19 sentyabr 2022-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan bağ sahəsinin ərazisindən kommunikasiya xətləri keçmir, onun sahəsi sənəd üzrə 0.05 ha, faktiki isə 0.0548 ha-dan ibarətdir.

4. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 17 may 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mübahisəli bağ sahəsi elektron baza məlumatlarına əsasən Novxanı üzümçülük sovxozunda Bağçılıq-Bostançılıq üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 23 may 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mübahisəli bağ sahəsi Novxanı üzümçülük sovxozunda bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir.

6. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 02 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan, Novxanı bağları ərazisində yerləşən sahəsi 500 kv.metr olan torpaq sahəsinin koordinatları müəyyənləşdirilmiş, torpaq sahəsinin Abşeron rayonu Novxanı üzümçülük sovxozu ərazisində bağçılıq-bostançılıq üçün ayrılmış sahənin hüdüdları daxilində yerləşir, torpaq sahəsinin faktiki koordinatlarının 18 kv.m hissəsi **********5 reyestr nömrəli başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı ərazidə yerləşir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat İddiaçının dəlilləri

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən bağçının üzvlük kitabçasına əsasən ona məxsus 269 saylı, 0.05 ha bağ torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşən (18 kv.m) hissəsi istisna olmaqla, qalan torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildən 1995-ci ilədək 2 nömrəli Ayaqqabı fabrikində çalışmışdır. Abşeron rayonu, Novxanı kəndində yerləşən Bağçılıq cəmiyyətinin bağ sahəsindən 0.05 ha torpaq sahəsi olan 269 nömrəli bağ sahəsi ona Bağçılıq-Yoldaşlıq Təsərrüfatı tərəfindən ayrılmışdır. Həmin vaxtdan etibarən sözü gedən torpaq sahəsi onun şəxsi istifadəsindədir. Hər il tərəfindən torpaq vergisi ödənilməkdədir. 20 ildən artıq müddətdir ki, torpaq sahəsi faktiki sahibliyindədir. Faktiki sahibliyində və istifadəsində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması məqsədilə rəsmi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə çıxarışın verilməsinə dair müraciət etsə də, çıxarışın verilməsindən imtina edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə çıxarışın verilməsinə dair etdiyi rəsmi müraciətinə aşağıdakı kimi cavab verilmişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfat üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Həmçinin, daşınmaz əmlakın dövlət qeydiyyyatına alınması üçün hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Halbuki, o imtina ərizəsində qeyd olunan hüquqmüəyyənedici sənədi cavabdeh orqana təqdim etmişdir. Buna baxmayaraq, ona məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmaması qanunsuzluqdan başqa bir şey deyildir. Beləliklə, ona məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmaması mülkiyyətçi kimi onun hüquqlarına toxunur. Cavabdehin imtinasından sonra iclas protokollarının əldə edilməsi üçün X3 İdarəsinə və Milli Arxiv İdarəsinin Sumqayıt filialına müraciət etsə də, iclas protokollarında onun adına bağ üçün torpaq sahəsinin ayrılması barədə məlumatın aşkar olunmadığı bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Göründüyü kimi, bütün qanuni tələblər ona məxsus, faktiki sahibliyində və 20 ildən çox istifadəsində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini şərtləndirir. Belə olduğu halda, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin ona məxsus əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilməsi hüquqlarının pozulmasının bariz nümunəsidir. Qeyd olunanlara əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Cavabdehin etirazının dəlilləri

11. Cavabdeh etirazında bildirmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ********** daxilolma nömrəli, xx.xx.2022-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin ayrılmasına və üzvlük kitabçasının verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədin və torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi; 2. Hüquq sahibinə bağ sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda hüquq sahibinə dair məlumatların aşkar edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2-1(118)-199/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən bağçının üzvlük kitabçasına əsasən 269 saylı, 0.05 ha bağ torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşən (18 kv.m) hissəsi istisna olmaqla, qalan torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq, İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

15. Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra—dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-).

18. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin “Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən bağçının üzvlük kitabçasına əsasən ona məxsus 269 saylı, 0.05 ha bağ torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşən (18 kv.m) hissəsi istisna olmaqla, qalan torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 02 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan, Novxanı bağları ərazisində yerləşən sahəsi 500 kv.metr olan torpaq sahəsinin koordinatları müəyyənləşdirilmiş, torpaq sahəsi Abşeron rayonu Novxanı üzümçülük sovxozu ərazisində bağçılıq-bostançılıq üçün ayrılmış sahənin hüdüdları daxilində yerləşir, torpaq sahəsinin faktiki koordinatlarının 18 kv.m hissəsi **********5 reyestr nömrəli başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı ərazidə yerləşir. Göründüyü kimi iddiaçıya sənəd üzrə ayrılmış bağ sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi arasında ölçü fərqi vardır. Belə ki, faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü sənəd üzrə torpaq sahəsinin ölçüsündən çoxdur, lakin iddiaçı onun torpaq sahəsinin üstüstə düşdüyü 18 kv.m torpaq sahəsi istisna olmaqla, qalan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Hazırki halda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab edir. 27.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

28. Məhkəmə kollegiyası cavabdehin bağ sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda hüquq sahibinə dair məlumatların aşkar edilməməsi ilə bağlı dəlilni əsassız hesab edir. Belə ki, kollegiya hesab edir ki, bağ sahəsinə dair sənədlərin arxivdə aşkarlanmaması iddiaçının təqsiri üzündən baş verən hal deyildir. Dövlət Notariat Arxivindən daxil olmuş 13 fevral 2023-cü il tarixli məktubla X1 tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizənin notariat hərəkəti ilə bağlı 7EK/5 indeksli, 10 aprel 2001-ci il tarixli reyestrdən çıxarışın kserosurəti məhkəməyə təqdim edilmiş, ərizənin surətindən görünür ki, Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən ona məxsus olan 269 saylı 500 kv.m-lik bağ sahəsini istifadə edə bilmədiklərindən ümumi ailələrinin razılığı ilə İddiaçı adına keçirilməsini xahiş etmişdir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

30. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.

32. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 13506 nömrəli, 30 may 1994-cü il tarixli müqavilə iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.

33. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

34. Həmçinin, iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 19 sentyabr 2022-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan bağ sahəsinin ərazisindən kommunikasiya xətləri keçmir, onun sahəsi sənəd üzrə 0.05 ha, faktiki isə 0.0548 ha-dan ibarətdir.

35. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2-1(118)-199/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar