Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-473/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə ("SEYMUR" X4 inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Seymur” İKB-yə verilmiş texniki pasportun və onun əsasında hazırlanmış xx.xx.2005-ci il tarixli 86A reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1998-ci ildə rayonlararası aqrar islahatları aparılan zaman Xaçmaz rayonunun Xudat şəhərində “Rəsul” birgə kəndli təsərrüfatının balansında olan anbarunivermaq binası Nəsimi adına sovxozun AİK-nın xx.xx.1998-ci il tarixli 1 saylı protokoluna və AİK sədri tərəfindən təsdiq edilmiş eskizə əsasən Xudat sakimi Həmid Məmmədova satılmışdır. Ona yalnız anbar verilmişdir, hər hansı həcmdə torpaq sahəsi və ya əlavə qeyri-yaşayış binası göstərilməmişdir. xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən H.Məmmədov həmin binanı ”Seymur” İKB-yə satmışdır, müqavilədə mənası bilinməyən 999 kv m göstərilmişdir, lakin həmin rəqəmin nəyi bildirməsi məlum deyildir. Həmin rəqəm texniki pasportla adi qələmlə yazılmış və hər hansı möhür və ya imza ilə təsdiqlənməmişdir. Seymur İKB anbarı alandan sonra həmin anbarın ətrafında guya torpaq sahəsinin olmasına dair texpasport hazırlanmış və orada sahənin həcmi kimi 999 rəqəmi yazılmış, 2005-ci ildə də saxta texniki pasprot və qeydiyyat vəsiqəsi hazırlanmışdır. İddiaçı həmin texniki pasportun və qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv olunnmasını cavabdehdən xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə məhkəməyə müraciət edir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 2 saylı Dövlət notariat konturunun xx.xx.2004-cü il tarixli, 4ə-19 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “Seymur” İKB-nın adına 86A qeydiyyat nömrəli, xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsi rəsmiləşdirilmişdir. İddiaçı onun hüquqlarına toxunmasını ehtimal etdiyi “Seymur” İKB-yə verilmiş texniki pasportun və onun əsasında hazırlanmış xx.xx.2005-ci il tarixli 86A reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edir. Lakin, iddiaçının həmin əmlaka bağlılığını göstərən sübutu məhkəməyə təqdim etməyib. İddiaçı “Seymur” İKB-yə verilmiş texniki pasportun və onun əsasında hazırlanmış xx.xx.2005-ci il tarixli 86A reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbi mümkün sayılmamalıdır. Həmçinin, Sumqayıt Apellyasiya Məghkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)405/2022 saylı qətnaməsi ilə iddiaçı “Seymur” X1 cavabdeh İddiaçı qarşı sözügedən 999 kv.m torpaq sahəsinin 387.3 kv m hissəsindən çıxarılması və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş hasar və tikililərin onun hesabına sökülərək ərazinin boşaldılması, cavabdeh İddiaçı adına verilmiş 12 dekabr 2015-ci il tarixli RX seriyalı ******* sayı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilmişdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadla razı deyil. Belə ki, o, cavabdehə müraciət etmişdir. 25 il mübahisəli ərazi onun olub, sadəcə olaraq cavabdeh və Xudat bələdiyyəsi məhkəmələrə yalan məlumat verərək mübahisəli ərazini bələdiyyənin balansından çıxararaq, dövlət torpağı adı ilə “Seymur” X2 verilib. Həmin ərazi bələdiyyə torpağı olub. Mübahisəli əraziyə baxış keçirilməli və müstəqil ekspert rəyi alınmalıdır. Ekspert qarşısında suallar qoyulmalıdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3.İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hazırki iş üzrə iddia tələbi “Seymur” İKB-yə verilmiş texniki pasportun və onun əsasında hazırlanmış xx.xx.2005-ci il tarixli 86A reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddiaçı iddia tələbinin əsası kimi bələdiyyə qərarı əsasında onun adına 200 kv.m. torpaq sahəsi ayrılması, həmin torpaq sahəsinin hazırda mübahisələndirdiyi texniki pasport və qeydiyyat vəsiqəsində əks olunmuş 999,0 kv.m. olan torpaq sahəsinin tərkibində olması, bu səbəbdən də torpaq sahəsinin ölçüsünün həmin sənədlərdə yanlış qeyd edildiyindən, etibarsız hesab edilməsini və ləğv edilməsini istəyir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adına Xaçmaz rayonu Xudat şəhərində yerləşən 0,02 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki, iddiaçı ilə “Seymur” İKB arasında mülki xarakterli məhkəmə mübahisələri olmuş, həmin mülki iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (xx.xx.2022-ci il tarixli) ilə iddiaçı “Seymur” İKB-nin “mübahisəli torpaq sahəsinin 387,3 kv.m.dən İddiaçı həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşları ilə tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, həmçinin cavabdehə verilmiş 12 dekabr 2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə”iddia tələbi təmin edilmiş, həmin qətnamə ilə iddiaçı təşilatın həmin qeyri-yaşayış binasının yerləşdiyi 999,0 kv.m. torpaq sahəsini ilk növbədə satın almaq hüquqlarının olmasını, sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüququ iddiaçıya keçərkən torpaq sahəsinə hüquqların da qeyri-yaşayış binasının alqısatqı müqaviləsinə əsasən əldə edən iddiaçıya keçməsini nəzərə almadan, cavabdehdən torpaq sahəsini geri tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmaması barədə birinci instansiya məhkəməsinin səhv nəticəyə gəldiyi müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq məhkəmə qətnaməsi ilə (2022-ci ildə) iddiaçının müvafiq 200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair Çıxarış ləğv edilsə də, həmin məhkəmə araşdırmasının gedişatı zamanı iddiaçı 26 avqust 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsini X6 adlı şəxsə satmışdır, həmin qeydiyyat hazırda qüvvədədir. İş materiallarından görünür ki, iddiaçı “Seymur”İKB-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qeyri-yaşayı sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması”na dair iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı adına olan 12dekabr 2015-ci il tarixli Çıxarışın ləğv edilməsi halının, Qənimət Əliyevanın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququna dair qeydin avtomatik öz hüquqi qüvvəsini itirməsi nəticəsini doğurmadığı, həmin alqı-satqı müqaviləsinin və çıxarışın hazırda qüvvədə olduğu, yalnız həmin qeydiyyat və onun əsasını təşkil edən alqı-satqı müqaviləsi ləğv edildikdən sonra iddiaçının 991,0 kv.m. torpaq sahəsinə hüquqlarının bütövlükdə qeydə alına biləcəyi, əvvəlcə İddiaçı, daha sonra X3 mülkiyyət hüquqlarının qeydə alındığı 200 kv.m. torpaq sahəsi məhz iddiaçının hüquqlarının qeydə aldırmaq istədiyi 991,0 kv.m. torpaq sahəsinin tərkibinə daxil olduğu müəyyən edilmiş, həmin hissədə iddianın rədd olunması qərara alınmışdır. Göründüyü kimi iddiaçının hazırki iddia tələbinin əsası kimi istinad etdiyi ona məxsus olan 200 kv.m. torpaq sahəsinin müvafiq qeydiyyat vəsiqəsi və texniki pasportda əks olunmuş 999,0 kv.m. torpaq sahəsinin tərkibində olması halına istinad etsə də, həmin torpaq sahəsinin ona məxsus olmaması halı iş materialları (onun adına mülkiyyət hüququnun qeydə alınmasına dair Çıxarış ləğv edilmiş, habelə hazırda başqa şəxsin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır) əsasında öz təsdiqini tapmışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsin adına tərtib edilmiş müvafiq hüquqmüəyyənedici sənədləri mübahisələndirmək üçün subyektiv hüququ mövcud olmamışdır. Belə ki, indiki halda iddiaçının qeyd edilən iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüquqa o halda malik ola bilər ki, müvafiq hüquqmüəyyənedici sənədlərin mövcudluğu onun qanunla qorunan hüquq və maraqlarına toxunmuş olsun. Başqa sözlə desək, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının hər hansı hüquqmüəyyənedici sənəd əsasında qanuni sahibliyində və ya istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud olduğu halda iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud olardı. İndiki halda iddiaçı mübahisə predmeti olan hüquqmüəyyənedici sənədlərdə əks olunmuş torpaq sahəsinin ona məsxus olan 200 kv.m. torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etsə də, sözügedən torpaq sahəsinin ona məxsus olması halı müəyyən edilməmişdir. Nəticə etibarilə iddia tələbində qeyd edilmiş hüquqmüəyyənedici sənədlərin iddiaçının hansı hüquq və qanunla qorunan maraq və mənafelərinin pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair başqa şəxsin adına tərtib edilmiş həmin sənədləri mübahisələndirmək hüququ mövcud olmamışdır. Bundan əlavə kollegiya onu qeyd edir ki, hazırki inzibati iş üzrə iddia mümkün sayılmadığından, iddiaçının iddia tələbinin əsaslılığı ilə bağlı hissədə şikayətin dəlili kimi istinad etdiyi hallara (ekspertiza təyin edilməsi və s.) hüquqi qiymət verilməsi zərurəti mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-473/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-473/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver