Məhkəmə qərarları › İş №2-1(105)-475/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-475/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-475/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, qanuni təmsilçisi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 10 may 2023-cü il tarixli **********275300 nömrəli və 10 may 2023-cü il tarixli **********276000 nömrəli vergilərin hesablanması haqqında qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-754/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. 19.08.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-dən kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin 5 gün ərzində təqdim edilməsi tələb edilmişdir.

2. xx.xx.2023-cü il tarixli **********275300 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarından görünür ki, İddiaçı MMC-yə torpaq vergisi hesablanmışdır.

3. 10 may 2023-cü il tarixli **********276000 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarından görünür ki, İddiaçı MMC-yə torpaq vergisi hesablanmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT İddiaçının dəlilləri

4. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 10 may 2023-cü il tarixli **********275300 nömrəli və 10 may 2023-cü il tarixli **********276000 nömrəli vergilərin hesablanması haqqında qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ağyel» Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınmış «Namin» müəssisəsinin hüquqi varisidir və hazırki adını təsisçinin xx.xx.2011-ci il tarixli qərarına və xx.xx.2011 -ci il tarixli dövlət qeydiyatına əsasən almışdır. Cəmiyyətin əsas fəaliyyət istiqaməti mişar daşı istehsalı və satışından ibarət olmuşdur. Cəmiyyətin fəaliyyət göstərdiyi ərazi Qaradağ rayonu «Sahil» əhəng daşı yatağında yerləşir. «Sahil» əhəngdaşı yatağı 4 yataqdan ibarət olan Qaradağ qrupu yataqlarına aiddir. Əlavə olaraq həmin qrupa «Cənubi Gulbaxt», «Cənubi-qərbi Güzdək» və «Solançak» yataqları daxildir (yataqların ümumi sahəsi 533 hektar təşkil edir).«Sahil» əhəng daşı yatağında kəşfiyyat işləri 1989-1992-ci illərdə aparılmış və ehtiyatlan “Dövlətgeolkom”un Məhəlli ehtiyatlar komissiyasında 83 saylı, 1992-ci il 3 dekabr tarixli protokol ilə təsdiq olunmuşdur. Mişar daşı istehsalı üçün yararlı olan «Sahil» əhəng daşı yatağında “Azərtikintimaterialları” X2 Geoloji Partiyası tərəfindən Kəşfiyyat aparılmış, sənaye kateqoriyaları üzrə (A+B+C1) ehtiyat hesablanmış və təsdiq edilmişdir. Əhəng daşı keyfiyyəti DÜİST 4001-84 tələblərinə cavab verir. Bundan başqa, “Dövlətgeolkomun” X3 tərəfindən Azərbaycan Respublikası "Dövlətdağmədəntexnəzarət” Komitəsinin göstərişi əsasında faydalı qazıntı yataqlarının istismarı, yerin təkinin mühafizəsi və ondan səmərəli istifadə qaydaları nəzərə alınmaqla, Qaradağ rayonunda 1989-1992-ci illərdə mişar daşı üçün yararlı yuxarıda adları qeyd edilən ümumi sahəsi 500 ha-dan çox yataq sahəsində aparılan ilkin və dəqiq kəşfiyyat haqqında hesabat işinin nəticələri və divar daşı istehsalı üçün yararlı olan «Sahil» əhəng daşı yatağının ehtiyatlarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası faydalı qazıntılarının ehtiyatlarının hesablanması üzrə Məhəlli ehtiyatlar komissiyasının protokolu əsas götürülməklə yatağın fiziki və hüquqi şəxslər tərəfindən istismarı nəzərdə tutulmuş və 1991-ci ildən karxana fəaliyyətinə icazə verilmiş, həmçinin yataq 1992-ci ildə dövlət balansına alınmışdır. 1998-ci ildə Azərbaycan Respublikası “Dövlətgeolkon” X3 tərəfindən Qaradağ qrupu «Sahil» əhəng daşı yatağında fəaliyyət göstərən “Namin” müəssisəsi üçün dağ mədən ayırma sahəsi sənədlərinə izahedici qeydlər verilmiş, yuxarıda istinad olunun məlumatlar həmin qeydlərdə öz əksini tapmışdır. Cəmiyyət yarandığı tarixdən etibarən «Sahil» əhəng daşı yatağında qanunvericiliklə tələb olunan müvafiq sənədləşmə işlərini aparmaqla iki ayrı sahədə fəaliyyət göstərməklə istismar prosesi həyata keçirilmişdir. Belə ki, Abşeron rayon icra Hakimiyyəti ilə ‘'Namin” KM arasında bağlanmış xx.xx.1998-ci il tarixli müqavilə, Abşeron RİH-nin xx.xx.1998-ci il tarixli Sərəncamı ilə müəssisəyə 5.0 ha sahə ayrılmış və icarə müqaviləsinin müddəti 10 il müəyyən edilmişdir, icarə müqaviləsi 2008-ci ildə bitmişdir. Bununla bağlı müvafiq qaydada ərizə ilə Abşeron rayon İcra Hakimiyyətinə müraciət olunmuş və həmin müraciətə cavab olaraq xx.xx.2022-ci il tarxli məktubda qeyd edilmişdir ki, 5 ha torpaq sahəsi üzərində icarə hüquqlarının artırılması müəyyən edilmir. Bundan başqa, Karxana təsərrüfatının təşkili razılaşma protokolu ilə Abşeron rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 246 saylı qərarı ilə “Azad” KM -nə ayrılmış 4,5 ha torpaq sahəsi “Namin” müəssisəsinin istifadəsinə verilmişdir. Beləliklə, müəyyən olunur ki, Cəmiyyətə müxtəlif vaxtlarda iki ayrı hüquqi statusu olan torpaq sahəsi ayrılmış, həmin torpaq sahələri istifadəyə verildiyi müddətdən istismar edilmiş, Abşeron RİH tərəfindən ayrılmış 5 ha torpaq sahəsinə dair müqavilə 2007-cı ildə bitmiş, sonrakı dövrlərdə Cəmiyyət “Azad” KM-nə ayrılmış 4.5 ha torpaq sahəsində fəaliyyət Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” Əsasənməyə edilmiş dəyişikliyə əsasən yer təkinin istifadəyə verilməsi üzrə keçirilmiş 31 avqust 2021-ci il tarixli protokola uyğun olaraq Qaradağ rayonu Sahil əhəngdaşı yatağı ərazisində yerləşən 0.9 ha torpaq sahəsi fiziki şəxs Nümayəndə2 istifadəsinə verilmişdir. Hazırki iddia tələbi üzrə mübahisələndirilən qərarlara əsasən vergi ödəyisinə müvafiq olaraq 2020 və 2021-ci illər üzrə 5 ha torpaq sahəsinə görə vergi hesablanmışdır. Bu isə işin yuxarıda sadalanan hallarına ziddir və qanunsuz hesab edilməlidir. Cavabdehin etirazının dəlilləri

6. Cavabdeh etirazında bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən müəssisənin mülkiyyətində və ya istifadəsində 50000 kv m torpaq sahəsi olmasına baxmayaraq, cəmiyyət tərəfindən 2020-ci il üçün “Torpaq vergisinin bəyannaməsi” təqdim edilməmişdir. Yaranmış kənarlaşma üzrə 7200,00 manat torpaq vergisi hesablanılması nəzərdə tutulmuşdur. Bununla bağlı vergi ödəyicisinə 19 avqust 2020-ci il tarixli **********196100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən 24 sentyabr 2020-ci il tarixli **********097000 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 7200,0 manat vergi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********318600 və **********322100 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının nəticəsinə əsasən xx.xx.2021-ci il tarixli **********916200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar çıxarılmış və həmin qərarda İddiaçı digər hesabat dövrləri üzrə torpaq vergisi öhdəliyinin müəyyən edilməsi məqsədilə kameral vergi yoxlamasının keçirilməsi məsələsinə baxılması tapşırılmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə “Torpaq vergisinin bəyannaməsi” göstəricilər olmadan təqdim edilmiş və hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədiyinə görə vergi orqanı tərəfindən hesablanmış vergi məbləği bərpa edilmiş və xx.xx.2021-ci il tarixli **********822100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il torpaq vergisi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək, əlavə 2 bölməsində 10000,0 kv m torpaq sahəsi bəyan edilməklə 1000,0 manat və xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş bəyananmə təqdim edilərək, əlavə 2 bölməsində 9000,0 kv m torpaq sahəsi bəyan edilməklə 900,0 manat vergi məbləğləri hesablanılaraq hesablanılmış vergi məbləği azaldılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının qanununun 80.1.1-ci maddəsinə əsasən “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********916200 nömrəli qərar və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun 75.1.3-cü maddəsinə əsasən “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərar qəbul edildiyindən hesablanılmış vergi məbləğləri bərpa edilmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********391200 nömrəli və xx.xx.2023cü il tarixli **********276000 nömrəli elektron kameral hesablama barədə qərarlar göndərilmişdir. İddiaçı MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********843800 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********318600 və **********322100 nömrəli) inzibati şikayət qaydasında müraciət etmişdir. Şikayətlərin ətraflı araşdırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən cəmiyyətə “Müraciətə baxılması haqqında” xx.xx.2021-ci il tarixli **********325800 nömrəli məktub göndərilərək torpaq sahəsinin Cəmiyyətin mülkiyyətindən, sahibliyindən və ya istifadəsindən çıxarılması barədə müvafiq təsdiqedici sənədlərin xx.xx.2021-ci il tarixədək mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq elektron kargüzarlıq vasitəsilə təqdim edilməsi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********843800 nömrəli) məktubun icra müddəti uzadılmış və xx.xx.2021-ci il tarixli **********615500 nömrəli məktubla məlumat verilmişdir. Şikayətlər üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə bir nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin 2020-ci ilin torpaq vergisi üzrə hesablanmış vergi məbləği ilə əlaqədar inzibati şikayətləri təmin edilməməlidir. Cəmiyyətin rəhbəri ilə (050) ***-**-** və özünü vergi ödəyicisinin nümayəndəsi kimi təqdim edən şəxslə (070) ***-**-** nömrəli telefonla əlaqə yaradılaraq kameral vergi yoxlamasının əsasları izah olunmuş, mülahizələri dinlənilmiş, həmin şəxslər tərəfindən Abşeron rayon X5 ilə cəmiyyət arasında bağlanmış xx.xx.1998-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi, X5 ünvanda yerləşən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının 5,0 hektar torpaq sahəsinin cəmiyyətə icarəyə verilməsinə baxmayaraq, faktiki olaraq 1,0 hektar torpaq sahəsindən istifadə edildiyi bildirilmişdir. Eyni zamanda müraciətdə qaldırılan məsələlərin birgə araşdırılması məqsədilə Cəmiyyətin rəhbəri Nümayəndə2 və səlahiyyətli nümayəndəsinin araşdırmada iştirakı təmin edilmişdir. Görüş zamanı, Cəmiyyətin rəhbəri tərəfindən həm telefon danışıqları zamanı, həm müşahidə baxış zamanı təqdim etdiyi izahatda, həm də vergi orqanına onlayn kargüzarlıq vasitəsilə təqdim etdiyi izahatlarda qeyd edilmiş məlumatlar bir daha təsdiqləmiş, Abşeron rayon X5 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.1998-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi, X5 ünvanda yerləşən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının 5,0 hektar torpaq sahəsinin Cəmiyyətə icarəyə verilməsinə baxmayaraq, faktiki olaraq 1,0 hektar torpaq sahəsindən istifadə edildiyi bildirilmişdir. Araşdırma zamanı, Abşeron rayon X5 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.1998-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi, X5 ünvanda yerləşən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının (hal-hazırda Qaradağ rayonu inzibati ərazisində yerləşən) 5,0 hektar torpaq sahəsinin Cəmiyyətə icarəyə verildiyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 18/319 saylı məktuba qoşma olaraq əlavə edilmiş 5GK statistik balans hesabatına əsasən cəmiyyətin “Sahil” əhəngdaşı yatağında istifadəsində 5,0 hektar torpaq sahəsinin olması barədə məlumatın əks etdirildiyi müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 2/11 nömrəli məktubda İddiaçı Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Sahil” daş yatağında fəaliyyət göstərdiyi, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Cəmiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam, icarə müqaviləsinin verilmədiyi bildirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 7-109/17 nömrəli məktubda İddiaçı ilə dövlət torpaqlarının icarəyə verilməsi ilə bağlı icarə müqaviləsinin bağlanmadığı bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məktubda Cəmiyyətin adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

7. Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-754/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılmış inzibati icraat materialları ilə iddiaçının istifadəsində 5.0 ha torpaq sahəsinin olması öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 2/11 nömrəli məktubda İddiaçı Qaradağ rayonun inzibati ərazisində yerləşən “Sahil” daş yatağında fəaliyyət göstərdiyi, Abşeron rayon X5 iklə cəmioyət arasında bağlanmış xx.xx.1998-ci il və xx.xx.2023-cü il tarixli icarə müqavilələrinə əsasən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının 5.0 ha hissəsinin cəmiyyətə icarəyə verildiyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli 18/319 saylı məktuba əlavə edilmiş 5GK statistik balans hesabatına əsasən cəmiyyətin “Sahil” əhəngdaşı yatağında istifadəsində 5.0 ha torpaq sahəsinin olması barədə məlumatın əks etdirildiyi müəyyən edilmişdir.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar qanunsuzdur: birincisi, vergi orqanı tərəfindən vergi ödəyicisinə 5.0 ha torpaq sahəsinə dair vergi hesablansa da, qeyd edilən dövr üzrə vergi ödəyicisinin istifadəsində 5.0 ha torpaq sahəsi mövcud olmamışdır; ikincisi, vergi ödəyicisinin istismar etdiyi yataq sahəsinin torpaq sahəsi kimi təsnifləndirilib icarə torpağı kimi qiymətləndirilməsi qanunsuzdur və bunun üçün hüquqi əsas yoxdur. İstismar aparılan sahənin təsnifatı bütün sənədlərdə yataq sahəsi olaraq göstərilmiş, həmçinin torpaq sahəsinin icarəyə verilməsinə dair vergi orqanı tərəfindən heç bir hüquqi sənədə istinad olunmamışdır; üçüncüsü, vergi orqanı və eyni zamanda məhkəmə yataq sahəsinin ölçüsünün hazırki iş üzrə heç bir əhəmiyyət kəsb etmədiyini, burada əsas məsələnin istismar olunan sahədə yerləşən kütlənin miqdarının olduğunu nəzərə almamış, vergi ödəyicisinin istifadəsində vergi tutma dövründə cəmi 1.0 ha torpaq sahəsinin olmasına əhəmiyyət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni təmsilçisi, vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 73. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3 qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.6.Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Maddə 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyrirezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Maddə 204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verirlər. Hüquqi şəxs və ya qeyrirezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur. Maddə 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Maddə 208.4. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. Maddə 208.5. Fiziki şəxslər tərəfindən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdən görünür ki, Abşeron rayon X5 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.1998ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi, X5 ünvanında yerləşən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının (hal-hazırda Qaradağ rayonu inzibati ərazisində yerləşən) 5,0 hektar torpaq sahəsi Cəmiyyətə icarəyə verilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 18/319 saylı məktuba qoşma olaraq əlavə edilmiş 5GK statistik balans hesabatına əsasən cəmiyyətin “Sahil” əhəngdaşı yatağında istifadəsində 5,0 hektar torpaq sahəsinin olması barədə məlumat əks olunmuşdur.

20. İddiaçı icarəsində olan 5.0 torpaq sahəsinin faktiki olaraq 1.0 ha hissəsinin istismar edildiyi, əvvəlki illər üzrə istismar nəticəsində ehtiyatların tükəndiyini, bununla da vergi orqanının vergitutma obyektini düzgün müəyyən etmədiyini əsas gətirərək vergi məbləğinin düzgün hesablanmadığını iddia edir və apellyasiya şikayətində də həmin hala istinad edir.

21. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş, cavabdehin etirazının dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, vergi orqanının qərarları qanuni və əsaslıdır.

22. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər həmin qərarların ləğv edilməsinə əsas ola bilməz.

23. Belə ki, cavabdeh tərəfindən aparılmış inzibati icraat materialları ilə iddiaçının istifadəsində 5.0 ha torpaq sahəsinin olması öz təsdiqini tapmışdır.

24. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 2/11 nömrəli məktubda İddiaçı Qaradağ rayonun inzibati ərazisində yerləşən “Sahil” daş yatağında fəaliyyət göstərdiyi, Abşeron rayon X5 ilə cəmiyyət arasında bağlanmış xx.xx.1998-ci il və xx.xx.2023-cü il tarixli icarə müqavilələrinə əsasən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının 5.0 ha hissəsinin cəmiyyətə icarəyə verildiyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 18/319 saylı məktuba əlavə edilmiş 5GK statistik balans hesabatına əsasən cəmiyyətin “Sahil” əhəngdaşı yatağında istifadəsində 5.0 ha torpaq sahəsinin olması barədə məlumatın əks etdirildiyi müəyyən edilmişdir.

25. İddiaçı hazırda ona istinad edir ki, icarə haqqı üzrə borcun hesablanması əsassız olmuşdur.

26. xx.xx.2021-ci il tarixli **********916200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarla müəyyən olunur ki, “...vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə “Torpaq vergisinin bəyannaməsi” göstəricilər olmadan təqdim edilmiş və hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədiyinə görə vergi orqanı tərəfindən hesablanmış vergi məbləği bərpa edilmiş və xx.xx.2021-ci il tarixli **********822100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il torpaq vergisi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək, əlavə 2 bölməsində 10000,0 kv m torpaq sahəsi bəyan edilməklə 1000,0 manat və xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş bəyananmə təqdim edilərək, əlavə 2 bölməsində 9000,0 kv m torpaq sahəsi bəyan edilməklə 900,0 manat vergi məbləğləri hesablanılaraq hesablanılmış vergi məbləği azaldılmışdır.

27. Göründüyü kimi, iddiaçının özünün də təqdim etdiyi bəyannamələrdə torpaq sahəsi üçün vergilərin hesablandığı müəyyən olunmuşdur. 5 ha torpaq sahəsinin istifadə olunmaması, hazırda hasilat sahəsinin azalması səbəbindən vergi məbləğinin yalnız faktiki istifadə olunan sahəyə hesablanmalı olması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

28. Kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, lakin vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür.

29. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları).

30. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, vergi orqanın qərarları qanunun tələblərinə uyğun qəbul edildiyindən onların ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan təmin edilə bilməz.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-754/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar