Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-476/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı Zaşir oğlunun vəkili və nümayəndəsi X1, cavabdeh Quba Bələdiyyəsinin vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş hər sotu 500 manata olmaqla, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2-1(118)-647/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş hər sotu 500 manata olmaqla, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.06.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Quba şəhəri, 32-33-cü məhəllədə 182,60 kv m ölçüdə qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Göstərilən qeyri-yaşayış binasının (“Sərfəli market”) çıxışı Həsən Əliyev küçəsinə baxır. Həmçinin göstərilən küçə ilə paralel olan Eldar Zamanov küçəsinə çıxışı olmaqla, iddiaçının atası X5 məxsus fərdi yaşayış evi yerləşir. Mağaza binası ilə yaşayış evinin arasında 2 sot torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. Həmin 2 sot torpaq sahəsinin sol və sağ tərəfləri başqa şəxslərin yaşayış evləridir. Göstərilən torpaq sahəsinin iddiaçının mağaza binasının yanından 80 santimetr enliyində Həsən Əliyev küçəsinə çıxışı vardır. Torpaq sahəsinin yerləşməsi elədir ki, onun hansı kənar bir şəxsə satılaraq, müstəqil şəkildə istifadə olunması qeyri-mümkündür. Göstərilən torpaq sahəsi bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi kimi ancaq iddiaçıya satıla bilər. Bununla əlaqədar, həmin torpaq sahəsinin Quba şəhərində bələdiyyə tərəfindən həyətyanı torpaq sahələrinin vətəndaşlara satışı üçün müəyyən olunmuş 1 sota 500 manat qiyməti ilə hərrac keçirilmədən ona satılması üçün qərar verilməsini və müvafiq prosedurlara başlanılmasını Quba bələdiyyəsindən dəfələrlə xahiş etmişdir. Lakin bələdiyyə hərəkətsizlik göstərərək onun müraciətinə hər hansı cavab verməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(118)-647/2021 saylı qərarı ilə iddia rədd edilmişdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Sumqayıt İnzibati Məhkəməsinin qərarını aşağıdakı səbəblərdən düzgün hesab etmir və iddiası tam əsaslıdır. Belə ki, məhkəmə qərar çıxararkən mübahisə predmeti olan torpaq sahəsinin satılmasının bələdiyyənin direksion səlahiyyəti olduğunu bildirir. Lakin elə hakimin qərarında əsaslandığı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında’’ Azərbaycan Respublikasının Qanununda göstərilir ki, bu Qanun qüvvəyə minənə kimi fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadıqda bu torpaq sahələri vergiyə cəlb edilməklə, qanunvericilikdə müəyyən olunmuş qaydada onlardan istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və icarəsinə verilə bilər. Ona 03.06.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Quba şəhəri, 32-33-cü məhəllədə 182,60 kvadratmetr ölçüdə qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Göstərilən qeyri-yaşayış binasının (“Sərfəli market”) çıxışı Həsən Əliyev küçəsinə baxır. Həmçinin göstərilən küçə ilə paralel olan Eldar Zamanov küçəsinə çıxışı olmaqla, atası X5 məxsus fərdi yaşayış evi yerləşir. Mağaza binası ilə yaşayış evinin arasında 2 sot torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. Həmin 2 sot torpaq sahəsinin sol və sağ tərəfləri başqa şəxslərin yaşayış evləridir. Göstərilən torpaq sahəsinin onun mağaza binasının yanından 80 santimetr enliyində Həsən Əliyev küçəsinə çıxışı vardır. Torpaq sahəsinin yerləşməsi elədir ki, onun hansı kənar bir şəxsə satılaraq, müstəqil şəkildə istifadə olunması qeyri-mümkündür. Göstərilən torpaq sahəsi bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi kimi ancaq ona satıla bilər. Bununla əlaqədar, həmin torpaq sahəsinin Quba şəhərində bələdiyyə tərəfindən həyətyanı torpaq sahələrinin vətəndaşlara satışı üçün müəyyən olunmuş 1 sota 500 manat qiyməti ilə hərrac keçirilmədən ona satılmasına dair qərar verilməsi üçün müvafiq prosedurlara başlanılmasını bələdiyyədən yazılı şəkildə xahiş etsə də, bələdiyyə ərizəsinə cavab verməyib. Yuxarıda göstərilən halda bələdiyyənin heç bir direksion səlahiyyəıtindən söhbət belə gedə bilməz. Belə ki, göstərilən torpaq sahəsindən müstəqil şəkildə heç bir məqsəd üçün istifadə oluna bilməzsə, bələdiyyənin vəzifəsi həmin torpaqdan mümkün olan qaydada istifadə edib, torpağın səmərəli şəkildə satılmasını təşkil edib, bələdiyyə fonduna pul daxilolmalarını təmin etməlidir. Hakimin qərarından isə belə çıxır ki, torpaq bələdiyyənin mülkiyyətindədirsə, deməli, bələdiyyə həm bələdiyyənin maraqlarına zidd olaraq, həm də vətəndaşların maraqlarına, cəmiyyətin maraqlarına zidd olaraq, həmin torpağı tam səmərəsiz şəkildə dondurulmuş vəziyyətdə saxlamalıdır. Hakim qərarda bələdiyyə torpaqlarının satılması prosedurunu sadalayır və bunu iddianın rədd olunması üçün əsas kimi gətirir. Lakin o, bələdiyyəyə ərizə ilə müraciət edərkən torpağın ona satılması üçün bu prosedurlara da başlanılmasını xahiş etmişdir. Hakim bələdiyyənin onun ərizəsini cavabsız qoymasını, bələdiyyənin nümayəndələrinin məhkəmədə iştirak etməmələrini nəzərə almamışdır. Qərarda göstərilir ki, cavabdeh tərəfindən məhkəməyə iddiaya etiraz təqdim olunmuşdur. Lakin qərarın çıxarıldığı 20 aprel 2021-ci il tarixinə qədər cavabdeh tərəfindən məhkəməyə heç bir sənəd təqdim olunmamışdır. Hətta hakim bələdiyyəyə iddiaya münasibət bildirilməsi barədə əlavə sorğu göndərməsinə baxmayaraq, bu sorğuya da cavab verilməmişdir. Cavabdehin nümayəndələri heç məhkəmə iclasında iştirak etməmişdir. Belə məlum olur ki, qərar elan olunduğu 20 aprel tarixindən sonra cavabdehin etirazı işə əlavə olunmuşdur ki, bu da qəti şəkildə yolverilməzdir. Əgər məhkəmə zamanı cavabdehin etirazı məhkəməyə daxil olmuşdusa niyə görə həmin etirazın surəti onun nümayəndəsinə təqdim olunmamışdır? Əgər etibarnamə nümayəndəsinə təqdim olunubsa, onun təqdim olunması barədə niyə məhkəmə işində nümayəndənin imzası yoxdur? Göstəriləni o da sübut edir ki, qərar 20 aprel tarixində elan olunsa da, məhkəmə tərəfindən ona heç də məhkəmənin məktubunda göstərilən 05 may tarixində yox, poçt zərfinin üzərindəki 25 may tarixində göndərilmişdir ki, bu da İPM-nin tələblərinin pozulmasıdır. Belə ki, İPM-nin 75.2-ci maddəsinə əsasən, “Yazılı formada tam məhkəmə qərarı” onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 15 gündən gec olmayaraq məhkəmənin dəftərxanasına verilməlidir. Əslində məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin Quba Bələdiyyəsi tərəfindən niyə görə ona satılmamasının səbəblərini müəyyənləşdirməli idi və torpaq sahəsinin satılmadan saxlanılmasının torpağın mülkiyyətçisi Quba bələdiyyəsinin maraqlarına yuxarıda göstərdiyi səbəblərdən zidd olduğunu nəzərə almalı idi. Bu səbəbdən apelyasiya şikayətinə apelyasiya instansiyası məhkəməsində baxılarkən göstərilənlərin nəzərə alınmasını Sumqayıt Apelyasiya Məhkəməsindən xahiş etmişdir. Cavabdeh Quba Bələdiyyəsinin vəkili və nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(118)- 647/2021 saylı qərarından verilmiş apeylasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin mümkün saylımaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Zaşir oğlunun vəkili və nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddanın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Quba Bələdiyyəsinin vəkili və nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normaları düzgün tətbiq olunmamış, maddi hüquq normalarının düzgün tətbiq olunması üçün isə geniş həcmdə sübutlar araşdırılmalı olduğu halda, bunlar edilməmişdir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən «Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb olunur». Lakin birinci instansiya məhkəməsi həmin maddi hüquq normasının tələblərini nəzərə almadan, iddia tələbinin əsaslı olub-olmamasına dair sübutları ümumiyyətlə araşdırmamışdır. Belə ki, satılması tələb olunan torpaq sahəsinin nə vaxtdan iddiaçının istifadəsində olmasını, həmin torpaq sahəsinin harada yerləşməsinin, həmin torpaq sahəsi məhz iddiaçıya satılarkən başqa şəxslərin hüquqlarının pozulub-pozulmamasını, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» əsasnamənin 18-ci bəndinə müvafiq olaraq qeyd olunan torpaq sahəsinin normativ qiymətini müəyyən etməmişdir. İPM-nin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prossesual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiya məhkəməsi barəsində şikayət vermiş məhkəmə qərarını ləğv edərək işi inzibati məhkəməyə gödərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2-1(118)-647/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş hər sotu 500 manata olmaqla, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş yenidən baxılması üçün Sumqayft İnzibati Məhkəməsinə göndərilsin. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-476/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-476/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver