Məhkəmə qərarları › İş №2-1(105)-476/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-476/2022

07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-476/2022 07.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli **********396500 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(118)-69/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Kameral vergi yoxlaması üçün zəruri olan sənədələrin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 2 saylı ƏVBİ tərəfindən İddiaçı sənədlərin təqdim edilməsi tələb olunmuşdur.

2. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********396500 saylı qərarından görünür ki, İddiaçı barəsində kameral qaydada yoxlama keçirilmiş və 2019-cu il dövrü üzrə 33288,05 manat məbləğində gəlir vergisi hesablanmışdır.

3. 15 yanvar 2021-ci il tarixli **********104200 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərardan görünür ki, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldırlması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********396500 nömrəli qərarı qüvvədə saxlanılmışdır.

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli **********396500 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq VÖEN almış, üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 33617,89 manat gəlir vergisi hesablanaraq barəsində xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Həmin qərarla bağlı 2018-ci ilin 4-cü rübü və 2019-cu ilin 1-ci və 2-ci rübləri üçün dəqiqləşmiş vergi bəyannamələri təqdim etmişdir. Bəyannamələrə əsasən vergi orqanı tərəfindən 2019-cu il üzrə 33288.05 manat gəlir vergisi hesablanaraq barəsində xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bununla bağlı Dövlət Vergi Xidmətinə etdiyi inzibati şikayət xx.xx.2021-ci il tarixli qərarla rədd edilmişdir.

6. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, vergi ödəyicisi xx.xx.2020-ci il tarixli müraciətində beton istehsalı zamanı istifadə olunan 121.111 manat dəyərində qum və qırma daş xammalının, istehsal sexinin yerləşdiyi ərazidə su xəttinin olmaması ilə əlaqədar olaraq beton qarışığında istifadə edilən 1095.0 manat dəyərində suyun, istehsal olunan betonin daşınması və nasosla pompalanması ilə bağlı 42511,40 manat dəyərində xidmətin alınması üçün ödənilmiş vəsaitin gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid etmiş və alış aktları araşdırmaya təqdim etmişdir. Bundan başqa vergi ödəyicisi “malların alış aktları”ndakı məlumatlara əsasən vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən “Malların alış aktları” ilə rəsmiləşdirməklə alınan 121.111,0 manat dəyərində qum və daş xammal materiallarının həm də fərdi sahibkar tərəfindən eyni qiymətə elektron qaiməfaktura əldə etməklə vergi ödəyicisindən aldığı müəyyən edilmişdir ki, bununla da həmin malları elektron qaimə-faktura ilə əldə etmək mümkün olduğu halda “malların alış aktı” ilə alındığı müəyyən edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş malların alış aktlarındakı məlumatlara əsasən vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslər tərəfindən göstərilən daşıma və pompa xidmətlərinin bir günlük faktiki iş həcminin reallığa uyğun olmadığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

7. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(118)-69/2022 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlrilərin və xərclrin uçotununun aparılması Qayda”sına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq istehsal sahəsində fəaliyyət göstərənvergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirin və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanılmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Qaydanın 3.-ci bəndinə əsasən istehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslıərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. “İstehsal ehtiyatlarının alış aktı”nda satıcınınşəxsiyyətini təsdiq edən sənədin məkumatlarının (FİN sertiyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə istinad edilmişdir. 37-ci maddə vergi orqanı tərəfindən kameral vergi yoxlamasının aparılmasını əhatə edən ümumi müddəalardır. Belə ki, kameral vergi yoxlamasının hansı formada aparılmasını, hansı müddətdə aparılmasını və qaydalarını əhatə edir. 67-ci maddəs isə Vergi orqanı tərəfindən ayrı-ayrı hallarda əlaqəli məlumatlar əsasında vergilərin hesablanması prinsipləridir. Burada da əsasən vergi ödəyicisinin əvvəlki hesabat dövrlərinə, həmçinin mənbəyi bəlli olan digər rəsmi məlumatlara əsaslanmaqla hesablamalar aparılır. Eyni zamanda məhkəmə həmçinin Vergi Məcəlləsinin maddələrindən kənar və vergi hesablamalarının təqdimi ilində electron alış aktı anlayışının olmamasına baxmayaraq bu hissədə də obyektiv araşdırma aparmamışdır. Belə ki, məhkəmə özü 67-ci maddənin müddəalarını düzgün araşdırıb qiymət versə idi, vergi orqanının qərarının səhv olduğu nəticəsinə gələcək idi. Ekspert rəyi olan hissə də isə əlavə sənədlər təqdim etmələrinə baxmayaraq vəsatətləri məhkəmə tərəfindən təmin edilməmiş, iş ekspertizaya tam araşdırılmaq üçün göndərilməmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2020-ci il tarixli qərarında bu maddənin tələbinə zidd olaraq vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq çox səthi və formal formada hazırlanmışdır. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normative hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-cimaddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu electron formatda aparıldığı halda, özünün və filiallarının electron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. 132-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 133-cü maddəsinə əsasən vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.

15. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlrilərin və xərclrin uçotununun aparılması Qayda”sına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirin və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanılmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Qaydanın 3.-ci bəndinə əsasən istehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslıərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. “İstehsal ehtiyatlarının alış aktı”nda satıcınınşəxsiyyətini təsdiq edən sənədin məkumatlarının (FİN sertiyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

16. İnzibati Prosessual Məcəllə: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdən görünür ki, kameral vergi yoxlaması üçün zəruri olan sənədələrin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubla cavabdeh tərəfindən iddiaçıdan sənədlərin təqdim edilməsi tələb olunmuş, cavabdehin xx.xx.2020-ci il tarixli **********396500 saylı qərarı ilə İddiaçı barəsində kameral qaydada yoxlama keçirilmiş və 2019-cu il dövrü üzrə 33288,05 manat məbləğində gəlir vergisi hesablanmışdır.

20. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasına dair inzibati şikayətinin təmin edilməməsi haqqında xx.xx.2021-ci il tarixli **********104200 saylı qərarla fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldırlması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********396500 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Həmin qərardan görünür ki, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması məqsədi ilə vergi orqanına ünvanladıöğı birinci müraciəti üzrə gətirmiş olduğu əsasların inzibati araşdırma dövründə təsdiqedici sənəd və məlumatlar ilə təsdiqlənmədiyini, daha sonra təkrar müraciət edərək yeni əsasların olduğunu iddia etdiyini, lakin təsdiqedici sənədlərin araşdırmaya təqdim olunmadığını, dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməklə hesablanmış vergi məbləğini azaltdığını, bu halların fərdi sahibkar tərəfindən iqtisadi fəaliyyətin şəffaflığının təmin etmədən gəlir və xərclərinin uçotunun qanunvericiliyin tələblətinə uyğun aparmamaqla vergi üstünlüyü əldə olunması məqsədi ilə aparılmasını şərtləndirdiyini, habelə 2019-cu il üçün gəlir vergisi bəyannaməsinin gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərə aid edilən 137808,90 (195000,00-57191,10) manat dəyərində xərc məbləğinin uçot baza məlumatları ilə təsdiqni tapmadığını və bunun əksinin sübuta yetirilmədiyini, 66060,40 manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlərin hesabat dövrü ərzində aparılmadığı nəzərə alınmaqla vergi ödəyicisinin şikayəti nəzərə alınmamalıdır.

21. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş, cavabdehin etirazının dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, vergi orqanının qərarı qanuni və əsaslıdır.

22. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər həmin qərarın ləğv edilməsinə əsas ola bilməz.

23. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının vergi orqnının qərarının ləğv edilməsinə yönəlmiş dəlilləri ətraflı araşdırılmış, cavabdeh tərəfindən müvafiq sənədlər təqdim edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısına aşağıdakı suallar qoyulmuşdur: 1.İddiaçı 2019-cu il üzrə gəlir vergisi nə qədər təşkil etmişdir ? 2.İddiaçı 2019-cu il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsi təqdim edilmiş xərc sənədlərinə uyğundurmu ? 2. Vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması zamanı 2019-cu il üzrə müəssisənin gəlir vergisi düzgün hesablanmışdırmı?

24. Ekspertin vəsatətinə əsasən iddiaçının vəkili tərəfindən iddiaçının 2019-cu ildə fəaliyyəti üzrə apardığı əməliyyatlara görə hesablanmış vergilərə dair 73 vərəqdə sənədlər ekspertizaya təqdim edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7608 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləği 33288.05 manat müəyyən olunur.

25. Ekspert rəyində həmçinin göstərilmişdir ki, iş materiallarında müəssisənin fəaliyyəti ilə bağlı sənədlər (əmək haqqı xərci, sosial ayırmalar, enerji xərci və s.) tam şəkildə mövcud deyildir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verərək, mühasibatlıq ekspertizasının aparılması üçün mühasibat sənədlərinin Məhkəmə Ekspertiza Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətdə göstərilən mühasibat sənədlərinin təqdim edilməsi və bunun nəticəsindən asılı olaraq vəsatətə baxılması xx.xx.2022-ci il tarixə təxirə salınmış, lakin iddiaçının nümayəndəsi hər-hansı əlavə mühasibat sənədi təqdim etməkmiş, bu səbəbdən də ekspertiza təyin edilməmişdir.

26. Kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, lakin vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür.

27. Hazırkı işdə iddiaçı cavabdeh vergi orqanının qərarını mübahisələndirməklə iddia ərizəsində “qərarı əsassız hesab edirəm və qərar ləğv edilməlidir” kimi ümumi sözlər qeyd etmiş, “qərarın əsassızlığı ilə bağlı sənədlər və idda ərizəsinə əlavə” təqdim edəcəyini göstərmişdir. Lakin iddiaçı istər sonradan təqdim edilmiş yuxarıda istinad edilən 73 vərəqdə sənədlərlə, istərsə də digər sübutlarla cavabdeh vergi orqanının hesablamalarının səhv olduğunu, bununla da qəbul edilmiş qərarın ləğv edilməli olmasını sübuta yetirə bilməmişdir.

28. Əksinə, vergi orqanının etirazı, təqdim edilmiş sübutlar və ekspert rəyi ilə iddiaçıya müvafiq dövr üzrə verginin düzgün hesablandığı birinci instansiya məhkəməsnin xidməti vəzifəsinə görə apardığı araşdırma nəticəsinə öz təsdiqini tapmışdır.

29. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş alış aktlarındakı məlumatlardan görünür ki, vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən malların alınması alış aktı ilə rəsmişləşdirilməklə alınan 121111,0 manat dəyərində qum və daş xammal materiallarının həm də fərdi sahibkar tərəfindən eyni qiymətə elektron qaimə faktura əldə etməklə vergi ödəyicilərindən aldığı müəyyən edilmişdir ki, bununla da həmin malları elektron qaiməfaktura ilə əldə etmək mümkün olduğu halda “malların alış aktı”ilə alındığı müəyyən edilmişdir. Bundan əlavə iddiaçı kassa metodu ilə uçot aparan vergi ödəyicisi olduğu halda 66060,40 manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlərin hesabat dövrü ərzində aparılmadığı müəyyən edilmişdir. Ümumilikdə iddiaçının dəqiqləşdirilmiş bəyannamə ilə xərclərə aid edilən 137808,90 (195000,00-57191,10) manat dəyərində xərc məbləğinin uçot baza məlumatları ilə təsdiqni tapmadığı müəyyən olunmuşdur.

30. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011-ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları).

31. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, vergi orqanın qərarı qanunun tələblərinə uyğun qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan təmin edilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(118)-69/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar