Məhkəmə qərarları › İş №2-1(105)-476/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-476/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-476/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı reyestr nömrəli bağışlama müqaviləsi əsasında əldə etdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 45.88 kv.metr ümumi sahəyə malik qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)- 407/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 10 yanvar 1995-ci il tarixli 23 saylı sərəncam əsasında “Talışso” kiçik müəssisəsinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 36 kv.metr torpaq sahəsində layihəyə uyğun olaraq mağaza tikintisinə icazə verilmişdir. “Talışso” kiçik müəssisəsinin adına 142 nömrəli, 10 avqust 1996-cı il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən qeyri-yaşayış binası xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Sonuncunun adına 142 inventar nömrəli, 19 qeyd nömrəli qeyri-yaşayış obyektinə dair texniki pasport da tərtib edilmişdir. Sözügedən qeyri-yaşayış obeykti xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X6 tərəfindən İddiaçı bağışlanılmışdır. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək qeyri yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh 10 aprel 2023-cü il tarixliməktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Nazirlər Kabnetinin yanında Mənzil Təsarüffatı Komitəsini Baş Dövlət İnvertarlaşdırma və mülkiyyət hüququnun qediyyat İdarəsi tərəfindən verilən invertar nömrəsi 142 19 saylı qediyyat vəsiqəsinin əsasında hazırlanan qeyri yaşayış binasının texniki pasportunda göstərilən 54,60kv/m - nin etibarlı hesab edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinə iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı reyestr nömrəli bağışlama müqaviləsi əsasında əldə etdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 45.88 kv.metr ümumi sahəyə malik qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin apellyasiya məhkəməsində ərizəsinə yenidən dəqiqləşmə təqdim edərək, iddia tələbinin həcminin azaldılmasının nəzərə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 10-cu mikrorayon ərazisində Sumqayıt İcra Hakimiyyəti tərəfindən xx.xx.1995-ci ildə 23 nömrəli sərəncamı əsasında invertarlaşdırma 142 nömrə ilə 19 saylı qeyri yaşayış binasının texniki pasportunda 54,60 kv metr göstərilmişdir. 19 nömrəli qediyyatı vəsiqəsinin üzərində ayrılan mülkiyyətin hüquqi əsasını göstərilən qrafada rəqəm göstərmək əvəzində bütöv sözü göstərilmişdir. 2023-cü ildə mülkiyyətində olan ünvanda göstərilən 54,60 kv.metr ticarət obyektini oğluna rəsmi qaydada pay verdikdə məlum oldu ki, Daşınmaz Əmlakın bağışlanması müqaviləsində 45,88 kv/m göstərildi. Ona görə də alqı -satqı müqaviləsində 54,60 kv/m göstərmək əvəzində 45,88 kv/m göstərildiyi üçün həmin müqavilədən imtina etmişdir. 28 dekabr 2022-ci ildə 223/120204079 saylı bildirişində mübahisəli obyektin hüquqverici qediyyatı olmaması nəzərdə tutulan qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquq verici sənədin olmamasıdır. Əvvəl ki, reyestr qeydiyyatında əlavə olunmuş İcra Hakimiyyətinin sərəncamına əsasında 142 invertarlaşma nömrə ilə, 19 saylı qediyyat vaxtında 54,60kv/m torpaq sahəsinin hüquqverici sənədlər əsasında reyestrdən çıxarış vermişdir. Təkrar müraciət 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətin əsasında 10 aprel 2023-cü ildə 3-21-3/1-20033-8/2023 saylı cavab məktubunda sözügedən torpaq sahəsinin arxiv məlumatlarında qeyri-yaşayış torpaq sahəsinə dair hüquqverici sənəd aşkar olumadığını göstərir. Bundan başqa təkrarən cavabdehə 11,07.2023-cü ildə müraciət etmişdir. xx.xx.2023-ci il tarixdə mübahisəli 54.60 km obyektdə əlavə olaraq 28.2 km torpaq sahəsi artıq olduğunu göstərmişdi, rədd edilmişdir. Mübahisəli obyektin genişləndirmək məqsədi ilə əlavə olaraq həmin obyektə bitişik 76.4 km torpaq sahəsinin üzərində tikinti işlərinin aparmaq üçün 10 dekabr 2001-ci ildə Sumqayıt Bələdiyəsi 23 nömrəli qərar çıxarmışdır. Bələdiyyənin qərarına əsasən 200 nömrəli torpağın inşaat pasportunun Sumqayıt Bələdiyyəsi təsdiq etmişdir. Sadəcə maliyyə imkanı ilə əalqədar olaraq həmin 76.4 km torpaq sahəsinin alqı-satıqı aparmamışdır. Hal-hazırda 54.60 km +75.4 km= 130 km torpaq sahəsi istifadəsindədir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq, sözügedən qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər müraciətə əlavə edilmədiyi üçün İddiaçıya “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli fərmanının 1-ci bəndinə uyğun olaraq, mövcud daşınmaz əmlaka və onun yerləşdiyi torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməsi tövsiyə olunmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində hüquqlar xx.xx.2000-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. 1998-ci il tarixli texniki pasportda tiktintialtı sahə 54.6 kv.m göstərilsə də, qeyriyaşayış binasının sahəsi 45.88 kv.m qeyd edilmişdir. Göründüyü kimi iddiaçının tələbi əsassızdır. Belə ki, iddia edilən tiklinin sahəsi 45.88 kv.m, tikilinin yerləşdiyi torpaq sahəsi isə 54.6 kv.m təşkil edir. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı qeydiyyata alınmış qeyri-yaşayış binasının daxilində rekonstruksiya işlərinin aparıldığı, arakəsmə və qarşı divarın sökülərək 28.2 kv.m əlavə tikintinin inşa edildiyi müəyyən olunmuşdur. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 160 nömrəli “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” qaydaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 242.2-ci maddəsinə əsasən, istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-407/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı reyestr nömrəli bağışlama müqaviləsi əsasında əldə etdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 45.88 kv.metr ümumi sahəyə malik qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi müvafiq iş üzrə iddia tələbini təmin edərəkən əsassız olaraq Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 45.88 kv.metr ümumi sahəyə İddiaçı adına həmçinin texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Məhkəmə inzibati işin hərtərəfli araşdırmasını təmin etmək məqsədilə mütəxəssis rəyinin verilməsi üçün cavabdeh orqana sorğu ünvanlamışdır. Məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilərək təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1.1996-cı ildə tərtib edilmiş texniki pasportda göstərilmiş 54.6 kv.metr tikintialtı sahəyə malik olan qeyri-yaşayış binasında dəyişikliklər edilmiş, arakəsmə sökülmüş və tikintialtı sahəsi 28.2 kv.metr olan əlavə tikili inşa edilmişdir. 2. Qeyri-yaşayış binasının faktiki olaraq tikintialtı sahəsi 82.8 kv.metr təşkil edir. Göründüyü kimi sənəd üzrə qeydiyyata alınmış 45.88 kv.m sahə faktiki mövcud olmadığından həmin sahəyə yeni texniki pasportun hazırlanmasını mümkünsüz edir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qeyriyaşayış sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin həcminin azaldılmasının nəzərə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini İddiaçı xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı reyestr nömrəli bağışlama müqaviləsi əsasında əldə etdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 45.88 kv.metr ümumi sahəyə malik qeyri-yaşayış obyekti üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı sözügedən sənədlərin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili aşağıdakılardan ibarətdir: 1) iddia edilən tiklinin sahəsi 45.88 kv.m, tikilinin yerləşdiyi torpaq sahəsi isə 54.6 kv.m olduğu; 2) qeyri-yaşayış binasının daxilində rekonstruksiya işlərinin aparıldığı, arakəsmə və qarşı divarın sökülərək 28.2 kv.m əlavə tikintinin inşa edildiyinin müəyyən olunması 3) Sənəd üzrə qeydiyyata alınmış 45.88 kv.m sahə faktiki mövcud olmadığından həmin sahəyə yeni texniki pasportun hazırlanmasını mümkünsüzlüyü. Apellyasiya şikayətinin 1 və 2-ci dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 10 yanvar 1996-cı il tarixli 23 saylı sərəncam əsasında “Talışso” kiçik müəssisəsinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 36 kv.metr torpaq sahəsində layihəyə uyğun olaraq mağaza tikintisinə icazə verilmişdir. “Talışso” kiçik müəssisəsinin adına 142 nömrəli, 10 avqust 1996-cı il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən qeyri-yaşayış binası xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Sonuncunun adına 142 inventar nömrəli, 19 qeyd nömrəli qeyri-yaşayış obyektinə dair texniki pasport da tərtib edilmişdir. Daha sonra sözügedən qeyri-yaşayış obeykti xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X6 tərəfindən İddiaçı bağışlanılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı “Daşınmaz əmlakın bağışlanması müqaviləsində, eyni zamanda daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan müəyyən edilir ki, qeyri yaşayış sahəsinin ümumi sahəsi 45.88 kv.metr təşkil edir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim edilmiş müayinə aktında qeyd edilir ki, tikintinin ümumi sahəsinin hüquqməyyənedici sənəd üzrə 45.88 kv.metr, faktiki isə 76.9 kv.metr olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün cavabdeh orqana sorğu ünvanlamışdır. Məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilərək təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1996-cı ildə tərtib edilmiş texniki pasportda göstərilmiş 54.6 kv.metr tikintialtı sahəyə malik olan qeyri-yaşayış binasında dəyişikliklər edilmiş, arakəsmə sökülmüş və tikintialtı sahəsi 28.2 kv.metr olan əlavə tikili inşa edilmişdir. Qeyri-yaşayış binasının faktiki olaraq tikintialtı sahəsi 82.8 kv.metr təşkil edir. Göründüyü əvvəllər X4 faktiki istifadəsində olmuş qeyri-yaşayış sahəsi 45.88 kv.m olmuş, hazırda İddiaçı sənəd üzrə istifadədə olmuş və bağışlama müqaviləsi əsasında ona bağışlanmış həmin sahə (45.88 kv.m) üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmaq niyyətindədir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən daşınmaz əmlak üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - xx.xx.2022-ci il tarixli, 4Ə- 2558 nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsaslanır. İstinad olunan həmin normada daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədə malik olduğundan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası əsassızdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı “Daşınmaz əmlakın bağışlanması müqaviləsi iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin qeyri-yaşayış sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin 1-ci və 2-ci dəlilləri əsassız olduğu müəyyən edilir. Apellyasiya şikayətinin sonuncu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd olunan halları nəzərə almaqla məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq iddia tələbinin həcmini azaltmış və xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı reyestr nömrəli bağışlama müqaviləsi əsasında əldə etdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 45.88 kv.metr ümumi sahəyə malik qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin sonuncu dəlili həmin dəlilə uyğun olaraq iddia tələbinin həcmi azaldıldığına görə öz əhəmiyyətini itirir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı reyestr nömrəli bağışlama müqaviləsi əsasında əldə etdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 45.88 kv.metr ümumi sahəyə malik qeyriyaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-407/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli, 4Ə-2558 saylı reyestr nömrəli bağışlama müqaviləsi əsasında əldə etdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 45.88 kv.metr ümumi sahəyə malik qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar