Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-477/2022 30.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məmmədoviçin Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “bələdiyyənin qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icraata xitam verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2-1(118)- 224/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı Məmmədoviç cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, 07/04-18 saylı qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Xırdalan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisi kimi iddiaçının mülkiyyətində olan torpaq və əmlaka görə əmlak və torpaq vergisinin ödənilməsi üçün ümumilikdə 10399,2 manat ödənməmiş ümumi borcu müəyyən edilmiş, borc öhdəlikləri icra olunması üçün müvafiq olaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək iddiaçıya məxsus əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmiş, həmin təqdimat Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilmişdir. Yalnız bundan sonra iddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin qərarı ilə 10399,2 manat ödənməmiş ümumi borcunun müəyyən edilməsindən, həmin qərarın icra sənədi kimi icraya yönəldilməsindən xəbərdar olmuş, 2021-ci ilin iyun ayından sonra bələdiyyənin sözügedən qərarı ilə tanış olmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Qərarda 2009-cu il tarixdən başlayaraq 4800 manat icarə haqqı, 3212 manat faiz, o cümlədən istifadədə olan 0.80 ha torpaq sahəsinə görə 1920 manat torpaq vergisi, 467.2 manat faiz borcu, ümumilikdə 10399,2 manat borcun olması və həmin borcu ödəməməsi göstərilmişdir. Bildirir ki, qərarda 80 sot torpaq sahəsindən bəhs edilsə də, torpağın cəmi 57 sotu faktiki istifadəsindədir. Onun 39 sot hissəsi Abşeron Rayon Xırdalan bələdiyyəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış, 18 sot torpaq sahəsi xx.xx.2009-cu il tarixli illik icarə müqaviləsi əsasında 99 illiyə ona icarəyə verilmişdir. Əlavə olaraq 12 sot torpaq sahəsinin 4 sotu telekommunikasiya qovşağının, 8 sotu isə Azərenerjinin payına düşür. Hesab edir ki, cavabdeh qanunsuz olaraq 80 sot torpaq sahəsinin icarə haqqını hesablamışdır. Halbuki, cəmi 18 sot torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının istifadəsindədir və onun da icarə haqqını ödəmişdir. Bundan başqa iddiaçıya torpaq vergisi 2009-cu ildən başlayaraq hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Göründüyü kimi əmlak və torpaq vergisi son 3 ili əhatə etməlidir. İddiaçı qeyd edir ki, son üç ilin torpaq vergisini də ödəmişdir. Lakin, cavabdeh qanunsuz olaraq 2009-cu ildən bəri olan torpaq vergisini hesablamışdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Yenə həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə güzəşt və azadolmalar tətbiq edilir. Qeyd edir ki, həmin azadolmalar da nəzərə alınmaqla torpaq vergisi üzrə vergi öhdəliyini icra etmişdir. Bu səbəbdən, hesab edir ki, cavabdehin torpaq vergisinə görə borc hesablaması da qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Xırdalan bələdiyyəsinin 31 may 2020-ci il tarixli, 07/04-18 nömrəli qərarı ilə vergi ödəyicisi kimi iddiaçının mülkiyyətində olan əmlak və torpağa görə, əmlak və torpaq vergisinin ödənilməsi üçün ümumilikdə 10399,2 manat ödənməmiş ümumi borcu müəyyən edilmiş, borc öhdəlikləri icra olunması üçün müvafiq olaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək iddiaçıya məxsus əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmiş, həmin təqdimat Abşeron rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilmişdir. İddiaçı hər bir halda vergi və icarə borcunu ödəməlidir. O, torpaq vergisi və icarə haqqını ödəmədiyi üçün barəsində Xırdalan bələdiyyəsi tərəfindən qərar qəbul edilmiş və icraya yönəldilmişdir. Barəsində qəbul edilmiş qərar Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra iddaçı Xırdalan bələdiyyəsinin yerli büdcəsinə, ümumilikdə, 2065 manat məbləğində vəsait ödəmiş, lakin onun bu günədək yerli büdcəyə 4952 manat borcu qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2-1(118)-224/2022 nömrəli qərardadı ilə Abşeron rayon İcra və Probasiya şöbəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir (hakim İ.Quliyev). Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2-1(118)-224/2022 nömrəli qərardadı ilə “icra sənədi üzrə icraata xitam verilməsi hissəsində” iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2-1(118)-224/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 07/04-18 saylı qərarı ləğv edilmişdir (hakim İ.Quliyev). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı istifadəsində və icarəsində olan torpaq sahəsinə görə torpaq vergisi və icarə haqqı ödəməkdən yayınır. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 222.2-ci maddəsinə istinad edərək bu fəslin müddəalarının 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edildiyini, bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirildiyini, həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə güzəşt və azadolmalar tətbiq edildiyini, “İcra haqqında" Qanununun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verildiyini qeyd etmişdir. Lakin, məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 222.2-ci maddəsinə istinad edərkən yalnız 2020-ci il yanvarın 1-dən bir il müddətinə olan vergini nəzərə almaq əvəzinə qərarda göstərilən üç illik vergi öhdəliyini qiymətləndirməmiş, qərarı qismən ləğv etmək əvəzinə qərarı, ümumilikdə, ləğv etmişdir. Nəticədə Abşeron rayonu Xırdalan bələdiyyəsi yerli büdcəyə daxil olmalı olan vergi və icarə haqqında məhrum olmuşdur. Bununla yanaşı, iddiaçı ona 0,80 ha torpaq sahəsinə görə icarə haqqı, yəni 10399,2 manat borc hesablandığını iddia etmiş, lakin tərəflərindən təqdim edilən borca dair təsnifatda göstərildiyi kimi 0,80 ha torpaq sahəsinə deyil, cəmi 0,18 ha torpaq sahəsinə görə icarə haqqı hesablanmışdır. İddiaçı vergi və icarə haqqı üzrə borca görə Xırdalan bələdiyyəsinin yerli büdcəsinə cəmi, 2065 manat məbləğində vəsait ödəmiş, onun məhkəmə iclasında təqdim edilən borca dair təsnifata əsasən 4952 manat borcu qalmışdır. Hesab edir ki, məhkəmə Xırdalan bələdiyyəsinin təqdim etdiyi borca dair təsnifata lazımınca qiymət verməmişdir. İddiaçı iddia ərizəsində sözügedən torpaq sahəsinin 0,04 ha hissəsinin telekommunikasiya qovşağının, 0.08 ha hissəsinin Azərenerji ASC-nin payına düşdüyünü, yəni, ümumilikdə, 0,12 ha torpaq sahəsinin mühafizə zolağında yerləşdiyini və ona görə vergi ödəməməli olduğunu qeyd etmişdir. Lakin, məhkəmə mühafizə zolağında olan torpaq sahəsinə dair hər hansı rəsmi sənəd olmamasına, o cümlədən, mühafizə zolağında olan torpaq sahəsinin bələdiyyənin ərazisi olmasına qiymət verməmiş, əsassız olaraq bələdiyyənin qərarını ləğv etmişdir. Hesab edir ki, aralarında yaranmış hüquq münasibətləri vergi və icarə haqqının tutulması ilə bağlı yaranan mübahisə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 150-ci maddəsinin İİ hissəsinin, Vergi Məcəlləsinin 4.4, 11, 200.6, 203.2, 204, 205-ci maddələrinin və Mülki Məcəllənin 386.1, 389.1, 389.2, 709, 710-cu maddələrinin, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 217.3, 218.1, 220.4, 88-ci maddələrinin, o cümlədən Torpaq Məcəlləsinin 98, 99-cu maddələrinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə torpaq icarəsi ilə bağlı tələblər mülki xarakterli tələblər olduğu üçün vergi öhdəlikləri ilə eyni əsaslarla tələb edilməsinin mümkün olmadığını qeyd edərək qərar qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi həqiqəti ifadə edən faktları nəzərə alınmamış, iş tam, hərtərəfli araşdırılmadan və qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.6, 203.1, 203,2, 204, 205-ci maddələrinin tələblərini nəzər almamış, o cümlədən vergi və icarə haqlarının bir yerdə tələb edilməsinin qanunvericiliyə uyğun olmamasını əsas tutaraq qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə qərarında normativ hüquqi aktlara istinad etməli, öz qərarını qanunvericiliyə əsasən əsaslandırmalıdır. Lakin, məhkəmə qəbul etdiyi qərarda vergi və icarə haqqı borclarının bir yerdə tələb edilməsinin qanunvericiliyə uyğun olmamasını hüquq normalarına istinad edərək əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin dinlənilmə hüququnu təmin edib və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə görə icarə haqqı və vergi öhdəliklərinə görə yaranmış borclar mahiyyəti etibarı ilə ayrı-ayrı əsaslarla yaranmış borclardır və bu borcların bir inzibati akt formasında tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, torpaq sahəsinə görə icarə borcu mülki hüquq münasibətlərindən yaranan borcdur və bu borcun tələb edilməsi mülki hüquq münasibətlərini tənzimləyən normalar əsasında tələb edilə bilər. Məhkəmə hesab edir ki, bu hal mübahisələndirilən qərarın ləğvi üçün əsas təşkil edir. Torpaq icarəsi ilə bağlı tələblər mülki xarakterli tələblər olduğundan vergi öhdəlikləri ilə eyni əsaslarla tələb edilə bilməz. Vergi öhdəliklərindən yaranan borcların müəyyən edilməsi və tələb edilməsi isə Vergi Məcəlləsi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanun, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə ilə xüsusi olaraq müəyyən edilmişdir və vergi borclarının müəyyən edilməsi və tələb edilməsi qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Cavabdeh inzibati orqan kimi müvafiq inzibati icraat aparmalı, vergi üzrə tələblər baxımından yuxarıda qeyd edilən qanunvericilik normaları nəzərə alaraq ayrıca qərar qəbul etməli, icarə haqları üzrə borclar isə qanunvericiliyə uyğun olaraq ayrıca tələb edilməlidir. Lakin, cavabdeh tərəfindən inzibati icraat aparılmamış, işin halları ilə bağlı iddiaçıdan hər hansı sübut, material tələb edilməmiş, həmçinin, belə bir qərarın mövcudluğundan iddiaçı sonradan məlumatlı olmuşdur. Bu baxımdan, məhkəmə bələdiyyə qərarının ləğv edilməsi hissəsində iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 24 sentyabr 2009-cu il tarixli, 01 saylı qərarına əsasən bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı Məmmədoviçə uzun illər istifadəsində olan 0,10 ha torpaq sahəsinin bilavasitə sahibkarlıqla məşğul olmaq üçün tikinti məqsədilə ona satılması və həmin torpaq sahəsi ilə yol arasındakı 0,18 ha torpaq sahəsinin abadlıq və yaşıllaşdırma işləri aparılması məqsədilə İddiaçı təhkim edilməsi qərara alınmışdır. Xırdalan bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 3500 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən 20 noyabr 2009-cu il tarixdə təsdiq edilmişdir. Bundan əlavə tərəflər arasında 24 sentyabr 2009-cu il tarixdə 01 saylı icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Xırdalan şəhəri, Ekologiya postu, Şamlıq ünvanında yerləşən 0,18 ha torpaq sahəsi 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Cavabdeh tərəfindən iddiaçının ünvanına mülkiyyətində olan torpaq və əmlaka görə əmlak və torpaq vergisinin ödənilməsi üçün xx.xx.2020-ci il tarixli tədiyyə bildirişi göndərilmiş, lakin cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində Xırdalan şəhərində yerləşən 0,18 ha torpaq sahəsinə görə 2009-cu il tarixdən başlayaraq 4800 manat icarə haqqı, 3212 manat faiz, o cümlədən, istifadəsində olan 0,80 ha torpaq sahəsinə görə 1920 manat torpaq vergisi, 467,2 manat faiz borcu, ümumilikdə 10399,2 manat icarə haqqı və vergi borcunu ödəmədiyindən Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 07/04-18 saylı qərarına əsasən, borc öhdəliklərinin icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alnmışdır. Hazırda iddiaçı qeyd edilən qərarı mübahisələndirir. Mübahisələndirilən qərardan göründüyü kimi, məcburi qaydada icrası tələb edilən borcun tərkibinə torpaq vergisi ilə yanaşı 2009-cu il tarixindən iddiaçının icarəsində olan 0.18 ha torpaq sahəsinə görə 12 il ərzində ödənilməyən 4800 manat icarə haqqı və icarə haqqının ödənilməməsi ilə əlaqədar hesablanmış 3212 manat faiz borcu daxildir. Cavabdeh “İnzibati icraat haqqında” qanunun 82.1-ci maddəsinə istinad edərək, icarə haqqı borcunun məcburi icraya yönəldilməsini qərara almışdır. Halbuki, həmin normada pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrasının “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilməsi nəzərdə tutulmuşdur. Belə ki, qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış icarə münasibətləri xüsusi hüququn nizamasalma predmetinə aiddir, publik hüquqla tənzimlənmir, bu münasibətlərdə tərəflər bərabərhüquqludur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2-ci bəndində də qeyd edlir ki, ..... yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Belə olduğu təqdirdə, kollegiya hesab edir ki, cavabdehin “İnzibati icraat haqqında” qanunun 82.1-ci maddəsinə istinad edərək, icarə haqqı borcunun məcburi icraya yönəldilməsi barədə qəbul etidyi qərar qanunsuz olmuşdur. Bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Cavabdehə icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı borcunun ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İddiaçı barəsində hesablanmış torpaq vergisinin məcburi icraya yönəldilməsinə dair hissədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Yuxarıda qeyd edildiyi kimi, təqdim edilən sənədlərə əsasən, bələdiyyə qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi satılmış, 0,18 ha torpaq sahəsi icarəyə verilmiş, ümumilikdə, 0,28 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Mübahisələndirilən qərardan isə görünür ki, iddiaçı barəsində 0,80 ha torpaq sahəsinə görə hesablanmış 1920 manat torpaq vergisinin məcburi qaydada icraya yönəldilməsi qərara alınmışdır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. 205-ci maddəsinə əsasən, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmçinin, Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən .......................... habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisi üzrə vergitutma obyekti sayılır. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən təqdim edilən sənədlərdən görünür ki, 10 sot torpaq sahəsi mülkiyyət hüququ, 18 sot torpaq sahəsi isə icarə hüququ əsasında iddiaçının istifadəsində olduğu halda, cavabdeh tərəfindən 80 sot torpaq sahəsinə görə torpaq vergisi hesablanmış, qalan 52 (80-28=52) sot torpaq sahəsinin hansı əsaslarla bələdiyyə tərəfindən iddiaçının istifadəsinə verilməsinə dair isə cavabdeh tərəfindən məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(012)- 2866/2021 nömrəli iddia ərizəsinin baxılmamış saxlanılması və iddiaçıya geri qaytarılması barədə qərardadından görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsi 2021-ci ildə hazırkı iş üzrə iddiaçı İ.İ.Məmmədoviçə qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq, bələdiyyənin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında yerləşən və cavabdeh tərəfindən qeyri-qanuni istifadə edilən (zəbt olunmuş) 0,80 ha torpaq sahəsinin geri qaytarılması............................. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla da müəyyən olunur ki 0.28 ha torpaq sahəsi istisna olmaqa qalan 0,52 ha torpaq sahəsinin iddiaçının qanuni əsaslarla istifadəsində olması, yəni başqa sözlə həmin torpaq sahəsinin vergitutma obyekti olması işdən müəyyən olunmur. Buna baxmayaraq, cavabdeh 0,52 ha torpaq sahəsinə də münasibətdə torpaq vergisi hesablamışdır. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin: - 1-ci maddəsinə əsasən bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Bələdiyyələrin vergi xidməti orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, "Büdcə sistemi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, bələdiyyələrin qərarlarını və bu Əsasnaməni rəhbər tutur; - 2.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradılır; - 3.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; (-) 6.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı ilə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin münasibətləri Azərbaycan Respublikası Vergi Məcəlləsinə, digər qanunvericilik aktlarına və bu Əsasnaməyə müvafiq olaraq həyata keçirilir. Elektron informasiya sistemindən iddiaçının vergi məlumatlarından çıxarışdan görünür ki, iddiaçı fərdi sahibkar olmaqla (VÖEN **********) fəaliyyət obyektlərinə bəylik hamamı, Park house restoran, Nağıl bağ restoranı və digər icarə obyektləri daxildir. Başqa sözlə iddiaçı ictimai iaşə fəaliyyəti ilə məşğul olur. Vergi Məcəlləsinin XVİİİ fəsilində “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” məsələləri tənzimlənmişdir. Vergi Məcəlləsinin: - 222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir; - 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir; - 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir; 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: (-) 222.5.5. ictimai iaşə fəaliyyəti; (-). - 224.1-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; (-). Beləliklə, qeyd olunan hüquq normalarının təhlili nəticəsində belə anlaşılır ki, ictimai iaşə fəaliyyətini həyata keçirən vergi ödəyiciləri 1 yanvar 2020-ci il tarixindən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergidən azad edilmişdirlər. Hazırkı halda isə cavabdeh orqan qanunvericiliyin tələblərini pozaraq ictimai iaşə fəaliyyətini həyata keçirən iddiaçıya 2020-ci il üzrə də torpaq vergisi hesablamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1 və 67.2-ci maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Kollegiya hesab edir ki, mübahisələndirilən qərar yuxarıda sadalanan hüquq normalarının pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə qərarın ləğvi üçün əsas deyildir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsi qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2-1(118)-224/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər