Məhkəmə qərarları › İş №2-1(105)-477/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-477/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-477/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2- 1(118)-683/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuşdur.

3. İddiaçıya məxsus ИТ-İ № ******* saylı, xx.xx.1976-cı ildə qeydə alınmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.2007-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

4. Sumqayıt “Alüminium” İstehsalat sahəsinin 12 yanvar 2016-cı il tarixli 01 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (siyahı №2, bölmə XXXİİİ, ümumi peşələr 23200000-18183) yığıcılar-pərçimləyicilər vəzifəsində, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək (siyahı №1, bölmə İİİ, yarımbölmə 3a, əlvan metallurgiya-yayma istehsalatı ******* a-16350) əlvan metalların yandırıcıları vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək (siyahı №2, bölmə XİV, yarımbölmə 14 a, metal emalı- tökmə istehsalatı 2150100a-18559) təmirçi-çilingərlər vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək (siyahı №2, bölmə İV, yarımbölmə 4 a, yayma istehsalatı 2092303a-18559) təmirçi-çilingərlər vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (siyahı №2, bölmə XİV, yarımbölmə 14 a, metal emalı- tökmə istehsalatı 2150100a-18559) təmirçi-çilingərlər vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək (siyahı №2, bölmə XİV, yarımbölmə 14 a, metal emalı- tökmə istehsalatı 2150100a-14550) əritmə sobalarının yanında məşğul olan sanitar texniki sistemlərinin və avadanlığın quraşdırıcıları vəzifəsində, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək (siyahı №1, bölmə X, yarımbölmə 10 a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması 1071200a-14568) vannaların təmirində quraşdırıcılar vəzifəsində işləmişdir. İddiaçı 1 və 2 saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək bölmə 7, yarımbölmə 10a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması vannaların təmirində quraşdırıcılar vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. İddiaçı aşağıda göstərilən tarixlərdə ödənişsiz məzuniyyətlərdə olmuşdur. xx.xx.1999-cu ildən-xx.xx.2007-ci ilədək.

5. Cavabdehin 3-171/3-İ-6545/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məktubunun surətindən görünür ki, onun 29 il 6 ay ümumi stajı vardır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-82988/2023 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə imtina olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 01 yanvar 2006-ci il tarixinədək 18 ildən artıq ümumi iş stajı, 15 ildən artıq güzəştli şərtlərlə imtiyazlı iş stajı nəzərə alınmaqla 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1976-cı il tarixindən xx.xx.2008ci il tarixədək Sumqayıt “Alüminium” zavodunda işləmiş, sonra “Alüminium” zavodun adı dəyşilərək, "xxxx" ASC kimi fəaliyyət göstərmişdir. Uzun müddət elektroliz, əritmə sexlərində metallaurgiya avadanlıqlarının təmiri ilə məşğul olan-Metalemalı, Tökmə-emalı sexində çilingər kimi işləmişdir. İşi birbaşa Elektrolis əritmə, Alüminium buxarlandırıcıları istehsalı ilə məşğul olan sexlərdə cari və əsaslı təmir işləri aparmaq olub. 2015-ci ildə "xxxx" ASC rəhbərliyinə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün “Arayış 01” almaq üçün müraciət etmişdir. Ona əmək kitabçası tam əks etməyən bir “Arayış 01” təqdim ediblər. Belə ki, əmək kitabçasının: 7-ci bənd: xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək- Metal emalı-Tökmə istehsalatı 4-cü dərəcəli Təmirçi çilingər; 8-ci: xx.xx.1982-ci il tarixdəhəmin sexdə 6-cı dərəcə verilib; 9-cu: xx.xx.1984-cü il tarixdə- həmin sexdə 5-ci dərəcəli çilingər verilib; 10-cu: xx.xx.1985-ci il tarixdə Metallaurgiya avadanlıqları təmiri sexinin tabeçiliyinə həmin dərəcə və həmin peşə üzrə keçirilmişdir. Maraqlı fakt odur ki, metal emalı-tökmə istehsalatı sexində 4 dərəcə ilə işləyəndə iş stajı qeydiyyata alınır, lakin dərəcə artanda düşmür? Əmək kitabçasının 10-cu bəndini xx.xx.1985-ci il iş stajı heç tamamilə yazılmayıb. Bunun təsadüf olduğunu və ya texniki səhv olduğunu hesab etmir. Həmçinin, Sumqayıt şəhəri o sənayedə işlədiyi vaxt dünyanın 7-ci ekoloji çirkli şəhərlərindən biri olub. Hazırda "xxxx" ASC-nin fəaliyyəti tam dayandırılıb, müəssisə sökülüb. Sənədlər çeşidlənməyib. Müddət baxımından çox gecikmiş, artıq hər təqvim günü onun ziyanına işləyir. Yeddi ilə yaxındır ki, pensiya vaxtından keçib, heç bir yerdən də gəlir yeri yoxdur. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, "xxxx" ASC 01 saylı arayışlarına əsasən xx.xx.1976-cı ildən xx.xx.2007-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrlərdə 19 il 3 ay 26 gün imtiyazlı iş stajına malikdir. Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi onun 01 yanvar 2006-cı il tarixinədək 18 ildən artıq ümumi iş stajına, 15 ildən artıq güzəştli şərtlərlə imtiyazlı iş stajına malikdir. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuzdur və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

11. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Mərkəzi Filiala təqdim ediimiş sənədlərdə qeyd olunanlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 5 gün (xx.xx.1976xx.xx.1977-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1987xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.1999xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş Sumqayıt “Alüminium” İstehsalat sahəsinin 12 yanvar 2016-cı il tarixli 01 nömrəli arayışında iddiaçının xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

12. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-683/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. (Hakim C.Məmmədov)

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ümumilikdə 12 il 6 aydan çox güzəştli iş stajına malikdir. Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi ümumi əmək stajı 25 ildən çoxdur.

14. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 12 yanvar 2016-cı il tarixli 01 nömrəli arayışa istinad edərək bildirirlər ki, iddiaçı xx.xx.1999-xx.xx.2007-ci il tarixlər arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olmuş, 8 il əmək fəaliyyəti ilə məşğul olmamışdır. AR Ali Məhkəməsinin formalaşmış mövqeyinə əsasən ödənişsiz məzuniyyət dövrü 6 aydan çox olduqda əmək stajına daxil edilmir. İddiaçı 2022-ci ilə qədər işləmişdir. İddiaçının ümumi iş stajı 29 il 6 ay 20 gündür. İddiaçının xx.xx.2022-ci il tarixə qədər güzəştli iş stajı 11 il 2 ay 5 gündür. 1982-1987-ci illər ərzində olan dövrləri güzəştli şərtlərlə işləməsi barədə arayış təqdim edilmədiyinə görə qəbul etmirlər. İddiaçının 2006-cı ildən sonra güzəştli şərtlərlə işləməsi barədə arayış təqdim edilməmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, 2007-ci ildə Sumqayıt “Alüminium” zavodundan öz ərizəsilə işdən çıxmış, 2007-ci ildən sonra bir müddət kiçik sahibkarlıqla məşğul olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”.

22. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-cı il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

28. xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən iki meyar mövcud idi: yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə azı 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 07 il 06 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

29. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

30. 10.03.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

31. Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

33. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

34. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması 2) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

35. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Mübahisə iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

36. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir.

38. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından və “Sumqayıt “Alüminium” İstehsalat sahəsinin 12 yanvar 2016-cı il tarixli 01 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (siyahı №2, bölmə XXXİİİ, ümumi peşələr 23200000-18183) yığıcılar-pərçimləyicilər vəzifəsində, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək (siyahı №1, bölmə İİİ, yarımbölmə 3a, əlvan metallurgiya-yayma istehsalatı ******* a-16350) əlvan metalların yandırıcıları vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək (siyahı №2, bölmə XİV, yarımbölmə 14 a, metal emalı- tökmə istehsalatı 2150100a-18559) təmirçi-çilingərlər vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək (siyahı №2, bölmə İV, yarımbölmə 4 a, yayma istehsalatı 2092303a-18559) təmirçi-çilingərlər vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (siyahı №2, bölmə XİV, yarımbölmə 14 a, metal emalı- tökmə istehsalatı 2150100a-18559) təmirçi-çilingərlər vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək (siyahı №2, bölmə XİV, yarımbölmə 14 a, metal emalı- tökmə istehsalatı 2150100a-14550) əritmə sobalarının yanında məşğul olan sanitar texniki sistemlərinin və avadanlığın quraşdırıcıları vəzifəsində, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək (siyahı №1, bölmə X, yarımbölmə 10 a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması 1071200a-14568) vannaların təmirində quraşdırıcılar vəzifəsində işləmişdir. İddiaçı 1 və 2 saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək bölmə 7, yarımbölmə 10a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması vannaların təmirində quraşdırıcılar vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir.

39. Cavabdehin apellyasiya şikayətinin güzəştli iş stajının 12 il 6 aydan az olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçasında edilmiş qeydlərə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə 6-cı dərəcə, 5-ci dərəcəli çilingər vəsifəsinə təyin edilmişdir. Yəni, iddiaçı həmin peşədə işləmiş, yalnız dərəcəsi dəyişdirilmişdir. Belə olan halda iddiaçının 12 il 6 ay xüsusi iş stajı tamamlanmış olur.

40. İddiaçının xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu dövrlə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının həmin dövrədək güzəştli iş stajı toplandığından, kollegiya həmin dövrlərin araşdırılmasına zərurət görməmişdir.

41. Beləliklə, kollegiya qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-683/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar