Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-478/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə qarşı iş üzrə Açar sözlər: (nikahın pozulması barədə akt qeydinin ləğv olunması) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı Elman qızının iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə qarşı “X2 ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeyd alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli, 75 saylı aktın ləğv edilməsinə” dair tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(118)-1116/2021 saylı qərardadından İddiaçı tərəfindən veriliş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli, 75 saylı aktın ləğv edilməsinə” dair qərarın çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə arasında nikah Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeyd olunmuşdur. Həyat yoldaşı İ.Bəşirovla ailə həyatı quran vaxt sonuncu İİ qrup əlil olmuş, 31.01.2019-cu il tarixdən ərinə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həyat yoldaşı onun ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. 2019cu ildə o, həyat yoldaşı İ.Bəşirovun rəsmi qəyyumu olmaq üçün Sumqayıt Şəhər İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin İ.Bəşirovun üzərində qəyyum təyin edilməsi ilə bağlı onun və İ.Bəşirovun valideynləri X3 və Lətifova Sevil Vəli qızı arasında mübahisə olduğuna görə imtina verilmişdir. Buna baxmayaraq qeyri qanuni şəkildə Sumqayıt Şəhər İcra hakimiyyəti sərəncam qəbul edərək həyat yoldaşı İ.Bəşirovun qəyyumluğunu anası Lətifova Sevil Vəli qızına vermişdir. İlk dəfə ona mübahisə olduğuna görə imtina verən həmin orqan ikinci dəfə mübahisə olduğunu bilə-bilə qəyyumluğu Lətifova Sevil Vəli qızına vermişdir. Bundan əlavə bildirir ki, İcra Hakimiyyətinin qəyyumluqla bağlı sərəncamı onun tərəfindən Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilmiş və hazırda həmin mübahisənin Sumqayıt İnzibati Məhkəməsində, yoxsa Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olması ilə bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin yekun qərarı qəbul edilməlidir. Yəni qəyyumluqla bağlı sərəncam mübahisələndirilib, yekun məhkəmə aktı qəbul edilməyib və belə olan halda Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə sübutlar təqdim etməyinə və məlumat verməyinə baxmayaraq həyat yoldaşının qəyyumunun qərəzli ərizəsi ilə nikaha xitam verilmişdir. Bu qeyri-qanunidir və müvafiq akt qeydi ləğv edilməlidir.
Cavabdehin etirazları:
3. Cavabdeh iddiaya etirazında qeyd edir ki, X1 qəyyumu Lətifova Sevil Vəli qızı Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinin icra olunması ilə bağlı 22.04.2021-ci il tarixdə Sumqayıt “ASAN xidmət” Mərkəzinə müraciət etmiş və qəyyumun ərizəsinə əsasən Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində X2 ilə İddiaçı arasında olan nikah 22.04.2021-ci il tarixli, 75 saylı aktla pozulmuşdur. İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə qarşı “X2 ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeyd alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli, 75 saylı aktın ləğv edilməsinə” dair iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(118)-1116/2021 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
5. Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(118)-1116/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(118)-1116/2021 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Məhkəmə qərardadından belə görünür ki, məhkəmə iclasında ona hüquqi yardım edilərək yaranmış mübahisənin qəyyumluqla bağlı qərardan asılı olduğu, ailə münasibətlərindən yaranan mübahisələrin ümumi məhkəmələrdə mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edilərək həll edilə biləcəyi izah edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ailə münasibətlərindən yaranan mübahisələr, o cümlədən qəyyumluqla bağlı mübahisələr mülki məhkəmə icraatı qaydasında həll edildiyi üçün və iddiaçınını tələblərinin uğurluluq ehtimalı daha çox qəyyumluqla bağlı olduğu üçün mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Lakin məhkəmənin bu mövqeyi ilə razılaşmaq qeyri mümkündür. Hazırkı iddia tələbinin mahiyyəti vətəndaşlıq vəziyyəti orqanının qanunsuz aktıdır, qəyyum təyin edilməsi barədə mübahisə deyildir. Ona görə də məhkəmə qəyyumluq mübahisələrinin ümumi məhkəmə aidiyyatına istinad etməsi ağlabatan deyildir. Digər tərəfdən hazırkı mübahisə onunla həyat yoldaşı arasında nikahın pozulmasına dair ər-arvad arasındakı münasibətlərə aid deyil. Mübahisənin mahiyyəti qeydiyyat şöbəsinin qanunsuz və əsasız olaraq nikahın bağlanması barədə aktı ləğv etməsidir, yəni o, inzibati orqanın hərəkətindən şikayət etmiş və qəbul etdiyi aktı mübahisələndirmişdir. Cavabdeh inzibati orqandır və onun tərəfindən qəbul edilmiş akt hüquqi nəticələrə səbəb olan, imperativ xarakterli aktdır. Ona görə də iddia tələbi ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılmalıdır.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin apelyasiya şikayətinə qarşı etirazında qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.2ci maddəsinə əsasən ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır: 17.2.1-ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.
8. Etirazda o da vurğulanır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145№-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.8.4-ci bəndinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumun ərizəsinə əsasən həyata keçirilir və Qaydaların 5.11.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır. X1 qəyyumu Lətifova Sevil Vəli qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4000/2019 saylı, 21.06.2019-cu il tarixli qətnaməsinin icra olunması ilə bağlı 22.04.2021-ci il tarixdə Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş və qəyyumun ərizəsinə əsasən Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində X2 ilə İddiaçı nikahının pozulması 22.04.2021-ci il tarixdə 75 saylı aktla qanunvericiliyin tələblərinə uyğun olaraq qeydə alınmışdır. Birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddia tələbinin mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. İddiaçı apelyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərardadın ləğvinə əsas ola bilməz. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(118)-1116/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edirlər.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, həyat yoldaşı onun ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmiş və 2019-cu ildə həyat yoldaşının rəsmi qəyyumu olmaq üçün Sumqayıt Şəhər İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, həyat yoldaşının üzərində qəyyum təyin edilməyi ilə bağlı həyat yoldaşının valideynləri ilə arasında mübahisə olduğuna görə imtina verilmişdir. Sonradan Sumqayıt Şəhər İcra Hakimiyyəti sərəncam qəbul edərək həyat yoldaşının qəyyumluğunu həyat yoldaşının anası Lətifova Sevil Vəli qızına vermişdir, lakin o, bundan narazıdır. Həmin qəyyumluqla bağlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Həmin qərardaddan apelyasiya şikayəti verdiyindən iş hal-hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. O, həyat yoldaşına qulluq etmək istədiyini və nikahın pozulmasının əsassız olduğunu hesab etdiyindən məhkənin qəbul etdiyi qərardadı da əsassız hesab edir və qeyd edir ki, iddia tələbi ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılmalıdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş edir.
10. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış 20.08.21-ci il tarixli məktubda Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində iş yükünün çoxluğu ilə əlaqədar işə nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tədbiq edilən hüquq
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
14. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: 17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.
20. Həmin Məcəllənin 17.4-cü maddəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Bənd 5.8.4. Nikahın pozulmasının dövlət qeydiyyatı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir. Bənd 5.11.2. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydasına görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hazırkı qərarın 12-18-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını, cavabdehin apelyasiya şikayətinə münasibətini və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işin hallarından müəyyən olunduğu kimi, İddiaçı X2 ilə 05.11.2015-ci il tarixdə nikaha daxil olduqdan sonra sonuncu Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2019cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, iddiaçı həyat yoldaşının rəsmi qəyyumu olmaq üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin İ.Bəşirovun üzərində qəyyum təyin edilməsi ilə bağlı iddiaçının və İ.Bəşirovun valideynləri arasında mübahisə olduğuna görə iddiaçıya imtina verilmiş, sonradan İH-ti tərəfindən İlkin Bəşirovun qəyyumluğu anası Lətifova Sevil Vəli qızına verilmiş, sonuncu da İ.Bəşirovun qəyyumu olaraq Sumqayıt “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə 21.06.2019-cu il tarixli məhkəmə qətnaməsinin icrası ilə bağlı ərizələ müraciət edərək nikaha xitam verilməsini xahiş etmiş və iş üzrə cavabdeh şöbə müvafiq akt qeydləri kitabında iddiaçı ilə fəaliyyət qabiliyyəti olmayan X2 arasındakı nikahlarının pozulması qeydə alınmışdır.
25. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının ailə münasibətlərindən yaranan mübahisələr, o cümlədən qəyyumluqla bağlı mübahisələr mülki məhkəmə icraatı qaydasında həll edildiyi üçün və iddiaçının tələblərinin uğurluluq ehtimalı daha çox qəyyumluqla bağlı olduğu üçün mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilə bilməsinə görə iddia mümkün sayılmamalı və iddiaçıya izah edilməlidir ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, hazırkı qərardadın 21 və 22-ci bəndlərində istinad edilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilməsi onu ehtiva edir ki, qeydiyyat şöbəsi müvaviq akt qeydində apardığı ilkin qeydin ləğvi özünün təşəbbüsü ilə deyil, məhz məhkəmənin müvafiq qətnəməsi və Ailə Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əsasən icra edildiyindən inzibati orqanın hərəkətlərində qanundan kənar hal müəyyən olunmur. Başqa sözlə desək, iddiaçının ailə münasibətlərindən yaranan mübahisələri, o cümlədən qəyyumluqla bağlı mübahisələri mülki məhkəmə icraatı qaydasında həll edildiyi üçün və iddiaçının tələblərinin uğurluluq ehtimalı daha çox qəyyumluqla bağlı olduğu üçün mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edə bilməsinə görə iddianı mümkün saymamasında məhkəmə haqlı olmuşdur.
27. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin hazırkı qərardadın 6-ci bəndində əksini tapan apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz, ona görə ki, hazırkı qərardadın 19 və 20-ci bəndlərində istinad edilən Ailə Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması qanunla müəyyən olunmuşdur.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür.
29. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfin apelyasiya şikayəti təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(118)-1116/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verə bilər.