Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-478/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı1 nümayəndəsi X1, onun nümayəndəsi və vəkili Vəkil2, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və mülkiyyətlərində olan 0.0084 ha torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-361/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçmiş Abşeron rayonu X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X11 adına Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evi (yaşayış sahəsi: 59.6 kv.m, köməkçi sahəsi: 14.8 kv.m) üzərində mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixdə 22853 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, lakin Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 4Ə3-524 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin yaşayış sahəsi 29.8 k.m, köməkçi sahəsi 7.4 kv.m olan hissəsi X5 özgəninkiləşdirilmişdir. Həmin fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququna dair xx.xx.2003-cü il tarixdə 22853а reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, həmin qeydiyyat vəsiqəsinə Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, iclasının 04 saylı qərarından çıxarışa və ləğv edilmiş DTXK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 23836 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən sözügedən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0084 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********97-10301 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-2445 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi İddiaçı1 özgəninkiləşdirilmişdir. Sözügedən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0084 ha torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01,04.2015-ci il tarixdə **********97-10301 (qeydiyyat nömrəsi:**********) eyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sumqayıt "ASAN xidmət" mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci ıl tarixli, 4Ə-1194 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin 18.5 kv.m hissəsi və 0.0042 ha torpaq sahəsi İddiaçı2 özgəninkiləşdirilmişdir. Həmin fərdi yaşayış evi üzərində İddiaçı2 (1/2 hissə) mülkiyyət hüququ xx.xx.2017-ci il terixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı1 (1/2 hissə) mülkiyyət hüququ isə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, E-1911 reyestr nömrəli ərizəyə əsasən həmin fərdi yaşayış evi üzərində İddiaçı2 və İddiaçı1 mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir. 0.0084 ha torpaq sahəsi üzərində İddiaçı1 (1/2 -hissə) və İddiaçı2 mülikyyət hüququ daşınmaz əmlakın dövlət restrində xx.xx.2022-ci il tarixdə **********97 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətlərindədir. Abşeron Rayon İcra Hakimiyyətinin 06 avqust 2018-ci il tarixli, 92 №li tikinti obyektinə icazə sənədinin məzmunundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində, 2 +mansarda mərtəbəli qeyri-yaşayış binası tikinti obyektinin istismarına icazə verilmişdir. 29 may 2018-ci il tarixli 001924№li X10 məzmunundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində, 2 +mansarda mərtəbəli qeyri-yaşayış binası tikinti obyektinin tikintisinin başlanma vaxtı 14 iyul 2016-cı il, qurtarma vaxtı 23 may 2018-ci il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində, 2 +mansarda mərtəbəli qeyri-yaşayış binası tikinti obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə YTNƏŞ-0290, xx.xx.2018-ci il tarixli Aktın məzmunundan görünür ki, tikinti obyektində yerində yanğın-texniki müayinə keçirilərək, qüvvədə olan norma və qaydalara uyğun inşa edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və mülkiyyətlərində olan 0.0084 ha torpaq sahəsinin üzərində inşa edilmiş qeyri yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0.0084 ha olan torpaq sahəsindən 1/2 hissəsi İddiaçı1, 1/2 hissəsi isə İddiaçı2 Tapqdıq oğluna məxsusdur. Torpaq sahəsinin ünvanıXırdalan şəhəri, M.Hüseynzadə küçəsi 41A kimi göstərilmişdir. Həmin torpaq sahəsi 2016-cı ildən birinci iddiaçı olaraq İddiaçı1 mülkiyyətində olmuş və həmin torpaq sahəsində fərdi yaşayış evi olmuşdur. İddiaçı 2016-cı ildə xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini kommersiya məqsədi ilə qeyri-yaşayış sahəsinə keçirmək və əlavə tikinti işlərinin aparılması üçün Abşeron rayon icra Hakimiyyətinə müraciət etmişdir. Abşeron rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli, 227-T nömrəli məktubuna əsasən, iddiaçıya məxsus mövcud fərdi yaşayış evini qeyri yaşayış obyektinə keçirilməsi tikinti layihəsinin müəyyən şərtlər daxilində razılaşdırılması və həmin qurumun xx.xx.2016-cı il tarixli 847-T nömrəli məktubu ilə mövcud bir mərtəbəli qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsinin və mansard mərtəbəsinin artırılmasının tikinti layihəsi müəyyən şərtlər daxilində razılaşdırılmışdır. Abşeron rayon İcra Hakimiyyətinin başçsının Sərəncamı ilə onlara həvalə edilmiş bütün tapşırıqları yerinə yetirmişdirlər. Bütün müvafiq icra hakimiyyəti orqanlarından o cümlədən, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 8408 nömrəli işçi layihəsi, həmçinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji institutunun texniki rəyi və "Azərdövlətlayihə" Dövlət Baş Layihə institutunun Mühəndisi-Geoloji Mərkəzinin 06-10509 rəyini almışdırlar. Daha sonra ümumi tikinti prosesini yekunlaşdırmışdırlar. Daha sonra xx.xx.2018-ci İİ tarixli 001924 nömrəli istismara hazırlıq aktı tərtib olunmuş və Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. İddiaçıya Abşeron rayon İcra Hakimiyyəti tərəfindən həmin qeyri-yaşayış binasının istifadə etməyə başlamağı və istənilən vaxt hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq qaydada müraciət edə biləcəyi izah olunmuşdur. Bundan sonra hüquqlarının qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdirlər. xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügüdən sənəddə tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Cavabdeh təşkilat imtinanın səbəbi kimi qeyd etmişdir ki, tiknti obyektinə kod verilməli idi. Lakin, bunun əvəzinə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Qeyd edirlər ki, Abşeron rayon icra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına icazə sənədi verilməsi iddiaçıların səhvi deyil. Hər iki sənəd mahiyyət etibarı ilə eynidir və adı çəkilən kod ilə sadəcə standart forma müəyyən olunmuşdur. Tikintiyə obyektinin istismarına icazə üçün tələb olunan bütün sənədlər tərəfimizdən əldə olunmuşdur. Ona görə də hesab edirlər ki, xx.xx.2018-ci il tarixli 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi qeyri-yaşayış sahəsi üzərində hüquqlarımızın qeydiyyata alınması üçün kifayət edə bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Bundan başqa sözügedən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olması müəyyən edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.10-cu maddəsinə müvafiq olaraq hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikintisinə icazə tələb olunmur. Eləcə də, adıçəkilən Məcəllənin 103-cü və “Tikinti obyektlərinin istismarına icazənin formaları"nın təsdiq edilməsi haqqında 11 sentyabr 2014-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 nömrəli Qərarına əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 1) tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 2) tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3) tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 4) tikinti obyektinin istismar təyinatı; 5) tikinti obyektinin əsas texniki göstəriciləri; 6) Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (Azərbaycan Respublikası Mənzil X15) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) (Azərbaycan Respublikası Mənzil X15) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-361/2023 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olması imtina üçün əsas təşkil etmir. İnzibati orqanın imtinası ümumlikdə əsaslı olmuşdur. Təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Hazırkı iş üzrə tikintiyə icazə verən və tikintini istismara qəbul edən orqanın hərəkətləri qanunsuz olduğu, iddiaçının hüquqlarını həmin orqan tərəfindən pozulduğu halda, iddiaçı həmin orqanın hərəkətlərini deyil, cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Halbuki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz olmamışdır. Cavabdeh inzibati orqan inzibati akt qəbul edən orqan deyil və qanunvericiliyə uyğun olaraq yaranmış hüquqların qeydiyyatını aparan inzibati orqandır. İddiaçının hüquqları pozulduğu açıq olsada, bu hüquqları pozan orqan cavabdeh inzibati orqan deyildir. İddiaçıya tikintiyə icazə ilə bağlı müvafiq sərəncam verilməli olsa da, bu sərəncam qanuvericiliyə uyğun olaraq verilməmişdir. Tikinti başa çatıb isismara qəbul edildiyi halda, həmin tikintiyə sonradan icazə verilməsi mümkün olmayan bir haldır. Bu baxımdan iddiaçının həmin sənədin səlahiyyətli orqan tərəfindən veriməsini tələb etməsinin hüquqi əsası və praktik olaraq zəruriliyi ola bilməz və hüquların qeydiyyatı zamanı isə istismara qəbul sənədi olduğu halda, verilməsi mümkün olayan sənədin həmin sənədin tələb edilməsi əsaslı hesab edilə bilməz. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam şəkildə təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qərar tam qanunsuz və əsassızdır. AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci, AR Konstitusiyasının 13, 29-cu, AR-nın MM-nin 146, 152, 157, 337, 339, 354, 386-cı, AR İPM-nin 13, 33, 34, 68, 69, 73-cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə qərar qəbul edərkən, maddi və prosessual hüquq normalarım pozmuş və düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərind yerləşən sahəsi 0.0084 ha olan torpaq sahəsindən 1/2 hissəsi İddiaçı1, 1/2 hissəsi isə İddiaçı2 Tapqdıq oğluna məxsusdur. Torpaq sahəsinin ünvanı Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 41A kimi göstərilmişdir. Həmin torpaq sahəsi 2016-cı ildən İddiaçı1 mülkiyyətində olub və həmin torpaq sahəsində fərdi yaşayış evi var idi. O, 2016-cı ildə xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini kommersiya məqsədi ilə qeyri-yaşayış sahəsinə keçirtmək və əlavə tikinti işlərinin aparılması üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət etdi. Abşeron rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli, 227-T nömrəli məktubuna əsasən ona məxsus mövcud fərdi yaşayış evini qeyri yaşayış obyektinə keçirilməsi tikinti layihəsinin müəyyən şərtlər daxilində razılaşdırılması və həmin qrumun xx.xx.2016-cı il tarixli, 847-T nömrəli məktubu ilə mövcud bir mərtəbəli qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsinin və mansard mərtəbəsinin artırılmasının tikinti layihəsi müəyyən şərtlər daxilində razılaşdırılmışdır. Abşeron rayon İcra Hakimiyyətinin başçsının Sərəncamı ilə onlara həvalə edilmiş bütün tapşırıqları yerinə yetirmişlər. Bütün müvafiq icra hakimiyyəti orqanlarından o cümlədən, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 8408 nömrəli işçi layihəsi, həmçinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun texniki rəyi və "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Mühəndisi-Geoloji Mərkəzinin 06-10509 rəyini almışlar. Daha sonra ümumi tikinti prosesini yekunlaşdırmışlar. Daha sonra xx.xx.2018-ci il tarixli, 001924 nömrəli istismara hazırlıq aktı tərtib olunmuş və Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən həmin qeyri-yaşayış binasının istifadə etməyə başlamağı və istənilən vaxt hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq qaydada müraciət edə biləcəyi izah olundu. Bundan sonra hüquqlarının qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişlər. Onlara xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügüdən sənəddə tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Cavabdeh təşkilat imtinanın səbəbi kimi qeyd etmişdir ki, tiknti obyektinə kod verilməli idi. Lakin, bunun əvəzinə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş " Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi" Qaydalarının 1.1-ci bəndinə əsasən bu qaydalar ilə barəsində icazə tələb olunan, lakin Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1,2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri orqanları (birlikdə bundan sonra - icazə verən orqan) tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Göründüyü kimi tikinti obyektlərinin tikintisinə icazə verən orqan kimi yerli icra hakimiyyətləri göstərilmişdir. Yəni bütün bu prosesləri həyata keçirən və nəzarət edən qurum yerli icra hakimiyyətidir. Yerli icra hakimiyyətləri bu sahədə dövləti təmsil edərək vətəndaşlara qeyd olunan xidmətlər göstərilməsində birbaşa iştirak edən qurumdur. Vətəndaşın tikinti obyektindən işlərin görülməsi üçün üzərinə düşən vəzifələr müraciət etmək, rüsumlar ödəmək və tikintiyə icazə verən orqanların tapşırıqlarını əməl etməkdir. Həmin Qaydaların 3-cü, 4-cü və 5-ci maddələrində tikintiyə hazırlıq mərhələsindən başa çatmış tikinti üçün icazə sənədi verilməsinə qədər bütün proses tam olaraq göstərilmişdir. Bütünlükdə sadələşdirilmiş bu proseslər həm tikintinin sifarişçisi olan hüquqi- fiziki şəxslərin, həm də tikintiyə icazə verən qurumun səlahiyyətləri açıq müəyyən edilmişdir. Bütün bu qeyd olunanlardan görünür ki, tikintiyə icazə sənədinin düzgün tərtib olunmaması və ya kodun verilməməsi kimi məsələlər tikintiyə icazə verən qurumun səlahiyyətlərinə daxil olub, sifarişçi şəxsə aiddir. Birinci instansiya məhkəməsi öz qərarında (6-cı səhifə) onların hüquqlarının kifayət qədər pozulduğunu açıq etiraf edərək bunu aşkarlamışdır. Lakin məhkəmə bu pozuntulardan müdafiə hüququnun düzgün cavabdehə yönəlmədiyini qeyd edir. Daha sonra məhkəmə ümumi tikinti prosesini müxtəlif hissələrdə münasibət bildirirək, başa çatmış tikinti üçün yenidən tikintiyə icazə ilə bağlı sənədlərin alınmasını, yenidən sərəncam verilməsinin, praktiki olaraq mümkünsüz olduğunu özü də etiraf edir. Lakin tikintinin istismara qəbulu prosesində olan pozuntuları cavabdehin imtinasının əsası kimi qeyd edilir. Lakin cavabdeh təşkilat bütünlükdə sənədləşdirmə işlərinin qanunsuzluğunu vurğulayaraq imtina cavabı vermişdir. Lakin həm məhkəmə, həm də cavabdeh təşkilat nəzərə almırlar ki, onların əldə etdiyi sənədlər qanunvericilikdə qeyd olunan kodun əldə edilməsi mahiyyət etibarı ilə eynidir. Məhkəmə tərəfindən qəbul olunmuş qərar onları kifayət qədər çətin vəziyyətdə salır, heç bir təhsilləri olmadan qanunvericilikdə olan hüquqlardan istifadə edə bilmirlər, Dövlət Hakimiyyət orqanlarının eyni məsələyə ziddiyyətli yanaşmalarına mənfi təsiri vətəndaşın hüquqularından istifadə edə bilməməsinə gətirib çıxarır. Ona görə də xx.xx.2018-ci il tarixli 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün kifayət edə bilər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 nümayəndəsi X6, onun nümayəndəsi Vəkil2 məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı2 və onun nümayəndəsi Vəkil1 məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, öz izahatarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, hazırki iş üzrə mübahisə predmetini mülkiyyət hüququ əsasında iddiaçılara məxsus olan müvafiq torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələb təşkil edir. İddiaçılar müvafiq torpaq sahəsi üzrə mülkiyyət hüququna malik olduğunu, həmin hüququnun müvafiq qaydada dövlət qeydiyyatına alındığını, həmin torpaq sahəsində tikinti norma və qaydalarına uyğun olaraq qeyri-yaşayış binası inşa edildiyini, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin tikiliyə dair istismara icazə sənədi verildiyini əsas gətirərək, qeyd olunan iddia tələbini irəli sürmüşlər. Cavabdeh inzibati orqan tərəfindən imtinanın əsas kimi müvafiq qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərin ərizəyə əlavə edilməməsi, təqdim edilmiş icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, həmin sənəddə tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi, habelə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə onlara məxsus olması hallarına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilərək, iddia rədd olunmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki qanunvericliyin tələbinə əsasən paylı mülkiyyət hüququ mülkiyyət hüququnun bir növü qismində çıxış etməklə, mülkiyyətçilərin hər birinin payının müəyyən edilməklə, hər birinin öz payına uyğun əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnu özündə ehtiva edir. İndiki halda iddiaçıların hər birinin müvafiq torpaq sahəsinə 1/2 hissədə payı müəyyən edilməklə, bərabər paylı mülkiyyətçi qismində çıxış edirlər. Həmçinin, onların həmin torpaq sahəsinə dair payları naturada ayrılmamış, iddiaçılar tərəfindən qeyd olunan qeyri-yaşayış binası məhz həmin torpaq sahəsində inşa edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbyacan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsinin tələbinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Deməli, iddiaçıların paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan torpaq sahəsində şəhərsalma və tikinti norma və qaydalarına, torpaq sahəsinin təyinatına riayət etməklə, müvafiq tikilini ucaltmaq (inşa etmək) onların hüquqları kimi mövcud olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun paylı mülkiyyət hüququ kimi mövcud olması halı, onların həmin torpaq sahəsində tikili ucaltmaq hüququnu aradan qaldırmamaqla, bu hüququn həyata keçirilməsinə mane kimi çıxış etmir. Başqa sözlə, xüsusi mülkiyyət hüququ və ümumi paylı mülkiyyət hüququ mahiyyət etibarilə mülkiyyət hüququnun növləri kimi çıxış edir, mülkiyyət hüququnun paylı mülkiyyət hüququ qismində çıxış etməsi halı isə mülkiyyət hüququnun məhdudlaşdırılmasına, o cümlədən mülkiyyət hüququ əsasında şəxsə məxsus olan torpaq sahəsində tikili ucaltmaq hüququnun məhddulaşdırılmasına səbəb olan hal hesab edilmir, əks halda bu hal qanunvericiliyin tələbinə və mülkiyyət hüququnun mahiyyətinə zidd olmuş olardı. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinanın əsası kimi istinad etdiyi torpaq sahəsinə dair paylı mülkiyyət hüququnun mövcudluğu ilə bağlı hal əsassız olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuş olsa da, digər əsasları ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh inzibati orqan müvafiq tikiliyə dair icazə sənədində tikinti obyektinə verilmiş kod qeyd edilmədiyindən, həmin icazə sənədinin qanunvericiliyə uyğun tərtib edilməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normasının tələbinə əsasən indiki halda torpaq sahəsinin mülkiyyətçiləri qismində çıxış edən iddiaçıların şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə inşa etdiyi müvafiq qeyri-yaşayış binasına mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda isə mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün məhz qanunvericiliklə imperativ norma şəklində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iddia tələbi üzrə iddiaçılar tərəfindən ümumi paylı mülkiyyətində olan torpaq sahəsində müvafiq tikili inşa edilmiş və Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi tərəfindən həmin tikiliyə dair 29 may 2018-ci il tarixdə istismara hazırlıq aktı tərtib edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən isə 06 avqust 2018-ci il tarixdə tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Qeyd olunmalıdır ki, həmin icazə sənədində tikinti obyektinin kod nömrəsi dövlət reyestri tərəfindən verilir və həmin orqanın özü tərəfindən veriləcək kod nömrəsinin 92 saylı icazə sənədində göstərilməməsi halı isə özlüyündə müvafiq qeyri-yaşayış obyektinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz, qanunvericilikdə bununla bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Həmçinin, qeyd edilən kod nömrəsi müvafiq qeydiyyat orqanının özü tərəfindən də müəyyən edilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən, dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Göründüyü kimi, indiki halda qeyd olunan dəyişikliklər cavabdeh inzibati orqanın özü tərəfindən edilə bildiyi halda, inzibati orqan tərfindən dilmiş formal xətalar cavabdeh inzibati orqan tərəfindən imtina üçün əsas gətirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1- ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4-daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, hazırki iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olmaqla və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçıların hüquqlarının pozulduğunu hesab etsə də, cavabdeh inzibati orqanın hərəkətlərinin buna səbəb olmaması kimi qiymətləndirmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi cavabdehin imtinasının əsası kimi çıxış edən halın yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtləri ilə uzalaşmaması, habelə inzibati orqanın formal xəta olaraq yol verdiyi yalnışlığın cavabdeh inzibati orqanın imtinası üçün əsas götürülməsi halının mülkiyyət hüququnun toxunulmazlığı və qorunması kimi fundamental konstitusion prinsiplərin, habelə inzibati icraatın mahiyyətinə və prinsiplərinə zidd olması halını və onun düzəldilməsinin mümkünlüyünü diqqətdən qaçırtmış, bu halları isə mütənasiblik prinsipi baxımından təhlil etməmişdir. Qeyd olunan hallar isə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddia tələbində müvafiq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə aid məlumatlar qeyd edilsə də, qeyriyaşayış binasına aid məlumatlar qeyd olunmamışdır. Məhkəmə kollegiyası İPM-in 52-ci maddəsini tələbini əsas götürərək, hesab edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, gələcəkdə müvafiq məhkəmə qərarının icrası ilə bağlı yarana biləcək anlaşılmazlığın qarşısının alınması üçün müvafiq qeyri-yaşayış binasına dair ünvan məlumatlarının qərarın nəticə hissəsində qeyd edilməsi məqsədəmüvafiqdir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-361/2023 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan 0.0084 ha torpaq sahəsinin üzərində inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən, 2+ mansarda mərtəbəli, tikintialtı sahəsi 77,76 kv.m, ümumi tikinti sahəsi 218,0 kv.m olan qeyri-yaşayış binası üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-478/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-478/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver