Məhkəmə qərarları › İş №2-1(105)-479/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-479/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-479/2021 05.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (açar sözlər: müharibə veterani statusunun verilməsi) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-985/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun verilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 05.07.1992-ci il tarixdə könüllü olaraq Qubadlı-Laçın uğrunda gedən döyüşlərdə iştirak etmiş və Müdafiə Nazirinin əmrinə əsasən 13.10.1992-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Ona görə də iddiaçı ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirlyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.

Cavabdehin etirazları:

3. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 may 2021-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı etirazında qeyd olunmuşdur ki, iddiaçının xidmətinə dair arxiv sənədlərində yoxlanılması məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu göndərilmiş və Arxiv tərəfindən təqdim edilmiş 23.04.2021-ci il tarixli 9/2-3374 nömrəli məktubda qeyd edilmişdir ki, N (, 850, 851) nömrəli hərbi hissə komandirinin iyul - N oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissənin əsgərlərə “Pul təminatının ödənilməsi cədvəlləri” Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Mərkəzi Arxiv tərəfindən İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin 13.10.1992-ci il tarixli 70 nömrəli nizami hissə üzrə əmrindən arxiv çıxarışı təqdim edilmişdir. “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın” 30.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı komissiya etmiş olduğu müraciətinə baxılaraq sonuncu barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə 28.09.1992-12.05.1994-cü il tarixlərdə, N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin bazasında yaradılıb, 07.06.1992-28.09.1992ci il tarixlərdə, N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyinə, 01.01.1992- 01.05.1992-ci il tarixlərdə N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyinə verilmiş, 25.03.1992-01.05.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Komissiya tərəfindən Mərkəzi Arxivin müvafiq arayışına əsasən iddiaçının hərbi xidmətinin tam təsdiqlənmədiyinə, yəni hərbi hissəyə daxil olması və müqavilənin pozulmasının səbəbi məlum olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən haqlı olaraq imtina olunmuşdur. İddiaçının təqdim etdiyi hərbi biletdə aparılmış qeydlər tam olaraq arxiv sənədlərində aşkarlanmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-985/2021 saylı qərarı (hakim V. E.Əzizova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-985/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarında qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 430 saylı fərmanı 23.01.1996-cı il tarixində, “hərbi qulluqçuların qismən ehtiyata buraxılması” haqqında 466 saylı fərmanı 23.06.1996-cı il tarixində və “Hərbi quluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı fərmanı 29.09.1996-cı il tarixdə qəbul edilmişdir. Müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilirlər. 1992-ci ilin oktyabr ayında hərbi qulluqçu kimi tərxis edilə bilməzdilər. O, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, onun hərbi biletində hərbi hissəyə girişi çıxışı əmrlərlə təsdiq olunduğu halda iddia tələbinin təmin edilməməsi əsassızdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bölməsinin 9-cu abzasına görə müharibə veteranı adı Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda 09.10.1991-ci il tarixdən 10.05.1994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanları tərkibində hərbi xidmət keçmiş şəxslərə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam edilmiş şəxslərə verilir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o, döyüşlərə könüllü olaraq getmiş və N () saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Həqiqətən də xidmət etməsi hərbi biletində olan qeydlərlə təsdiq edilir, həmçinin 13.10.1992-ci il tarixli əmrdən də görünür ki, onunla bağlanılmış müqavilə pozulduğundan bütün növ təminatlardan çıxarılmışdır. O, bu barədə müvafiq sənədlərini cavabdehə təqdim etmiş, lakin ona imtina cavabı verilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021ci il tarixli, 2-1(118)-985/2021 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir.

9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

21. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

23. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

24. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

25. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

26. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunu: Maddə 3. 1-ci hissə, 3-cü abzas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. 1-ci hissə: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 3-cü hissə: Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

27. Azərbaycan Respublikasının Hərbi qulluqcuların statusu haqqında Qanununun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

28. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” 10.06.1992-ci il tarixli Qanun: Maddə 24. Səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Maddə 26. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

30. Azərbaycan Respublikası müdafiə nazirinin 1998-ci il 06 yanvar tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışın mütləq təqdim edilməsi müəyyən edilmişdir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

32. Məhkəmə kollegiyası hazırki qərarın 11-20-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçının izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı 24.10.1983-05.12.1985-ci illərdə həqiqi hərbi xidmət keçməsi HZ № ******* saylı hərbi biletlə təsdiq edilir. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 26.01.2021-ci il tarixli 9/2-486 №-li arxiv arayışı ilə müəyyən edilir ki, sıravi İddiaçı N () №-li hərbi hissə komandirinin 13.10.1992-ci il tarixli 70 №-li əmrilə (əsas: səh.-25, sıra-7) müqaviləsi pozularaq, İİİ taburun şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan azad edilmiş, N (, 850, 851) №-li hərbi hissə komandirinin iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

34. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən 18.03.2021-ci il tarixli 1/S-7115 №-li məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 12.03.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 26.01.2021-ci il tarixli 9/2-486 nömrəli arayışına əsasən hərbi xidməti tam təsdiqlənmədiyinə (hərbi hissəyə daxil olması və müqavilənin pozulmasının səbəbi məlum olmadığına) görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.

35. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən təxris olunaraq ehtiyata buraxılmış hərbi mükələfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” 25.07.1992-ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri Azərbaycan Respublikası ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçməsinin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, adı çəkilən fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının müdafiə naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı isə 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, hazırki qərarın 26-28-ci bəndlərində istinad edilən qanun normalarının, eləcə də 29 və 30-cu bəndlərində istinad edilən direktiv sənədlərin, həmçinin 33-34-cü bəndlərində istinad edilən rəsmi sənədlərdə əksini tapan hallara uyğun olaraq iddiçının iddiasının rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür.

37. Hazırki qərarın 6-cı bəndində qeyd edilən iddiaçının apelyasiya şikayətinin dəlillərilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır ona görə ki, iddiaçının 05.07.1992-ci il tarixində könüllü olaraq döyüşlərdə iştirak etməsi hərbi hissənin şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdə aşkar edilməmiş, bu isə hazırki qərarın 30-cu bəndində göstərilən “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın xüsusən də qeyd hissəsində tələb olunan hala uyğun deyildir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normalarının tələblərinə əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir.

39. İddiaçının hərbi xidməti tam təsdiqlənmədiyinə, yəni hərbi hissəyə daxil olması və müqavilənin pozulmasının səbəbi məlum olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir.

40. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi onun hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

41. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Apelyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

42. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-985/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-985/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar