Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-479/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Quliyev İsmayıl Rza oğlu və X3 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-86/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli, 12 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondundan fərdi yaşayış evinin tikintisi üçün X6 Xaçmaz şəhərinin ərazisindən 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra sözügedən 0,08 torpaq sahəsinin faktiki istifadədə olan 0,04 ha hissəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019cu il tarixdə qeydiyyata alınaraq, **********38 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən A seriyalı, 333315 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bundan sonra Quba regonal “ASAN xidmət” mərkəzində 11 may 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X7 mülkiyyətində olan 0,04 ha torpaq sahəsini X2. Həmin 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X8 adına dövlət reyestrində qeydiyyata alınmış, sonradan sonuncu mülkiyyətində olan həmin torpaq sahəsini 31 may 2020-ci il tarixdə alqı-satqı qaydasında X1. Sözügedən torpaq sahəsi üzərində İ.M.Babayevin xüsusi mülkiyyət hüququ yenidən xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ərizə ilə cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, X5 adına verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğv xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********51 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin çıxarışlar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Həmin qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə dair X5 adına hazırlanmış çıxarışın ləğvinə dair göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 adına verilmiş 07 fevral 2019-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki birinci icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci il tarixdən ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Xaçmaz bələdiyyəsinin balansında olan 0,04 ha torpaq sahəsində bələdiyyənin razılığı ilə yaşayış evi inşa etmişdir. Onun bacısı və qardaşı da onun ətrafında özlərinə ev tikmişlər. Bir müddət keçdikdən sonra iddiaçı faktiki istifadəsində olan 0,04 ha torpaq sahəsinin adına sənədləşdirilməsi məqsədilə Xaçmaz bələdiyyəsinə ərizə ilə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair üçüncü şəxs X5 adına cavabdeh tərəfindən dövlət reyestrindən çıxarış verilmişdir. Hesab edir ki, həmin çıxarış qanunsuz verilmişdir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə tərəfindən X7 üçüncü şəxs qismində inzbati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2-1(118)-352/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) İddiaçı qeyd edilən qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(105)-260/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2-1(118)-352/2022 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c) Birinci instansiya məhkəməsindəki ikinci icraat Üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbində Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli, 12 nömrəli qərarına əsasən üçüncü şəxsə satılmış 0,04 torpaq sahəsinin onun evinin həyətyanı torpaq sahəsi olduğunu qeyd etmişdir. Halbuki, həmin torpaq sahəsi iddiaçıya məxsus yaşayış evinin qarşısındakı küçənin digər tərəfində (evindən 30-40 metr məsafədə) yerləşir. Bu baxımdan, hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-86/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüququna dair xx.xx.2019-cu il tarixli, **********38 reyestr nömrəli qeydiyyatın aparılmasına əsas Xaçmaz şəhər bələdiyyəsinin 30 noyabr 2016-cı il tarixli, 12 nömrəli qərarı olmuşdur. Nəzərə alınmalıdır ki, həmin qərar qüvvədə olduğu halda, iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, üçüncü şəxsin adına qeydiyyatın aparıldığı 0,04 ha torpaq sahəsi onun faktiki istifadəsində olan torpaq sahəsinə bitişikdir, həmin sahəni əvvəldən zəbt etmişdir. Həmin torpaq sahəsi ilə onun faktiki istifadəsində olan sahə arasından yol keçmir, sahələr eyni hasar daxilindədir. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, ona məxsus 0,04 ha torpaq sahəsi yolun kənarında, iddiaçının torpaq sahəsi isə digər küçədə yerləşir. Üçüncü şəxs şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, hazırda iddiaçı Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin - xx.xx.2019-cu il tarixli, **********38 reyestr nömrəli qeydiyyatı mübahisələndirir. Birinci instansiya məhkəməsi qərarında həmin qeydiyyatın aparılmasına əsas olmuş Xaçmaz şəhər bələdiyyəsinin 30 noyabr 2016-cı il tarixli, 12 nömrəli qərarının hazırda qüvvədə olduğunu, bu baxımdan, reyestrdəki qeydin həqiqi hesab edildiyini qeyd edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayarq aşağıdakıları qeyd edir: Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Kollegiya hesab edir ki, iddiaçının 0,04 ha torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla həmin torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququna dair reyestrdə aparılmış qeydiyyatı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. İddiaçı iddia ərizəsi, apellyasiya şikayətinin dəlillərində və məhkəmə iclasında izahatında tələbinin əsası kimi üçüncü şəxsin adına qeydiyyatın aparıldığı sözügedən 0,04 ha torpaq sahəsinin Xaçmaz Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə ona ayrılmış 0,04 ha torpaq sahəsinə bitişik yerləşdiyini, həmin sahələrin eyni hasar daxilində olmaqla, faktiki olaraq onun istifadəsində olduğunu bildirmişdir. Üçüncü şəxs isə iddiaçı tərəfindən qeyd edilənləri qəbul etməyərək məhkəmə iclasında izahatında ona məxsus 0,04 ha torpaq sahəsinin yolun kənarında, iddiaçının torpaq sahəsinin isə digər küçədə yerləşdiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi, iki halda torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) Sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olmalıdır; 2) Sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır. Kollegiya hesab edir ki, hazırkı işin şərtləri ilə bağlı olaraq hər iki haldan heç birinin mövcudluğu müəyyən olunmadığı üçün iddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3 və 16.4-cü maddələrinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə, özünün hazırkı iddiaya dair subyektiv hüququnun olduğunu iddia edə bilməz. Belə ki, qeyd edilən torpaq sahəsində iddiaçıya məxsus hər hansı tikili mövcud deyildir. Bundan başqa, mübahisələndirilən torpaq sahəsi iddiaçının iddia etdiyi kimi ona qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla, artıq ölçüdə istifadə olunan sahə də deyildir. Belə ki, üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilən mübahisəli torpaq sahəsi yerləşən ərazinin foto-şəkillərindən, habelə Xaçmaz şəhərinin baş planından sxematik çıxarışdan (1:2000 miqyasında) görünür ki, həqiqətən də, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsin adına qeydiyyatın aparıldığı 0,04 ha torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinə bitişik olmamaqla, həmin sahənin qarşı küçəsində yol kənarında yerləşir, yəni iddiaçının istifadəsində olan torpaq sahəsi ilə mübahisəli torpaq sahəsi arasında avtomobil yolu vardır. Hər iki torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçı tərəfindən də məhkəmə iclasında təsdiq edilmişdir. Beləliklə, işin müəyyən edilən faktiki hallarından göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının iddia etdiyi kimi ona məxsus torpaq sahəsinə bitişik yerləşməsi və onun faktiki istifadəsində olması müəyyən edilmir. Bu isə o deməkdir ki, iddiaçının həmin 0,04 ha torpaq sahəsi üzərində hər hansı hər hansı subyektiv hüququnun və buna uyğun olaraq, həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Eyni zamanda, işdən görünür ki, üçüncü şəxsin adına mübahisələndirilən **********38 reyestr nömrəli qeydiyyatın aparılmasına əsas olmuş Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli, 12 nömrəli qərarı hazırkı məhkəmə icraatının gedişində iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-905/2022 nömrəli qərardadı ilə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddia mümkün sayılmamışdır, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-616/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2-1(102)- 138/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmayaraq, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan, iddiaçının hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüququnun mövcudluğunu araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-86/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(105)-479/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-479/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver