Məhkəmə qərarları › İş №2-1(105)-479/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-479/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-479/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2074/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyiniz HT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1984-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də boruçəkənçilingər vəzifəsində işlədiyiniz göstərilib. Araşdırma zamanı, xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından həmin müəssisənin xx.xx.1994-cü il tarixindən fəaliyyətini dayandırdığı müəyyən olunub. Bu fakt "xxxx" ASC-nin 7 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Eyni zamanda, işlədiyiniz boruçəkən çilingər vəzifəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, AZB01/91 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi “Mərkəzidomnatəmir” Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin idarə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. "xxxx" ASC Azərbaycan Respublikasında polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Sorğuda qeyd edilən “boru çəkən çilingər” və “boru kəmərlərinin quraşdırıcıları” peşələri bizim müəssisədə mövcud olmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi bizim istehsalat sahələrində 2003cü ilədək bu işlərin yerinə yetirilməsi iddiaçının işlədiyi “Mərkəzidomnatəmir” Tikinti Quraşdırma İdarəsi tərəfindən, 2003-cü ildən başlayaraq isə müəssisəmizin “quraşdırıcı çilingər”, “təmirçi çilingər” peşələrində çalışan işçilərimiz tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən sorğuda qeyd edilən vəzifə təlimatlarının tərəflərindən təqdim edilməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun hüququnun yarandığı gündən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2024-cü il tarixdən yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964- cü il tarixdə Masallı rayonu, Xil kəndində doğulmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əmək stajı vardır. 12 il 06 aydan çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı vardır. Belə ki, xx.xx.1981-ci ildə SSSRİ QMN Sumqayıt Xüsusi Tikinti Quraşdırma idarəsi “Domna Təmir Mərkəzi”-nə 2-ci dərəcə tornaçı vəzifəsinə qəbul edilmişdir. Daha sonra xx.xx.1982-ci il tarixdə həmin mərkəzdə 3cü dərəcə tornaçı vəzifəsinə təyin edilmişdir. 1982-ci ildən 1984-cü il tarixədək Sovet ordusuna çağırışla bağlı hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1984-cü il tarixdə yuxarıda qeyd edilən mərkəzdə 4-cü dərəcə çilingər - boru kəməri çəkən vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək həmin mərkəzdə “4-cü dərəcə metallurgiya zavoduna texnoloji boru kəməri çəkilişi üzrə quraşdırıcı’’ vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh işlədiyi vəzifənin güzəştli şərtlər ilə pensiya təyin edilməsi vəzifəsinə uyğun olmadığını əsas gətirməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə işlədiyi vəzifə, yəni SSSRİ QMN Sumqayıt Xüsusi Tikinti Quraşdırma idarəsi “Domna Təmir Mərkəzi"də işlədiyim “4-cü dərəcə metallurgiya zavoduna texnoloji boru kəməri çəkilişi üzrə quraşdırıcı" vəzifəsi xüsusi şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifələr siyahısına daxil edilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7~ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə işlədiyi vəzifə, yəni SSSRİ QMN Sumqayıt Xüsusi Tikinti Quraşdırma idarəsi “Domna Təmir Mərkəzi”də işlədiyim ‘4-cü dərəcə metallurgiya zavoduna texnoloji boru kəməri çəkilişi üzrə quraşdırıcı” vəzifəsi xüsusi şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifələr siyahısına daxil edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışda da qeyd olunmuşdur ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək metallurqiya avadanlıqlarının daimi təmiri ilə məşğul olan texniki boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 3-cü bölməsinin ******* yarımbölrnəsinin A 14641 şifri güzəştli şərtlər ilə əmək pensiyası almağına əsas verir. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, iddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin T Paşayevin ümumi iş stajının 25 ildən az və güzəştli iş stajının olmaması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də boruçəkən-çilingər vəzifəsində işlədiyi göstərilmişdir. Araşdırma zamanı, xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından həmin müəssisənin xx.xx.1994-cü il tarixdən fəaliyyətini dayandırdığı müəyyən olunmuşdur. Bu fakt “Azərboru" ASC-nin 7 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Eyni zamanda, iddiaçının işlədiyi boruçəkən çilingər vəzifəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 6 ay 2 gün (xx.xx.1981-xx.xx.1982-cİ il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1998-ci il. xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı ümumi iş stajı 31 il 8 ay 12 gün (xx.xx.2006-cı il tarixədək 16 il 11 ay 12 gün (xx.xx.1981-xx.xx.1982-ci il. xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü). xx.xx.1984xx.xx.1994-cü il və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 9 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2074/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslı olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 07 mart 2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, yoxlama zamanı X1 işlədiyi Mərkəzidomna təmir tresti Azərbaycan Boruyayma Zavodunun ərazisində yerləşməklə müəssisənin fəaliyyət istiqamətinə uyğun olaraq domna (marten) sobalarının təmiri üzrə həmin zavoda xidmət göstərmişdir. Mərkəzidomnatəmir tresti Rusiya Federasiyasının Sumqayıt filialı kimi fəaliyyət göstərmişdir. Xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından müəssisə xx.xx.1994-cü ildən fəaliyyətini dayandırmışdır. Akt DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X2 şöbəsinin baş mütəxssisi və böyük mütəxəssisi və "xxxx" ASC-nin arxiv sənədlərinin aparılması üzrə mütəxəssis tərəfindən imza edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş aktı mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli 01/27 saylı arayışında qeyd edilmişdir ki, “Mərkəzidomnatəmir” Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin müəssisə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. Qeyd edilən müəssisənnin fəaliyyətinin dəqiq hansı tarixdə dayandırması barədə "xxxx" ASC-də hər hansı bir məlumat yoxdur. Lakin, 1994-cü ildən başlayaraq müəssisənin istehsal gücünün azalması nəticəsində istehsal sahələrində fəaliyyət tədricən dayanmağa başlamışdır. 1997-ci ildə ilk əvvəl Marten sexi, daha sonra Yayma sexi fəaliyyətini dayandırmışdır. Boruyayma sexi isə fasilələrlə fəaliyyətini davam etdirsə də, 2003-cü ildən başlayaraq bu günədək davamlı olaraq fəaliyyətini davam etdirir və elə həmin dövrdən başlayaraq avadanlıqların təmiri və quraşdırılması işləri “Azərboru" ASC-nin öz işçiləri tərəfindən həyata keçirilir. Həmçinin, arxiv sənədlərinin olmaması səbəbindən bu barədə təsdiqedici sənədlərin təqdim olunması qeyri-mümkündür. Belə ki, cavabdeh qeyd edir ki, araşdırma zamanı, iddiaçının xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından həmin müəssisənin xx.xx.1994-cü il tarixdən fəaliyyətini dayandırdığı müəyyən olunmuşdur. Lakin məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Marten sexi 1997-ci ildə fəaliyyətini dayandırmışdır. Daha sonra Yayma sexi fəaliyyətini dayandırmış, boruyayma sexi isə fasilələrlə fəaliyyətini davam etdirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən müəssisənin fəaliyyətinin dayandırıldığını sübut edən sənəd və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli 01/27 saylı arayışında həmçinin cavabdeh tərəfindən təqdim edilmiş aktın qeyri-dəqiq məlumat əsasında tərtin edildiyi qeyd edilmiş və "xxxx" ASC-nin sabiq əməkdaşı tərəfindən imzalanmış 07 mart 2023-cü il tarixli aktın nəzərə alınmaması xahiş edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Aktın hansı sənədlər əsasında tərtib edilməsi qeyri-müəyyəndir, cavabdeh tərəfindən tərtib edilmiş Aktla bağlı heç bir təsdiqedici sənəd məhkəməyə təqdim edilməmiş, həmçinin sözügedən Akt iş materialları və məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərlə təkzib edildiyinə görə məhkəmə hesab edir ki, qeyd edilən Akt iddianın əsassızlığının sübutu kimi qiymətləndirilə bilməz. Cavabdehin vəzifə uyğunsuzluğu ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli 01/26 saylı arayışında “texniki boru quraşdırıcısı'’, “çilingər-boru çəkən çilingər" peşələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində “avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları"(2040200a-14641); (2040300a-14641); (2040400a-14641) peşələrinə uyğunlaşdırılmasının mümkün olduğu qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq götərilmişdir ki, sorğu nəticəsində məhkəməyə “Bakı Şampan Şərabları ASC”-dən xx.xx.2023-cü il tarixli 10 nömrəli məktub daxil olmuşdur. Qeyd olunan məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına istinad olunsa da, 320 saylı qərarın bölmə, bənd, şifri göstərilmişdir. Eyni zamanda iddiaçının işlədiyi operator vəzifəsi və təqdim olunmuş kod (bütün adlarda aparatçılar) üzrə əmək funksiyalarının eynilik təşkil etməsinə dair vəzifə təlimatları göndərilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının tələbi 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1984xx.xx.1998-ci il tarixləri arasında işlədiyi müəssisə xx.xx.1994-cü ildən fəaliyyətini dayandırıb, işlədiyi boruçəkən çilingər peşəsi müvafiq arayışda qeyd edilən avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun olmadığından, güzəştli iş stajı mövcud deyildir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması mübahisələndirilməmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş işlədiyi dövrlərə aid qeydlər, hərbi xidmətdə olduğu dövr nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı öz təsdiqini tapmışdır. Nəticə etibarilə indiki halda iddiaçıya münasibətdə qanunla tələb olunan ümumi iş stajına aid olan şərtində də ödnilməsi halı müəyyən edilmişdir. İşin mübahisəli halı ondan ibarədtir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisəsnin fəaliyyətinin dayanması və işlədiyi peşənin adının müvafiq Siyahıda nəzərdə tutulan peşə ilə eynilik təşkil etmədiyindən, güzəştli iş stajının olmasını qəbul etmir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1984-xx.xx.1998-ci il tarixləri arasında "xxxx" ASC-də (hazırki adı) boru kəməri çəkən üzrə quraşdırıcısı peşəsində işləmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən qeyd edilən peşənin peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasına və müvafiq 2 №li Siyahının İİİ bölməsinin ******* yarımbölməsinin A14641 şifrinə uyğun olmasına dair arayış verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli arayışın məzmununda iddiaçının işlədiyi peşə, əmək funksiyasının nədən ibarət olması, işin xarakteri barədə məlumat qeyd edilməklə, həmin peşənin müvafiq 2 №li Siyahının İİİ Meallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində “avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları” (2040200a-14641); (2040300a-14641; (2040400a-14641)) peşələrinə uyğunlaşdırmağın mümkün olduğu, həmin peşələr bu müəssisədə mövcud olmadığından onlara aid vəzifə təlimatlarının təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi indiki halda iddiaçının işlədiyi müəssisənin aid olduğu müvafiq ASC tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçının işlədiyi peşə , habelə görüdüyü işin xarakteri və əmək funksiyası məhz boruquraşdırıcı peşəsi ilə eynilik təşkil etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının işlədiyi peşənin adı boru kəməri çəkən üzrə quraşdırıcı olmaqla, müvafiq Siyahı üzrə güzəştli pensiya hüququ verən peşənin adı ilə eynilik təşkil etmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının işlədiyi peşənin müvafiq Siyahı üzrə nəzərdə tutulan peşə ilə eynilik təşkil etmədiyini qeyd etsə də, ona dair heç bir sübut təqdim etməmiş, habelə həmin hal iş materialları əsasında təkzib olunmuş, cavabeh tərəfindən isə müvafiq müəssisə tərəfindən verilmiş arayışın (peşənin güzəştli pensiya hüququ verən peşəyə aid olması, işin xarakteri, əmək funskiyası və s. məlumatların) əksini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, həmin hissədə cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin xx.xx.1994-cü il tarixdə fəaliyyətinin dayandığını, həmin halı isə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş 07 mart 2023-cü il tarixli akta istinad etməklə əsaslandırmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, həmin aktın məzmununda müəssisənin arxiv sənədləri saxlanılmadığından yoxlamanın ərazisində fəaliyyət göstərdiyi "xxxx" ASC-də aparıldığı qeyd edilmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli məktubun məzmununda həmin müəssisənin fəaliyyətinin nəvaxt dayandırması barədə məlumatın olmadığı, arxiv sənədləri mövcud olmadığından bu barədə təsdiqedici sənədlərin təqdim edilməsinin mümkün olmadığı, qeyridəqiq məlumat əsasında tərtib edilmiş 07 mart 2023-cü il tarixli məktubun nəzərə alınmaması qeyd edilmişdir.Cavabdeh tərəfindən isə müəssisənin fəaliyyətinin dayanması halı ilə bağlı başqa hər hansı mötəbər sübut təqdim edilməmişdir.Belə olan halda, kollegiya hesab edir ki, həmin hissədə də cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1984xx.xx.1998-ci il tarixləri arasında "xxxx" ASC-də (hazırki adı) boru quraşdırıcı (boru kəməri çəkən üzrə quraşdırıcı) peşəsində işlədiyi dövrlər güzəştli iş stajı kimi nəzərə alınmalı olduğundan, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərt də ödənilmiş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2074/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar