Məhkəmə qərarları › İş №2-1(105)-48/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-48/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-48/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” 01 may 2020-ci il tarixli **********046800 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair iş üzrə Açar sözlər: mübahisənin cavabdeh tərəfindən həll edilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Şirinova Şəfəq Zahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 01 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə **********046800 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(118)-187/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” 01 may 2020-ci il tarixli **********046800 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(118)-187/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir(hakim C.B.Məmmədov). Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayəti icraata qəbul edilmiş və inzibati iş baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisəyə mahiyyəti üzrə apelyasiya qaydasında baxılan ərəfədə cavabdeh tərəfindən hesablanmış vergi borcu tam silinmiş, iddiaçının tələbi təmin edilmişdir. Bu barədə cavabdeh 18 oktyabr 2021-ci il tarixli **********184700 saylı qərarı məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən 18 oktyabr 2021-ci il tarixli **********184700 saylı qərar qəbul edilməsindən məlumatlı olmasını bildirsə də, təmsil etdiyi İKB-nin rəhbərliyinin iş üzrə müvafiq qərarın qəbul edilməsi barədə fikirinin məhkəmənin öhdəsinə buraxılmasından ibarət olduğunu ərz etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən artıq iddiaçının tələbi təmin olunaraq “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə 01 may 2020-ci il tarixli **********046800 nömrəli qərar, 18 oktyabr 2021-ci il tarixli **********184700 saylı qərarla ləğv edildiyindən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 18 oktyabr 2021-ci il tarixli **********184700 saylı qərardan görünür ki, 01 may 2020-ci il tarixli **********046800 nömrəli qərar ləğv edilmiş və vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manatdır(i.v.234-235). Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Həmin Məcəllənin 67.1-ci maddəsində isə deyilir ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğunda və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2-1(118)-187/2021 saylı qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” 01 may 2020-ci il tarixli **********046800 nömrəli Qərarının ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar