Məhkəmə qərarları › İş №2-1(105)-480/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-480/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-480/2021 29.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı is üzrə Açar sözlər: icraatın dayandırılmasının ləgv edilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu, Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəsad Nəbi oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı1 verilmiş qeydiyyat tarixi 12.03.2019-cu il tarixli seriya RX N-1480919 saylı çıxarış, İddiaçı4 verilmiş 12.03.2019-cu il tarixli seriya RX N-1480916 saylı çıxarış, İddiaçı2 verilmiş 18.04.2016-cı il tarixli seriya RX N-0851700 saylı çıxarış və İddiaçı3 verilmiş 18.07.2016-cı il tarixli seriya RX N- 0897706 saylı çıxarışlarda göstərilmiş torpaq sahəsinin koordinatlarının yerində (naturada) onlara göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2021-cı il tarixli 2-1(118)-95/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “İddiaçı1 verilmiş qeydiyyat tarixi 12.03.2019-cu il tarixli seriya RX N1480919 saylı çıxarış, İddiaçı4 verilmiş 12.03.2019-cu il tarixli seriya RX N-1480916 saylı çıxarış, İddiaçı2 verilmiş 18.04.2016-cı il tarixli seriya RX N-0851700 saylı çıxarış və İddiaçı3 verilmiş 18.07.2016-cı il tarixli seriya RX N-0897706 saylı çıxarışlarda göstərilmiş torpaq sahəsinin koordinatlarının yerində (naturada) onlara göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

İddianın əsaslandırılması:

2. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlara Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17.12.1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində İddiaçı1 1,43 ha torpaq sahəsinə JN-0075, KOD 30214088 saylı, İddiaçı4 1,58 ha torpaq sahəsinə JN-0076, KOD 30214088 saylı, İddiaçı2 1,72 ha torpaq sahəsinə JN-0077, KOD 30214088 saylı, İddiaçı3 1,77 ha torpaq sahəsinə JN-0078, KOD 30214088 saylı ümumilikdə 6,5 ha torpaq sahəsi üçün 4 ədəd torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bunun əsasında da müvafiq olaraq İddiaçı1 qeydiyyat tarixi 12.03.2019-cu il tarixli seriya RX № ******* saylı İddiaçı4 12.03.2019-cu il tarixli seriya RX № ******* saylı, İddiaçı2 18.04.2016-cı il tarixli seriya RX № ******* saylı və X1 18.07.2016-cı il tarixli seriya RX № ******* saylı çıxarışlar verilmişdir. Qeyd edilən torpaq sahəsi verildikdən sonra onlarla bir kənddə yaşayan Cəfərov Malik Mayıl oğlu və X10 onların mülkiyyətində olan torpaq sahəsinin əvvəl bir hissəsini, sonra isə təxminən 0,55 ha hissəsini zəbt etmişlər. Bununla bağlı onlar DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş, 22 ildən çox müddət ərzində bağ salaraq istifadə etdikləri və çıxarışla mülkiyyətlərində olan sahənin dəqiq koordinatlarını naturada göstərilməsini tələb etmişlər. Müxtəlif vaxtlarda iddiaçıya verilən cavablarında onların sənəddəki koordinatlar ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq olduğunu qeyd edərək torpaq sahəsinin göstərilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin onların 22 ildən çox mülkiyyətində olan torpaq sahəsindən DƏDRX-nin 5 saylı Ərazi İdarəsi X6 qeydiyyat tarixi 12.11.2019-cu ildə 0,10 ha torpaq sahəsinə və X7 qeydiyyat tarixi 15.01.2019-cu ildə 0,10 ha torpaq sahəsinə dair iki ədəd çıxarış vermişdir. Belə ki, guya onların torpaq sahəsində faktiki istifadə ilə sənəddəki koordinatlarda uyğunsuzluq olması bəhanəsi ilə onlara göstərilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturadakı yerini digər şəxslərə yaşayış məntəqələrinin torpaqları kimi göstərməklə qanunvericiliyin bir neçə tələblərini pozmaqla çıxarışlar vermişdir. Ona görə də DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin bu qanunsuz hərəkətləri sayəsində onlar uzun müddətdir ki, əziyyət çəkirlər. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə onlara 1997-ci ildə torpaq sahəsi ayrılanda torpağa mülkiyyət hüququna dair yerində, yəni naturada koordinatları göstərilməklə dövlət aktı verilmiş və faktiki istifadələrinə uyğun da DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirməklə çıxarış verilmişdir. Kənar şəxslər tərəfindən onların qanuni mülkiyytində olan torpaq sahəsi müxtəlif etibarsız, əsası olmayan sənədlər (şəhadətnamə, bələdiyyə qərarı, məhkəmə qətnaməsi və s.) göstərməklə zəbt edilmiş və etibarsız sənədlər əsasında da həmin şəxslərə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən (özlərinin qeyd etdiyi kimi mübahisəli torpaq sahəsinə) X6 və X7 yuxarıda qeyd olunan tarixlərdə çıxarışlar verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli 2-1(118)-95/2021 saylı qərardadı ilə hazırki iş üzrə icraat yuxarı instansiya məhkəmələrində İddiaçı2 cavabdeh X6 qarşı 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddiaya baxılıb qurtarana və məhkəmə qərarının qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır.

4. Qeyd edilən qərardad onunla əsaslandırılmışdır ki, iddiaçılar ilə üçüncü şəxslər arasında mübahisə predmeti daşınmaz əmlakla bağlı mülki mübahisə mövcuddur və Xaçmaz Rayon Məhkəməsində torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi tələbi üzrə işə baxılmış və 15 aprel 2021-ci il tarixdə qətnamə çıxarılmışdır. Hal-hazırda isə bu qətnamədən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayəti 16.05.2021-ci il tarixində Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Hesab olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsinin qüvvədə qalacağı tədqirdə hazır ki, iddia tələbi üzrə iddiaçılara məxsus torpaq sahəsinin yerinin naturada dəqiq göstərilməsində DƏDRX-nin 5 saylı Ərazi İdarəsi qarşısında yarana biləcək məhdudiyətin aradan qaldarılmasında mühüm rolu olacaqdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən tərtib edlmiş apelyasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 24.12.2004-cü il tarixli qətnaməsi ilə İddiaçı2 və İddiaçı3 hər birindən 0,10 ha torpaq sahəsi alınaraq X6 və X2 verilməsi barədə iddiaları təmin olunmuşdur. Lakin həmin qətnamədə hansı torpaq sahəsinin alınıb verilməsi (yəni kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, xüsusi mülkiyyətdən, istifadəsində olan torpaq sahəsindən və s. torpaq sahəsindən) dəqiq göstərilmədiyindən və qətnamədə qeyd olunan torpaq sahəsi naturada mövcud olmadığından qətnaməni icra etmək mümkün olmamışdır. Bu səbəbdən də icraya xitam verilmiş və icra vərəqəsinin icrası mümkün olmadığından 13.06.2017-ci il tarixində “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Buna baxmayaraq tələbkar X8 qətnamənin icra olunması üçün Sumqayt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmiş və məhkəmənin iş №8(105)-185/2018 saylı 08.10.2018-ci il tarixli qərardadı ilə tələbkarın şikayəti təmin olunmuş və Xaçmaz rayon İcra Şöbəsinin 13.06.2017-ci il tarixli qərarı ləğv edilərək icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin qətnamə heç bir koordinat olmadan qanunsuz icra olunaraq 07.01.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən tələbkar X5 adına qeydiyyat tarixi 12.11.2019-cu il olan 0,10ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Qərar düzgün icra olunmadığına görə (yəni qeyd edilən torpaq sahəsi naturada mövcud olmadığından) borclu İddiaçı2 Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 07.01.2020-ci il tarixli icra qərarının ləğv olunması barədə icra sənədini vermiş Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin iş 8(105)-76/2020 saylı 01.06.2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə qərarı ləğv edərkən ona əsaslanmışdır ki, mübahisəli torpaqla bağlı qətnamənin 2004-cü ildən olmasına baxmayaraq qeyd edilən ərazinin mövcud olmaması həmin qətnamənin icrasını mümkünsüz etmişdir. Bu hal müxtəlif vaxtlarda aidiyyati orqanlar tərəfindən verilmiş arayışlarla təsdiq edilmişdir. Tərəflər arasında torpaq sahəsinin koordinatları ilə bağlı mübahisə mövcuddur. İcra məmuru 0,10 ha torpaq sahəsini hansı koordinatlara əsasən məhz həmin yerdən alınıb tələbkara verilməsinin qanuni əsasları icra işinin materiallarında öz əksini tapmamışdır. Bu səbəbdən də borclu İddiaçı2 Xaçmaz Rayon Məhkəməsində X5 adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə çıxarış ləğv olunmuş və qarşı tərəf qətnamədən apelyasiya şikayəti vermişdir. İş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olarkən işin hərtərəfli araşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisisnin rəyi alınmışdır. Mütəxəssis rəyindən məlum olmuşdur ki, onlara verilmiş «torpaq sahəsi torpaq islahatının aparılması üçün hazırlanmış baş sxemə uyğun olmaqla bölgü layihəsi ilə dövlət aktındakı torpaq sahəsinin yerləşmə sxeminə uyğundur. Lakin çıxarış hazırlanan zaman faktiki istifadə edilən torpaq sahələrinin koordinatları naturada müəyyən edilməmişdir, yəni Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17.12.1997-ci il tarixli 16№-li qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş torpaq sahəsinə dair cavabdeh idarə tərəfindən yerində baxış keçirərək faktiki istifadəyə uyğun olmasını bildirirək 12.03.2019-cu il tarixli seriya RX №1480916 saylı çıxarış versə də, koordinatları faktiki istifadəyə uyğun deyil. Belə ki, fərqli rəy verilməklə onların qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Həmçinin mütəxəssis rəyindən tam aydın görünür ki, «bolgü layihəsində mübahisələndirilən pay torpaqları kəndin kənarında olan yol ilə həmsərhəddir, sözügedən həmin yol ilə pay torpaqları arasında bələdiyyə mülkiyyətinə torpaq sahəsinin ayrılması baş sxemdə öz əksini tapmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin icraatı dayandırmasına səbəb olan Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındakı çıxarışın ləğv edilməsi tələbi barədə olan işin baxılıb qanuni qüvvəsini almasının, yəni nəticəsinin onların hazırki işə aidiyyəti yoxdur, çünki 1997-ci ildən onların mülkiyyətində olan torpaq sahəsindən cavabdeh idarənin qanunsuz əməlləri sayəsində (yəni çıxarışı verərkən koordinatloarı fərqli verməsi və onlara məxsus torpaq sahəsindən üçüncü şəxslərə çıxarış verməsi) yarandığı üçün Sumqayıt İnzibati Məhkəməsi də onların qanuni hüquqlarını bərpa etməlidir. Onların torpaqla bağlı hüquqi mövqelərini digər məhkəmə qətnaməsindən asılı etməməlidir. Sumqayıt İnzibati Məhkəməsi icraatında olan işi dayandırarkən qərardadında qeyd etmişdir ki, hazırdla baxılan iddiada cavabdeh inzibati orqan mülkiyyət hüququ verən orqan kimi yox, yaranmış mövcud hüquqi dövlət qeydiyyatına alan orqan kimi çıxış edir. Halbuki cavabdeh idarə heç bir hüquq müəyyən edən sənədlər (yəni torpağın yerləşmə sxemi) olmadan üçüncü şəxslər X8 və X7 çıxarışlar vermişdir. Göstərilənlərə əsasən Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli 2-1(118)- 95/2021 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edirlər.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

6. apelyasiya şikayətinə qarşı tərəflər etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 izahatında apelyasiya şikayətini müdafiə etdiyini, şikayətin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli 2-1(118)-95/2021 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş edərək izahatında onu da vurguladı ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatı dayandırmasına səbəb olan Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındakı çıxarışın ləğv edilməsi tələbi barədə olan işin baxılıb qanuni qüvvəsini almasının, yəni nəticəsinin onların hazırki işlərinə aidiyyatı yoxdur, çünki 1997-ci ildən onların mülkiyyətində olan torpaq sahəsindən cavabdeh idarənin qanunsuz əməlləri sayəsində mübahisə yarandığı üçün Sumqayıt İnzibati Məhkəməsi də onların qanuni hüquqlarını bərpa etməlidir. Bir ildən çoxdur ki, məhkəmənin icraatında olan işi bundan sonra da aylarla gözləmək zərurəti yoxdur. Ona görə də apelyasiya şikayətlərinin təmin edilməsini xahiş edir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər İddiaçı2 da qardaşı - İddiaçı1 verdiyi izahatı müdafiə edərək, əlavəsinin olmadığını bildirib, apelyasiya şikayətinin təmin edilməsini, birinci instasniya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı4 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçılar İddiaçı3, İddiaçı4 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.

12. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

14. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfin apelyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır.

17. Belə ki, hazırki qərardadın 11-14-ci bəndlərində istinad edilən prosessual hüquq normalarının tələbləri baxımından inzibati mübahisə üzrə işə baxılması zamanı mübahisənin predmeti ilə əlaqədar mübahisənin həllinə təsir edə biləcəyi hallarda mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.

18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati işin həlli üzrə İddiaçı2 cavabdeh X6 qarşı 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddiaya baxılıb qurtarana və məhkəmənin qərarı qanuni qüvvəyə minənə qədər iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır.

19. Başqa sözlə desək, məhkəmə işin dayandırılması barədə qərardad qəbul edərkən, iddiaçının iddia tələbinin ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarır. Bu zaman məhkəmə iddiaçının irəli sürdüyü maddi tələbinin uğurluluq ehtimalını yoxlayır və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşandan sonra nəticəyə gəlir. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirildiyindən birinci instansiya məhkəməsi əsaslı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçılar ilə üçüncü şəxslər arasında mübahisə predmeti daşınmaz əmlakla bağlı mülki mübahisə mövcuddur və Xaçmaz Rayon Məhkəməsində torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi tələbi üzrə işə baxılmış və 15 aprel 2021-ci il tarixdə qətnamə çıxarılmışdır. Hal-hazırda isə bu qətnamədən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayəti 16.05.2021-ci il tarixində Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Hesab olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsinin qüvvədə qalacağı tədqirdə hazır ki, iddia tələbi üzrə iddiaçılara məxsus torpaq sahəsinin yerinin naturada dəqiq göstərilməsində DƏDRX-nin 5 saylı Ərazi İdarəsi qarşısında yarana biləcək məhdudiyyətin aradan qaldarılmasında mühüm rolu olacaqdır.

20. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin hazırki qərardadın 5-ci bəndində əks edilən apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz, ona görə ki, həmin dəlillərdə yalnız iddia tələbinin əsaslılığına istinad edilməklə cavabdeh tərəfin qanunsuz əməlləri sayəsində heç bir hüquq müəyyən edən sənədlər (yəni torpağın yerləşmə sxemi) olmadan üçüncü şəxslər X8 və X7 çıxarışlar verməsini vurğulanmaqla kifayətlənmiş, lakin iddia tələbinin uğurluluq ehtimalına dair yetərli sübutlar təqdim edilməmişdir.

21. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfin apelyasiya şikayəti təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7, 80, 81 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli 2-1(118)-95/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar