Məhkəmə qərarları › İş №2-1(105)-480/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-480/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-480/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 769/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. Azərbaycan Respubikası Müdafiə Nazirliyinin Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışında qeyd edilmişdir ki,79N nömrəli və N nömrəli hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə əlavə araşdırma aparılması mümkün olmamışdır. İddiaçıya məxsus AO № ******* saylı “Hərbi bilet”inin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür, 31 may 1990-cı ildə həqiqi hərbi xidmətə göndərilmiş, 21 aprel 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır, 14-cü qrafada qeyd edilmişdir ki, Laçın, Ağdam, Kəlbəcər bölgələrində döyüşlərdə iştirak etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxılmış, təqdim olunan sənədlərə əsasən, xx.xx.1993-cü il tarixdən sonrakı müddətdə hərbi xidməti barədə məlumat aşkar olunmadığına, habelə xx.xx.1994-cü il tarixədək əməliyyatların aparıldığı dövrdə hərbi xidmətinə və qanuni əsaslarla entiyata buraxılmasına dair məlumatlar olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtına olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9345/2023 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1972-ci ildə Abşeron rayonunda anadan olmuşdur, ailəlidir, orta təhsilli və İ Qarabağ müharibəsi iştirakçısıdır. 1988-ci ildən Respublikamızda başlayan məlum hadisələrlə əlaqədar torpaqlarımızın ərazi bütövlüyü uğrunda Erməni işğalçılarına qarşı müharibədə iştirak etmək üçün o da hər bir qeyrətli Azərbaycan vətəndaşı kimi hərbi xidmətə çağırılmışdır. 05 sentyabr 1992-ci ildən 31 mart 1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində qulluq etmişdir. AR Müdafiə Nazirinin 01 aprel 1993-cü il tarixli əmri ilə 123№-li hərbi hissə ləğv olunmuş və o, hərbi xidmətini MN-nin N №-li hərbi hissəsində davam etdirmişdir. Qeyd edilən tarixlərdə - Laçın rayonunun Sarıbaba yüksəkliyinin, Təzəkənd, Qozlu, Finkə, Tıfık-İ, Tıfık-İİ, Ayıbasar, Harnəzər, Mişni, Qoçaz və sair kəndlərinin, Ağdam, Kəlbəcər rayonlarının erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Bütün qeyd etdiyi məlumatlar və cəbhə bölgəsində qulluq etməsi hərbi biletinə qeyd olunmuşdur. Lakin bu günə kimi o, “Müharibə veteranı” vəsiqəsini ala bilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona müharibə veteranı adı verilməsindən imtina etmiş, lakin cavabdeh təşkilat qərarını əsaslandırmamışdır. Hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır, buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir). Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy. Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-769/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus AO № ******* saylı “Hərbi bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür, 31 may 1990-cı ildə həqiqi hərbi xidmətə göndərildiyi, 21 aprel 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı, 14-cü qrafada Laçın, Ağdam, Kəlbəcər bölgələrində döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi yuxarıda iş materiallarında sadalanan ona məxsus AO № ******* saylı “Hərbi bilet” ilə də təsdiq olunur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, məhkəmə sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». İddaçı komissiyaya müraciət etmədən komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Belə ki, tərəflərindən müəyyən edilmişdir ki, iddiaçı V.Ə.Ələsgərov “Müharibə” veteranı adının və müvafiq vəsiqəsinin verilməsilə bağlı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ümumiyyətlə müraciət etməmişdir.Bununla da komissiya tərəfindən iddiaçının hüquq və qanuni mənafeylərini pozan hər hansı inzibati akt qəbul edilmədiyindən, inzibati orqan tərəfindən hərəkətsizliyə yol verilmədiyindən məhkəmə qərarı tamamilə əsassızdır. Belə ki, hazırki iddia AR İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması ilə bağlı olmuşdur. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi 05 sentyabr 1992-ci ildən 31 mart 1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində qulluq etməsi, AR Müdafiə Nazirinin 01 aprel 1993-cü il tarixli əmri ilə 123№-li hərbi hissə ləğv olunmuş və o, hərbi xidmətini MN-nin N №-li hərbi hissəsində davam etdirməsi, qeyd edilən tarixlərdə - Laçın rayonunun Sarıbaba yüksəkliyinin, Təzəkənd, Qozlu, Finkə, Tıfık-İ, Tıfık-İİ, Ayıbasar, Harnəzər, Mişni, Qoçaz və sair kəndlərinin, Ağdam, Kəlbəcər rayonlarının erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etməsi halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, müvafiq qanunvericilik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq döyüş əməliyyatlarını həyata keçirən hərbi hissənin tərkibində olması (bununla da aparılmış döyüş əməliyyatlarında iştirak etməsi) və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması halı daxildir. İndiki halda iddiaçı 05 sentyabr 1992-ci il tarixdən 31 mart 1993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində, daha sonra 79N nömrəli hərbi hissənin tərkibində qulluq etdiyini, döyüş əməliyyatlarında iştirak etdiyini, bu halların hərbi biletində əks olunduğunu bildirərək, iddia tələbinin əsası kimi həmin hallara istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan arxiv arayışının məzmunundan görünür ki, iddiaçının 709(181) nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 26 №li əmrində xx.xx.1993-cü il tarixdən manqa komandiri şəxsi heyəti sırasına və bütün növ təminatlara daxil edilməsi qeyd edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 11 №li əmrilə sıravi 1-ci Mat-da manqa komandiri vəzifəsinə təyin olunmuşdur, 181 (709) №li hərbi hisə komndirinin oktyabrdekabr 1993-cü il və 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Ələsgər oğlunun hərbi hissənin şəxsi heyəti sırasından çıxarılması barədə məlumat aşkar edilməmiş, N və N nömrəli hərbi hissənin komandirlərinin nizami hisə üzrə əmrləri arxivə daxil olmadığı üçün əlavə araşdırma apara bilmədikləri əks olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispoztiv şərtlərinə əsasən hərbi biletlərdə əks olunmuş qeydlər o halda həmin məlumatı təsdiq edən sübut kimi qəbul edilir ki, hərbi bilet həmin halları sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmiş olsun. İndiki halda isə iddiaçıya münasibətdə istinad etdiyi dövrlərlə bağlı hərbi xidmət keçməsinə dair heç bir arxiv məlumatı aşkar edilməmiş, aşkar edilmiş arxiv məlumatları isə iddia tələbinin əsası kimi istinad edilən halları təkzib etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, hətta iddiaçının döyüş əməliyyatlarında iştirakı etməsi halı müəyyən edilsə idi belə, onun hərbi hissədən qanuni əsaslarla təxris olunması halı aşkar olunmadığından (hansı ki bu halı iddiaçı özü də təsdiq edir) iddia tələbi əsaslı olmamışdır. Belə ki, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması halı ilə bağlı məhz ona məxsu hərbi biletdə qeyd edilmiş hərbi hissənin siyahısından çıxarılma tarixi barədə qeydə istinad etmişdir. Lakin hərbi biletdə qeyd edilmiş həmin məlumata dair heç bir arxiv sənədi aşkar edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə iddia tələbinin əsaslı olması halı yalnız hərbi biletdə əks olunmuş məlumatlar istinad edilərək, müəyyən edilmişdir ki, bu hal yuxarıda istinad edilən qanunvericilik normasının dispoztiv şərltərinə uyğun olmamışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən hərbi biletdə əks olunmuş məlumatlar yalnız onu təsdiq edən nizami hissə üzrə əmrləri və ya arxiv arayışları olduğu halda əsas götürülür. İndiki halda isə birinci instansiya məhkəməsi tərəfindən həmin hallara diqqət yetirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının qeyd edilən tələblə bağlı onlara müraciəti olmadığından iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqana iddiaçının müraciətinə baxılması üçün vaxt təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə baxılaraq imtina cavabı verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunan sənədlərə əsasən xx.xx.1993-cü il tarixdən sonrakı müddətdə hərbi xidməti barədə məlumat aşkar olunmadığına, habelə xx.xx.1994-cü il tarixədək əməliyyatların aparıldığı dövrdə hərbi xidmətinə və qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumatlar olmadığına görə ona müharibə veteran adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının cavabdeh inzibati orqana müraciəti və həmin müraciətə dair cavabdeh inzibati orqanın imtinası olduğundan, habelə iddia tələbinə münaibsətdə qanunla tələb olunan digər mümkünlük şərtlərinin ödənilməsi halı müəyyən edildiyindən, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin qismən təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-769/2024 nömrəli nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar