Məhkəmə qərarları › İş №2-1(105)-481/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-481/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-481/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2015-ci il tarixdən ona ümumi xəstəlik üzrə təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin, əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(118)-691/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

2. xx.xx.2002-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə müraciət etmiş, ona 2-ci qrup ümumi dərəcəli əlillik təyin edilmişdir.

3. İddiaçıya hər il tibbi komissiyadan keçməklə 2015-ci ilədək, təkrar əlillik təyin edilmişdir.

4. AR ƏƏSMN 9 saylı TSEK-nın xx.xx.2014-cü il tarixli SER TSE-01 519647 nömrəli arayışına əsasən iddiaçıya ikinci qrup müddətsiz əlillik təyin edilmişdir.

5. AR ƏƏSMN-ninDövlət Sosial Müdafiə Fondunun X4 xx.xx.2022-ci il tarixli, **********9 nömrəli arayışına əsasən iddiaçı X5 xx.xx.2004-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci qrup əlilliyə görə əmək pensiyası alan kimi qeydiyyatda olmuşdur və aylıq pensiyanın məbləği 259.78 manat təşkil etmişdir.

6. Cavabdehin **********3 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən iddiaçının İİ dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2015-ci ildə 5 il müddətinə uzadılmışdır. Növbəti müayinə tarixi -xx.xx.2020. Sonrakı dövrdə iddiaçıya dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (Forma-088) daxil olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

7. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2015-ci il tarixdən onun ümumi xəstəlik üzrə təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyinin olmasını nəzərə alaraq, xx.xx.2021-ci ildən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2015-ci il tarixdən ona ümumi xəstəlik üzrə təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin, əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 11 illik tam orta məktəb bitirmiş, ailəli, 3 övladı var işləmir və hazırda Sumqayıt şəhərində yaşayır. 1997-ci ildən səhhətində problemlər yaranmış, 5 il mütəmadi ambulator müalicələr almış, xx.xx.2002-ci il tarixdə xəstəliyilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə müraciət etmiş, xidmət öz növbəsində ona 2-ci qrup ümumi dərəcəli əlillik təyin edilmişdir. Hər il tibbi komissiyadan keçməklə 2015-ci ilədək, 13 il təkrar komissiyadan keçmiş, 2015-ci ildə TSEK təyin edilmiş əlillik dərəcəsini birdəfəlik olaraq təyin edilməsinə qərar verdi (9 saylı Tibbi-Sosial Ekspert Komissiyası SER TSE-01 M 519647. xx.xx.2015-ci il tarixli əlillik dərəcəsiin müddətsiz təyin edilməsi barədə arayışı). 2021-ci ilin yanvar ayında isə ona təyin edilmiş əlillik dərəcəsi qanunsuz olaraq, ona heç bir xəbərdarlıq edilmədən etibarsız hesab edilərək dayandırılmış, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədilə baxış keçirən zaman məlum olmuşdur ki, ƏƏSMN-nin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq dayandırılmışdır. Belə olan halda Agentlik onun əlillik hüququnu əsassız olaraq pozmuşdur, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: A/ə venalarının varikoz genişlənməsi. Xr venoz çatışmazlığı. İl-lll dər, xr tromboflebit ll-ll dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.;” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 4 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80- İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ80 - Flebit və tromboflebit => İ80.0 - A...; Diaqnozun mətni: aşağı ətraf venalarının tromboflibeti və səthi venalarının varekoz genişlənməsi; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: aşağı ətraf venalarının tromboflibeti və səthi venalarının varekoz genişlənməsi;” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ80 - Flebit və tromboflebit => İ80.0 - A...; Diaqnozun mətni: aşağı ətraf venalarının tromboflibeti və səthi venalarının varekoz genişlənməsi; Meyar: 2.2, İkinci dərəcə əlillik => DİGƏR: aşağı ətraf venalarının tromboflibeti və səthi venalarının varekoz genişlənməsi;” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, iddiaçıya sonuncu göndəriş əsasında əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçının xx.xx.2021-ci ildən sonra əlillik təyinatının aparılması ilə bağlı məlumatları (Forma-88) Tibbi-Sosial Ekspertiza Komissiyasına daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.

11. Sumqayıt İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(118)-691/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsаsən onun sağlamlıq vəziyyəti 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə qiymətləndirilərək müddətsiz ikinci dərəcə əlillik təyin еdilməsinə bахmауаrаq, cavabdehin bildirdiyinə və məhkəmənin mövqeyinə görə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində əlilliyin təyin edilməsi öz əksini tapmamışdır. Ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupu haqqında məlumatın Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində öz əksini tapmaması onun уох, cavabdehin günahıdır. Cavabdeh inzibati orqanın fəаliууəti xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə "İnzibati iсrааt haqqında" Qапunla nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həуаtа keçirilir. Нəmin Qanunun 11.1ci mаddəsinə müvafiq olaraq inzibati оrqаnlаг qanunun tələblərinə riayət еtməуə borcludurlar. Нəmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati оrqаnların inzibati praktikasina fiziki və уа hüquqi şəxslərin etimadı qanunla qоrunur. (13.2) inzibati оrqаn mövcud inzibati praktikaya uyğun hərəkаt etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi хаrаktеr daşımalıdır. (13.3.) Müəyyən inzibati aktın sоnrаdаn qəbul edilməsi və уа qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati оrqаnlarının vədlərinə, bəyanatlarına fiziki və уа hüquqi şəxslərin etimadı qanunla qorunur. İş materiallarına əsаsən müəyyən olunur ki, cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiууət kəsb edən faktiki hаllаrı hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi barədə 2014-cü ildə qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, iddiaçını əyani müayinəyə сəlb еtmədən 2021-ci ildə əlilliyin müəyyən edilməsindən imtina bагədə qərаr qəbul etmişdir. Lakin bu qərаr ona çatdırılmamış və təqdim edilməmişdir. xx.xx.2014-cü ildə qiymətləndirilmiş və ona ikinci dərəcə əlilliyi müddətsiz təyin edilmişdir. Cavabdeh 30 dekabr 2014-cü il tarixli inzibati aktın ləğvi ilə bağlı məhkəməуə sübut təqdim еtməmişdir. Веlə ki, inzibati оrqаn qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumаtlаr əldə etdiyi hər bir halda, inzibati iсraat haqqında qanunveгiciliyin tələbləri baxımından хidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçının müddətsiz təyin edilmiş əlilliyin qiymətləndirilmə barədə məlumatları bərpa edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1” Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

19. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı səhhətinin qiymətləndiirlməsinin nəticəsi 2014-cü ildən 2021-ci ilədək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmiş və həmin məlumatlarda 2015-ci ilin qeydinin ömürlük olması ilə bağlı hər hansı bir məlumat mövcud deyil. İddiaçının adına TSEK tərəfindən verilən arayışda “əlilliyinin ömürlük olması” düzəlişinin sonradan edilməsi və hal-hazırda TSEK-in yuxarı qurumu hesab edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həmin düzəlişin edilməsinin təkzib edilməsi iddianın əsassız olmasına dəlalət edir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

27. İşin halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2002-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə müraciət etmiş, ona 2015-ci ilədək hər il təkrar müayinələrdən keçməklə 2-ci qrup ümumi dərəcəli əlillik təyin edilmişdir. AR ƏƏSMN 9 saylı TSEK-nın xx.xx.2014-cü il tarixli SER TSE-01 519647 nömrəli arayışına əsasən iddiaçıya ikinci qrup müddətsiz əlillik təyin edilmişdir.

28. Cavabdehin **********3 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən iddiaçının İİ dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2015-ci ildə 5 il müddətinə uzadılmışdır. Növbəti müayinə tarixi-xx.xx.2020. Sonrakı dövrdə iddiaçıya dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (Forma-088) daxil olmamışdır.

29. “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.

30. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

31. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız iddiaçıya dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (Forma-088) daxil olmamasına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır.

32. Həmçinin, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.

33. İddiaçının əlilliyinin xx.xx.2015-ci il tarixdə müddətsiz müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh xx.xx.2015-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir.

34. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən xx.xx.2015-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

35. Məhkəmə kollegiyası qeyd olunanları, nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(118)-691/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunsun. İddiaçı xx.xx.2015-ci il tarixdən ümumi xəstəlik üzrə təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin, əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar