Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-481/2025 19.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-1213/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli e-2-1(118)- 1213/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1438,75 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 35.000 manat dəyərində siyahıya alınmış “Hyundai Tucson” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vergi orqanının müəyyən etdiyi ticarət şəbəkəsində satılması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-1213/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi-hakim Gülnar Cabbarova, hakimlər Hökümə Babayeva və İsmayıl Quliyevdən ibarət tərkibdə) xx.xx.2024cü il tarixli 2-1(105)-776/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-1213/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-776/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Səyyad Kərimov, hakimlər Aida Hüseyn və Rahib Nəbizadədən ibarət tərkibdə) xx.xx.2025ci il tarixli 2-1(102)-241/2025 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-776/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Qərar qətidir. İşin halları İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1438,75 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 35.000 manat dəyərində siyahıya alınmış “Hyundai Tucson” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vergi orqanının müəyyən etdiyi ticarət şəbəkəsində satılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1438,75 borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar çıxarılmışdır. Qərar əsasında cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1438,75 manat borcuna görə 35000 manat dəyərində “Hyundai Tucson” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********0 saylı protokollar tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokollara əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləği ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1438,75 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı qeyd edir ki, Vergi Məcəlləsinin 16.1.1, 65.1, 73.1, 78.1, 89.1-ci maddələrinə əsasən bu cür tədbiri seçmək vergi orqanının hüququdur lakin məhkəmə öz qərarı ilə bu hüququ pozmuşdur. Cavabdehin ödənilməmiş vergi borcu hələ də vardır. Vergi orqanı vergiləri vaxtında ödəməyən vergi ödəyicisinin vergiləri ödəməsini təmin etmək məqsədi ilə cavabdehin hüquqlarını məhdudlaşdıra bilər. Odur ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı elektron kabinet vasitəsilə vergilər üzrə cavabdehin borcuna dair xx.xx.2025-ci il tarixli hesabatı məhkəməyə göndərmişdir. xx.xx.2025-ci il tarixli hesabatda göstərilir ki, Cavabdeh MMC barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli e-2.2(118)-1213/2024 nömrəli məhkəmə qərarı üzrə 1438,75 manat DSMF borcu ödənilmədən qalmaqdadır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarındakı göstərişlərini yerinə yetirərək, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2023-cü il tarixə ödənilməmiş 1438,75 manat borcunun ödənilməsini təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün cavabdeh iddiaçının 35.000 manat dəyərində siyahıya alınmış əmlakının satılması ilə bağlı iddia institutundan istifadə edir. İşin hallarına görə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli Qərarı ilə vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmişdir. Vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə yaranan 1438,75 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə qiyməti 35.000 manat dəyərində olan 2022-ci il buraxılışlı boz metallik rəngli, “Hyundai Tucson” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********0 saylı protokol tərtib edilmişdir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehin əmlakının siyahıya alınması vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq müddəalara və prosedur qaydalara uyğun həyata keçirilməmiş, həmçinin cari borc məbləği siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasib olmamışdır. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur..... Vergi Məcəlləsinin 90.3.1-ci maddəsinə əsasən əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. Vergi Məcəlləsinin 90.3.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanının sifarişi əsasında həyata kecirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.40-1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakların satılmasına dair tənzimləmələr mövcuddur. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, bir-biri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması. Qanunvericiliyin tələblərinə görə yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına bilər. Buna görə də, siyahıya alınma mərhələsində əmlakın vergi ödəyicisinə əmlak hüquqları əsasında məxsus olduğu mötəbər sübutlarla təsdiq olunmalıdır. Əmlaka daşınar və danışmaz əmlaklar, habelə qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) aiddir. Bundan başqa, siyahıya alınma əsaslandırılmış qərar çıxarılmaqla həyata keçirilməli, sözügedən qərarda əmlakın vergi ödəyicisinə məxsusluğuna dair mötəbər sübutlara və müvafiq hüquq müəyyənedici sənədlərə istinad olunmalıdır. Hüquqi şəxsin bütün əmlakı, fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı borcun məbləği nəzərə alınmaqla siyahıya alına bilər. Məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilibedilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki, məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir. Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin tələblərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(102)-241/2025 nömrəli qərarında olan göstərişlərdə qeyd olunur ki, iş materiallarına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək, onun ümumilikdə 296.100,83 manat vergi borcunun olduğu, həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada siyahıya alınmalı olduğu bildirilmiş və bunun üçün cavabdeh vergi orqanına dəvət edilmişdir. Daha sonra, “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən cavabdehə məxsus nəqliyyat vasitəsi 35000 manat dəyərində qiymətləndirilərək siyahıya alınmışdır. Hazırkı tələbində isə iddiaçı cavabdehin Dövlət Sosial Müdafiə Fonduna 1438,75 manat ödənilməmiş borcunun qaldığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin borcu ilə bağlı bu ziddiyyətli məqamı aydınlaşdırmamış, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda qeyd edilmiş 296.100,83 manat vergi borcuna rəğmən, yalnız 1438,75 manat borc məbləğinin siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasibliyinə qiymət vermişdir. Məhkəmə kollegiyası işə yenidən apellyasiya qaydasında baxarkən kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişi yerinə yetirərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müvafiq sorğu vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-9/2-90281/2025 nömrəli elektron kabinet vasitəsilə vergilər üzrə cavabdehin borcuna dair xx.xx.2025-ci il tarixli hesabatı məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli hesabatda göstərilir ki, Cavabdeh MMC barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli e-2.2(118)-1213/2024 nömrəli məhkəmə qərarı üzrə 1438,75 manat borc məbləği ödənilməmişdir. Yeni apellyasiya baxışı zamanı “Elektron məhkəmə” informasiya sistemindən müəyyən olundu ki, cavabdehə məxsus hər hansı nəqliyyat vasitəsi yoxdur, bu səbəbdən də, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə də müvafiq sorğu ünvanlanmışdır. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2- 88763/2025 nömrəli məktubla məhkəmənin sorğusuna cavab verərək bildirmişdir ki, “Hyundai Tucson” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında MMC-nin adından qeydiyyatdan çıxarılmış və yeni ** UF *** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının 6.10.5-ci bəndinə əsasən, siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir. İddiaçının apellyasiya şikayətində siyahıya alınmış əmlakın satılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyata aldığı “Hyundai Tucson” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından kassasiya şikayəti verildikdən sonra xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında MMC-nin adından qeydiyyatdan çıxarılmış və yeni ** UF *** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 mülkiyyətinə keçirilmişdir. Hazırda həmin avtomobil iş üzrə cavabdehin mülkiyyətində deyil, iş üzrə tərəf olmayan X1 mülkiyyətindədir. Bu səbəbdən borcun ödənilməsi üçün cavabdehin əmlakı kimi siyahıya alınmış və hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın satılması yolverilməzdir. Çünki, X2 iş üzrə borclu deyildir və Cavabdeh MMC-nin borcunun ödənilməsi üçün məsuliyyət daşımır. Bu səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, iddiaçı inzibati orqanın apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-1213/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-481/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-481/2025
19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver