Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-482/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin - əmlak kompleksinin yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(118)-33/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş, un və makaron fabrikinin - əmlak kompleksinin daşınmaz əmlakın Dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin - əmlak kompleksinin dövlət qeydiyyatına alınmasına dair hissədə əmlak kompleksinin deyil yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəsmi dövlət qeydiyyatından keçməklə, Azərbaycan Respublikasının əhalisinin ərzaq tələbatını qarşılamaq məqsədi ilə fəaliyyət göstərir. Cəmiyyət məhsullarını İddiaçı əmtəə nişanı adı altında istehsal edir. Cəmiyyətin Bakı-Şamaxı şossesində inşa etdiyi fabrikində un və makaron məhsulları, eyni zamanda istehsal müəssisəsində kənd təsərrüfatı heyvandarlıq üçün yem istehsal olunur. Bununla da onlar ölkə iqtisadiyyatına investisiya qoymaqla və 250 yeni iş yerlərinin açılmasına nail olmuşdur. Bütün bunların həyata keçirilməsində sırf yerli vəsaitdən istifadə olunmuşdur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüququ varisidir. Cəmiyyətin Bakı-Şamaxı şossesi 23 ünvanında yerləşən un və makaron fabriki 2004-2005-ci illərdə İddiaçı tərəfindən həmin torpaq sahəsində qanuni əsaslarla tikilmişdir. Fabrik 15 ildir ki, istifadəyə verilmiş, bu gündə fəaliyyət göstərir. Yerli icra hakimiyyəti orqanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının 262 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə inşası başa çatmış bina və qurğuların istismara qəbuluna dair komissiyanın yaradılmasına dair sərəncam verilmişdir. xx.xx.2011-ci il tarixdə komissiya üzvləri obyektə baxış keçirərək akta imza etməklə obyektin istismara hazır olduğunu bildirmiş, xx.xx.2011-ci il tarixdə obyekt istismara qəbul edilmişdir. Hər ay dövlətə vergi ödənilir, lakin obyekt istismara qəbul edilsə də, 15 ildir fəaliyyət göstərsə də, bu günə qədər əmlak kompleksinin dövlət reyestrindən çıxarış ala bilməmişdirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Abşeron Ərazi İdarəsində şifahi olaraq bildirirlər ki, torpağı icarəyə götürün və ya özəlləşdirin. İddiaçı Dövlət Əmlak Komitəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətini almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti torpağın daimi istifadəçisidir. Nəzərə alınsa ki, İddiaçı də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir obyekt qanuni əsaslarla onun istifadəsində olan torpaqda tikilmişdir. Onlar hər il dövlətə torpaq vergisi verirlər. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş müraciətlərə baxılmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılması və 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilərkən, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi faktiki torpaq sahəsinin 1.48 ha hissəsinin yüksək gərginlikli elektrik (6 kvt və 10 kvt) və yeraltı kabel xəttinin, həmçinin faktiki torpaq sahəsinin 1300 kv.m hissəsinin Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, daşınmaz əmlakın istismara qəbul edilməsi haqqında aktı ekologiya nəzarətinin nümayəndəsi, yanğın təhlükəsizliyi nəzarətinin nümayəndəsi, X4 nümayəndəsinin möhürü ilə təsdiq edilmədiyi müəyyən edilmişdir. Sonradan A literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m olan tikilər inşa edilmiş, lakin sözügedən tikililər eskiz layihədə öz əksini tapmamışdır. Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş 02 dekabr 1997-ci il tarixli texniki pasportda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi 5.2863 ha (faktiki 5.8388 ha) olaraq göstərilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə yanaşı tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Mövcud əmlak kompleksi binası tikintisinə icazə tələb olunan tikinti obyekti hesab olunduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2 və 48.3.3-cü maddələrinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir və layihəçi sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikası avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2004-cü il tarixli 18 saylı qərarının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 298 saylı qərarının tələbləri pozulmuşdur. Həmin qərara əsasən respublika əhəmiyyətli avtomobil yollarında mühafizə zolağı yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən əsasən 6 kvt və 10 kvt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 metr məsafədə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci və 180.2-ci maddələrinə əsasən lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(118)-33/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin- əmlak kompleksinin yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş və istismara qəbul edilmiş hissədə) dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar (...) 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin - əmlak kompleksinin dövlət qeydiyyatına alınmasına dair hissədə əmlak kompleksinin deyil yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qanunvericiliyə əsasən tələb olunan zəruri sənədləri təqdim etdiyi halda əsassız olaraq hüququnun qeydə alınmasından imtina edilməsi “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Cavabdehin iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina əsaslarından biri Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi faktiki torpaq sahəsinin 1.48 ha hissəsinin yüksək gərginlikli elektrik (6 kvt və 10 kvt) və yeraltı kabel xəttinin, həmçinin faktiki torpaq sahəsinin 1300 kv.m hissəsinin Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşməsi olmuşdur. Qeyd edilən halların araşdırılması ilə əlaqədar birinci instasniya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-288/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3438 nömrəli, 03 noyabr 2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-nin faktiki istifadəsində 5.85 ha torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin daxilində elektrik hava xətti keçməsi və İddiaçı MMC-nin faktiki istifadəsində olan 5.85 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilə 6-10 kv elektrik hava xəttinin ara məsafəsinin 10.23 metr olması müəyyən olunmuşdur. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarına əsasən, xətlərin gərginliyi >1<20 kv olduqda 10 metr təşkil etməsini nəzərə alaraq, İddiaçı MMC-nin faktiki istifadəsində olan 5,85 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin elektrik xəttinin mühafizə zolağına düşmədiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-nin faktiki istifadəsində 5,85 ha torpaq sahəsi ilə “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağı arasında olan məsafə 28,05 metr, həmin torpaq sahəsinin daxilində yerləşən əmlak kompleksi ilə “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağı arasında olan məsafə 97.75 metr təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin” təsdiq edilməsi haqqında qərarına əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolağı respublika əhəmiyyətli avtomobil yollarında yolun hərbir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən olunmasını nəzərə alaraq, İddiaçı MMC-nin faktiki istifadəsində olan 5.85 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağına düşmədiyi müəyyən olunmuşdur. Rəydə həmçinin qeyd olunmuşdur ki, iş materiallarında olan eskiz layihədə “A” tikilisi qeyd olunmamışdır. Mütəxəssis rəyinə əsasən, eskiz layihədə qeyd olunan 4 nömrəli tikili A literi hesab olunur. Eskiz layihədə “A” literi (4 nömrəli tikili) kimi qeyd olunan tikilinin ölçüləri olmadığı üçün İddiaçı MMC-nin faktiki istifadəsində olan 5.85 ha torpaq sahəsinin daxilində yerləşən “A” literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m tikililərin mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi mütəxəssis və ekspert rəyinə əsasən qeyri-yaşayış binasının yerləşdiyi faktiki torpaq sahəsinin 1.48 ha hissəsinin yüksək gərginlikli elektrik (6 kvt və 10 kvt) və yeraltı kabel xəttinin, həmçinin faktiki torpaq sahəsinin 1300 kv.m hissəsinin “Bakı- Şamaxı” avtomobil yolunun mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. A literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m olan tikilərin inşa edilməsi, lakin sözügedən tikililərin eskiz layihəsində öz əksini tapmaması və Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş 02 dekabr 1997-ci il tarixli texniki pasportda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin 5.2863 ha, faktiki isə 5.8388 ha olması barədə digər imtina əsasları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin əmlak kompleksinin dövlət qeydiyyatına alınmasına dair hissədə əmlak kompleksinin deyil, yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh imtinasında həmçinin göstərmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən yeni layihələndirilmiş qeyriyaşayış binasının istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, daşınmaz əmlakın istismara qəbul edilməsi haqqında aktı ekologiya nəzarətinin nümayəndəsi, yanğın təhlükəsizliyi nəzarətinin nümayəndəsi, X4 nümayəndəsinin möhürü ilə təsdiq edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, təsisçilərin xx.xx.2006-cı il tarixli ümumi yığıncağının qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgəsində 0103-P17-37907 nömrəli, xx.xx.2006-cı il tarixli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış X5 Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyət "xxxx" ASC-nin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi 2-də "xxxx" ASC-nin Makaron Unu və X3 X1 Eskiz Layihəsi xx.xx.2005-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində, xx.xx.2011-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 262 saylı qərarı ilə İddiaçı MMC-nin Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında inşa etdirdiyi makaron unu və X3 istismara qəbul edilməsi qərara alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 330 saylı 14 oktyabr 2005-ci il, 375 saylı 06 oktyabr 2006-cı il və 1046 saylı 17 dekabr 2007-ci il tarixli sərəncamlarla tərtib edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən möhürlə təsdiq edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” 23 fevral 2011-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən inşası başa çatmış makaron unu və makaron istehsalı fabriki - Xırdalan şəhəri ərazisində tikilmiş bina istismara qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, daşınmaz əmlak səlahiyyətli inzibati orqanın təsdiq etdiyi layihə əsasında tikilmiş və inzibati orqan tikintinin istismara verilməsini təsdiq etmişdir. Tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi iddiaçının məsuliyyəti dairəsində hesab edilə bilməz. İddiaçı səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş layihə əsasında tikinti həyata keçirmiş və səlahiyyətli orqan tərəfindən tikintinin istismarına icazə verilmişdir. Bu səbəbdən, məhkəmə cavabdeh inzibati orqanın tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş layihə əsasında tikintini həyata keçirdiyindən, səlahiyyətli orqan tərəfindən tikintinin istismarına icazə verildiyindən, cavabdehin imtinasını əsaslandırdığı hallar iş materialları ilə təsdiqini tapmadığından cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçıya ayrılmış daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(118)-33/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.