Məhkəmə qərarları › İş №2-1(105)-482/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-482/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-482/2025 20.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X1 xx.xx.2024-cü il tarixli, 870 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ailə tərkibi: arvadı X4, oğlu X3, qızı X5 olaraq qeyd edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin olunmuş, Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı və X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin olunmuş cəza şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 295xx/xx.2024 saylı arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur. Bakı Hərbi Məhkəməsinin 09 mart 2012-ci il tarixli arayışında qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İddiaçı barəsində olan 21 noyabr 2008-ci il tarixli qərarı ilə o cəzanı çəkib qurtarmışdır. Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, “Sizin Azərbaycan Ordusu sıralarında ümumi xidmət iliniz (xx.xx.1996-xx.xx.2019) 22 (iyirmi iki) il, 02(iki) ay, 23 (iyirmi üç) gün, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli hökmü il 3(üç) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş şərti cəzaya əsasən məhkumluq müddəti 3(üç) il təşkil edir. Qeyd olunan Fərmanın tələblərinə əsasən ümumi xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim iliniz olmadığı üçün Sizin dövlət hesabına mənzil təminatınız Fərmanın təsiri xaricindədir”. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Ordusunun ehtiyatda olan zabitidir. 1996-2019-cü illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 2019-cü ildə Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunda ümumilikdə 22 il, 02 ay, 23 gün müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə və ehtiyata buraxıldıqdan sonra dövlət tərəfindən mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamışdır. Öz mənzili yoxdur, hazırda 4 nəfərlik ailə üzvləri ilə birlikdə hərbi şəhərcikdə xidməti mənzildə yaşayır. Mövcud qanunvericiliyə əsasən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “ Sizin Azərbaycan Ordusu sıralarında ümumi xidmət iliniz (xx.xx.1996-xx.xx.2019) 22 (iyirmi iki) il, 02 (iki) ay, 23 (iyirmi üç) gün, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli hökmü il 3 (üç) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş şərti cəzaya əsasən məhkumluq müddəti 3 (üç) il təşkil edir. Qeyd olunan Fərmanın tələblərinə əsasən ümumi xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim iliniz olmadığı üçün Sizin dövlət hesabına mənzil təminatınız adı çəkilən Fərmanın təsiri xaricindədir”. Azərbaycan Ordusunda 22 (iyirmi iki) il, 02 (iki) ay, 23 (iyirmi üç) gün müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməldirlər. Deməli, 20 ildən artıq xidmət keçmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasında, hər hansı bir qanununda, normativ hüquqi aktında ümumiyyətlə “qüsurlu xidmət” anlayışı yoxdur, həmçinin “qüsursuz xidmət” anlayışının da izahı verilmədiyinə görə həmin anlayış da qeyri-müəyyəndir; İkincisi, cavabdeh guya vaxtilə şərti cəza almağını bəhanə edirsə bununla bağlı bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli hökmü il 3(üç) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli arayışına əsasən, təyin edilmiş cəzanı çəkib qurtardığına görə məhkumluğu olmayan şəxs hesab edilir. Üçüncüsü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. DİN-nin xx.xx.2024-cü il tarixli Arayışına əsasən, məhkumluğu yoxdur. Beləliklə də barəsində şərti olaraq tətbiq edilmiş cəza müddəti ötdüyünə görə məhkumluğu olmayan şəxs hesab edilir. Dördüncüsü, “X11 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Beşincisi, iddiaçı ehtiyata 2019-cü ildə buraxılmışdır, cənab Prezidentin Fərmanına isə 15 noyabr 2021-ci il tarixində bir sıra dəyişikliklər edilmişdir. O cümlədən Fərmana əlavə edilmiş 3-2.3-cü bəndə əsasən, məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı 21 noyabr 2008-ci il tarixində verilmişdir, həmin ildə də cəzanı çəkib qurtarmış, hərbi xidmətdən isə 2019-cu ildə, yəni cavabdehin istinad etdiyi dəyişiklik qüvvəyə mindiyi tarixdən 2 (iki) il əvvəl ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə və “X11 haqqında” qanunun 87.2-ci maddəsinin tələblərinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X11ın qüvvəsi geriyə şamil edilir. Başqa X11ın qüvvəsi geriyə şamil edilmir. Adı çəkilən Fərmana edilmiş dəyişikliklər o ehtiyata buraxılandan sonrakı dövrdə qəbul edildiyindən ona münasibətdə ağırlaşdırıcı formada tətbiq edilə bilməz, ona görə də cavabdehin mövqeyi qanunsuzdur. Altıncısı, adı çəkilən Fərmanın 2-ci bəndinə əsasən, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə yaradılmış Komissiyanın sədri Azərbaycan Respublikasının maliyyə naziridir. Həmin Fərmana əsasən Komissiyanın katibliyi funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə tapşırılmışdır. Deməli, Müdafiə Nazirliyinin işi adını mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edərək Komissiyaya təqdim etməkdən ibarətdir. Çünki, hərbi qulluqçuya mənzil verilməsinə dair Qərar Komissiya tərəfindən qəbul edilir. Yeddincisi, oxşar iddia tələbinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 201(102)- 357/2022 saylı Qərarının kassasiya məhkəməsinin mövqeyi hissəsində qeyd edilir ki, “nəzərə almaq lazımdır ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz”. “...xüsusi ilə də qüsursuz xidmətə görə təltiflərə layiq görülmüşdür. Belə olan halda iddiaçının hüquqi statusu onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən sözügedən Fərman ona da şamil edilməlidir." Xidmət keçdiyi müddətdə Azərbaycan Respublikasının Prezidentinin adından verilməklə, Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən “Qüsursuz xidmətə görə” medalın 3-cü və 2-ci dərəcələri ilə təltif edilmişdir. Belə olduğu tədqirdə cavabdehin mövqeyi qanunsuz və əsassız olmaqla hüquqlarını kobud şəkildə pozur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12. 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir. Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edililər. Həmin Fərmanın 3-2-cü hissəsində isə aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; - 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Belə ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cü il tarixədək, təqvim ili ilə 22 (iyirmi iki) il 2 (iki) ay 23 (iyirmi üç) gün həqiqi hərbi xidmətdə olduğu, Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 342.2-ci maddəsinə əsasən təqsirli bilinərək, 3 (il) müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İddiaçı verilmiş 3 (il) müdətinə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin məcəllənin 83.3.1-ci maddəsində şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən iddiaçıya tətbiq olunmuş 3 (üç) il sınaq müddəti məhkumluq dövrü hesab edildiyindən, sözügedən Fərmana uyğun olaraq onun qüsursuz həqiqi hərbi xidmət dövrünə daxil edilmədiyindən, onun qüsursuz xidmət illəri 19 (on doqquz) il 2 (iki) ay 23 (iyirmi üç) gün təşkil etmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında təqvim ili ilə qüsursuz 20 ili olmadığı üçün, onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına əlavə olunması sözügedən Fərmanın tələblərinə ziddir. Beləliklə iddiaçının Azərbaycan Ordusunda qüsursuz həqiqi hərbi xidməti 20 təqvim ili olmadığı üçün, o Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya tətbiq olunmuş 3 (üç) il sınaq müddəti məhkumluq dövrü hesab edildiyindən, onun qüsursuz həqiqi hərbi xidmət dövrünə daxil edilmədiyindən onun Azərbaycan Ordusu sıralarında təqvim ili ilə qüsursuz 20 təqvim ili yaranmır. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2277/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən: 27. Məhkəmə kollegiyası nəzərə alır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz (Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə). 28. Lakin, kollegiya hesab edir ki, sözügedən mövqeyə yenidən baxmaq və dəyişikilik etmək zərurəti yaranmışdır. 29. Belə ki, nəzərə almaq lazımdır ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyri-dəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur. 30. Kollegiya hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddət anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddət anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur. 31. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur. 32. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2- ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011- ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir. 33. Nəticədə, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normalar isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilinmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər. 34. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışının təfsiri ilə bağlı əlavə edilmiş 3- 1-ci, 3-2- ci və 3-3- cü hissələrə tətbiq edilə bilməz. 35. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icraedici və ya qanunverici orqan tərəfindən normativ hüquqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkildə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur. 36. Məhkəmə həmçinin nəzərə alır ki, şərhedici normaların izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiqi hüququn aliliyi və hüquqi müəyyənlik prinsipinə ziddiyyət təşkil etməməli, şəxsin hüquq və azadlıqlarına qeyrimütənasib müdaxilə vəziyyəti yaratmamalıdır. 37. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş “qüsursuz xidmət” müddət anlayışının məzmununu dəqiqləşdirən 3-1- ci, 3- 2-ci və 3-3-cü hissələrin hazırkı işə tətbiqini istisna edən hər hansı bir əsas yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi qərar qəbul edərkən kobud maddi hüquq və prosessual pozuntulara yol verib və nəticədə bu hal düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Əvvəla, Azərbaycan Respublikasının Konstitusiyasında, hər hansı bir qanununda, normativ hüquqi aktındaümumiyyətlə “qüsurlu xidmət” anlayışı yoxdur, həmçinin “qüsursuz xidmət” anlayışının da izahı verilmədiyinə görə həmin anlayış da qeyri-müəyyəndir; İkincisi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli qərarı il 3(üç) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli arayışına əsasən, ona təyin edilmiş cəzanı çəkib qurtardığına görə məhkumluğu olmayan şəxs hesab edilir. DİN-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən, məhkumluğu yoxdur. Beləliklə də barəsində şərti olaraq tətbiq edilmiş cəza müddəti ötdüyünə görə məhkumluğu olmayan şəxs hesab edilir. Üçüncüsü “X11 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Mənzil hüququnu 2016-cı ildə qazanmış, hərbi xidmətdən ehtiyata 2019-cü ildə buraxılmış, cənab Prezidentin Fərmanına isə 15 noyabr 2021-ci il tarixində bir sıra dəyişikliklər edilmişdir. Göründüyü kimi, Fərmana edilmiş dəyişikliklər mənzil hüququnu qazandığı tarixdən 5 il sonra, ehtiyata buraxıldıqdan 2 il sonra edilmişdir. Dördüncüsü, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə və “X11 haqqında” qanunun 87.2-ci maddəsinin tələblərinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X11ın qüvvəsi geriyə şamil edilir. Başqa X11ın qüvvəsi geriyə şamil edilmir.!!! Adı çəkilən Fərmana edilmiş dəyişikliklər mənzil hüququnu qazandığı və ehtiyata buraxıldıqdan sonrakı dövrdə qəbul edildiyindən Konstitusiyanın 149-cu maddəsinə əsasən ona münasibətdə ağırlaşdırıcı formada geriyə tətbiq edilə bilməz. Beşincisi, məhkəmənin öz qanunsuz qərarını Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə əsaslandırmaq istəməsi yanlış mövqe olmaqla qanunsuzdur və Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində qanunvericilik sisteminə daxil olan X11ın sıralaması verilmişdir. Həmin sıralamaya əsasən, Konstitusiya fərmandan üstün hüquqi qüvvəyə malikdir. Altıncısı, Azərbaycan Respublikasının İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər Mülki Məcəllənin 7-ci maddəsinə görə,“7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz” Sadalanan müddəalara əsaslanaraq, mülki qanunvericilikdə qüvvəsi geriyə şamil oluna bilən hüquq normalarına aşağıdakıları aid etmək olar (pozitiv nəticə meyarları): fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq normalarını; fiziki və hüquqi şəxslərin hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hüquq normalarını; birbaşa qanunda qüvvəsinin geriyə şamil olunması nəzərdə tutulmuş hüquq normalarını. Bu meyarları hüquq normasının geriyə şamil olunmasını şərtləndirən pozitiv (müsbət) nəticə meyarları kimi səciyyələndirmək olar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında Konstitusiyanın 13-cü maddəsinə istinad edən Məhkəmə həmin Qərarında göstərmişdir ki, “Hüquqi dövlətə xas olan əsas xüsusiyyətlər dairəsinə həmçinin hüquq münasibətlərinin, o cümlədənmülki hüquq münasibətləri iştirakçılarının hüquqlarının və vəzifələrinin bərabərliyi və mütənasibliyinin təmin edilməsi də daxildir. Bu amillərin pozulması belə münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, onun iştirakçılarının qeyribərabərliyinə də səbəb olur”. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarlarında mülki hüquq normalarının qüvvəsinin geriyə şamil olunması üçün mülki hüquq münasibətləri tərəflərindən birinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin 1-ci cümləsində müəyyən edilmiş pozitiv nəticə əldə etməsini əsas şərt kimi nəzərdə tutulmuşdur. Bu baxımdan adı çəkilən Fərmana xx.xx.2021-ci ildə edilmiş dəyişikliklər ona münasibətdə geriyə ağırlaşdırıcı formada tətbiq edildiyindən onun üçün neqativ nəticələr doğurarq hüquqi vəziyyətimi ağırlaşdırdığından Konstitusyyanın 149-cu maddəsinə tamamilə ziddir. Ona görə də Sumqayıt İnzibati Məhkəməsi Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına istinad edərək sözügedən dəyişikliyin ona münasibətdə neqativ nəticələr doğurmasına və hüquqi vəziyyətimi ağırlaşdırmasına göz yumaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Yeddincisi və ən əsası, Konstitusiyanın 130-cu maddəsinin İİİ hissəsininn 1-ci bəndinə əsasən əsasən, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının X11ının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu yoxlayır. Həmin maddənin Vİ hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Həmçinin, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan RespublikasıQanununun 60.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya müraciət haqqında məsələ, bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğunun və ya müraciətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının şərh edilməsi Konstitusiya Məhkəməsinin səlahiyyətinə daxildir və Ali Məhkəmənin belə bir səlahiyyəti yoxdur, məhkəmənin istinad etdiyi norma isə Konstitusiyada təsbit edilmiş hüquqlarımın həyata keçirilməsi ilə bağlı olduğundan məhkəmənin bununla bağlı Konstitusya Məhkəməsinə müraciət etmək hüququ olmuşdur, lakin o, bu hüquqdan istifadə etməmişdir. Azərbaycan Respublikası Konstitisiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsi dövlətin ali məqsədidir. Məhkəmələr də öz qərarlarını dövlətin adından çıxardığına görə, deməli düzgün araşdırma apararaq iddia tələbi təmin olunmalı idi. Buna riayət edilməməsi isə ölkədaxili qanunvericiliyə zidd olmaqla yanaşı, həm də Avropa Konvensiyasının 6.1-ci maddəsinin nəzərdə tutulmuş hər kəsin ədalətli məhkəmə araşdırması hüququnun da pozuntusudur. Hiro Balani İspaniyaya qarşı məhkəmə işində Avropa Məhkəməsi qeyd etdi ki, ərizəçi və ya cavabdeh tərəfindən təqdim edilmiş arqument və ya vəsatət işin nəticələri üçün önəmlidirsə, məhkəmə onunla bağlı mövqeyini konkret əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127.İİ-ci maddəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Əsas Qanunun 129.İİİ-cü maddəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Bundan başqa, məhkəmə qərarının qanuni və əsaslı hesab olunması üçün onun həm də İPM-in 69.4-cü maddəsinin tələbinə uyğun olması zəruridir. Həmin maddədə qeyd edilir ki, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi X11 və onların qiymətləndirilməsi göstərilməlidir. Amma sözügedən qərarda məhkəmə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarını köçürməklə işini bitmiş hesab etmiş, Konstitusiyanın 149-cu maddəsinin tələblərinə əhəmiyyət verməyərək son dərəcə qanunsuz, əsassız və ədalətsiz qərardad qəbul etmişdir. Beləliklə də məhkəmə öz qərarında gəldiyi nəticənin qanuni əsaslara söykəndiyini,Konstitusiyaya uyğun olmasını sübut edə bilməmişdir. İPM-nin 87.7-ci maddəsinə əsasən,apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Sumqayit İnzibati Məhkəməsinin xx.xx.2025-ci iltarixli, 2-1(118)- 1735/2025 saylı qərarı absurd, heç bir məntiqə sığmayan, qanunlara və sübutlara əsaslanmayan, qanunsuz, əsassız və ədalətsiz bir qərar olduğu üçün apellyasiya instansiyası məhkəməsində ləğv edilməli, iddia tələbimin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanun: Maddə 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanı: Bənd 1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bənd 2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın. Bənd 3-1. Bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; .... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi dövlət vəsaiti hesabına mənzilin verilməsi ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olduğunu, iddiaçıya münaisbətdə isə məhkum olduğu dövr nəzərə alındığından, tələb olunan qüsursuz xidmət illərinə aid şərt ödənilmədiyindən, imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cu il tarixədək zabit qismində Azəbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.2019-cu il tarixli müvafiq əmr əsasında yaşa görə ehtiyata buraxılmışdır. İş materiallarından görünür ki, müvafiq məhkəmə hökmü ilə iddiaçı üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra məhkəmə hökmü dəyişdiirlərək, üç il sınaq müddəti müəyyən edilməklə, hökmlə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtlərinə əsasən Azərbaycan Ordusunda qüsursuz 20 təqvim ili və daha çox xidmət etməsi halı hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün zəruri şərtdir. Həmçinin, istinad edilən qanunvericilik normasının tələbinə əsasən məhkumluğun olduğu müddət hərbi qulluqçuların qüsursuz xidmət illəri kimi hesab edilmir. İndiki halda iddiaçının xidmət etdiyi dövr 22 il 2 ay 23 gün olmuş, 3 il məhkumluq müddəti olduğundan, qüsursuz xidmət illəri 19 il 2 ay 23 gün təşkil etmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının tələbi qanunun normasının dispoztiv şərləri ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Kollegiya iddiaçının iddia tələbinin əsası və şikayətin dəlili kimi istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi halları həm qanunvericilik normasının tələblərinə, həm də formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun dəyərləndirilməklə, həmin hallar ətraflı qeyd edildiyindən (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2277/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı), habelə həmin hallar özlüyündə iddia tələbinin əsaslılığını və şikayətin dəlillərini (normanın hüquqi qüvvəsi ilə bağlı hissədə) təkzib etdiyindən, həmin halların təkrarən qeyd edilməsi məqsədəmüvafiq deyildir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının normanın hüquqi qüvvəsi (geriyə şamil edilməməsi və s.) ilə bağlı hissədə istinad etdiyi hallara artıq formalaşdırılmış vahid məhkəmə təcrübəsini müəyyən edən məhkəmə qərarında hüquqi qiymət verildiyindən və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq həmin hissədə iddianının əsaslılığı məhz həmin qərara uyğun dəyərləndirildiyindən, iddaçının şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının istinad etdiyi digər dəlilləri (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi) ilə bağlı onu qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən normanın tətbiq edilməsində ziddiyyətli halın mövcudluğu və ya qeyri-müəyyənliyin yaranması halında insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Göründüyü kimi istənilən hal qeyd edilən müraciətin edilməsi üçün əsas qismində çıxış etmir. İndiki halda hazırki işin halları ilə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi formalaşmış, habelə qanunvericilik normasında hansı xidmət illərinin qüsursuz xidmət illəri kimi qiymətləndirilməsi və ya qiymətləndirilməməsini müəyyən edən meyarlar və əsaslar dəqiq, konkret və birmənalı olaraq imperativ norma şəklində təsbit edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının şikayətinin dəlilləri həmin hissədə də əsassız olmuşdur Göründüyü kimi indiki halda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanında təsbit olunmuş şərt (Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmə) iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdeh imtinasında haqlı olmuşdur və onun üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, aplellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar