Məhkəmə qərarları › İş №2-1(105)-483/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-483/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-483/2023 13.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) X7, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın qəbul edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-155/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 nömrəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Cavabdeh 25 dekabr 2021-ci il tarixli, H-106 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər, o cümlədən, order, yaşayış yerindən 2 saylı Forma üzrə arayış, ətraflı arayış, ailənin həddi büluğa çatmış üzvlərinin notarial qaydada təsdiq olunmuş razılıq ərizələri və s. təqdim olunmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 saylı mənzilə dair adına kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 xx.xx.1953-cü ildə Naxçıvan şəhərində doğulmuş, xx.xx.2018-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Onun atası Naxçıvan şəhərində olan mənzilini Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 saylı mənzillə dəyişdirmişdir. Bununla əlaqədar, xx.xx.1978-ci ildə onunla Sumqayıt şəhər XDS İK-nin Mənzillərin bölüşdürülməsi bürosu arasında tipik müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında szöügedən mənzil ona verilmişdir. İddiaçı mənzilin əsas icarədarının oğlu kimi həmin mənzildə doğulmuş və hazırki günə kimi anası Rəhimova Kimyəxanım qızı ilə həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. Yaşadıqları ev üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmaq üçün müraciət etdikdə onlardan mənzilin orderi tələb olunmuşdur. Bununla bağlı, cavabdeh orqana, həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına müraciətlər etmişdir. Lakin, mənzilə dair order tapılmamışdır. İddiaçının anası onun adına yaşadıqları və qeydiyyatda olduqları mənzilə dair kirayə müqaviləsinin bağlanmasına razıdır. Bununla bağlı cavabdehə müraciət edərək adına kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində mübahisəli mənzildə 1987-ci ildən iddiaçı da daxil olmaqla, 6 nəfər (iddiaçı, nənəsi, atası, əmisi, qardaşı və anası) qeydiyyatda olmaqla yaşadıqları müəyyən edilmişdir. 1992-ci ildə iddiaçının nənəsi X8, 1996-cı ildə əmisi X15, 2018-ci ildə atası X9 vəfat etmiş, qardaşı X12 2005-ci ildə qeydiyyatdan çıxmışdır. Hazırda mənzildə 2 nəfər (iddiaçı və anası X5) 2007-ci ildən qeydiyyatda olmaqla yaşayır. İddia predmeti olan 1 otaqlı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 nömrəli mənzil yaşayış sahəsi 17,26 kv.m-dən ibarət olmaqla, dövlət mənzil fonduna aiddir və həmin mənzilə dair şöbənin arxivində hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2-1(118)-1181/2022 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-155/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübut kimi yalnız mənzil kirayəsi üzrə tipik müqavilənin əslini və kserosurətini təqdim etmişdir ki, həmin müqavilə (xüsusilə də ünvan olan hissəsi) oxunmaz vəziyyətdədir. İddiaçının və anasının həmin ünvanda pasport qeydiyyatında olması onunla mənzil kirayə müqaviləsinin bağlanması üçün əsas deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş birinci instansiya məhkəməsinin icraatında uzun müddət olmasına baxmayaraq, məhkəmə tərəfindən Naxçıvan MR-na sorğu verilməsi ilə əlaqədar iclas təxirə salınsa da, sorğu göndərilməmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. xx.xx.1979-cu il tarixdə mərhum atası H.S.Hüseynovla qərarda göstərildiyi kimi Mənzil İstismar Sahəsi ilə deyil, şəhər XDS İK arasında yaşayış sahəsinin kirayəsi üzrə tipik müqavilə bağlanmışdır. Qeyd edir ki, həmin müqavilə əsasında 45 ildir ki, mübahisəli mənzildə yaşayırlar. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, X9 iddiaçının atasıdır və hazırda həyatda deyil. Anası hazırkı iş üzrə üçüncü şəxs X5 ilə atası arasında hazırki mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı məhkəmə mübahisəsi olmuşdur, sonradan anası ilə atası barışıq əldə etmiş və atası öldüyü tarixədək həmin mənzildə birlikdə yaşamışlar. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında müvafiq sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək mübahisəni məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); (-). Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq şəhərlərdə və şəhər tipli qəsəbələrdə idarə mənzil fondunun evləri SSRİ Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri qaydada və müddətlərdə tədricən yerli xalq deputatları Sovetlərinin ixtiyarına verilməlidir. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: (-) 6) Müvafiq yerli xalq deputatları Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; (-). Maddə 17. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin səlahiyyəti (Çıxarılıb) Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi mənzil fondunun idarə olunması, istismarı və təmiri sahəsində işləri əlaqələndirir. Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin səlahiyyəti daxilində qəbul olunan aktlar Azərbaycan SSR ərazisində nazirliklər, dövlət komitələri, baş idarələr, onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar üçün, habelə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri, mənzil-tikinti kooperativləri və vətəndaşlar üçün məcburidir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən mənzil kirayəsi üzrə birtipli müqavilənin oxunmaz vəziyyətdə olması, iddiaçı və onun anasının həmin ünvanda pasport qeydiyyatında olmalarının mənzil kirayə müqaviləsinin bağlanması üçün əsas olmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı tələbini dəqiqləşdirərək sözügedən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında müvafiq sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İşin hallarından görünür ki, 11 saylı Mənzil İstismar Sahəsi ilə iddiaçının mərhum atası X9 arasında bağlanmış 14 fevral 1979-cu il tarixli birtipli kirayə müqaviləsinə əsasən, Mənzil Dəyişmə Bürosu tərəfindən dəyişdirilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 nömrəli mənzil icarədar qismində H.S.Hüseynovun və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçıya məxsus XX-ЖГ seriyalı, 297846 nömrəli “Doğum haqqında şəhadətnamə” yə əsasən X9 iddiaçının atası, X5 isə onun anasıdır. İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində atasının Naxçıvan şəhərində yerləşən mənzilini Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 nömrəli mənzillə dəyişdirdiyini və bununla bağlı onunla səlahiyyətli qurum arasında birtipli icarə müqaviləsi imzalandığını bildirmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 127 nömrəli və xx.xx.2023-cü il tarixli, 152 nömrəli ətraflı arayışlarından görünür ki, mübahisələndirilən mənzil xx.xx.1987-ci il tarixli birtipli icarə müqaviləsi əsasında X6 adına verilmişdir. Mənzilin kirayəçisi X10 olmaqla, o, xx.xx.1987-ci il tarixdə mənzilə qeydiyyata alınmış, xx.xx.1992-ci il tarixdə ölmüş, oğlu X15 xx.xx.1988-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.1996-cı il tarixdə ölmüş, digər oğlu X9 xx.xx.1990-cı il tarixdə qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə ölmüş, nəvəsi X12 xx.xx.1991-cı il tarixdə qeydiyyata alınmış, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan çıxarılmış, gəlini X5 xx.xx.2007-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən qeydiyyata alınmış, nəvəsi İddiaçı xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, işdən müəyyən edilir ki, iddiaçı X5 cavabdeh qismində X9 və X12 qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2007-ci il tarixli, 2-244/2007 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək iddiaçının Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 nömrəli mənzilə istifadə hüququnun tanınması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 fevral 2008-ci il tarixli, 2(105)-185/2008 nömrəli qətnaməsi ilə cavabdeh H.S.Hüseynovun apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı X1 Hüseyn Savalan oğlu ilə 1991-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq onun ailə üzvü kimi qəbul edilməklə sözügedən mənzilə onun ailə üzvü kimi köçmüş, birgə ümumi təsərrüfat aparmış, faktiki nikahdan İddiaçı anadan olmuş, bununla da iddiaçının həmin mənzilə istifadə hüququ tanınmışdır. AZ-İ seriyalı, 965274 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən H.S.Hüseynov 30 avqust 2018-ci il tarixdə ölmüşdür. Mübahisələndirilən mənzilə dair tərtib edilmiş Forma-A və B seriyalı mənzil kartalarından görünür ki, mənzilin ilkin icarədarı X10, mənzildə qeydiyyatda olanlar G.H.Nəcəfova, onun oğulları X15 və X9, nəvələri X12, X12 və gəlini Kimyəxanım Dostəli qızı göstərilmişdir. xx.xx.1992-ci il tarixdə G.H.Nəcəfova ölmüş, bundan sonra mənzilin icarədarı kimi X9 qeyd edilmişdir. Habelə, 15 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 151 nömrəli Forma-2 arayışından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla, mənzildə X5 və İddiaçı daimi qeydiyyatdadır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmeti olan mənzil 14 fevral 1979-cu il tarixdə birtipli kirayə müqaviləsinə əsasən, icarədar qismində iddiaçının mərhum atası və onun ailə üzvlərinin istifadəsinə verilmiş, bundan sonra həmin mənzilə dair icarədar qismində iddiaçının nənəsi X10 ilə 1987-ci ildə kirayə müqaviləsi bağlanmış, sonuncu 1992-ci ildə ölmüş, daha sonra iddiaçının atası H.S.Hüseynov yenidən mənzilin icarədarı hesab edilmişdir. 1987-ci ildən etibarən icarədar və onun ailə üzvləri – qardaşı (iddiaçının əmisi), oğlu (iddiaçının ögey qardaşı), o cümlədən, 2007-ci ildə digər oğlu - hazırkı iş üzrə iddiaçı və arvadı - üçüncü şəxs həmin mənzilə qeydiyyata alınmışlar. Hazırda həmin mənzildə yalnız iddiaçı və üçüncü şəxs qeydiyyatdadır və faktiki yaşayırlar. İşin qeyd olunan halları cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdeh iddia ərizəsinə etirazının dəlillərində mübahisəli mənzildə 1987-ci ildən iddiaçı da daxil olmaqla, 6 nəfər (iddiaçı, nənəsi, atası, əmisi, qardaşı və anası) şəxsin qeydiyyatda olmaqla yaşadıqlarını qeyd etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisəli mənzil hələ birtipli icarə müqaviləsi əsasında icarədar kimi iddiaçının atasının icarəsinə verilmiş, həmin tarixdən icarədarın öldüyü 30 avqust 2018-ci il tarixədək olan dövr ərzində mənzildə icarədarla birgə onun ailə üzvləri - üçüncü şəxs, 1996-cı il tarixdən isə (anadan olduğu vaxtdan) iddiaçı yaşamışlar. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətləri 2009-cu ilədək yarandığından, həmin münasibətlərə o dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, həmin Məcəllənin: - 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. - “İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri” adlı 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.... Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Qeyd olunan hüquq normalarının birgə təhlili onu deməyə əsas verir ki, icarədarın arvadı və uşaqları onun ailə üzvləri sayılır, hansı ki, hazırkı iddia tələbinin təmin olunması üçün iddiaçının mənzilin icarədarı olan atası ilə mübahisəli mənzildə birgə yaşaması və onunla yaşayan anasının iddianın təmin edilməsinə razılığının olması zəruridir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından iddiaçının icarədarın öldüyü 2018-ci ilədək həmin mənzildə onunla birgə yaşaması və qeydiyyatda olması, habelə üçüncü şəxsin iddia tələbinin təmin edilməsinə etiraz etmədiyi müəyyən olunur ki, bununla da iddiaçının mənzilin keçmiş icarədarı olan atasının sağlığında onunla birlikdə həmin mənzildə yaşayan ailə üzvü kimi mənzilin icarədarı hesab edilməsi hüququ vardır. Belə ki, Məcəllənin 85-ci maddəsinin tələbindən göründüyü kimi yaşayış sahəsinin icarədarı öldüyü halda (iddiaçı da məhz bu əsasla icarə müqaviləsinin onunla bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir) yalnız icarədarın ailə üzvləri icarə müqaviləsinin onunla bağlanmasını tələb edə bilər. Bu mənada kollegiya hesab edir ki, cavabdeh orqan iddiaçı tərəfindən mənzilə dair qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərin təqdim edilməməsi əsası ilə müraciətin icrasından imtina etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, icarədar qismində iddiaçının mərhum atasından miras qalmış həmin mənzilə dair onunla mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərindən irəli gələn kirayə müqaviləsinin bağlanılmasını tələb etmək hüququ vardır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən haqlı olmuşdur. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-155/2023 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 ünvanında yerləşən 1 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın qəbul edilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar