Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-484/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qusar rayon Əcəxur bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünsüz sayılması) Sədrlik edən və məruzəçi hakim X16, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayon Əcəxur bələdiyyəsinə qarşı Qusar rayon Əcəxur bələdiyyəsinin X3 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 14 saylı bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-286/2024 nömrəli qərarından üçüncü şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayon Əcəxuroba qəsəbəsində ona məxsus 0.12 ha torpaq sahəsinin hərrac yolu ilə R.Qurbanəliyevaya satılması barədə qərarın ləğv edilməsi, hərracın protokolunun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdeh kimi Qusar rayon Əcəxur bələdiyyəsini göstərmiş və sonuncu tələb kimi “Qusar rayon Əcəxur bələdiyyəsinin X3 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 14 saylı bələdiyyə qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, X19 ilə xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşdur. Həyat yoldaşı baş leytenant X19 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ona şəhid statusu verilmişdir. Qusar rayon keçmiş X22 Təsərrüfatının xx.xx.1996-cı il tarixli 141 saylı əmri ilə şəhid ailəsi kimi ona fərdi yaşayış evi tikmək üçün 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu fakt Qusar Rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət arxivindən verilmiş xx.xx.2019-cu il tarixli 192 saylı arxiv çıxarışında da öz əksini tapmışdır. O, Rusiya Federasiyasında yaşadığı üçün torpaq sahəsindən daimi istifadə edə bilməmişdir. Bu səbəbdən o, mərhum ərinin uzaq qohumu olan Rəynaxanım Qurbanəliyevaya torpaqdan istifadə etməsinə icazə vermişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüquqularının qeydə alınması üçün müraciət etdikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən ona imtina cavabı verilmişdir. O, imtina cavabından narazaı qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinin bələdiyyə tərəfindən R.Qurbanəliyevanın adına sənədləşdirilməsi məlum olmuşdur. Belə ki, ona şəhid ailəsi kimi ayrılmış torpaq sahəsi Əcəxur bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qanunsuz qərarı ilə R.Qurbanəliyevaya satılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-286/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir, Qusar rayon Əcəxur bələdiyyəsinin X3 0.12 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli 14 saylı bələdiyyə qərarının etibarsız hesab edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Üçüncü şəxsin hüquqi varisi X10 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında üçüncü şəxsin məhkəmə iclasında verdiyi izahatı təhrif edərək qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin məhz üçüncü şəxsə satılmış torpaq sahəsi olması ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Görünür ki, məhkəmə iddiaçının əsassız iddia tələbini təmin etmək üçün hər şeyi, o cümlədən işin hallarını təhrif etməsini məqbul saymışdır. Buna başqa izahı yoxdur. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və Qusar rayon keçmiş Əcəxur BKT tərəfindən xx.xx.1996-cı il tarixli, 141 nömrəli əmr verilərkən də həmin ölkənin vətəndaşı olmuşdur. Yəni bu şəxs heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. Belə olan halda başqa ölkə vətəndaşın adına həyətyanı torpaq sahəsinin ayrılması qanunvericiliyin tələbinə zidd olmuşdur. Bundan da əlavə xx.xx.1992-ci ildə qəbul edilmiş və hazırda qüvvədən düşmüş Kəndli (Fermer) təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu ilə BKTnın vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılmasına səlahiyyətləri olmamışdır. Belə ki, həmin Qanunun 8-ci maddəsinə əsasən kəndli təsərrüfat təşkil etmək istəyən vətəndaşlar qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyətə torpaq sahəsi ala bilərlər. Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahəsi mülkiyyətə orta torpaq norması hesabı ilə rayon, şəhər xalq deputatları Soveti tərəfindən pulsuz verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən kəndli təsərrüfatı yaratmaq üçün kənd yerində yaşayan vətəndaşlar, eləcə də başqa yerlərdən daimi yaşamağa gəlmək istəyən şəxslər müvafiq rayon, şəhər, xalq deputatları Sovetinə torpaq sahəsi ayırmaq barədə ərizə ilə müraciət edirlər. Göründüyü kimi BKT rəhbərinin vətəndaşa torpaq sahəsinin ayrılması səlahiyyəti olmamış, bu səlahiyyət rayon, şəhər, xalq deputatları Sovetinə verilmişdir. İş materiallarında olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 192 nömrəli arxiv arayışında qeyd olunur ki, Əcəxur BKT üzrə 20.09.96 Azərbaycan Milli Ordusunda həlak olmuş kapitan X17 ailəyə İddiaçı yoldaşına ev tikmək məqsədilə Əcəxuroba sahəsində 0 hektar həyətyanı torpaq sahəsi verilsin. Əcəxur BKT-nın başçı. Məhkəmənin qərarında qeyd olunur ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair əmrə plan, cizgi-sxem əlavə edilmədiyindən bununla əlaqədar mütəxəssis rəyinin alınmasını zəruri hesab etməmişdir. İş materiallarında 0.12 ha torpaq sahəsinin anası Reynaxanım Qurbanəliyevaya satılmasına dair bələdiyyə qərarının surəti, torpaqların alqı-satqısına dair aktın surəti və həmin torpaq sahəsinin yerləşdiyi koordinatları göstərən bələdiyyənin ümumi xəritəsindən çıxarış vardır.İş üzrə cavabdeh Qusar rayon Əcəxur Bələdiyyəsinin sədri iddianı qəbul etməyərək izahatında göstərilmişdir ki, bələdiyyə sədri vəzifəsini icra etməyə başlayandan 0.12 ha həyətyanı torpaq sahəsi Reynaxanım Qurbanəliyevanın və ailə üzvlərinin istifadəsində olmuş, hazırki iş üzrə məhkəməyə dəvət olunduqdan sonra həmin torpaq sahəsindən əvvəllər İddiaçı tərəfindən istifadə olunub-olunmaması barədə kənd sakinləri arasında sorğu aparmış, heç kəs həmin torpaq sahəsindən əvvəllər İddiaçı tərəfindən istifadə edildiyini təsdiq etməmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-1699/2023 saylı məktubda göstərilir ki, torpaq islahatı aparılan zaman tərtib olunmuş Qusar rayonu Əcəxuroba kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında X18 adı aşkar edilməmişdir. Beləliklə, həyətyanı torpaq sahəsini vətəndaşa ayırmaq səlahiyyəti olmayan BKT-nın əsassız qərarını rəhbər tutmaqla məhkəmə mərhum anası Reynaxanım Qurbanəliyevaya 0.12 ha torpaq sahəsinin satılmasına dair Qusar rayon Əcəxur bələdiyyəsinin qanuni qərarını tam əsassız olaraq ləğv etmişdir. İşə baxmış məhkəmə yuxarıda göstərilən prosessual normalarının tələblərini pozaraq iş materiallarına söykənməyən mülahizələrinə əsasən tam qanunsuz və əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi “Qusar rayon Əcəxur bələdiyyəsinin X3 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 14 saylı bələdiyyə qərarının etibarsız hesab edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 30 dekabr 2006-cı il tarixli 14 nömrəli qərarı ilə Qurbanaliyeva Reynaya 0.12 ha torpaq sahəsinin satılması qərara alınmış, bu barədə alqı-satqı aktı tərtib edilmiş, habelə həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilərək, bələdiyyə və DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən müvafiq rəy verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi aşkar edilməmişdir. İş materiallarında olan arxiv çıxarışının məzmunundan görünür ki, Əcəxur BKT-nin 141 nömrəli xx.xx.1996-cı il tarixli Əmrinə əsasən Azərbaycan Milli Ordusunda həlak olmuş kapitan X17 ailəsi İddiaçı-yoldaşına ev tikmək məqsədilə Əcəxur Oba sahəsində 0 hektar həyətyanı torpaq sahəsi verilməsi qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, Qusar rayonu Əcəxuroba kənd üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adı aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh məktubunun məzmunundan görünür ki, sözügedən torpaq sahəsi Qurbanəliyeva Reynaxanıma satılmış və həmin torpaq sahəsi bələdiyyələrin avtomatlaşdırılmış informasiya məlumat sistemində istifadəçi kimi X4 adı qeyd edilmişdir, halhazıra kimi həmin torpaq sahəsi faktiki olaraq oğlu X7 tərəfindən istifadə olunur, bu vaxta kimi torpaq vergi borcları da mütəmadi olaraq ödənilmişdir. İş materiallarından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, X11 onun qanun üzrə vərəsələri sırasına daxildir. İndiki halda iddiaçı məhz X2 adına 0,12 ha torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarının etibarsız hesab edilməsini tələb etmiş və iddia tələbinin əsası kimi Əcəxur BKT-nin xx.xx.1996-cı il tarixli 141 saylı əmri əsasında ona ev tikmək məqsədilə 0,12 ha torpaq sahəsinin ayrılması, ona ayrılmış həmin torpaq sahəsinin sonradan müvafiq bələdiyyə qərarı əsasında X1 kimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının adına 0,12 ha torpaq sahəsinin ayrılması və ya həmin torpaq sahəsinin onun faktiki istifadəsində olması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi müvafiq BKTnın əmrinin məzmununda ayrılan torpaq sahəsinin 0 hektar olması qeyd edilmişdir. Bundan əlavə, cavabdeh inzibati orqan və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş məktubların məzmunundan görünür ki, iddiaçının adına hər hansı torpaq sahəsinin ayrılması halı aşkar edilməmişdir. İddiaçı tərəfindən isə həmin halları təkzib edən və ya iddia tələbinin əsası kimi istinad edilən halları sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin əsasla (onun adına 0,12 ha torpaq sahəsi ayrılması və həmin torpaq sahəsinin üçüncü şəxsə müvafiq bələdiyyə qərarı ilə satılması halına istinad etməklə) qeyd edilən iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olması halının müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə desək, hazırki iş üzrə iddiaçının subyektiv hüququnun mövcudluğu o halda müəyyən edilə bilərdi ki, onun adına müvafiq torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinin üçüncü şəxsə satılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi halı müəyyən edilmiş olardı. İndiki halda isə məhkəmə araşdırması zamanı həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə, iddiaçının qeyd edilən hallara istinad etməklə, müvafiq bələdiyyə qərarını mübahisələndirməklə bağlı subyektiv hüququ mövcud olmamışdır. Bundan əlavə, cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarının (əmlak hüquqlarının və s.) və ya qanuni maraqlarının pozulması halının, o cümlədən hüquqi müdaxilənin mövcudluğu da müəyyən edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən hazirki iş üzrə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının qeyd edilən iddia tələbini irəli sürməklə bağlı subyektiv hüququnun mövcud olub-olmaması, iddianın mümkünlüyü baxımından iddiaçının hansı hüquq və qanunla qorunan maraqlarının pozulub-pozulmaması, hüquqa müdaxilənin mövcud olub-olmaması, hüquqi müdafiəyə ehtiyacın əsaslarının müəyyən edilib-edilməməsi, cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hüququn pozulması hallarının baş veribverməməsi halları ətraflı araşdırılmamış, nəticə etibarilə iddia tələbinin qeyd edilən hallarla bağlı mümkünlük şərtləri yoxlanılmamış, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, işə mahiyyəti üzrə baxaraq, iş üzrə yalnış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən-müvafiq məhkəmə qərarının ləğv edilməsi hissəsində əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, üçüncü şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununda müvafiq məhkəmə qərarının ləğv edilməsi ilə yanaşı, iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. İndiki halda, iddia tələbi mümkün sayılmadığından, həmin hissədə şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-286/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-484/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-484/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver