Məhkəmə qərarları › İş №2-1(105)-484/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-484/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-484/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 A ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2-1(118)-684/2025 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarına əlavə edilmiş 22 mart 1971-ci il tarixli bağ icarə müqaviləsinin surətindən görünür ki, Novxanı qəsəbəsində yerləşən 0.25 ha sahəyə malik 429a nömrəli bağ sahəsi Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin xüsusiləşdirilmiş yaşıllaşdırma quruculuğu idarəsi tərəfindən X6 icarəyə verilmiş, müqavilənin müddəti 22 mart 1971-ci il tarixindən 22 mart 1981-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1997/2023 saylı qətnaməsi ilə xx.xx.1978-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri, Novxanı ərazisi 429A saylı bağ sahəsinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılmış və müddət uzadılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin 07 aprel 2024-cü il tarixli 729 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.1978-ci il tarixdə vəfat etmiş X4 vərəsəsidir və miras qalmış əmlakdan irs almalıdır. Miras qalmış əmlak Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan 4622A nömrəli torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Sumqayıt bələdiyyəsinin 20 avqust 2024-cü il tarixli 3214 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt bələdiyyəsində Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən 429A saylı bağ sahəsinin nömrəsinin sonradan hansı hüquqi sənəd 4622A dəyişdirilməsi ilə bağlı hər hansı məlumat mövcud deyildir. Sumqayıt şəhəri ərazisində yerləşən bağ torpaq sahələri Sumqayıt şəhər İcra Hakimiyyətinn ləğv edilmiş Bağ Təsərrüfatı sahəsinin sərəncamında olmuş və bağ sahələrinin müvafiq qaydada nömrələnməsi səlahiyyəti də adı çəkilən quruma məxsus olmuşdur. Ehtimal olunur ki, bağlar təsərrüfatının ərazisi illər ərzində genişləndikdən sonra bağ sahələrinin yerləşmə yerinə görə (Corat, Saray, yaxud Novxanı bağları massivi) nömrələrinin ardıcıllığının təmin edilməsi məqsədilə ayrılmış bağ sahələrinin ilkin nömrələri dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli, №3-21-3-31/2-S0028- 8/2023 saylı məktubundan görünür ki, təqdim edilmiş xx.xx.1971-ci il tarixli 0.25 ha torpaq sahəsinə dair bağlanmış "Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" müqavilənin müddəti xx.xx.1981-ci il tarixində bitmişdir. Lakin sonradan Sumqayıt XDS İK-nin 3.389 nömrəli xx.xx.1988-ci il tarixli qərarının tələblərini nəzərə alaraq torpaq sahəsinin maksimum 0.12 ha olmaqla ailə üzvləri və ya yaxın qohumlar arasında bölünməsi və yeni icarə müqaviləsinin bağlanması proseduru aparılmamışdır. Həmçinin bildirilir ki, xx.xx.1971-ci il tarixli icarə müqaviləsinə sonradan əlavə edilmiş "4622A" nömrəsi müvafiq qurum tərəfindən düzəliş və dəyişikliklə bağlı möhürlə təsdiq olunmamış, müqavilədə qeyd edilən "429A" nömrəsinin isə qonşu torpaq sahələrinin nömrələri ilə ardıcıllığa uyğun olmadığı müəyyən olunmuşdur. Əlavə olaraq bildirilir ki, ərizəyə torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 A ərazisində yerləşən torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinni cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməasi barədə ərizə verərək Sumqayıt şəhəri Novxanı bağ massivi 429 A ərazisində yerləşən bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 A ərazisində yerləşən bağ torpaq sahəsinin icarəyə verilməsinə dair iddiaçının mərhum atası X7 və Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin xüsusiləşdirilmiş yaşıllaşdırma quruculuğu idarəsi arasında 22 mart 1971-ci il tarixdə bağlanmış bağ icarə müqaviləsinə əsasən X6 icarəyə verilmiş, müqavilənin müddəti 22 mart 1971-ci il tarixindən 22 mart 1981-ci il tarixədək müəyyən edilmişdir. Həmin vaxtdan bağ torpaq sahəsi onun, Ə.Sədiyev 1978-ci ildə vəfat etdikdən sonra isə ailə üzvlərinin istifadəsində olmuşdur. İddiaçı bağ torpaq shəsi üzərində mülkiyyət hüququnun atasına məxsusluğunun təsdiq edilməsi məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh imtina cavabı vemrişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, xx.xx.1971-cı il tarixli 0.25 ha torpaq sahəsinə dair bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilənin müddəti xx.xx.1981-ci il tarixdə bitmişdir. Lakin sonradan Sumqayıt XDS İK-nin 3.389 nömrəli xx.xx.1988-ci il tarixli qərarının tələblərini nəzərə alaraq torpaq sahəsinin maksimum 0.12 ha olmaqla ailə üzvləri və ya yaxın qohumlar arasında bölünməsi və yeni icarə müqaviləsinin bağlanması proseduru aparılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1971-ci il tarixli icarə müqaviləsinə sonradan əlavə edilmiş “4622A" nömrəsi müvafiq qurum tərəfindən düzəliş və dəyişikliklə bağlı möhürlə təsdiq olunmamış, müqavilədə qeyd edilən “429A" nömrəsinin isə qonşu torpaq sahələrinin nömrələri ilə ardıcıllığa uyğun olmadığı müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2-1(118)- 684/20252241/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınmasına əsas verən hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. İddiaçı tərəfindən təqdim edilmiş bağ icarə müqaviləsinin müddəti bitmiş və müddətin uzadılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Qərardan narazı qalan iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bağ icarə müqaviləsinin müddəti bitsə də, mübahisəli torpaq sahəsi hal-hazıradək iddiaçının istifadəsindədir. Tərflərdən heç biri müqavilənin ləğvini istəməmişdir. Deməli, həmin müqavilə üzrə mübahisə yoxdur. Sumqayıt Bələdiyyəsinə sorğu verilmiş və cavab olaraq qeyd edilmişdir ki, 429a və 4622 nömrəli bağ torpaq sahələri eyni torpaq sahəsidir, sadəcə ərazilər genişləndiyindən, torpaq sahəsinin nömrəsi dəyişmişdir. Həmçinin torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) bələdiyyə tərəfindən məhz imtina verən quruma təqdim edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək, apellyasiya şikayətinə qarşı etiraz etdi və öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (...) Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (...) "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-) “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 A ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi ilə bağlıdır. Cavabdehin apelyasiya şikayətinin dəlilləri 3 hissədən ibarətdir: 1) iddiaçının təqdim etdiyi bağ icarə müqaviləsinin müddəti 1981-ci ildə bitmiş, daha sonra uzadılmadığından daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas mövcud deyildir; 2) xx.xx.1971-ci il tarixli icarə müqaviləsinə sonradan əlavə edilmiş "4622A" nömrəsi müvafiq qurum tərəfindən düzəliş və dəyişikliklə bağlı möhürlə təsdiq olunmamış və müqavilədə qeyd edilən "429A" nömrəsi isə qonşu torpaq sahələrinin nömrələri ilə ardıcıllığa uyğun deyildir; 3) ərizəyə torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub- olmaması barədə rəy vermək mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Sumqayıt şəhər Soveti İK Xüsusiləşdirilmiş yaşıllaşdırma quruculuğu idarəsi ilə iddiaçının mərhum atası X7 arasında xx.xx.1971-ci il tarixdə bağlanmış bağ icarə müqaviləsinə əsaəsn 429A nömrəli 0,25 ha bağ torpaq sahəsi icarə müqaviləsinə əsasən X4 icarəsinə verilmişdir. Cavabdehin birinci dəlili ondan ibarət olmuşdur ki, icarə müqaviləsi 10 il müddətinə bağlanmışdır və daha sonra uzadılmamışdır. Bununla bağlı kollegiya hesab edir ki, müqavilə bağlanan dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarına istinad edilməlidir. Belə ki, həmin Məcəllənin 274-cü maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayədar, əmlakı haqqı ilə müvəqqəti istifadə üçün kirayəçiyə verməyi öz öhdəsinə götürür. Həmin Məcəllənin 274-cü maddəsinə görə əmlak kirayə müqaviləsinin müddəti tərəflərin razılığı ilə, on ildən artıq olmayan müddətə müəyyən edilir. Göstərilən Məcəllənin 276-cı maddəsinə görə müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyrimüəyyən müddətə təzələnmiş hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağ icarə müqaviləsi 10 il müddətinə bağlansa da, kirayədarın bağ torpaq sahəsindən istifadə ilə bağlı hər hansı etirazı olmadığından, müqavilə ləğv edilmədiyindən və etibarsız hesab olunmadığından, bu günə kimi bağ torpaq sahəsi mərhumun ailə üzvləri tərəfindən istifadə edildiyindən müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab edilmişdir. Həmin müqavilənin bağ sahəsinin nömrəsi qrafasında 429a nömrəsinin yanında “4622a” nömrəsi də qeyd edilmişdir. İddiaçı bağ nömrəsinin həqiqətən də 429Anömrəsi olmasını iddia edir və 4622A nömrəsinin hansı əsasla yazılmasını bilmədiyini qeyd etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi müayinə zamanı 4621 nömrəli bağ torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə yanaşı yerləşdiyinin müəyyən edildiyini bildirir. Sumqayıt bələdiyyəsi vəkil sorğusuna cavab məktubunda bildirmişdir ki, bağ ərazilərinin genişlənməsi zamanı nömrələrin dəyişdirilməsi ehtimal olunur. Bağ torpaq sahəsinin nömrəsində uyğunsuzluq olması, qonşu torpaq sahələrinə uyğun olmamasına dair cavabdehin digər dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın arxiv materiallarında olan mübahisəli torpaq sahəsinə dair bağ icarə müqaviləsindən görünür ki, X6 ayrılan 0,25 ha bağ torpaq sahəsinin nömrəsi 429adır. Torpaq sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin nömrələrinin ardıcıllığına uyğun olmaması isə kollegiya hesab edir ki, iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Cavabdehin icarə müqaviləsinin qeydiyyat nömrəsində düzəliş edilməsi, lakin bu düzəlişin müvafiq qurum tərəfindən təsdiq edilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan icarə müqaviləsindən görünür ki, 429a nömrəli bağ torpaq sahəsinə dair müqavilənin nömrəsi əvvəlcə “429A” kimi göstərilmiş, daha sonra həmin nömrənin yanından drob xətt çəkilərək müqaviləyə yeni - “4622A” nömrəsi verilmişdir. Eyni rekvizitləri olan müqavilə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən arxiv materiallarında da aşkar edilmişdir. Müqavilənin nömrəsinə edilmiş dəyişikliyin təsdiq edilməməsi isə kollegiya hesab edir ki, vətəndaşın təqsiri üzündən baş verən hal deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi formal tələblərdən sui-istifadəni qadağan etmişdir. Həmin maddəyə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən cavabdehin dəlili təkzib edilmiş olur, X4 icarəsinə verilmiş müvafiq torpaq sahəsinə dair xx.xx.1971-ci il tarixli müqavilənin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İddiaçı tələbində haqlı olmuş, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına yönəlmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin Xüsusiləşdirilmiş yaşıllaşdılrma quruculuğu idarəsi ilə X7 arasında bağlanmış “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi barədə” xx.xx.1971-ci il tarixli müqaviləyə əsaslanır. İstinad olunan həmin normada 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmçinin, iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 429A nömrəli bağ torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmışdır. Sahənin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,25 ha, faktiki sahəsi isə 0,3461 ha təşkil edir. Torpaq sahəsinin 2 tərəfi yol, digər tərəfləri qonşudur. 2 tərəfi mişar daşı ilə hasarlanmış, digər tərəfləri metal tordur. Yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir, sahədə 104.0 kv m ölçüdə tikili mövcuddur. Bununla bağlı məhkəmə kollegiyası bağ torpaq sahəsinə dair sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənədlərin təqdim edilməməsi ilə bağlı cavabdehin 3-cü dəlilini də əsassız hesab edərək qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin yeri bəllidir və əlavə texniki sənədlərin təqdim edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materialların araşdırılması zamanı 22 mart 1971-ci il tarixli icarə müqaviləsi hüquqmüəyyənedici sənəd olmaqla, Novxanı qəsəbəsində 0.25 ha sahəsi olan bağ X6 icarəyə verilmiş, müqavilənin müddəti 22 mart 1971-ci il tarixindən 22 mart 1981-ci il tarixədək olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, toplanan sübutların məcmusu iddianın təmin edilməsi üçün zəmin yaratmışdır. Mübahisəli torpaq sahəsi naturada mövcuddur, koordinatları və döngə nöqtələri bəllidir. Cavabdeh həmin müqavilənin saxta olmasına və mötəbərliyinə şübhə edilməsi üçün hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi 429A (4622A) ünvanında yerləşən 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bununla bağlı apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2- 1(118)-684/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 A (4622A) ünvanında yerləşən bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar