Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-485/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xızı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (açar sözlər: sərəncamın ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı Xızı rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 97 saylı sərəncamının ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli 2-1(118)-126/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xızı rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 97 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə Xızı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci ildə Xızı rayonu Giləzi qəsəbəsi Məşədihəsən kəndində iddiaçıya Xızı rayon İcra Hakimiyyəti Başçının sərəncamına əsasən 70 ha torpaq sahəsi ayrılmışdır. 1995-ci ildə həmin torpaq sahəsinə dair ona torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Həmin vaxtdan torpaq sahəsi faktiki olaraq onun istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş və torpaq sahəsindən istifadəyə görə torpaq vergisini də ödəmiş, həmçinin o, 2010-cu ildə Sumqayıt şəhərində yerləşən evini və qarajını sataraq həmin torpaq sahəsində iş görmək üçün xərcləmişdir. 2019-cu ildə torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə etdiyi müraciətə cavab olaraq ona bildirilmişdir ki, adına olan dövlət aktı ləğv edilmiş, lakin onun bundan heç xəbəri olmamışdır. Cavabdeh Xızı rayon İcra Hakimiyyəti ona heç bir məlumat verilmədən həmin dövlət aktını ləğv etmiş, bununla da onun hüquqlarını pozularaq istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair dövlət aktını ləğv edilmişdir. Bu səbəbdən o, ərizə ilə Xızı rayon İcra Hakimiyyətinə müraciət edərək həmin sərəncamın ləğv edilməsini xahiş etmiş, lakin xahişi təmin olunmamışdır.
Cavabdehin etirazları:
4. Cavabdeh Azərbaycan Respublikası Xızı rayon İcra Hakimiyyətinin 03.06.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı etirazında qeyd olunmuşdur ki, Xızı rayon İcra Hakmiyyəti başçısının 60№-li 09.03.1992-ci il tarixli əmri ilə İddiaçı kəndli fermer təsərrüfatına əlavə Rəncbər (hazırki adı Məşədihəsən) kəndi ərazisindən xüsusi fond torpağından 50 ha əkin sahəsi ayrılmış, cəmi kəndli fermer təsərrüfatına 70 ha torpaq sahəsi təhkim edilmişdir. Rayonun Giləzi qəsəbəsinin təsərrüfatında torpaq islahatı başa çatdırıldığından, hüquqi payçılara və təsisçilərə orta torpaq normasında pay torpağı verildiyindən torpaqlar mülkiyyətçilər arasında bölüşdürüldüyündən, islahata qədər kəndli fermer təsərrüfatlarına, kiçik müəssisələrə verilmiş torpaq sahələri qanuna uyğun tənzimləndiyindən və bu barədə Giləzi Yerli Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmiş 15.10.1998-ci il tarixli 3 nömrəli qərarı rayon Aqrar İslahat Komissiyasının 22.10.1998-ci il tarixli 17 №-li islas protokolu ilə təsdiq edildiyindən Xızı rayon İcra Hakimyyəti başçısı tərəfindən “Torpaq islahatı haqqında” Azərbaycan Repsublikasının qanununa əsasən əvvəllər kəndli fermer təsərrüfatlarına verilmiş torpaq sahələrinin tənzimləndirilməsi haqqında 30.12.1998-ci il tarixli Sərəncam verilmişdir. Sərəncama əsasən İddiaçı və digərlərinin adına olan kəndli fermer təsərrüfatının torpaqları pay normasından çox olduğuna görə rayon İcra Hakimiyyətinin başçısının əvvəllər onların kəndli fermer təsərrüfatına torpaq verilməsi haqqındakı sərəncamları və onlara verilmiş dövlət aktları ləğv edilmiş, onların kəndli fermer təsərrüfatının üzvlərinə orta torpaq normasında pay torpağı verilməsi və subyektlərə paylanması tapşırığı verilmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsi, aparılan Aqrar islahatı zamanı artıq qalan özəlləşdirmə fonduna verilən torpaq sahəsi kimi bələdiyyələr yarandıqdan sonra Məşədihəsən bələdiyyəsinin ehtiyat fondu torpaqlarına daxil edilmişdir. Respublikada aqrar islahatlar başa çatdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 20.04.2005-ci il tarixli Fərmanı ilə “X2 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarizxli 290№-li Fərmanı, “Azərbaycan Respublikası X2 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14.04.1995-ci il tarixli 313№-li Fərmanı və sairə Fərmanlar qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin 2020-ci ilə qədər sərəncamın ləğv edilməsi ilə bağlı vətəndaş tərəfindən Xızı rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamış, yalnız 22 il keçəndən sonra məhkəmədə iddia qaldırması başa düşülən deyil. Aqrar islahatların başa çatdırılması ilə X1 ləğv edildiyindən, həmçinin Aqrar İslahat Komissiyasının yaradılması və fəaliyyətini tənzimləyən Fərmanlar qüvvədən düşdüyündən, eləcə də qeyd olunan torpaq sahəsinin İddiaçı qaytarılması qanunvericiliyin tələblərinə zidd olduğundan onun Xızı rayon İcra Hakimyyətinə qarşı hazırki iddiasının rədd edilməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
5. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-126/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
6. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-126/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
7. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1991-ci ildə Xızı rayonu Giləzi qəsəbəsi Məşədihəsən kəndində adına sərəncamla 70 ha torpaq sahəsi ayrılmış və 1995-ci ildə həmin torpaq sahəsinə dair ona torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Həmin vaxtdan da verilmiş torpaq sahəsi faktiki olaraq onun istifadəsində və sahibliyindədir, bu torpaqdan bu günə kimi təyinatı üzrə istifadə edir və torpaq sahəsindən istifadəyə görə torpaq vergisini ödəmişdir. 2019-cu ildə torpaq sahəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması və çıxarışın verilməsi üçün aidiyyatı üzrə müraciət etmiş, ona cavab olaraq bildirilmişdir ki, adına torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı ləğv edilmişdir və onun bundan heç vaxt xəbəri olmamışdır. Ona heç bir məlumat verilmədən həmin dövlət aktının ləğv olunması qanunvericiliyin tələbinə ziddir. O, 2010-cu ildə Sumqayıt şəhərində yerləşən evini və qarajını sataraq həmin torpaq sahəsində iş görmək üçün xərcləmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsində və sahibliyində olsa da, məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmiş və o, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Xızı rayon XDS İcraiyyə Komitəsinin 09.10.1991-ci il tarixli 135/4 nömrəli qərarından çıxarışdan görünür ki, Xızı rayonu Rəncbər kolxozunda onun başçılığı altında fermer təsərrüfatı yaradılması və ona kolxozun örüş yerindən 20 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Xızı rayon İcra Hakimiyyətinin 02.03.1992-ci il tarixli əmrindən görünür ki, onun fermer təsərrüfatına əlavə Rəncbər kənd ərazisindən xüsusi fond torpağından 50 ha əkin sahəsi ayrılmış, onun fermer təsərrüfatına cəmi 70 ha torpaq sahəsinin təhkim edilməsi qərara alınmışdır. B№000133 nömrəli 23.08.1995-ci il tarixdə qeydə alınmış dövlət aktından görünür ki, həmin dövlət aktı Xızı rayon XDS 09.10.1991-ci il tarixli 135/4 saylı qərarı ilə Giləzi malkökəltmə sovxozunun ərazisində 50 hektar torpaq sahəsi onun adına fermer təsərrüfatına ayrılması barədə tərtib edilmişdir. Lakin Xızı rayon İcra Hakimiyyəti Başçısının 30.12.1998-ci il tarixli 97№-li sərəncamı ilə onun istinad etdiyi sərəncamlar və onların əsasında verilmiş dövlət aktları əsassız olaraq ləğv edilmişdir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə belə nəticəyə gəlib ki, yerli aqrar islahat komissiyasının qərarına əsasən orta torpaq pay norması 50 ha müəyyən edildiyi və onun istifadəsinə normadan artıq torpaq sahəsinin verildiyi nəzərə alındıqda cavabdeh qanunvericiliyin tələblərinə uyğun torpaq sahəsinin ayrılması haqqında sərəncamı ləğv etmişdir. Məhkəmə maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tərtib etməmiş və qanunu səhv təfsir etmişdir. O, bu barədə müvafiq sənədlərini cavabdehə təqdim etmiş, lakin ona imtina cavabı verilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-126/2021 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir.
10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdeh Xızı rayon İcra Hakimiyyətinin və 3-cü şəxs Xızı Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1 Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 16. bənd 8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 50. bənd 1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar(müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir.
28. Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanunu: Maddə 11.3. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir.
29. Həmin Qanunun 13-cü maddəsinə görə torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
31. Məhkəmə kollegiyası hazırki qərarın 12-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, işdə olan sənədlərdən görünür ki: - Xızı rayon XDS İcraiyyə Komitəsinin 09 oktyabr 1991-ci il tarixli 135/4 nömrəli qərarından çıxarışa əsasən Xızı rayonu Rəncbər kolxozunda İddiaçı başçılığı altında fermer təsərrüfatı yaradılması və ona kolxozun örüş yerindən 20.0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Xızı rayon İcra Hakimiyyətinin 02 mart 1992-ci il tarixli əmrindən görünür ki, İddiaçı fermer təsərrüfatına əlavə Rəncbər kəndi ərazisindən xüsusi fond torpağından 50 ha əkin sahəsi ayrılmış, İddiaçı fermer təsərrüfatına cəmi 70.0 ha torpaq sahəsinin təhkim edilməsi qərara alınmışdır. - B № 000133 nömrəli 23.08.1995-ci il tarixdə qeydə alınmış dövlət aktından görünür ki, həmin dövlət aktı Xızı rayon XDS 09 oktyabr 1991-ci il tarixli 135/4 salylı qərarı ilə Giləzi Mal-kökəltmə sovxozunun ərazisindən 50,0 ha torpaq sahəsi “İddiaçı adına kəndli (fermer) təsərrüfatı”na ayrılmaqla istifadəsinə verilmişdir. - “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əvvəllər kəndli fermer təsərrüfatına verilmiş torpaq sahələrinin tənzimləndirilməsi haqqında” Xızı rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli 97 saylı sərəncamından görünür ki, Giləzi Yerli AİK-nın 15.10.1998-ci il tarixli 3 saylı, Sitalçay yerli AİK-nın 20.10.1998-ci il tarixli 5 saylı və 21.10.1998-ci il tarixli 6 saylı qərarlar qəbul edilmiş və bu rayon AİK-nın 22.10.1998-ci il tarixli 17 saylı qərar ilə təsdiq edilmişdir. Həmin qərarların sərəncamlaşdırılması rayon icra hakimiyyəti başçısından xahiş edilmişdir. Bundan sonra mübahisələndirilən sərəncamla torpaq sahələri normaya uyğun olduqda istifadəçilərində saxlanması, pay normasından artıq olduqda isə torpaq sahələrinin ayrılmasına dair sərəncamlar və onların əsasında verilmiş dövlət aktlarının ləğv edilməsinin qərara alınması səbəbindən “İddiaçı” və digər kəndli fermer təsərrüfatlarının torpaqları pay normasından çox olduğuna görə rayon icra hakimiyyəti başçısının əvvəllər həmin kəndli fermer təsərrüfatlarına torpaq verilməsi haqqında müvafiq sərəncamların və onlara verilmiş dövlət aktlarının ləğv edilməsi, həmin kəndli fermer təsərrüfatlarının üzvlərinə orta torpaq normasında (adam başına 0.50 ha) pay torpağının verilməsi, artıq olan torpaq sahələrinin özəlləşmə fonduna verilməsi və subyektlərə paylanması qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26.11.2019-cu il tarixli **********28 saylı məktubundan görünür ki, araşdırma nəticəsində Xızı rayonu Məşədi Həsən kəndində aparılan torpaq islahatı ilə əlaqədar Xızı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 97 nömrəli sərəncamı ilə iddiaçının rəhbəri olduğu kəndli-fermer təsərrüfatının istifadəsində olan 70,0 ha torpaq sahəsinə dair 1995-ci il tarixdə verilmiş “Torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair Dövlət Aktı”nın ləğv edildiyi və kəndli-fermer təsərrüfatının üzvlərinə orta torpaq normasına müvafiq pay torpaqlarının ayrıldığı müəyyən edilmişdir. Torpaq islahatı ilə əlaqədar iddiaçıya və onun ailə üzvlərinə 2.27 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 22 fevral 1999-cu il tarixli JN-454 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir.
33. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı fermer təsərüfatına 1991-1992-ci illərdə Xızı rayon XDS İcraiyyə Komitəsinin və Xızı rayon İcra Hakimiyyəti Başçısının müvafiq olaraq akt və əmrinə əsasən 70.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün daşınmaz əmlakın dövlət reyestr oqanına müraciət etdikdə ona məlum olmuşdur ki, onun istnad etdiyi akt və əmr əsasında verilmiş torpaq sahələrinə dair dövlət aktları Xızı rayon İcra Hakimiyyəti Başçısının 30.12.1998-ci il tarixli 97 saylı sərəncamı ilə ləğv edilmişdir. Buna səbəb kimi, cavabdeh orqan yerli X1nın qərarlarını əsas tutaraq kəndli fermer təsərrüfatlarına verilən torpaq sahələrinin orta torpaq normalarından artıq verildiyinə görə həmin k.f.t.-a torpaq verilməsi haqqında müvafiq sərəncamlar və dövlət aktlarının ləğv edilməsi qərara alınmışdır.
34. Məhkəmə qərarında o da vurğulanır ki, mübahiəsləndirilən sərəncamın giriş hissəsində göstərildiyi kimi rayonun Giləzi və Sitalçay təsərrüfatlarında torpaq islahatı başa çatdırılmış, hüquqi payçılara və təsisçilərə orta torpaq normasında pay torpağı verilmiş, torpaqlar mülkiyyətçilər arasında bölüşdürülmüş, islahata qədər kəndli fermer təsərrüfatlarına, kiçik müəssisələrə verilmiş torpaq sahələri qanuna uyğun tənzimlənmiş və Giləzi Yerli AİK-nın 15.10.1998-ci il tarixli 3 saylı, Sitalçay yerli AİK-nın 20.10.1998-ci il tarixli 5 saylı və 21.10.1998-ci il tarixli 6 saylı qərarlarını qəbul etmiş və rayon AİK-nın 22.10.1998-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş və həmin qərarların sərəncamlaşdırılması rayon icra hakimiyyəti başçısından xahiş edilmişdir. Həmin sərəncamla torpaq sahələri normaya (adam başına 0.50 ha) uyğun olduğu halda istifadəçilərdə saxlanılmış, pay normasından artıq olduqda isə torpaq sahələrinin ayrılmasına dair sərəncamlar və onların əsasında verilmiş dövlət aktları ləğv edilmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 27-29-cu bəndlərində istinad edilən qanun normalarının, eləcə də 32-ci bənddə istinad edilən rəsmi sənədlərdə əksini tapan hallara uyğun olaraq yerli aqrar islahat komissiyasının qərarına əsasən orta torpaq pay norması 0.50 ha müəyyən edildiyi və iddiaçının istifadəsinə normadan artıq torpaq sahəsinin verildiyi nəzərə alınmaqla iddiaçının, eləcə də digər subyeklərin istifadəsində olan artıq torpaq sahələrinə dair sərəncam və dövlət aktları ləğv edilməklə, iddiaçıya ailə üzvlərinin payına uyğun olaraq 2.27 ha torpaq sahəsinə dair 22 fevral 1999-cu il tarixli JN- 454 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edildiyindən, cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya əvvəllər torpaq sahəsinin ayrılması haqqındakı sərəncamı ləğv etmişdir.
36. Hazırki qərarın 7-ci bəndində qeyd edilən iddiaçının apelyasiya şikayətinin dəlillərilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır, ona görə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi 16 iyul 1996-cı ilədək sovxoz və kolxoz torpaqlarında yaradılmış təsərrüfatların istifadəsinə verilmiş torpaq paylarından artıq hissəsi qüvvədə olan AİK-nın 22.10.1998-ci il tarixli 17 saylı qərarı əsasında özəlləşdirilən torpaqlara daxil edildiyindən, diğər k.f.t.-nın torpaqları kimi iddiaçının da rəhbəri olduğu k.f.t.-nın torpaqları həmin kəndli fermer təsərüfatının üzvlərinə orta torpaq normasında pay torpağı verilməklə artıq olan torpaq sahələri özəlləşmə fonduna verilərək subyektlərə paylanması qərara alınmışdır.
37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin rədd edilməsi üçün hüquqi əsasları təşkil edən hüquq normalarına uyğun hesab edir. Apelyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
38. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-126/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-126/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.