Məhkəmə qərarları › İş №2-1(105)-485/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-485/2022

18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-485/2022 18.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin X1rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin X1rşı “DSMF-nun Sosial Ödənişlərin X6 Filialının 23 noyabr 2021-ci il tarixdə **********4 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(118)-670/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tairxədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçının təqdim etdiyi arxiv arayışlarında onun 1972-1975 və 1978-1986-cı illərdə Göylər kənd “Engels” adına kolxozda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda 1996-1997-ci illərdə “Göylər üzüm istehsalı və emalı müəssəsi”ndə və 1998-1999-cu illərdə “Çöl Göylər camışçılıq dövlət damazlıq təsərrüfatı”nda işləməsi qeyd olunmuşdur.

3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq sənədləri təqdim edərək cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə və “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na istinad edilməklə bildirilmişdir ki, əmək kitabçasının əslini və ya notariat qaydada təsdiq olunmuş surətini, əmək kitabçası olmadığı təqdirdə əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonar onun yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “DSMF-nun Sosial Ödənişlərin X6 Filialının 23 noyabr 2021-ci il tarixli **********4 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 65 yaşı var, yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nin 1 saylı Reqional Ərazi İdarəsinə təqdim etmişdir. Ərazi idarəsi ərizəni baxılmaq üçün DSMF-nin Sosial ödənişlərin X6 filialına göndərmişdir. Filial iddiaçının 28 ilə yaxın sığorta stajı olmasına baxmayaraq əmək kitabçasının olmaması səbədindən 23 noyabr 2021-ci il tarixdə **********4 saylı məktubla ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı belə hesab edir ki, DSMF-nin Sosial ödənişlərin X6 filialının iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. İddiaçı xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu Göylər kəndində anadan olmuşdur. 1972-ci ildə Engels adına kolxoza üzv qəbul olunmuş və 1975-ci ilə kimi orada işləmişdir. 14 dekabr 1975-ci ildən 30 noyabr 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra 1978-1986-cı illərdə Göylər kənd Engels adına sovxozda, 1986-1992-ci illərdə “Tinglik “ sovxozunda 1993-1995-ci illərdə “Göylər” kolxozunda, 1996- 1997-cı ildə isə Göylər üzüm istehsalı və emalı müəsisəsində,1998-1999-cu illərdə isə Çöl Göylər camışçılıq dövlət damazlıq təsərrüfatında işləmişdir, Adlarında dəyişiklik olsa da iddiaçı həmişə eyni təsərrüfatda işləmişdir. Əmək kitabçası da idarədə olmuşdur. Özündə olmamışdır. Damazlıq təsərrüfatı dağılandan sonra da ona əmək kitabçası verilməmişdir. Lakin əmək kitabçasının olmaması o demək deyil ki, əmək fəaliyyətini əks etdirən digər sənədlərə əsasən ona pensiya təyin oluna bilməz. Aldığı arxiv arayışlarından da görünür ki,1972-1999-cu illərdə iddiaçı yuxarıda qeyd olunan təsərrüfatlarda işləmişdir, hərbi xidmətdə olmuşdur. Bu illərdə iddiaçı əmək haqqı almışdır, sosial sığorta haqlarını ödəmişdir. Bu əsasdan iddiaçıya pensiya təyin olunmalıdır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Cavabdeh orqanın **********94 nömrəli imtina məktubuna əsasən İddiaçı 1972-1975 və 1978-1986-cı illərdə “Göylər kənd Engels” adına kolxozda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda 1996-1997-ci illərdə “Göylər üzüm istehsalı və emalı müəssəsi”ndə və 1998-1999-cu illərdə “Çöl Göylər camışçıhq dövlət damazlıq təsərrüfatı”nda işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından və həmin illər əmək kitabçasında təsbit olunmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2- ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı 1972-1975 və 1978-1986-cı illərdə “Göylər kənd Engels” adına kolxozda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda 1996-1997-ci illərdə “Göylər üzüm istehsalı və emalı müəssəsi”ndə və 1998-1999-cu illərdə “Çöl Göylər camışçıhq dövlət damazlıq təsərrüfatı”nda işlədiyini iddia edir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 xx.xx.2022-ci il tarixdə **********6 və **********7 nömrəli sorğular göndərilmişdir. Sorğulara gələn xx.xx.2022-ci il tarixli 42 nömrəli və xx.xx.2022-ci il tarixli 43 nömrəli cavab məktublarında İddiaçı 1972-1975-ci il tarixlərin də illərdə “Göylər kənd Engels” adına kolxozda işləməsinə dair heç bir sənəd təqdim olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. iddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

8. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(118)-670/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 11 oktyabr 2021-ci il tarixli, 366 saylı arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının 1972-1975-ci, 1978-1985-ci illərdə Şamaxı rayonu Göylər kənd Engels adına kolxozda, 1986-1992-cı illərdə Tinglik sovxozunda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda, 1996-1997-cı ildə isə Göylər üzüm istehsalı və emalı müəsisəsində, 1998- 1999-cu illərdə isə Çöl Göylər camışçılıq dövlət damazlıq təsərrüfatında işləməsi öz təsdiqini tapmışdır.

10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı 1972-1975-ci illərdə və 1978-1986-cı illərdə Şamaxı rayon “Göylər kənd Engels” adına kolxozda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda, 1996- 1997-ci illərdə “Çöl Göylər” camışçılıq dövlət damazlıq təsərrüfatı”nda işlədiyini iddia edir. Qeyd etmişlər ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Dağlıq Şirvan regioanı filialı tərəfindən iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli 366 nömrəli arxiv arayışındakı əmək fəaliyyətinə dair xx.xx.2022-ci il tarixdə qarşılıqlı yoxlama keçirilmişdir. Qarşılıqlı yoxlama zamanı kolxozçunun əmək stajı və qazancının uçotu kitabında vətəndaşın adında qaralama olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı işlədiyini iddia etdiyi kolxozda əmr kitabında olan qaralama halları vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

13. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

19. SSRİ Nazirlər Sovetinin 17 oktyabr 1964-cü il tarixli, 859 saylı qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinə pensiyalar təyin edilməsi və verilməsi qaydası haqqında” Əsasnamə: İş stajını aşağıdakı sənədlər sübut edə bilər a) ... arxiv idarələrinin arayışları.

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. İş materiallarına əlavə edilmiş arayışlardan və şəxsiyyət vəsiqəsinin surətindən iddiaçının 65 yaşına çatması işin mübahisəsiz haldır.

26. Cavabdehin imtinasında bildirmişdir ki, iddiaçının 1972-1975 və 1978-1986cı illərdə “Göylər kənd Engels” adına kolxozda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda 1996-1997-ci illərdə “Göylər üzüm istehsalı və emalı müəssəsi”ndə və 1998- 1999-cu illərdə “Çöl Göylər camışçıhq dövlət damazlıq təsərrüfatı”nda işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından və həmin illər əmək kitabçasında təsbit olunmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir.

27. Cavabdehin imtinası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 11 oktyabr 2021-ci il tarixli, 366 saylı arayışları ilə qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışlarda iddiaçının 1972-1975-ci, 1978-1985-ci illərdə Şamaxı rayonu Göylər kənd Engels adına kolxozda, 1986-1992-cı illərdə Tinglik sovxozunda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda, 1996-1997-cı ildə isə Göylər üzüm istehsalı və emalı müəsisəsində, 1998-1999-cu illərdə isə Çöl Göylər camışçılıq dövlət damazlıq təsərrüfatında işləməsi öz təsdiqini tapmışdır.

28. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

29. Bundan başqa, bu qərarın 18-19-cu bəndlərində istinad edilmiş normalara, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin oxşar ilşlər üzrə hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və həmin təcrübəyə əməl edilməlidir.

30. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 ildən artıq sığorta stajı vardır. Yuxarıda qeyd edilən arxiv arayışı ilə təsdiq olunan dövrlər nəzərə alındqda iddiaçının 25 ildən artıq sığorta stajı olur ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir.

31. Cavabdehin apellyasiya şikayətinin qeyd edilən əmr kitabında olan qaralama hallarının iddiaçının müvafiq müəssisədə işlədiyinə dair ciddi şübhə doğurması ilə bağlı dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin illərin sığorta stajı kimi nəzərə alınmaması üçün cavabdeh inzibati orqanın gətirdiyi dəlillər və şübhələri kifayət deyildir. Arxiv arayışındakı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən 19.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

32. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(118)-670/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar