Məhkəmə qərarları › İş №2-1(105)-485/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-485/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-485/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(118)- 120/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları: İddiaçı xx.xx.1993-cü il təvəllüdlüdür. O, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə müddətli hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənələr Arxivi tərəfindən təqdim edilmiş 2690 saylı xəstəlik tarixindən görünür ki, X4 0xx.xx.2013-cü il tarixdə saat 22.45 radələrində hərbi hospitala “sol qalça sümüyünün deşilmiş sınığı ilə müşayiət olunan qarnın sol yarısını dəlib keçən qarın boşluğuna nüfuz etməyən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə daxil olmuşdur. Xəstənin deməsinə görə xx.xx.2013-cü il tarixdə N saylı postda olarkən düşmən tərəfindən atışlan atəş nəticəsində yaralanmışdılr, hərbi hissənin tibb məntəqəsinin ilkin tibbi yardımı göstərildikdən sonra N saylı hərbi hissəyə təxliyyə olunmuş, daha spnra hərbi hospitala yerləşdirilmişdir. N saylı hərbi hissə tərəfindən verilmiş “Travma haqqında” arayışdan görünür ki, 04 fevral 2013-cü il tarixdə 28 nömrəli postda bermanın üzərində kant vuran zaman güllə yarası almışdır. Diaqnozu : “sol qalça sümüyünün deşilmiş sınığı ilə müşayiət olunan qarın boşluğunun sol yarısını dəlib keçən, qarın boşluğuna nüfuz etməyən odlu silah yaralanması”. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli H912/521 salyı məktubdan görünür ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı İddiaçı barəsində hər hansı cinayət işi və ya təqsirləndirici materialın olması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliy iddiaçının hərbi xidməti və yaralanması xx.xx.1994-cü il tarixdən sonra, yəni atəşkəs dövrünə təsadüf etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, N nömrəli hərbi hissənin 2013-cü il tarixli nizami hissə üzrə əmrləri və 2013-cü il tarixli “Yaralıların qeydiyyatı” kitabı X5 Arxivinə təhvil verilmədiyindən X1 N nömrəli hərbi hissənin N saylı postuna güllə yarası alması və həmin postun döyüş postu olub-olmamasının araşdırılması mümkün olmamışdır. Müdafiə nazirinin xx.xx.2012-ci il tarixli müvafiq nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2013-cü il tarixdən döyüş şəraitində hesab edilməsi qeyd olunmuşdur. Lakin N nömrəli hərbi hissənin N sayll postunun dötüş postu olub-olmaması barədə məlumat qeyd edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ödəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxx 1993-cü ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən müddətli hərbi xidmətə çağrılaraq, xidmətini xx.xx.2011-ci ildən xx.xx.2013-cü il tarixə kimi «190» saylı hərbi hissənin tərkibində icra etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən düşmən tərəfindən atılan güllədən yaralanaraq xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Döyüş zonasında hərbi xidmət keçərkən xəsarət (varalanma. travma. konluziya) almağı ilə əlaqədar iddiaçıya «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına etdiyi müraciəti xx.xx.2022-ci il tarixli, 4/3-13813 saylı məktubla imtina olunmuş, səbəb kimi iddiaçının hərbi xidməti və yaralanmağı atəşkəs dövrünə (xx.xx.1994cü ildən sonraya) təsadüf etməsi göstərilmişdir. Lazımi araşdırmalar aparılmadan verilmiş bu cavab əsaslandırılmış olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(118)-120/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, iddiaçının N saylı hərbi hissədə xidmət etdiyi dövrdə güllə yaralanması ilə hərbi hospitalda müalicə alması sənədlər əsasında öz təsdiqini tapdığından, iddiaçıya “hərbi xidmət dövrü və yaralanmağı atəşkəs dövrünə təsadüf etdiyinə görə” müharibə veteranı statusunun verilməsindən imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdr ki, məhkəmə hadisə baş verən zaman hərbi hissənin döyüş əməliyatları aparmamasını nəzərə almamışdır. İddiaçının müharibə veteranı adı almaq hüququ hərbi hissənin döyüş əməliyyatları aparması, iddiaçının bu döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatarı ilə əlaqədar xəsarət alması ilə yarana bilərdi. Halbuki, N nömrəli hərbi hissə döyüş zonasında yerləşsə də, iddiaçının xəsarət aldığı vaxtda döyüş əməliyyatları aparmamış, iddiaçı döyüş əməliyyatlarında iştirak etməmişdir. Məhz buna görə də N nömrəli hərbi hissə travma haqqınd arayışında iddiaçının 28 nömrəli postda bermanın üzərində kant vuran zaman güllə yarası almasını göstərmişdir. Apellyasiya şikayətinə qarşı etiraz İddiaçının apellyasiya şikayətinə qarşı etirazının dəlilləri iddia tələbinin dəlilləri ilə eyilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək N nömrıli hərbi hissədə müddətli hərbi xidmət keçməsi və xx.xx.2013-cü il tarixdə düşmən tərəfindən açılan atəş nəticəsində yaralanması işin mübahisəsiz hallarına aiddir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçnın yaralandığı dövr atəşkəs dövrünə düşür və həmin vaxt hərbi hissə tərəfindən döyüş əməliyyatları aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı 2013-cü ildə Ağdam rayonu ərazisində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olarkən səngərin kənarlarını təmizləyərkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralanmışdır. Bu hal tibbi sənədlərlə, o cümlədən hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışla, xəstəlik tarixi ilə təsdiqlənmişdir. Müdafiə Nazirliyi apellyasiya şikayətində bildirir ki, həmin dövrdə hərbi hissə döyüş şəraitində olsa da, konkret döyüş əməliyyatı aparılmamışdır. Lakin qeyd edilməlidir ki, “döyüş şəraiti” anlayışı yalnız aktiv hücum və qarşıdurma əməliyyatları ilə məhdudlaşmır. Cəbhəyanı mövqedə yerləşən və daim düşmən təzyiqinə məruz qalan birləşmələrin fəaliyyəti kontekstində səngər bölgəsində təhlükənin mövcudluğu, orada aparılan mühəndisistehkam işlərinin özü də döyüş şəraitinin elementidir. İddiaçının xəsarəti təsadüfi şəraitdə deyil, məhz xidməti vəzifələrini yerinə yetirərkən, düşmən tərəfindən atəşə tutulma zamanı baş vermişdir. Bu, “döyüş tapşırığının yerinə yetirilməsi zamanı xəsarət alma” anlayışına uyğun gəlir. Belə halların qiymətləndirilməsi zamanı hüquq tətbiq edən orqanlar formal döyüş əmri axtarışı ilə deyil, hadisənin faktiki döyüş riski və nəticəsi ilə bağlı obyektiv yanaşma sərgiləməlidir. Beynəlxalq humanitar hüququn da müvafiq prinsiplərinə uyğun olaraq, düşmən tərəfinin açdığı atəş və onun nəticəsində hərbi qulluqçunun xəsarət alması lokal silahlı toqquşma və ya silahlı insident kimi qiymətləndirilə bilər ki, bu da praktiki baxımdan hərbi əməliyyatın bir formasıdır. İş üzrə sübutlar iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən faktiki döyüş riski ilə üzləşərək yaralandığını təsdiq edir. Cavabdeh orqanın qeyd etdiyi əsaslar “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin məqsəd və mahiyyətinə zidd olaraq, təyinatda hüquqi subyektivlik və bərabərliyi pozur. “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının düşmən təxribatı nəticəsində yaralanması təsdiq olunduğundan həmin anda bilavasitə döyüş əməliyytatları aparılmasa belə ona “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan və bununla bağlı qanunvericilik normalarında xüsusi qeyd nəzərdə tutulduğu halda cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2580/2024 saylı qərarında qeyd edilmişdir: “ (...)

37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).

38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar.

39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

40. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.” Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə düzgün nətcəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur.

Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(118)-120/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar