Məhkəmə qərarları › İş №2-1(105)-487/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-487/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-487/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı iş üzrə açar sözlər: məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X9 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialına qarşı “mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-281/2021 saylı qərarından cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Qusar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Cavabdehin prosessual hüquqi varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialı ilə əvəz edilmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012- 2016-cı illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 03 avqust 1988-ci il tarixdə anadan olmuş və 20 aprel 2017-ci ildə Tibbi-Sosial Ekspertiza Reabilitasiya Alt Sistemi ilə ona elektron qaydada İİ qrup əlillik təyin edilmişdir. 23.06.2017-ci il tarixdə ona əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Fondunun Qusar rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət tarixinə ona 5 il sığorta stajı tələb olunduğundan İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006-cı il tarixdən əmək pensiyasına hüququ yarandığı günədək 5 ilə qarşı 5 il 0 ay 20 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayışı təqdim etmişdir. Həmin forma arayışa əsasən ona 20.04.2017-ci il tarixdən İİ qrup əlilliyə görə 114 manat 36 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir. 2019-cu ilin dekabr ayından başlayaraq ona pensiyanın ödənilməsi dayandırılmış və bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Cavabdehnə ərizə ilə müraciət etmiş və Fondun Qusar rayon şöbəsi 29.06.2020-ci il tarixli, **********7 saylı məktubla ərizəni rədd edərək onun əmək pensiyasının təyin edilməsi üçün təqdim olunmuş Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın araşdırılması zamanı qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı barədə “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın” (4 nömrəli əlavə) təsdiqini tapmaması səbəbindən onun əlilliyə görə əmək pensiyası hüququnun olmadığını bildirilmişdir.

Cavabdehin etirazları:

5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından 07.12.2020-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuş etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 20.04.2017-ci il tarixdə ikinci qrup əlillik təyin edilmişdir. 23.06.2017-ci il tarixdə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qusar rayon şöbəsinə müraciət etmişdir. 5 il 20 gün sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayış təqdim olunmuş və təyinat aparılmışdır. Lakin sonradan həyata keçirilən monitorinq araşdırma zamanı təqdim olunan arayışlar öz təsqini tapmadığı üçün ödənişlərin edilməsi dayandırılmışdır. 08.10.2020-ci il tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililala MDSS ödənişləri haqqında sorğu yazılmışdır. Sorğuya verilən cavab məktubu və sığortaolunanın hesabı Alt Sisteminə əsasən iddiaçının cəmi üç ay üzrə sosial sığorta haqları ödənilmişdir. Bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-281/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

7. Qərardan narazı qalan cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-281/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

8. Cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən - əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əlilliyə görə əmək pensiyası əmək pensiyası növlərindən biridir və Qanunun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 20.04.2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Reabilitasiya Alt Sistemi ilə elektron qaydada ikinci dərəcə üzrə əlillik təyin edilmişdir. İddiaçı 23.06.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Qusar rayon şöbəsinə müraciət etmişdir. Müraciətə əlavə olaraq 5 il 20 gün sosail sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayış təqdim olunmuşdur. Ərizəçinin müraciəti və müraciətə əlavə olunmuş arayış əsasında əlilliyə görə pensiya təyin olunmuşdur. Lakin sonradan həyata keçirilən monitorinq araşdırma zamanı təqdim olunan arayışlar öz təsdiqini tapmadığı üçün ödənişlər dayandırılmışdır. İşin obyektiv tam və hərtərəfli araşdırılması üçün 08.10.2020-ci il tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənişləri haqqında sorğu yazılmış və sorğuya verilən cavab məktubu və Sığortaolunanın hesabı Alt Sisteminə əsasən iddiaçının 2017 yanvar - 2020 sentyabr dövrü ərzində 1341,67 manat cəmi gəlir, cəmi ödənilmiş 361.55 manat, pensiya kapitalı isə 329.06 manat mövcuddur. Ödənişlər 2017-ci ilin yanvar, fevral və mart aylarında sığorta edən X7 tərəfindən və 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr aylarında sığortaedən "xxxx" MMC tərəfindən olmaqla ümumilikdə 9 ay üzrə sosial sığorta haqları ödənilmişdir. Bu səbəblə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilməsi mümkün olmamışdır. Qanunun 21-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sosial sığorta stajına daxil edilir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı İddiaçı etiraz təqdim edərək qeyd etmişdir ki, 5 nəfər ailə üzvlərinin birgə mülkiyyətlərində 4.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla hər birinə 0.82 ha torpaq sahəsi düşür. Ailə üzvlərindən olan iki nəfər valideynləri təqaüdçüdürlər, diğər üç nəfər torpaq mülkiyyətçiləri olaraq özü - İddiaçı, bacısı - Dəvlətxanova (Poladova) Anjella Camaləddin qızı və Xeyirbəyova (Dəvlətxanova) Əntiqə Fərhad qızı 2012-ci ilin yanvar ayından Cavabdehndə mülkiyyətlərində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər kimi həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial haqları ödəmək üçün qeydiyyata durmuşlar. 2012-2017-ci illər üzrə müvafiq olaraq 115 manat, 68 manat, 68 manat, 70 manat, 88 manat və 37 manat ödənişlər aparılmışdır. Lakin həmin ödənişlərin X2 daxil edilməməsi onun vəzifəsinə aid edilə bilməz və bu hal onun pensiyasının dayandırılması üçün əsas ola bilməz. Ona görə də cavabdehin apelyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətində idarənin qeyd edilən hüquqi mövqeyini müdafiə edib, əlavə olaraq onu da qeyd etdi ki, iddiaçının apelyasiya şikayətinə etirazında göstərilən və etiraza əlavə edilən ödəniş qəbzlərilə bağlı onu deyə bilər ki, iddiaçının cəmi üç ay üzrə sosial sığorta haqları ödənilməsi olmuş, digər ödənişlər isə başqa şəxslər tərəfindən olunduğundan iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsindən imtina edilmişdir. Ona görə də şikayətin təmin edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apelyasiya şikayəti əsassızdır. Belə ki, o, 2012-ci ildən mütəmadi olaraq sosial sığorta haqqı ödəmişdir. Bu barədə apelyasiya şikayətinə etirazında ətraflı qeyd etmiş, ona görə də birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab etdiyindən apelyasiya şikayətinin təmin edilməməsini, məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil da iddiaçının verdiyi izahatı müdafiə etməklə əlavə olaraq göstərdi ki, iddiaçı və ailə üzvləri tərəfindən onlara ayrılmış pay torpağına görə adambaşına hər ay 17 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmiş olsa da, cavabdeh tərəf həmin ödənişlərin sistemdə görünmədiyini bildirərək həmin ödənişləri nəzərə almamış, halbuki ödənişlərin sistemə yerləşdirilməsi iddiaçının vəzifələrinə aid deyildir və o, buna görə pensiya almaq hüququndan məhrum edilməməlidir. Göstərdiklərinə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

25. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

28. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

29. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1.Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

30. 01 iyul 2017-ci il tarixədən qüvvədə olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.10.mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hazırkı qərarın 13-22-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, İddiaçı xx.xx.1988-ci il tarixdə doğulmuş, sonuncuya ilk dəfə əlillik dərəcəsi 20.04.2017-ci il tarixdə təyin edilmiş, həmin tarixə R.Dövlətxanova əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı 4 il 4 ay (28 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=13 yaş x 4 ay = 52 ay : 12 ay = 4 il 4 ay) təşkil edir. Cavabdeh tərəfindən İddiaçı yalnız 2017-ci ilin yanvar, fevral və mart aylarında məcburi dövlət sığorta haqlarının ödənilməsi qəbul olunur, lakin Qusar rayon Aqrar İslahat Komissiyasının 01.09.1998-ci il tarixli, 15/1 saylı qərarı və Qusar Rayon Məhkəməsinin 12.04.2006-cı il tarixli qətnaməsinə əsasən X1 və 5 nəfər ailə üzvlərinə, o cümlədən X3 ayrılmış 4.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsilə bağlı DSMF-nin Qusar rayon şöbəsinin adına ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair mədaxil qəbzləri, o cümlədən 27 mart 2012-ci il tarixli, 11.06.2012-ci il tarixli, 07 noyabr 2012-ci il tarixli, 13.12.2012-ci il tarixli, 12 mart 2013-cü il tarixli, 24 iyun 2013-cü il tarixli, 26 noyabr 2013-cü il tarixli, 20 fevral 2014-cü il tarixli, 08 aprel 2015-ci il tarixli, 70 manat, 08.04.2016-cı il tarixli, 29 dekabr 2016-cı il tarixli, 15.03.2017-ci il tarixli, 15 may 2017-ci il tarixli və 16 may 2017-ci il tarixli qəbzlər qəbul olunmamış və səbəbi kimi həmin ödənişlər barədə “X4 Sistemində” məlumatın olmaması göstərilmişdir.

33. Məhkəmə kollegiyası hazırkı qərarın 8-ci bəndində öz əksini tapan apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillər yalnız 2017 yanvar - 2020 sentyabr dövrü ərzində ödənilən dövlət sosial sığorta haqlarının cəminin iddiaçının pensiya kapitalı üçün yetərli olmaması ilə əlaqələndirilməklə ümumilikdə iddiaçı tərəfindən 9 ay üzrə sosial sığorta haqları ödənilməsinin cavabdeh tərəfindən qəbul edilməsi iş materialları ilə təkzib edilir.

34. Belə ki, hazırkı qərarın 32-ci bəndində işin halları təsvir edilməklə iddiaçının əlilliyi müəyyən edilən vaxta zaman baxımından Əmək pensiyaları haqqında 01.07.2017-ci ilə qədər qüvvədə olan Qanunun tətbiqinin mümkünsüzluyu cavabdeh tərəfindən nəinki əsaslandırılmamış, ümumiyyətlə bu barədə qeyd edilməmişdir.

35. Halbuki, hazırkı qərarın 28 və 29-cu bəndlərində istinad edilən konstitusion normaya və qanuna əsasən iddiaçıya münasibətdə əlilliyinin müəyyən olunduğu müddətə, yəni 20.04.2017-ci il tarixə görə 01.07.2017-ci il tarixədək qüvvədə olmuş Əmək pensiyaları haqqında Qanunun 12.1-ci maddəsi tətbiq edilməli və həmin maddəyə əsasən də yalnız pensiyanın təyin edilməsi üçün əmək stajının yetərli olması kifayət edirdi. Lakin apelyator şikayətində əsasən əmək stajı ilə bərabər pensiya kapitalının yetərli olmamasına istinad etməklə 01.07.2017-ci ildən qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun müddəlarına əsaslanmışdır.

36. Digər tərəfdən iddiaçının əmək stajının yetərli olmaması barədə apelyatorun dəlili ilə də razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsilə bağlı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair mədaxil qəbzləri üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 14.08.2021-ci il tarixli etirazında 2012-2017-ci illər üzrə ödənilmiş vəsaitlərin qəbzlər üzrə açıqlaması cavabdeh tərəfə 20.08.2021-ci il tarixdə göndərilmiş olsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin qəbzlərin “X4 Sistemində” görünməməsinə istinad etməsilə qəbul olunmamasını bildirməsi hazırkı qərarın 30-cu bəndində istinad edilən Qanunun 21ci maddəsinin tələbləri baxımından əsassızdır. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinin əsassızlığını sübut etmək vəzifəsi İPM-nin 14.3-cü maddəsinin tələbinə görə cavabdehin üzərinə düşür.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-281/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-281/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar