Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-487/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, plan və ölçü sənədinin, reyestrdən çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1735/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: X11 02 noyabr 1998-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Masazır şossesi ünvanında yerləşən yaşayış sahəsi 12 kv.m., köməkçi sahəsi bir otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır. Daha sonra Abşeron rayonu, Xırdalan qəsəbəsi, Masazır şossesi ünvanında yerləşən bir otaqlı, ümumi sahəsi 12 kv.m. olan yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ onun adına dövlət reyestrində qeydə alınaraq Abşeron rayonu X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 14221 (**********36-10301) reyestr nömrəli, 808 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı 18 avqust 2023-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İnzibati orqan 22 sentyabr 2023-cü il tarixli, 3-21-3-32/2-11343/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 14221 reyestr və 808 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüləri və konfiqurasiyası ilə faktiki ölçüləri və konfiqurasiya arasında fərq, həmçinin, sözügedən sənəddə göstərilən qonşuluqlara münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Bundan başqa, sözügedən əraziyə baxış keçirilmiş və əlavə edilmiş qeydiyyat vəsiqəsi və texniki pasport ilə qeydiyyata alınmış fərdi yaşayış evi aşkarlanmadığı üçün baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 14221 qeydiyyat nömrəli, 808 inventar nömrəli Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən fərdi yaşayış evini iddiaçı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir və hazırda onun xüsusi mülkiyyətindədir. Bu fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etsə də, yalnız bir ildən sonra cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-11343/2023 nömrəli məktubla imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, fərdi yaşayış evi köhnə olduğundan sökülmüş və yerində başqa fərdi yaşayış evi inşa edilmişdir. Yaşayış evi tərəfindən alındıqda hansı ölçü və konfiqurasiyada olmuşdursa, halhazırda da həmin ölçü və konfiqurasiyadadır. Cavabdeh imtinasında qeyd edilən əsaslara aydınlıq gətirən isə tərəfindən təqdim edilmiş döngə nöqtələrinin koordinatları göstərilən Masazır bələdiyyəsi tərəfindən təqdim edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1735/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 14221 qeydiyyat nömrəli, 808 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun şəkildə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, 14221 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və 1997-ci ilin avqust ayında qeyd olunan fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququları qeydə alınmalıdır. Qeyd olunan texniki pasportun 2-ci səhifəsinin 2-ci bəndində torpaq sahəsinin ölçüsünün 0.10 ha olması qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 0.10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeyd alınması üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, müraciət ərizəsinə daxil edilmiş qeydiyyat vəsiqəsi və texniki pasport ilə qeydiyyata alınmış fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı üçün baxış keçirilmiş əraziyə aid olub-olmamasını aydınlaşdırmağın mümkün olmadığı müəyyən olunmuşdur. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Göründüyü kimi 14221 reyestr və 808 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportun mübahisə predmeti olan torpaq sahəsinə aid olmaması barədə tutarlı əsaslar var. 14221 reyestr və 808 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüləri və konfiqurasiyası ilə faktiki ölçüləri və konfiqurasiya arasında fərq olduğu dedikdə, texniki pasporta əsasən torpaq sahəsinin eninin 20 m., uzunluğunun 50 m. kimi qeyd edildiyi halda, faktiki istifadədə olan torpaq sahəsinin eninin təxminən 27 m., uzunluğunun isə təxminən 40 m. olduğu nəzərdə tutulur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərərk şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 12.2 kv.m. olan fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Mübahisəli ünvana dair kollegiyanın sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən arxiv əsaslarından müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyətinin 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün Xırdalan-Masazır şosse yolunun şimalından 0,10 ha torpaq sahəsi ayrılmış, daha sonra E.S.Həsənov tərəfindən həmin ünvanda fərdi yaşayış evi inşa edilmiş, yaşayış evi üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınaraq adına 14221 nöməli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, E.S.Həsənov 28 avqust 1997-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan həmin fərdi yaşayış evini X1, fərdi yaşayış evinə dair sonuncunun adına 1997-ci ilin avqust ayında Abşeron rayonu X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” tərtib edilmişdir. V.Y.Əliyev isə 02 noyabr 1998-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan sözügedən yaşayış evini alqı-satqı qaydasında hazırkı iş üzrə iddiaçıya satmış, həmin alqı-satqı müqaviləsi əsasında yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınaraq Abşeron rayonu X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 14221 (**********36-10301) reyestr nömrəli, 808 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Mübahisəli ünvana dair təqdim edilmiş arxiv əsaslarından göründüyü kimi torpaq sahəsi 1992-ci ildə ilkin mülkiyyətçiyə icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılmış, torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi mülkiyyət hüququ əsasında adına qeydə alınmış, daha sonra 1997-ci ilin avqust ayında isə həmin fərdi yaşayış evinə dair texniki inventarlaşdırma orqanı tərəfindən texniki pasport tərtib edilmiş və pasportda evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü 1000 kv.m kimi göstərilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ yuxarıda istinad edilən siyahının 2.4-cü bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasporta əsaslanır. Birinci instansiya məhkəməsi bu əsasla iddia tələbini təmin etməklə düzgün nəticətə gəlmişdir. Qeyd edilməlidir ki, hüquqmüəyyənedici sənəd olan texniki pasport iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 1177/2024 nömrəli qərarında da kassasiya instansiya məhkəməsi iddiaçı barəsində tərtib edilmiş 1999-cu il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” nu Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.4-cü bəndinə əsasən qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində (vahid əmlak kimi) qeydiyyata alınması üçün əsas hesab etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaya qarşı etirazda irəli sürülən dəlilləri təkrarlamaqla: 1) 14221 reyestr və 808 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüləri və konfiqurasiyası ilə faktiki ölçüləri və konfiqurasiya arasında fərq olduğu, belə ki, texniki pasportda torpaq sahəsinin eni 20 m., uzunluğu 50 m. qeyd edildiyi halda, faktiki istifadədə olan torpaq sahəsinin eninin təxminən 27 m., uzunluğunun isə təxminən 40 m. olduğu; 2) Sözügedən sənəddə göstərilən qonşuluqlara münasibətdə uyğunsuzluq olduğu; 3) Təqdim edilən sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilmədiyindən və əraziyə baxış zamanı qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi aşkarlanmadığından həmin sənədlərin baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktı”ndan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha, faktiki isə 0,1071 ha təşkil edir. Texniki pasportda göstərilən ümumi sahəsi 12.2. kv.m. olan fərdi yaşayış evi sökülmüş və ərazidə 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. xx.xx.2023-cü il tarixli təkrar müayinə (baxış) aktından isə görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,10 ha, faktiki isə 0,1082 ha təşkil edir. Göründüyü kimi cavabdehin torpaq sahəsinin sənəd üzrə ölçüləri və konfiqurasiyası ilə faktiki ölçüləri və konfiqurasiya arasında fərqin olmasına dair şikayətinin 1-ci dəlili faktiki istifadədə olan torpaq sahəsinin sənəd üzrə olan 0,10 ha sahədən daha artıq olması ilə əlaqədardır. Halbuki, iddiaçı tələbində sənəd üzrə 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydə alınmasını tələb etmiş və birinci instansiya məhkəməsi də haqlı olaraq onun bu məzmunda tələbini təmin etmişdir. Ona görə də, kollegiya cavabdehin birinci dəlilini əsassız hesab edir. Cavabdeh şikayətin 2-ci və 3-cü dəlillərində isə texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə qonşularla münasibətdə uyğunsuzluq olduğu, həmin yaşayış evinin mübahisəli torpaq sahəsi yerləşən əraziyə aid olub-olmadığının müəyyən edilmədiyini bildirir. Həmin dəlillərin araşdırılması məqsədilə kollegiyanın soğrusuna cavab olaraq cavabdeh tərəfindən mübahisəli 0,10 ha torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklar (torpaq sahələri, fərdi yaşayış evləri) üzərində mülkiyyət hüquqlarında dair reyestrdən çıxarışlar və bu qeydiyyatların aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən X9, X12, X8, X13 və X5 mülkiyyətlərində olan torpaq sahələri də hazırkı işdə olduğu kimi Abşeron rayon İcra Hakimiyyətinin 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamı əsasında ayrılmışdır. Bu hal isə Abşeron rayon İcra Hakimiyyətinin 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamı əsasında X6 ayrılmış 0,10 ha torpaq sahəsinin məhz hazırda iddia olunan torpaq sahəsi ilə eynilik təşkil etməsini sübuta yetirir. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin ikinci və üçüncü dəlillərini də əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1735/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-487/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-487/2024
26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver