Məhkəmə qərarları › İş №2-1(105)-488/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-488/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-488/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (açar sözlər: torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəsad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və üçüncü şəxs Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X3 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına” dair Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-cı il tarıxlı 2-1(118)-223/2021 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayit Ərazi İdarəsinə və üçüncü şəxs Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X3 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli Qərarı ilə şəhid anası olan X3 Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 05 avqust 2003-cü il tarixli 214 saylı sərəncamı ilə 11-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırılması məqsədilə ayrılmış 24 kv.m. torpaq sahəsinin əvəzinə ona 11-ci mikrorayonda, Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədilə 28 kv.metr torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin 26 aprel 2006-cı il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsində obyektin tikintisinə icazə verilmişdir. Anası Q.X.Mədətova 25 dekabr 2012-ci ildə vəfat etmiş və anasının vəfatından sonra o, və qardaşı notariat kontoruna müraciət edərək Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusunun 29.12.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə o, və qardaşı X5 analarının vərəsəsi olaraq tanınmışlar. Elə həmin tarixdə də qardaşı özünə düşən miras payını “miras payın bağışlanması müqaviləsinə” əsasən ona bağışlamışdır. Bundan sonra o, həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin sədri S.M.Əsədovla 17 dekabr 2019cu ildə 133 nömərli torpaq icarəsi müqaviləsi bağlamışdır. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir.

Cavabdehin etirazları:

3. Cavabdeh 20 avqust 2020-ci il tarixində məhkəməyə ünvanladığı etirazında qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən, X3 ayrılmış 0,0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar iddiaçı 10 iyun 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, təqdim edilmiş sənədlər ekspertiza edilən zaman bir sıra çatışmazlıqlar aşkar edilməklə müəyyən edilmişdir ki, 0,0028 ha torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsinin 16.12.2005-ci il tarixli 55 nömrəli qərarı ilə X3 ayrılmasına baxmayaraq, sənədlərə əlavə edilmiş icarə müqaviləsinin 17 dekabr 2019-cu il tarixli olduğu və sənədlərə hər hansı əsas əlavə edilmədən birbaşa İddiaçı adına olduğu, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XKnin rəyinin alınmadığı aşkar edilmişdir. Həmçinin, müayinə zamanı torpaq sahəsi üzərində tikintialtı sahəsi 28.0 kv.metr olan qeyri-yaşayış binasının olduğu, qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilir.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(118)-223/2021 saylı qərarı (hakim İ.R.Quliyev) ilə iddia təmin edilərək Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X3 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(118)-223/2021 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)apelyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən, X3 ayrılmış 0,0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar iddiaçı 10 iyun 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, təqdim edilmiş sənədlər ekspertiza edilən zaman bir sıra çatışmazlıqlar aşkar edilməklə müəyyən edilmişdir ki, 0,0028 ha torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 55 nömrəli qərarı ilə X3 ayrılmasına baxmayaraq, sənədlərə əlavə edilmiş icarə müqaviləsinin 17 dekabr 2019-cu il tarixli olduğu və sənədlərə hər hansı əsas əlavə edilmədən birbaşa İddiaçı adına olduğu, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin rəyinin alınmadığı aşkar edilmişdir. Həmçinin, müayinə zamanı torpaq sahəsi üzərində tikintialtı sahəsi 28.0 kv.metr olan qeyri-yaşayış binasının olduğu, qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Hesab edirlər ki, 01 dekabr 2007-ci il tarixdən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bildiyindən iddiaçının icarə hüququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir.

7. Eynu zamanda apelyator iddia ərizəsində qeyd edilənlərə əsaslanaraq vurğulayır ki, məhkəməyə müraciət edən şəxs hüquqların qeydiyyatı üçün əsas mövcuq olduğu halda qanunsuz olaraq hüquqların qeydiyyata alınmamasında müdafiə üçün deyil, yəni mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının qeydiyyatı üçün məhkəmə tərəfindən əsas yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Göründüyü kimi iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Lakin, bu qaydalara riayət olunmadan formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış və məhkəmə də göstərilənləri nəzərə almadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq əsassız qərar qəbul etmişdir.

b) apelyasiya şikayətinə qarşı etirazlar

8. apelyasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İdarənin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərində göstərilənləri təsdiq edərək əlavə olaraq qeyd etdi ki, mübahisələndirilən sahəyə iddiaçının adına 17 dekabr 2019-cu il tarixində icarə müqaviləsi bağlanarkən torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DT və XK-nin rəyinin alınmamış, həmçinin müayinə zamanı torpaq sahəsi üzərində tikintialtı sahəsi 28.0 kv.metr olan qeyri-yaşayış binasının olmasına dair hüquqmüəyyənedici sənədlər müraciətə əlavə edilmədiyindən İdarə tərəfindən əsaslı imtina verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi nəzərdə tutulduğundan iddiaçı ilə bağlanan icarə müqaviləsi hərrac vasitəsilə deyil, hərracdan kənar qaydada rəsmiləşdirilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi əsassız olaraq idda tələbini təmin etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şiikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan ləğv edilməsi üçün heç bir əsas görmür. Belə ki, Sumqayıt şəhər Bələdiyyəsinin Qərarı ilə anasına şəhid anası olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə 11-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırılması məqsədilə ayrılmış 24 kv.metr torpaq sahəsinin əvəzinə, yenidən 11-ci mikrorayon ərazisində Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqəsədilə 28 kv.metr torpaq sahəsi ayrılmış və Sumqayıt şəhər İcra Hakimiyyətinin 26 aprel 2006-cı il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsində obyektin tikintisinə icazə verilmişdir. Anası 25 dekabr 2012-ci ildə vəfat edəndən sonra o, və qardaşı notariat kontoruna vərəsəliklə bağlı müraciət etmişlər və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusunun 29.12.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə o, və qardaşı X5 analarının vərəsəsi olaraq tanınmışlar. Elə həmin tarixdə də qardaşı miras payını ona bağışlaması haqqında müqaviləni notarial qaydada rəsmiləşdirmişdir. Bundan sonra o, həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin sədri S.M.Əsədovla 17.12.2019-cu il tarixində torpaq icarəsi müqaviləsi bağlamışdır. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. O, cavabdeh 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən hələ 2005-ci ildə anasına ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsini xahiş etmiş, lakin cavabdehin 18 iyun 2020-ci il tarixli cavab məktubu ilə onun xahişinin təmin olunmasından imtina olunmuşdur. Hesab edir ki, cavabdeh qanunsuz və əsassız olaraq onun xahişini təmin etməkdən imtina etmiş, indi isə hətta bildirirlər ki, guya o, müvafiq sənədləri təqdim etməmişdir. O, mübahisələndirdiyi 28 kv.metr torpaq sahəsinin şəhid anası olaraq anasına ayrılması barədə həm bələdiyyənin, həm də İH-nin sənədlərini cavabdeh İdarəyə təqdim etsə də, ona ancaq torpağın hərracdan kənar olaraq ayrılmasına görə imtina edildiyi bildirilmiş, bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

11. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə 3-cü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq 3-cü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 25 Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

29. Həmin maddənin ikinci hissəsinə əsasən isə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

31. Həmin Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

33. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmiş və bunlardan: a) maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. b) maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir; c) maddə 6.8. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir; d) maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır;

34. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

38. Məhkəmə kollegiyası hazırki qərarın 13-22-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, işdə olan sənədlərdən görünür ki: - Sumqayıt şəhər Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli Qərarına əsasən şəhid anası X3 Sumqayıt şəhər İcra Hakimyyəti başçısının 05 avqust 2003-cü il tarixli 214 saylı sərəncamı ilə 11-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti quraşdırılması məqsədilə ayrılmış 24 kv.metr torpaq sahəsinin əvəzinə ona 11 A mikrora-yonunun Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədilə 28 kv.metr torpaq sahəsi ayrılmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2006-cı il tarixli 185 saylı Sərəncamına əsasən şəhid anası X3 11 A mikrorayon ərazisində ayrılmış 28 kv.m torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə icazə verilmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında 29 dekabr 2015-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı və X5 25.12.2012-ci ildə ölmüş X1 vərəsələridir. - 29 dekabr 2015-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən X5 qanun üzrə vərəsəlik hüququ haqqında 29 dekabr 2015-ci il tarixli şəhadətnaməyə əsasən ona düşən miras payını İddiaçı bağışlamışdır. - İddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 133 saylı X6 əsasən Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 55 saylı Qərarı və Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisinin 17 dekabr 2019-cu il tarixli 8142 saylı məktubu əsasında Sumqayıt şəhəri, 11A mikrorayon ərazisində Çerkassi küçəsində yerləşən ümumi sahəsi 28 kv.metr olan torpaq sahəsi müvəqqəti istifadə üçün İddiaçı verilmişdir. Müqavilə 17 dekabr 2019-cu il tarixdən 31 dekabr 2024-cü il tarixədək bağlanmışdır.

40. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki qərarın 38-ci bəndində göstərilən sənədlər əsasında Sumqayıt şəhəri, 11A mikrorayon ərazisində Çerkassi küçəsində yerləşən ümumi sahəsi 28 kv.metr olan torpaq sahəsinin iddiaçıya müvəqqəti istifadə üçün icarəyə verilməsi təsdiq edildiyindən cavabdehin həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına imtinası əsaslı olmamışdır.

41. Belə ki, hazırki qərarın 28-36-cı bəndlərində istinad edilən qanun normalarının tələblərinə görə iddiaçıya qanuni əsaslarla ayrılmış 28 kv.metr torpaq sahəsinin icarə müqaviləsinin qeydiyyata alınması, eləcə də həmin sahəyə dair müvafiq plan ölçü sənədlərinin təqdim edilməsi üçün yetərlidir.

42. Hazırki qərarın 6-cı bəndində qeyd edilən cavabdehin apelyasiya şikayətinin dəlililə bağlı kollegiya qeyd edir ki, iddiaçı ilə bağlanan icarə müqaviləsi 17.12.2019-cu il tarixində rəsmiləşdirilsə də, həmin 28 kv.metr torpaq sahəsi avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədilə hələ Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 55 saylı Qərarına əsasən şəhid anası X3, yəni iddiaçının anasına ayrılmış və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2006-cı il tarixli Sərəncamına əsasən şəhid anası X3 11 A mikrorayon ərazisində ayrılmış 28 kv.metr torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə icazə verilmiş, sonuncunun vəfatından sonra həmin hüquq Q.X.Mədətovanın qanun üzrə vərəsəsi olaraq oğlu İddiaçı tərəfindən davam etdirilərək sonuncunun adına icarə müqaviləsi bağlanılmışdır. Beləliklə də mübahisələndirilən torpaq sahəsilə bağlı icarə münasibətləri cavabdehin iddia etdiyi kimi 2019-cu il tarixdən deyil, 2005-ci il tarixdən əmələ gələn münasibətlər kimi qiymətləndirilməklə həmin münasibətlərin rəsmiləşdirilməsi üçün açıq torpaq hərracı və ya müsabiqəsinə istinad edilməsi barədə cavabdehin apelyasiya şikayətinin dəlili əsassızdır.

43. Apelyatorun hazırki qərarın 7-ci bəndində gösərilən apelyasiya şikayətinin dəlililə bağlı isə kollegiya qeyd edir ki, iddiaçının ilkin müraciəti əsasında cavabdeh İdarədə ərizəyə baxılarkən iddiaçıya ünvanlanmış imtina məktubunda mübahisələndirilən torpaq səhəsinin 2005-ci il tarixdə iddiaçının anası olan Q.X.Mədətovaya ayrılmasına baxmayaraq, sənədlərə əlavə olunmuş 17.12.2019-cu il tarixli icarə müqaviləsinə hər hansı əsas əlavə edilmədən iddiaçının adına tərtib edilməsi göstərilsə də, cavabdeh idarənin səlahiyyətliləri tərəfindən müqavilənin mətninə diqqət yetirilməmiş, bununla da müqavilənin 1.2. bəndində yazılan “İcarəyəverən” Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 55 saylı qərarı və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin 17 dekabr 2019-cu il tarixli 8142 saylı məktubu əsasında Sumqayıt şəhəri, Çerkassi küçəsi, 11A mikrorayon ərazisində yerləşən ümumi sahəsi 28 kv.metr olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, “İcarəçi” isə həmin torpaq sahəsini qəbul edir» əhəmiyyətli hala qiymət verilməmişdir. Digər tərəfdən cavabdeh İdarə apelyasiya şikayətində istinad etdiyi bu dəlililə bağlı nə iddiaçının müraciətinə imtina məktubunda, nə də ki, iddia ərizəsinə etiraz bildirərkən heç bir fikir bildirməmişdir. Bu da özü-özlüyündə cavabdehin apelyasiya şikayətində qeyd edilənlərin formal olaraq əsaslanmasına dəlalət edir.

44. Beləliklə, kollegiyanın hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar əsaslı olmuş və iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(118)-223/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(118)-223/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar