Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-488/2022 25.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ƏDV vergi borcu və buna görə hesablanmış faizlərin silinməsi, eləcə də artıq ödənmiş məbləğin qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-381/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 10437,49 manat ƏDV vergi borcu və buna görə hesablanmış 3886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3104,88 manatın iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətin fəaliyyəti 2017-ci ilin cəmi 2 ayını - fevral və aprel aylarını əhatə etmişdir. Cəmiyyətin fəaliyyəti dövründə alqı-satqı əməliyyatları belə olmuşdur: Alış: 1) 2017-ci ilin fevral ayı üzrə - 65.386.07 manat - ƏDV- 11.769.49 manat; 2) 2017-ci ili aprel ayı üzrə - 41.800.01 manat - ƏDV-7524 manat; Cəmi: 107186.08 manat - ƏDV- 19293.49 manat. Satış: 1) 2017-ci ilin fevral ayı üzrə - 108.716 manat. ƏDV 19.568.88 manat. Beləliklə, satış üzrə ƏDV məbləği - 19568.88 manat, alış üzrə isə ƏDV məbləği - 19293.49 manat təşkil edir və bu da ƏDV üzrə cəmi 275.39 manat vergi borcu yaradır. Cəmiyyətin bundan başqa fəaliyyəti olmamışdır. Cəmiyyət tərəfindən qeyd olunan dövr üçün 275.39 manat ödənilməli olduğu halda, cavabdehin düzgün olmayan hesablamaları üzrə büdcəyə 3380.27 manat ödənilmişdir ki, bu da əslində hesablanmalı olan vergi məbləğindən 3104.88 manat çoxdur. Onların həmin dövr üzrə ödəməli olduqları verginin məbləği belə olmalıdır: ƏDV üzrə - 275.39 manat; MÖMV(ə\h gəlir vergisi) - 6.47 manat; Torpaq vergisi (2017, 2018, 2019-cu illər) - 48 manat. Cəmi: 329.86 manat. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən müxtəlif dövrlərə müxtəlif məbləğlərdə ƏDV üzrə vergi hesablamaları aparılaraq, süni vergi borcu yaradılmışdır. Bu barədə olan xx.xx.2019 və xx.xx.2019-cu il tarixli kameral vergi yoxlama qərarlarından şikayət vermiş, xx.xx.2019-cu il tarixli Qərarla həmin yoxlama qərarları ləğv edilmiş və bu barədə MMC-nin şəxsi hesabında düzəlişlər edilməsi cavabdehə tapşırılmışdır. Buna baxmayaraq həmin qərardan sonra cavabdeh yenə də müxtəlif tarixlərdə müxtəlif rəqəmlərlə vergi borcları hesablamış, hər dəfə onlardan dəqiqləşmə tələb edərək, vergi borclarını bəzən «0»a qədər, bəzən də cüzi məbləğlərə qədər azaltmış və nəhayət xx.xx.2019-cu il tarixə onlara cəmi 1848.06 manat vergi borcu hesablamışdır. Onlar bununla da razılaşmadıqda cavabdeh orqan MMC-yə sonuncu əməliyyatları 2017-ci ilin fevral ayının 27-sinə təsadüf etdiyi və bank əməliyyatları qeydiyyatdan 2017-ci ilin mart ayında keçdiyi üçün, 2017-ci ilin mart ayına dair dəqiqləşmiş bəyənnamə verərək həmin vaxt sonuncu əməliyyatın məbləğini göstərməyi, sonra isə həmin məbləğin fevral ayından çıxarılması barədə dəqiqləşmiş bəyənnamə verilməsini bildirmişdir. İddiaçı da həmin məsləhətlə razılaşaraq, xx.xx.2020-ci il tarixində 2017-ci ilin mart ayı üçün dəqiqləşmiş bəyənnamə verərək satış dövriyyəsinin ƏDV-si kimi 10.437.49 manat göstərmiş, cavabdehin də bildirdiyi kimi elə həmin gün 2017-ci ilin fevral ayı üçün son dəqiqləşmə bəyənnaməsi verərkən (marta göstərilmiş məbləğ çıxılmaqla) sistem bu dəqiqləşməni qəbul etməmiş və səbəb kimi vergi hesabatlarına dəqiqləşmə verilməsi müddətinin AR VM-də 3 il nəzərdə tutulduğu üçün dəqiqləşmənin qəbul edilə bilmədiyini göstərmişdir. İddiaçı MMC-nin şəxsi hesabından da görünür ki, xx.xx.2020-ci il tarixdə son dəqiqləşmə verərkən onun vergi borcları 1.848.06 manat göstərilmişdir. Hesab edir ki, iddiaçıya hazırda hesablanmış əsassız vergi borcu silinməli və artıq ödədikləri məbləğ onlara qaytarılmalıdır. Çünki, AR VM-nin tələblərinə görə heç bir şəxs eyni verginin iki dəfə ödənilməsinə cəlb edilə və məcbur edilə bilməz. İddiaçı isə hazırda göstərilmiş ƏDV üzrə vergi borcunu ödəmişdir. Cavabdehin qərarı nəticəsində iddiaçı həmin vergini ikinci dəfə ödəməyə məcbur edilir. İddiaçı bu barədə cavabdehə xx.xx.2021-ci il tarixdə elektron qaydada müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı MMC-nin şəxsi vərəqəsində xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq qeyd edilən 10437.49 manat azalma və hesablama əməliyyatları vergi ödəyicisi tərəfindən 2017-ci ilin mart ayı üçün təqdim edilən xx.xx.2019-cu il tarixli **********066700 nömrəli və xx.xx.2020ci il tarixli **********883100 nömrəli dəqiqləşdirilmiş bəyannamələr əsasında aparılmışdır. Təqdim edilən dəqiqləşdirilmiş bəyannamələr cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş və iddiaçı MMC-yə kameral vergi yoxlaması ilə hər hansı əlavə vergi məbləği hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85-ci maddəsi vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsini müəyyən edir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanması ilə bağlı vergi orqanına bəyannamə təqdim etmək hüququna malik idi. İddiaçının artıq ödənilmiş 3104,88 manat vəsaitin onlara qaytarılması ilə bağlı tələbinə münasibətdə bildirir ki, hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 11589,76 manat vergi borcu, 3886,24 manat isə faiz borcu müvcuddur və artıq ödəməsi yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-381/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim L.Mirzəyeva). Həmin qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, "iddiaçı 2017-ci ilin mart ayı üzrə bəyan edilmiş vergi borcu ilə bağlı məbləğin silinməsini istəyir ki, bununla bağlı Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət ötürülmüşdür”. Hesab edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə əsassızdır. Məhkəmə iddiaçını eyni vergini iki dəfə ödəmək məcburiyyəti qarşısında qoymuşdur. Hansı ki, AR VM ikiqat verginin ödənməsini, yəni şəxsin ikiqat vergiyə cəlb edilməsini qadağan edir. 2019-cu ildə məhz bu barədə olan qərarlardan Vergilər Nazirliyinə şikayət etmiş və Nazirliyin qərarları ilə iddiaçıya hesablanmış vergi borcları barədə qərarlar əsassız hesab edilərək onların ləğv edilib borcların silinməsi qərara alınmışdır və cavabdeh tərəfindən də bu borclar silinmişdir. İddiaçının hesabından çıxarışdan görünür ki, cavabdeh təşkilatın təkidi ilə iddiaçı dəfələrlə həmin borcları yenidən göstərmiş, iddiaçıya borc hesablanmış, yenidən dəqiqləşmə verilmiş və cavabdeh bunu "sıfırlamışdır ". Nəhayət sonuncu dəfə də cavabdehin təkidi ilə 2017-ci ildə ödənmiş ƏDV vergisi yenidən borc kimi göstərilmiş və sonuncu dəfə dəqiqləşmə aparılanda 3 illik müddət tətbiq edilmişdir. Qeyd edir ki, hətta iddiaçı tərəfindən 33886,54 manat artıq pul da ödənilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və eyni zamanda məhkəmə iclasında izahatında dəqiqləşdirməni cavabdehin tapşırığı əsasında apardığını bildirsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən qeyd edilən halların sübutu olaraq sözügedən bəyannamələr məhkəməyə təqdim edilmişdir. Lakin, iddiaçı tərəfindən qeyd edilən halların əksini sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 85-ci maddəsi ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Lakin, hazırki işdə iddiaçı 2017-ci ilin mart ayı üzrə bəyan edilmiş vergi borcu ilə bağlı məbləğin silinməsini istəyir ki, bununla bağlı Vergi Məcəlləsinin yuxarıda adı qeyd olunan norması ilə müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Hazırkı iddia ərizəsindən görünür ki, iddia tələbi iki hissədən ibarətdir: 1) Cavabdeh tərəfindən iddiaçı MMC-yə hesablanmış 10437,49 manat ƏDV vergi borcu və 3886,54 manat faiz məbləğinin silinməsi; 2) Artıq ödənmiş 3104,88 manat məbləğin iddiaçıya qaytarılması. Məhkəmə kollegiyası tələbin 1-ci hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Vergi Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.6-cı maddəsinə əsasən, vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 82.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 72.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Qeyd olunan normalardan aydın olduğu kimi, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır və buna dair vergi bəyannaməsini vergi orqanına təqdim edir. Təqdim edilmiş vergi bəyannaməsindəki məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda isə vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində (səyyar vergi yoxlaması təyin edildiyi halda isə yoxlamanın başlandığı günədək) həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilir. İş materiallarından görünür ki, iddiaçı qanunla ona verilmiş hüququdan istifadə edərək 2017-ci ilin mart ayı üçün xx.xx.2020-ci il tarixli **********883100 nömrəli dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmiş və hesabatda satış dövriyyəsini 57986.07 manat, əlavə dəyər vergisi məbləğini isə 10.437.49 manat bəyan etmişdir. Göstərilən dəqiqləşdirilmiş bəyannaməsi üzrə Vergi Məcəlləsinin 72.6-cı maddəsində göstərilən uyğunsuzluqlardan hər hansı biri mövcud olmadığından cavabdeh vergi orqanı tərəfindən qəbul edilərək, şəxsi hesab vərəqəsinə işlənilmiş və nəticədə vergi ödəyicisinin həmin bəyannamə üzrə 10.437.49 manat ödənilməmiş ƏDV borcu yaranmışdır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 83.8-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını. Sadalanan normalardan aydın olur ki, vergi orqanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannaməsinin göstəriciləri ilə razılaşmadığı təqdirdə, həmin bəyannamə ilə hesablanmış vergi məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququna malikdir. Vergi orqanı tərəfindən hesablanmış vergi məbləği ödənilməli olan miqdarından çox olduğu və verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığı halda, vergi ödəyicisi verginin hesablanması barəsində vergi orqanının qərarından məhkəməyə şikayət edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2017-ci ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi ilə bağlı vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması həyata keçirilməmiş və həmin hesabat dövrü üzrə hər hansı əlavə vergi məbləğinin hesablanması barədə inzibati akt qəbul edilməmişdir ki, bu da iddiaçının özü tərəfindən təqdim edilmiş bəyannamə nəticəsində yaranmış vergi borcu ilə bağlı cavabdeh vergi orqanına qarşı məhkəməyə müraciət etmək hüququnu istisna edir. Başqa sözlə desək, hazırkı mübahisəyə münasibətdə yuxarıda da qeyd edildiyi kimi, cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının subyektiv hüququnun pozulması ehtimalı mövcud deyildir. İddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin təkidi ilə 2017-ci ildə ödədiyi ƏDV məbləğini yenidən bəyan etdiyini qeyd etsə də, bu hərəkətini cavabdehin təkidi ilə həyata keçirməsi ilə bağlı iş materiallarında hər hansı sübut və ya dəlil mövcud deyildir, iddiaçı tərəfindən də təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edildiyi kimi, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.1 və 4.2-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). İPM-nin 35-ci maddəsinin müddəalarına görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı nəzərə almaq lazımdır ki, İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində hesablanmış vergi borcunun silinməsi ilə bağlıdır. Lakin iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə icraatı zamanı inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyinin konkret nədə ifadə olunduğunu göstərməmiş, həmin hərəkətə istinad etməmiş və inzibati orqanın hansı hərəkətlərinin onun hüquqlarını pozmaq ehtimalına malik olmasını məhkəmə qarşısında bəyan etməmişdir. Əksinə müəyyən edilmişdir ki, silinməsi tələb edilən vergi borcu iddia ərizəsində qeyd edildiyi kimi, “vergi orqanı tərəfindən hesablanmış” deyil, iddiaçı tərəfindən bəyan edilmiş vergi məbləğidir. Beləliklə, hazırkı işdə birinci tələb üzrə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilmir. Odur ki, birinci hissədə iddia mümkün iddia deyildir. İddia tələbinin ikinci hissəsində iddiaçının 2017-ci ilin fevral ayı üzrə cəmi 275.39 manat vergi borcu yarandığı halda, cavabdehin düzgün olmayan hesablamaları üzrə büdcəyə 3380.27 manat ödənildiyini, bununla da 3104.88 manat artıq ödəmə yarandığını bildirərək, artıq ödəmənin qaytarılmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə qərarda ümumiyyətlə həmin tələbin mümkünlüyü və əsaslığına hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, bu hissədə iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları təsdiq edilmişdir. Qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə, tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanlarıdır. (1.2.1-ci bənd). 3.1-ci bəndinə görə vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, ................... müraciət etməlidir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na 1 nömrəli əlavə ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə forması təsdiq edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı MMC artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı yuxarıda qeyd edilən qaydada “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etməmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3.-cü maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Hazırki halda isə iddiaçı artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bu isə qaldırılan iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul edərkən haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-381/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-488/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-488/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver