Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-488/2023 08.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair texniki pasportun verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2- 1(118)-277/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 28 dekabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsini və onun üzərindəki ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evini İddiaçı satmışdır. Alqı-satqı əməliyyatından sonra iddiaçı həmin 28 dekabr 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin elektron kadastr xəritəsinə əsasən fərdi yaşayış evinin dövlət mülkiyyətinə məxsus (X9) ərazidə yerləşdiyi aşkar edilmişdir. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evi vahid əmlak kimi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-cı il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra iddiaçı 11 fevral 2022-ci il tarixli ərizə ilə yenidən cavabdehə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubu ilə iddiaçının müraciətinə eyniməzmunlu imtina cavabı verərək bildirmişdir ki, idarənin elektron kadastr xəritəsinə əsasən fərdi yaşayış evinin dövlət mülkiyyətinə məxsus (X9) ərazidə yerləşdiyi aşkar edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış verilsə də, texniki pasport verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, həmin fərdi yaşayış evi İqtisad Texnikumuna məxsus ərazidə yerləşmir. İkinci olaraq fərdi yaşayış evinə dair daha öncə 4 saylı Ərazi İdarəsi tərəfindən **********12-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Harada yerləşməsindən asılı olmayaraq fərdi yaşayış evinin yerləşdiyi ərazi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Buna görə də hansı ərazidə yerləşməsindən asılı olmayaraq inzibati orqan kimi həmin ərazinin plan cizgisini vermək cavabdehin vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən edilmişdir. Cavabdehin imtina əsası isə həmin maddədə təsbit edilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-277/2023 qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən (ünvan 2 dair texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim İ.Quliyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu qeyd edərək müracətin icrasından imtina etsə də, özü həmin torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnu qeydə almışdır. Eyni zamanda, fərdi yaşayış evinin əvvəlki mülkiyyəçisinin adına texniki pasport mövcuddur. Göründüyü kimi cavabdeh özü tərəfindən dövlət qeydiyyatına alınmış mülkiyyət hüququna aid texniki sənəd verilməsindən imtina edir ki, bu da cavabdeh inzibati orqanın heç bir hüquqi əsas olmadan imtina etdiyini göstərir. Mübahisə predmeti olan torpaq sahəsi həqiqətən də dövlət mülkiyyətində olsa belə, həmin torpaq sahəsi üzərində iddiaçının dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ ləğv edilməyənə qədər, torpaq sahəsinin mülkiyyət növünə istinad edilərək müvafiq imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Bununla əlaqədar olaraq bildirirlər ki, idarənin elektron kadastr xəritəsinə əsasən fərdi yaşayış evinin dövlət mülkiyyətinə məxsus (X9) ərazidə yerləşdiyi aşkar edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, 28 dekabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsini və onun üzərindəki ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evini iddiaçıya satmışdır. Bundan sonra həmin torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi vahid əmlak kimi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-cı il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra iddiaçı həmin fərdi yaşayış evinə dair texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh müraciətin əsasından imtina etmişdir. Bu baxımdan, hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına texniki pasportun verilməsindən imtinası təşkil edir. Cavabdeh imtina məktubu və apellyasiya şikayətinin yeganə dəlili fərdi yaşayış evinin dövlət mülkiyyətinə məxsus X4 ərazisində yerləşməsidir. Cavabdehin dəlilindən belə anlaşılır ki, o, iddiaçının adına sözügedən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı şübhə altına alır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşin hallarından görünür ki, iddiaçının sözügedən evə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qüvvədədir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən heç bir sübut və ya dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: -10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; - 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; - 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; - 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Normanın tələbindən göründüyü daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qeydiyyat orqanına verilən ərizəyə əlavə olunan sənədlərdən biri də tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportdur. Başqa sözlə, daşınmaz əmlaka dair texniki pasport həmin əmlakın dövlət reyestrində qeydə alınmasından əvvəl tərtib edilən sənəddir. Həmçinin, həmin Qanunun 9.1.2 və 9.1.3-cü maddələrinin tələbləri baxımından, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur. Qeyd olunan normanı hazırkı işin hallarına tətbiq edən kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus olması ilə bağlı imtina cavabı yalnız həmin daşınmaz əmlaklara dair sonuncunun adına reyestrdə qeydiyyatın aparılmasına qədər verilə bilərdi. Lakin, hazırkı işdən göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən həm torpaq sahəsi, həm də onun üzərindəki fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət səviyyəsində tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından, çıxarışda qeyd edilmiş ölçü (123 kv.m.) nəzərə alınmaqla həmin fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən fərdi yaşayış evinə dair ilkin mülkiyyətçinin adına məhz cavabdeh inzibati orqan tərəfindən texniki pasport tərtib edilmişdir. Odur ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Digər tərəfdən, işə baxan məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən mübahisələndirilən yaşayış evinin yerləşdiyi ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdehin dəlillərində qeyd edilən X5 ərazisində 120 addım məsafədə yerləşməklə, ağlabatan qədər uzaq məsafədədir. Həmçinin, Texnikumunun ərazisinə iddiaçıya məxsus evdən daha yaxın məsafədə bir neçə yaşayış evləri vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, iddiaçının adına torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qüvvədə olduğunu, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-277/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.