Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-489/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid olmuş oğluna görə kompensasiyanın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(118)-461/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ X8 xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. N nömrəli hərbi hissə komandirinin: N sentyabr 2020-ci il tarixli, 275 nömrəli əmrinə əsasən ehtiyatda olan əsgər X8, 5-ci motoatıcı taborun 14-cü motoatıcı bölüyünün 3-cü taqımının 3-cü manqasının atıcısı kimi N sentyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir; 04 oktyabr 2020-ci il tarixli əmrinə əsasən hərbi hissənin döyüş hazırlığının yüksəldilməsi və vakant vəzifələrin komplektləşdirilməsi məqsədilə 5-ci motoatıcı taborun 14-cü motoatıcı bölüyünün 3-cü taqımının 3-cü manqasının atıcısı vəzifəsindən 4-cü taborun 11-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının heyət nəfər-atıcısı vəzifəsinə təyin edilmişdir; 20 oktyabr 2020-ci il tarixli əmrinə əsasən 4-cü taborun 11-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının heyət nəfər-atıcısı vəzifəsindən azad edilib hərbi hissə komandirinin sərəncamına keçirilmişdir; 09 mart 2021-ci il tarixli əmrinə əsasən 17 noyabr 2020-ci il tarixdə döyüş əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olduğuna görə 09 mart 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. AZ-İİ seriyalı, 121816 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən X8 17 noyabr 2020-ci il tarixdə “başın açıq yarası” səbəbi ilə ölmüşdür. X4 atası İddiaçı 30 yanvar 2023-cü il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək oğlu X5 münasibətdə “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh 21 fevral 2023-cü il tarixli, 15/510 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mərhum övladı X8 hərbi əməliyyatlarda şəhid olduğu zaman N nömrəli hərbi hissənin səfərbərliklə cəlb edilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyildir. Bu baxımdan, müraciətin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 17 noyabr 2020-ci il tarixdə şəhid olmuş X4 ailəsinə 100.000 manat kompensasiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 Qarabağ müharibəsində N sentyabr 2020-ci il tarixdə hərbi təlim toplanışına çağırılmışdır. Mərhum oğlu kəşfiyyatçı olmuş, döyüşlərdə iştirak etmiş və 17 noyabr 2020-ci il tarixdə döyüşdə şəhid olmuşdur, təltif edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyat fəaliyyəti haqqında” Qanunun tələblərinə görə, ailə üzvlərinə kompensasiyanın təyin edilməsi mümkündür. Bununla bağlı, Müdafiə Nazirliyinə müraciət edilmiş, lakin müraciətinin icrasından imtina olunmuşdur. Ona görə də hazırkı iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının mərhum oğlu X1 və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olmamışdır. Çünki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və hərbi əməliyyatlarda şəhid olduğu zaman N nömrəli hərbi hissənin səfərbərliklə cəlb edilmiş müddətli həqiqi hərbi qulluqçusu olmuşdur. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi qulluqçuları kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları hesab oluna bilməzlər. Buna görə Müdafiə Nazirliyinin “xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya” sı tərəfindən iddiaçının ərizəsində qeyd etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(118)-461/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” “Azərbaycan Respublikası Qanununun tələbləri baxımından müddətli həqiqi hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları hesab edilmirlər. Eyni zamanda X4 hərbi xidməti ilə bağlı məhkəməyə təqdim edilən rəsmi məlumatlar və müvafiq əmrlərdə də onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, oğlu Talışkənd, Suqovuşan döyüşlərində iştirak etmiş, sonra isə Ağdərə istiqamətində gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdə başından ağır qəlpə yarası almışdır. Əməliyyat olunub 30 gün komada qalaraq xx.xx.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Birinci instansiya məhkəməsi oğlunun müddətli hərqiqi hərbi xidmət qulluqçusu olduğu əsası ilə iddia tələbini rədd etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun 14.1, 14,2 və 14.3-cü maddələrində müddətli sözü qeyd edilməmişdir. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; (-) Maddə 24. Hərbi xidmətin növləri Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. (-) 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. (-) 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. 14.8. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq öz ehtiyatlarına keçirilmiş hərbi vəzifəlilər, habelə öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar təşkil edirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (-) Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin yuxarıda qeyd edilən faktiki hallarından müəyyən edilir ki, iddiaçının oğlu X8 xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Ş.İddiaçı N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçərkən xx.xx.2020-ci tarixdə Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrdə törədilmiş zədələnmə nəticəsində həlak olmuşdur. İddiaçının oğlu Şahmurad İsgəndərovun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında məhz müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi iştirak etməsi və daha sonra şəhid olması işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı tələbinin əsası “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə istinad edərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı kimi onun şəhid olmuş oğlunun ailə üzvü olaraq ona həmin maddədə nəzərdə tutulan kompensasiyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının oğlunun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırki halda araşdırılmalı olan məsələ iddiaçının oğlunun “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından belə fəaliyyət subyektinin əməkdaşı olub-olmamasının müəyyən edilməsidir. Bu baxımdan, həmin Qanuna diqqət yetirilməlidir. Qanunun: 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçıya 20.12-ci maddədə göstərilən kompensasiyanın ödənilməsi üçün iki şərt mövcud olmalıdır: 1) Onun oğlu kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olmalıdır (hansı ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları belə şəxslərin dairəsindən istisna edilmişdir); 2) Oğlu belə fəaliyyət subyektlərinin əməkdaşı kimi xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya xəsarət (yaralanma, travma, kontuziya) almış olmalıdır. Birinci və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən şərtlə bağlı kollegiya qeyd edir ki, işdən göründüyü kimi X8 xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı sırasına aid edilmədiyindən iddiaçıya münasibətdə birinci şərt ödənilməmişdir. İkinci şərtə münasibətdə isə kollegiya bildirir ki, iddiaçının oğlu xidməti vəzifələrin icrası zamanı həlak olmuş olsa da, o, məhz kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi deyil, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi şəhid olmuşdur. Bununla bağlı, N nömrəli hərbi hissə tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, X4 5-ci tabor 14-cü bölüyü və 4-cü tabor 11-ci bölüklərində xidmət etdiyi vəzifələr kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti sayılmır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının oğlu, ümumiyyətlə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından hazırki iddia sübuta yetirilmiş sayıla bilməz. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə isə iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin həlak olmuş əməkdaşının ailə üzvü kimi ona kompensasiya verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(118)-461/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-489/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-489/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver